Yuxarı

Türklər rusları vursunmu?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ətrafındakı savaş onun 185 min kvadrat kilometrlik hüdudlarını aşmaqdadır. Bir vaxtlar ərəb dünyasının hərbi-siyasi güclərindən sayılan və Hafiz Əsədin Ərəb Sosialist Dirçəlişi Partiyası hesabına Yaxın Şərqin geopolitik düzənində başlıca rol oynayan bir ölkə indi keçmiş avtoritar liderin oğlunun başına görə nəinki region dövlətlərini, eləcə də iri siyasi gücləri üz-üzə qoyur. Əsədin cəsədini görmək kiməsə müyəssər olmasa da, bu "nifaq alması"nın hesabına bir çox siyasi müttəfiqliklər pozulmaq üzrədir.

Türkiyə Silahlı Qüvvələrinin sərəncamında olan F-16-nın raket zərbəsi ilə vurduğu rus təyyarəsinə görə yaşanan hərbi-siyasi hərəkətlənmələr sübut edir ki, yalnız bir xalqın faciəsi üzərində qurulan işğal planları onu həyata keçirən dövlətlərin özlərini böyük itkilərdən tam sığorta edə bilməz. Suriya dövlətinin süquta uğraması onun ərazisində yüz illərlə davam edən məzhəb və tayfa davalarının əsl dünya müharibəsinə çevrilmək potensilaını üzə çıxardı.

Rusiyanı qəzəbləndirən son hadisənin səbəblərini hava məkanında və beynəlxalq avianəqliyyat qaydalarında axtarmaq, yaxud Yunanıstan rəsmilərinin tarixi ədavəti məlum şəraitə uyğunlaşdırmaq üçün "türklər il ərzində 2248 dəfə hava sərhədlərimizi pozur" bəyanatı üzərində təhlillər aparmaq sadəlöhvlük olardı. İndi hər kəs həmin vurulma əmrinin verildiyi YERdə baş verənlərə diqqət kəsilib.

Birlikdə xatırlamağa çalışaq. Ərdoğan cəmi 12 gün öncə ev sahibliyi etdiyi "Böyük 20"lərin sammitində birbaşa ittihamla qarşılaşmışdı. Hər halda Putin tribunadan terroru maliyyələşdirməkdə suçlandırdığı dövlətlərin heç biri ona etiraz etmədi. Artıq xüsusi brendə çevrilmiş "İŞİD markalı" xüsusi neftin qara dövriyyəsində kimlərin suçlandığı çoxdan fərziyə statusundan çıxıb, lakin hətta rusların dediyi gündəlik 1.5 milyon dollarlıq ticarətin naminə heç kəs ordularını ərəb səhralarına sürməzdi. Yəqin çoxları daxili mübarizənin bir elementi sayacaqlar, amma CHP rəhbəri Kılıçdaroğlu 2 il öncə ölkəsinin adının terrorla bağlanması təhlükəsini nəzərə almadan AKP-ni İŞİD-in memarlarından biri elan etmişdi. Silah və təlim bazalarının görüntülərini sonralar mücahid birliklərinin özfəaliyyəti adlandırıb dövlətin terroru geopolitik maraqlarının alətinə çevirmədiyinə çoxlarını inandırmışdılar. Lakin Türkiyənin Yaxın Şərqə yönəlmiş siyasətini pisləyən hərəkatların hamısı əvəzində 2.5 milyon köçkün qazanan və bununla da İstanbul terroruna yol açan hakimiyyəti hamıdan daha çox günahlandırırdılar. Ona görə də Antalyanın günəşli səması altında Putinə kimi nəzərdə tutduğunu soruşan olmadı. Məgər Qətər dövləti, yaxud Səud kralı İranın neft-qaz ehtiyatlarının Avropaya çıxışı təhlükəsi qarşısında terrordan necə hərbi qalxan kimi istifadə etdiklərini gizlədirlər ki? Yeni İslam Xilafətinin qurulmasına çalışan "bəşkəsənlər ordusu"nun tərkibində vuruşan yaraqlılardan ən böyük birləşmə də məhz onlara məxsusdur - 8 min nəfər. ABŞ-dan hələ danışmırıq. Əlində silah tutan qüvvəni yalnız antiəsədçi olduğuna görə "mötədil" adlandırmaq isə Qərb politoloji laboratoriyalarının ixtirasıdır.

İndi rus təyyarəsinin Türkmən və Kürd dağları ətərklərindən daha böyük qövs cızıb Türkiyə ərazisinə keçməkdə məqsədinin nə olduğunu təyin etməyə çalışaq. Yəqin Ukraynada 20 fazilik əraziləri öz təsir altına almış bir ölkənin Qərbin sanksiyalarının altından çıxıb hərbi gücünü belə geniş səviyyədə Türkiyənin arxa bağçasında nümayiş etdirməsi islam etiketli bir dövlət üçün təhlükə siqnalı sayılıb. Cəmi bir neçə ay öncə bütün Avropanın təkləməyə çalışdığı Moskvanı iqtisadi təcridetmədən çıxaranlardan biri olan AKP lideri gücləndirdiyi tarixi düşməninin yeni siyasi planlarına razı ola bilməzdi. Hər halda bütün dünya Rusiyanın İŞİD-ə qalib gələndən sonra planlarının nədən ibarət olacağını yaxşı bilir. Artıq ruslar nəinki cəmi 4 tərəfin - İran, Suriya, Rusiya və Hizbullahın, eləcə də Birləşmiş Ştatların yaxın müttəfiqlərini öz yanına almaqdadır. Fransa son Paris qətliamından yaxşı dərs alaraq Rusiyaya vaxtilə satmadığı gəmilərin analoqunu- "Şarl de Qoll" kreyserini Əsədin deyil, Bağdadinin üstünə göndərir. Tarixin ironiyasına görə indi Belçikanın ən yüksək siyasi mərkəzlərini terrorun zərbəsindən qorumaq üçün səfərbər olunmuş NATO qüvvələri rus-fransız hərbi alyansını sükutla qarşılayırlar. Fransanın ardınca ayıq Merkel də Qərbin koalisiyası əvəzinə rusların tərəfdarlarının artdığını yaxşı görür. Axı iki il ərzində Suriyaya tökülən "Qərb" bombalarının yerində "qara bayraq"ların paradı heç dayanmayıb.

Rusiyanın hərbi itkilər verməsini Putin "arxadan zərbə" sayarkən onu Yaxın Şərqdə sovet Əfqanıstanın taleyi ilə üz-üzə qoymaqda dost və az qala müttəfiq saydığı ölkənin iştirak edəcəyini gözləmirmiş. Onsuz da Moskvaya çox baha başa gələn Suriya əməliyyatında Əsədin nəzarətindən çıxmış ərazilərin ona deyil, birbaşa Putinin dünya ağalığı məkanına qatılcağından hamı öz hesabını çıxarır. Lakin türk-rus birliyini pozan son hadisə həm də ona görə Kremlin hiddətinə səbəb olub ki, Rusiya prezidenti Amerika ilə razılşmanın mövcud olduğunu, İraq və Suriyadakı hərbi bazalardan qalxan təyyarələrin hər biri haqqında əvvəlcədən Pentaqona məlumat verildiyini və nəticədə NATO-nun baş dirijorunun həmin məlumatları Türkiyəyə ötürərək təyyarənin vurulması üçün öncədən zəmin hazırladığını xəyanət kimi qələmə verir. Beləliklə, tablo tamamlanır - Rusiyaya atılan güllənin baş memarı Ağ Evdə gizlənib. Bəs elə isə nədən Brüsseldən Ərdoğanı əliboş qaytardılar və onu NATO-nun hərtərəfli müdafiəsinə layiq görmədilər? Yəqin Suriyanın şimal ərazilərində türkmanlar hesabına möhkəmlənmiş və Əsədlə bərabər, kürdlərə qarşı böyük hərbi dəstələr formalaşdırmış Ankaranın tam güclənməsi heç Qərbin planlarına da uyğun deyil.

İndi çoxları rusların cavab reaksiyasının nədən ibarət olacağını soruşur. Hər halda iqtisadi əlaqələrin tamamilə kəsilməsi mümkün deyil. 40 milyarda yaxın olan xarici ticarət dövriyyəsi son ultimatumlar və qarşılıqlı ittihamlara maksimum on faizlik azalma ilə reaksiya verəcək. Lakin 5000 metrdən "yıxılmış" rus əsgərinin düşdüyü yeri müqəddəs sayan Rusiya Türkiyə əleyhinə olan bütün proseslərə təkan verəcək.

Hələ sovet dövründən İraq ərazisindəki PKK yaraqlıları onsuz da 40 ölkənin geniş yardımını alırdı, indi Türkiyənin ərazi bötüvlüyünə qarşı onlar daha da gücləndiriləcək və kürd yaraqlılarının vasitəsilə daxildə terror cəhdindən tutmuş siyasi itaətsizlik aksiyalarına qədər geniş miqyasda təxribatlara gediləcək.

Ermənistan amilinin gücləndirilməsi, tarixi düşmənçiliklərin yenidən gündəmə qaytarılması, Türkiyəyə verilən qaz kranının ventilinin fırladılması və bununla da onsuz da ağır günlərini yaşayan türk lirəsinə zərbə vurulması, ötən illər ərzində Rusiyada möhkəmlənən türk kompaniyalarına qarşı təzyiqlərin və məlum sovet yağmalanması tədbirlərinin həyata keçirilməsi ehtimal olunan aksiyalar sırasındadır. Amma cəmi bir neçə ay öncə, Moskvada ən böyük məscidin başına toplaşan Putin və Ərdoğan Mahmud Abbası yanlarına alıb bütün müsəlmanların hamisi kimi çıxış etməyə iddialıydılar. Rusları türklərdən ayırıb onları qarşı səngərlərə yerləşdirən təfəkkür Suriyanı kiminlə bölmək sualına cavab axtarmadılır - Qərb İraqda türkmənlərə münasibətdə, həmçinin türkün bütün düşmənlərini yeni İraq hökumətinin başına gətirəndən sonra kimi inandırmaq olar ki, Əsədi devirənlər Dəməşqə ay-ulduzlu bayrağı sancacaqlar?

Halbuki Avropanın qarşısında 50 ildir saxlanan bir ölkə üçün Rusiya ilə müttəfiqlik onun regional maraqlarına, o cümlədən, Qafqazlardakı müttəfiqləri ilə əlaqələrinə yalnız müsbət təsir edirdi. Bir vaxtlar Yeltsin dönəmində Gürcüstan və Azərbaycana göndərilən orta çinli türk zabiti Kremlə potensial təhlükə kimi görünürdü. İndi Ankara və Bakı arasında hərbi müttəfiqliyə, birgə təlimlərə və silahlı qüvvələrin vahid standart əsasında formalaşmasına hazırki rus elitası dözümlə yanaşır.

Təkcə Suriya uğrunda savaşda deyil, dünyada statusunun dəyişdirilməsi yolunda çalışan Rusiya və Türkiyə tarixi münaqişələrin üstündən adlayıb müttəfiq olmağa məcbur idilər. İndi hər iki tərəfdən irəli sürülən ambisiyalı soyuq müharibə çağırışları yalnız üçüncü tərəflərin xeyrinə işləyir.

"Qardian"cəmi bir həftə əvvəl Ankaranı hər həftə İŞİD-ə 10 milyon dollar yardım etməkdə qınayırdı. Qəzet yazırdı: "Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək görəvlisi terror qruplarının neft qaçaqmalçılığı üzrə nümayəndəsi Əbu Səyyafla ilişgilər quran türk iş adamları barəsində raporları hər iki ölkənin rəhbərliyinə təqdim edib". Lakin 3 gün öncə təyyarə vurlulması Ərdoğanın Putinə sərt zərbəsi kimi təqdim olunur. Qızışdırma mövqeyi və məşhur anqlosaks prinsipinin həmişə keçərli olduğunu görmək o qədərmi çətindir? "Düşməninlə öz əlinlə vuruşma" təkcə ingilislərə deyil, elə PKK təşkilatının da əməl etməyə çalışdığı mübarizə devizidir. İndi yorumlarda antitürk yaraqlıları ruslara belə mesajlar göndərirlər: "Əziz Rusiya, biz kürdlər sizin pilotlarınızın qisasını almağa hazırıq. Bizə daşına bilən zenit raket kompleksləri verin və biz Ərdoğan üçün uçuşa yasaq bölgə yaradaq".

Halbuki son qarşıdurmaya qədər rusların Suriyada hava hücumundan müdafiə sistemləri mövcud deyildi. İndi S-400lər Amerikanın lövbər saldığı İncirlikdə "Patriot"ların qarşısında keşik çəkir. AKP siyasi elitası isə yol ayrıcında qalıb. İŞİD gələn tərəfə getməli, yoxsa, Bəşərin başını edam kötüyündən xilas edənlərə doğru?

Hər halda türklərlə rusların savaşına abidə qoyanların gerçək millət sevgisinə inanmayın!

Tarix
2015.11.27 / 15:20
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla