Yuxarı

Dünya yeni qaz savaşına girir

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötüşməkdə olan həftənin əvvəlində Tehranda qaz samittinin keçirilməsi haqqındakı xəbər son vaxtlar daxili olayların daha çox nəzərə çarpdığı media gündəmində özünə yer edə bilməsə də, hər halda kifayət qədər diqqət çəkən məsələ idi.

Sammit həm də ən azı ona görə maraqlı idi ki, onun işində nüfuzlu qaz ixracçılarının təmsilçiləri, o cümlədən də Rusiyanın Prezidenti V.Putin də iştirak edirdi.

Amma bu, hələ məsələnin hamısı deyildi. Lap əvvəldə dedik ki, sammit Tehranda keçirilirdi və bu adi bir təqvim məsələsi olsa da, həm də başqa məna da daşıyırdı - sanksiyalardan sonra Tehran dünya neft və qaz bazarına güclü sıçrayış etmək istəyir.

Düzdür, bununla bağlı hələ ki daha çox bəyanatlar verilir, çünki sanksiyaların götürülməsi bir qədər ləng məsələdir, onları çox böyük sürətlə qəbul edir, amma çətinliklə ləğv edirlər. Fəqət Tehran artıq lap yaxın vaxtlarda gündəlik neft hasilatını bir milyon barrelə çatdırmaq əzmindədir. Bu isə öz növbəsində o deməkdir ki, dünya bazarında yaxın vaxtlarda neftin qiymətinin artmasını gözləmək əbəsdir.

Amma qaz məsələsi də az əhəmiyyət kəsb etmir. Ona görə ki, cəmi bir-iki il bundan əvvəl dünyadakı qarşıdurmanı təhlilçilər qaz savaşı adlandırırdı. İndi bu savaşın növbəti mərhələsi başlaya bilər.

Bəlkə də elə bunun nəticəsidir ki, Tehran hər vəchlə Moskvanı inandırmağa çalışır ki, onun qazla bağlı planları Rusiyanı təhdid etməyəcək. Amma bazar birdir, hamı da Avropaya can atır.

Elə Tehrana qarşı siyasətin dəyişməsinin əsas səbəblərindən biri də Rusiyanın Avropa qaz bazarında monopoliyasına son qoymaq istəyilə bağlı idi. Burada nüvə məsələsi də bir qədər yumşaq tonda çözüldü - düzdür, İran nüvə tədqiqatlarına, uranın zənginləşdirilməsilə bağlı işlərə "stop!" dedi, amma gəl, İrandakı siyasi sistem toxunulmaz qaldı. Halbuki əvvəllər İranın siyasi sistemi Qərbi, xüsusən də ABŞ-ı onun nüvə işlərindən az qeyzləndirmirdi. Fəqət elə şərait yetişdi ki, Qərb Rusiyanın Avropanın qaz bazarında monopoliyasına son qoymaq üçün İranla danışıqlara getdi.

Dedik ki, sammit Tehranda keçrildi. Bəli, qaz ixrac edən ölkələrin təşkilatı heç də neft ixrac edən ölkələrin birliyi kimi – OPEK kimi sistemli və nizamlı deyil. Qaz ixracçılarının birliyi çox amorfdur. Amma bəlkə də elə bu yaxşıdır, çünki bu halda məhdudiyytələr olmur, hasilat həcmlərini bazarın özü tənzimləyir.

Bu məsələlər Azərbaycan üçün də az əhəmiyyət kəsb etmir. Çünki Azərbaycan da yaxın vaxtlarda öz qazını Avropaya çıxarmaq niyyətindədir və hal-hazırda hər şey ondan asılı olacaq ki, görən, kim öz nəql infrastrukturunu daha tez işə salacaq? İranın da nəql infrastrukturu hələ tam gücü ilə hazır deyil. Burada da bir çox məsələlər - tranzit ölkələrindən tutmuş qazın necə nəql etməsinə qədər bir çox məsələlər hələ həllini gözləyir.

Fəqət, əsas əzmdir. Güman edirik ki, Qərb İrana qarşı tətbiq edilmiş sanksiyaları götürsə, bu ölkə bir çox problemləri tez bir zamanda həll etməyə və öz qazını Avropaya çıxarmağa qadirdir.

Həm də İranın əsas rəqibi Rusiyadır. Rusiya ilə bağlı Qərbin problemləri isə olduqca çoxdur. Bəli, Suriya Ukraynanı bir az arxa plana keçirdi. Amma bunu tamam unutdurmadı, hətta dağılmış Suriya da Rusiya ilə ABŞ-ın yarış meydanına çevrilib. B.Obama deyir ki, yaxın vaxtlarda İŞİD-i məhv edəcəyik! V.Putin də deyir ki, İŞİD-ə heç bir aman verilməyəcək! Təxminən eyni sözləri F.Olland və ya D.Kemeron da deyir. Amma onlara kim və nə mane olur? Təkcə Bəşər Əsədmi? Güman etmirik. Təbii ki, ABŞ-ın mövqeyində rasional cəhət var və biz də hesab edirik ki, Əsəd hakimiyyətdən getməyincə Suriyada yaxşını pisdən, normal müxalifəti İŞİD-dən ayırmaq mümkün olmayacaq.

İndi Rusiya nə edir? Faktiki olaraq Bəşər Əsədə müxalif olan bütün qüvvələrin mövqelərini vurur - burada isə ABŞ-ın dəstəklədiyi müxalifət də var.

Həm də Suriya bir yarış meydanıdır, bir səhnədir. Ruslar özləri etiraf edir ki, Suriya Rusiya silahlarının sınaq meydanına çevrilib. Rusiya üçün bu böyük və çoxkomponentli dünya siyasət teatrında bir debütdür. Çoxdan idi ki, bu ölkə dünya məsələlərinə bir o qədər də dərindən baş vurmurdu. İndisə məqam yetişib.

Bunları niyə yazırıq? Suriya məsələsində İranla Rusiya müttəfiqdir. Ona görə də belə düşünmək olardı ki, İran qazla bağlı planlarını Rusiya ilə koordinasiya edəcək. Bu iki ölkəni həm də ABŞ-a qarşı neqativ siyasi münasibət birləşdirir. Amma düşünürük ki, maraq maraqdır – bir yerdə başlayan dostluq başqa bir yerdə bitir və rəqabətə çevrilir. Düşünürük ki, bu dəfə də belə olacaq – dostlar həm də rəqiblərə çevriləcəklər...

Tarix
2015.11.27 / 08:45
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla