Yuxarı

Böyük dövlətin kiçik adam faciəsi

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dünyada nə qədər dövlət varsa, bir o qədər də müxtəlif siyasət, müxtəlif siyasi davranış tərzi və siyasi obrazlar var. Amma elələri var ki, hətta ən zəki politoloqlar belə onların davranışını yozmağa çətinlik çəkir.

Belələrindən biri, bəlkə də birincisi Rusiyadır... Deyəcəksiniz ki, bu Rusiyada nə var axı: hər şey aydındı, bu ölkə özünün totalitar və fövqəldövlət keçmişi üçün nostalji keçirir.

Bəli, müəyyən qədər haqlı da olacaqsınız. Elə böyük Ziqmund Freyd də deyirdi ki, hətta yaşlı adamın davranışı onun uşaqlıqda topladığı təcrübədən, uşaqlıq zamanı görüb-götürdüklərindən asılıdır.

Bütün bunlarla razıyıq. Amma bu Rusiyada elə şeylər olur ki, onlar qeyzlənmək üçün olmasa da, gülmək üçün bir xeyli predmet verir. Məsələn, bu ölkənin hökuməti yaxın vaxtlarda vətəndaşların 2016-2020 illər üçün patriotik tərbiyəsinin əsaslarını müəyyən edəcək strategiya qəbul edəcək.

Yenə də deyəcəksiniz ki, nə olsun ki? Bəlkə də günah məndədir. Məsələni tam şəkildə açıqlaya bilmirəm.

Məsələ ondadır ki, Rusiyada bundan əlavə həm də "mədəniyyətin ideoloji əsaslarını müəyyən edəcək sənəd" də qəbul edilməlidir. Bu isə o deməkdir ki, bu dövlətdə totalitar rejimlərdə olduğu kimi rəsmi ideologiya üçün bir növ qəribsəyiblər. Halbuki onun konstitusiyasında hamının başa düşəcəyi tərzdə yazıblar ki, Rusiyada heç bir ideologiya rəsmi dövlət ideologiyası kimi qəbul edilə bilməz. Amma qəbul edirlər. Fəqət, bizim bu məsələ ilə bağlı nəsə müzakirə etmək fikrimiz yoxdur. Bizə sadəcə, insanların patriotik ovqatını və canatımını yönəltmək cəhdləri maraqlı göründü.

Belə bir məşhur deyim var ki, patriotizm fırıldaqçıların son sığınacağıdır. İndi Rusiyada da hakim partiya "patriotizm defisiti"ndən narahatdır. Onlar nə istəyirlər? İstəyirlər ki, insanlar ölkədə aparılan siyasətə dözsünlər. Bunun isə ən yaxşı yolu psevdopatriotik şüarlar qışqırmaqdır.

Amma hər şey başqa cür ola bilərdi və olmalı idi. Rusiyanı insanlar üçün maraqlı, yaşamaq üçün rahat və cəlbedici ölkə etmək lazım idi. Əgər bu edilsəydi, heç bir "patriotik konsepsiya"ya ehtiyac qalmayacaqdı.

Həm də Rusiyada patriotizm həmişə güclü olub. Tələbəlik vaxtı bir rus dostum deyirdi ki, harasa qatarla getməyi sevir, çünki bu halda o Rusiyanı hiss edə bilir.

Əsas da elə budur – Rusiyanı hiss etmək və duymaq.

Rusiya böyük dövlətdir, di gəl, onun problemləri də böyükdür. İndi mən bu problemlərin mahiyyətinə varmayacam – rublun taleyi necə olacaq, ölkə sanksiyalardan özünü necə hifz edəcək, Krımı əlində saxlaya biləcəkmi? Bütün bunlar müəyyən qədər çeynənmiş suallardır. Həm də hərənin bu suallara öz cavabı var.

Mənə gəldikdə isə Rusiya deyəndə yadıma həmişə Lev Tolstoy düşür. Elə ona görə də düşünürəm ki, Rusiyanın böyüklüyünü hiss etmək üçün qatara minmək lazım deyil, Tolstoyun bir kitabını əlinə götürmək yetər.

Tolstoyun adını həm də bilirsiniz niyə çəkdim? Lenin onu "rus inqilabının güzgüsü" adlandırırdı. Amma mənə elə gəlir ki, Tolstoy daha çox rus patriotizminin aynasıdır.

"Hərb və sülh" romanı fransız dilində dialoqla başlayır. Bu, çox simvolikdir. Güman etmək olardı ki, rus həyatı o qədər, elə bir dərəcədə fransızlaşıb ki, ruslar düşünmədən Rusiyanı fransızların ayaqları altına atacaqlar. Amma belə olmadı. Əksinə oldu.

Ona görə də siyasətçilər həmişə narahat olur ki, görən, cəmiyyət nə qədər, nə dərəcədə patriotizmi hifz edə bilib? Əslində onlar ona can atır ki, insanlar Rusiya deyəndə onları nəzərdə tutsun və Rusiyaya yönəlik sevgilərini onlara tərəf yönəltsinlər.

Əslində, əksər avtoritar dövlətlər belədir. Amma Rusiya daha xarakterikdir. Neçə illərdir ki, burada dövlət az qala sakral mahiyyət kəsb edir. "Dözərik!" siyasətçilərin insanlardan eşitmək istədiyi əsas sözdür.

Amma rusiyalı insanın haqqı var ki, "Biz niyə dözməliyik?" desin. Soruşsun ki, bunun üçün bir zərurət varmı? Bəli, 1941-45-ci illərdə insanlar dözdülər və o vaxtlar buna zərurət vardı.

İndi nədən ötrü dözsünlər? Putinin geosiyasi xülyalarının nə ilə bitəcəyini gözləmək üçünmü?

Ən əsası bilirsiniz nədir? Dövlət "şişdikcə", böyüdükcə, onun səlahiyyətləri artdıqca, cəmiyyət və fərd kiçilir, lap dönüb olur "kiçik bir adam". Bu halda isə siyasətçilərə deyil, Qoqollara ehtiyac yaranır, bəli, böyük dövlətdə kiçik adamın faciəsini yazmaq üçün...

Tarix
2015.11.20 / 09:09
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla