Ana səhifə Gündəm |
Xəbər verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyinin
ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən
sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə
bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam
etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, sahibkarlar və ayrı-ayrı vətəndaşlardan
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və
prokurorluq orqanlarına daxil olan çoxsaylı müraciətlərlə əlaqədar
Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair
işlər üzrə istintaq idarəsində həyata keçirilən araşdırma
nəticəsində Milli Təhlükəsizlik Nazirliyinin bir sıra baş idarə,
idarə, şöbələrinin rəhbərləri və digər əməkdaşları tərəfindən
xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən
sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, gizli qaydada
telefon danışıqlarına qulaq asmaqla sahibkarlıq fəaliyyəti
subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr, elektron məlumat
daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə
özgənin əmlakının gizli talanması, Bakı şəhəri və respublikanın
müxtəlif bölgələrində iş adamlarının izlənilərək, nazirliyin
inzibati binalarına gətirilib qanunsuz azadlıqdan məhrum edilməsi,
rüşvət alınması, hədə-qorxu yolu ilə onlara məxsus külli miqdarda
nağd pul, daşınar və daşınmaz əmlakın tələb edilib ələ
keçirilməsinə dair kifayət qədər sübutlar toplanmışdır.
Belə ki, həmin nazirliyin Baş İdarəsinin sabiq rəisi Çovdarov Akif
Teymurxan oğlu tabeçiliyində olan idarə və şöbə rəisləri Əliyev
Akif Oqtay oğlu, Məmmədov Səlim İbrahim oğlu və Osmanov Orxan
Hacısəfər oğlu ilə cinayət əlaqəsinə girib qrup halında qanunsuz
əməliyyatlar keçirib sahibkarlar İ.Qasımov, N.Orucov, T.İbrahimov,
C.Səfərov, Ş.Qurbanov, F.Zülfüqarov, A.Kərimov, E.Hacıyev, Q.Ədilov
və başqalarının nazirliyə gətirilərək qanunsuz azadlıqdan məhrum
etmələri, zor tətbiq etmələri, həbs olunacaqları ilə hədələyərək
külli miqdarda nağd pullarını, qızıl-zinət əşyalarını, digər əmlak
və torpaq sahələrini hədə-qorxu yolu ilə almalarına dair əsaslı
faktlar müəyyən edilmişdir.
Nazirliyin digər Baş İdarəsinin sabiq rəisi Qurbanov Sübahir Xaliq
oğlunun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli
şəxslərindən ümumi himayədarlığın həyata keçirilməsi adı ilə son
3-4 il ərzində hər ay sabit olaraq külli miqdarda rüşvət almasına
dəlalət edən sübutlar toplanmışdır. S.Qurbanov və tabeçiliyində
olan idarə və şöbə rəisləri Əliyev Fizuli Zülfüqar oğlu, Alıyev
Natiq Allahverdi oğlu və Məmmədov Zaur İbiş oğlundan ibarət
mütəşəkkil cinayətkar dəstənin 2015-ci ilin mart ayında sahibkar
Z.Salmanovun iş yerində qanunsuz axtarış keçirməsi, onun, A.Zakirov
və M.Quliyevin zorla nazirliyə aparıb qanunsuz azadlıqdan mərhum
edərək hədə-qorxu gəlməklə külli miqdarda pul vəsaitlərinin ələ
keçirilməsinə dair kifayət qədər əsaslar vardır.
Nazirliyin həmin vəzifəli şəxslərindən ibarət mütəşəkkil dəstənin
2014-cü ilin dekabr ayında sahibkar K.Seyfullayevin olduğu
avtomaşını güdərək onu nazirliyin inzibati binasına aparıb qanunsuz
azadlıqdan məhrum etməsinə, qanunsuz əməliyyat-axtarış fəaliyyəti
nəticəsində əldə olunmuş rüsvayedici məlumatların yayılacağı və
narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətlərə görə
həbs olunacağı hədəsi ilə külli miqdarda pul aldıqdan sonra azad
etməsinə dair faktlar müəyyən edilmişdir.
Bundan əlavə, həmin mütəşəkkil dəstənin ayrı-ayrı sahibkarlar
G.Əliyev, A.Kərimov, Ə.İbadov, S.Məcidov, Ə.Mirzəyev və digərlərini
eyni üsullarla hədələyib hüquqlarını pozmalarına dair əlavə faktlar
üzrə araşdırmalar aparılır.
Nazirliyin Baş İdarəsinin sabiq rəis müavini Əliyev İlqar
Mustafa oğlu və şöbə rəisinin müavini Mehdiyev Azər Söhrab oğlunun
sahibkar M.Mahmudov barəsində keçirdikləri qanunsuz
əməliyyat-axtarış tədbirləri nəticəsində əldə etdikləri şəxsi
məlumatların yayılacağı, onun şəxsiyyəti üzərində zor göstəriləcəyi
və cinayət işi başlanaraq həbs olunacağı hədəsi ilə külli miqdarda
pulunu ələ keçirmələrinə dair mötəbər sübutlar toplanmışdır. Qeyd
olunan şəxslərin hədə-qorxu və təzyiqləri nəticəsində hüquqları
pozulmuş digər sahibkarların müraciətləri də araşdırılır.
Nazirliyin digər Baş İdarələrinin sabiq rəisləri Quliyev Teymur
Rəcəb oğlu və Mirvətova Natavan Mürsəl qızı, həmin qurumların digər
vəzifəli şəxsləri Əzizov Elşad Əzizağa oğlu, Şirəliyev Anar
Hacıçoban oğlu, Atayev Fərhad Tofiq oğlu və Əliyev Eşqin Dünyamalı
oğlu səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb
qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə gizli qaydada
informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrlə
ayrı-ayrı sahibkarların telefon danışıqlarının dinlənilməsi və
digər əməliyyat-axtarış tədbirlərini qanunsuz həyata keçirərək
fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinə, həmçinin dövlətin
qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarına dair
təkzibedilməz sübutlar əldə edilmişdir.
Nazirliyin sabiq şöbə rəisi Ələkbərov Vüsal Hicran oğlunun sahibkar
N.Kazımovu təqsirləndirilən şəxs qismində cəlb edərək həbs etməsi,
azad olunması üçün külli miqdarda rüşvət alaraq onu ev dustaqlığına
buraxması və barəsində olan cinayət təqibinə xitam verməsinə dair
əsaslı faktlar müəyyən edilmişdir. Bundan başqa Vüsal Ələkbərovun
həmin üsullarla sahibkarlar H.Səfərov, M.Salahov, İ.Şaxverdiyev,
N.Rzayev və digərlərini hüquqlarını pozmasına dair faktlar üzrə
istintaq aparılır.
Nazirliyin digər əməkdaşı Abdullayev Mehman Dəmir oğlu sahibkarlar
Ş.Quluzadə və B.Həsənovu əsassız olaraq nazirliyin inzibati
binasına gətirməsi, onları qanunsuz şəkildə burada saxlaması və
azad edilmələri müqabilində hədə-qorxu gəlməklə külli miqdarda pulu
tələb edib alması ilə əlaqədar ittiham olunmuşdur.
İstintaq zamanı həmçinin müəyyən edilmişdir ki, nazirliyin Baş
İdarəsinin sabiq şöbə rəisi Əsgərov Mirəziz Mirəşrəf oğlu sahibkar
V.Əzizin bank hesabına külli miqdarda pulun köçürüldüyünü qanunsuz
əməliyyat-axtarış tədbirləri nəticəsində bilmiş, sahibkar həmin
pulu aldıqdan sonra onu qanunuz saxlayaraq telefon danışıqlarına
qulaq asıldığını bildirmişdir. M.Əsgərovun iş adamını həbs
olunacağı ilə hədələyərək pulun əksər hissəsini ələ keçirdikdən
sonra buraxması və gələcəkdə hesabına göndəriləcək pul
vəsaitlərinin alınmasına maneə törətməmək üçün əlavə olaraq külli
miqdarda pul almasına dair kifayət qədər dəlillər mövcuddur.
Qeyd olunan faktlar üzrə 21 şəxs Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində
cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər
barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri
seçilmiş, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan
tədbiri seçilməklə axtarış elan edilmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət
əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs
qismində tanınmışdır. Onlara dəymiş ziyanın ümumi məbləğinin on
milyonlarla manat olduğu müəyyən edilmişdir.
Hazırda ayrı-ayrı vətəndaşlardan yeni müraciətlər daxil olmaqdadır.
Müraciətlərdə göstərilən bütün xüsusatların tam, hərtərəfli və
obyektiv araşdırılması təmin edilərək, zərərçəkmiş şəxslərin
pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər
görülür.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Tarix
2015.11.25 / 20:56
|
Müəllif
Axar.az
|