Ana səhifə Yazarlar |
Əslində Azərbaycanda sosial və iqtisadi sferada islahatlar xeyli müddət əvvəl başlayıb. Əhaliyə xidmət sahəsində inqilabi dəyişiklik olan ASAN Xidmətin yaradılması və onun uğurlu fəaliyyəti bir tərəfdən korrupsiyaya qarşı uğurlu mübarizə və şəffaflığın artırılmasında mühüm addım hesab olunursa, digər tərəfdən bu xidmət əhalinin sosial problemlərinin həllində mühüm rol oynayan bir mexanizmdir.
Təbii ki, elektron hökumətə keçidlə bağlı bütün məsələlər həllini tapmayıb, lakin bu sahədə dinamik inkişafı görməmək mümkün deyildir.
Qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilən islahatlar da nəzərəçarpacaq dinamikaya malikdir. Texnoparkların yaradılması, alternativ və bərpa olunan enerji mənbələrinin formalaşması sahəsində işlər, aqrar sektorun canlanması və s.
Təəssüflə qeyd olunmalıdır ki, uzun müddət idxal və ixrac
əməliyyatlarında brokerlərin fəaliyyəti sahibkarlığın, xüsusən də
orta və kiçik sahibkarlığın inkişafına mane olan neqativ halların
da yaranmasına səbəb olmuşdu.
Ötən ilin son aylarında ölkə Prezidentinin yeni islahatlara start
verməsi ilə vəziyyət müsbətə doğru sürətlə dəyişməkdədir. Cəmi bir
neçə ay keçib, bu gün lisenziyaların verilməsində olan bürokratiya
və korrupsiya yüz faiz aradan qalxıb. Eyni zamanda lisenziyaların
alınması üçün rüsumlar azaldılıb, bəzi sahələrdə lisenziyalaşma
dayandırılıb.
Yoxlamalara iki il müddətinə moratorium qoyulması biznes üçün ciddi şansdır. Biznesmen buna əlavə imkan kimi baxmalıdır, amma müsbət mənada. Nəzarətsilikdən sui-istifadəyə yol verməməlidir.
Gömrükdə broker (vasitəçi) xidmətin ləğv edilməsi idxal və ixrac
əməliyyatları üzərində monopoliyanın aradan qalxmasına
gətirəcəkdir. Rəqabət mühitinin formalaşması ilə idxal olunan
malların ucuzlaşması baş verəcəkdir.
Azərbaycan dövləti sosial sahədə hər hansı məhdudiyyətə
getməmişdir, əksinə bəzi kateqoriyalar üzrə pensiyaların, əmək
haqlarının artımı göstərir ki, dövlət sosial sahədəki proqramları
davam etdirəcəkdir. Ünvanlı dövlət sosial yardımlarının
verilməsində ünvanlılığın tam təmin olunması istiqamətində son
illərdə atılan addımlar müsbətdir. "Ünvanlı dövlət sosial yardımı
sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasi
Prezidentinin 23 fevral 2015-ci il tarixli Fərmanı yardım üçün
müraciət edən əhalinin işini çox asanlaşdırmaqla yanaşı,
şəffaflığın artmasına və korrupsiya hallarının azalmasına
gətirəcəkdir. Bununla belə bu sahədə daha ciddi islahatların həyata
keçirilməsi vacibdir.
Ünvanlılıq tam təmin olunmalı və korrupsiya halları tam aradan qalxmalıdır. Əhalinin ələbaxımlılığının aradan qaldırılması üçün tədricən başqa dəstək proqramları tətbiq edilməlidir.
İctimai nəzarətin gücləndirilməsi günün vacib tələbidir. Yoxlamalara morotoriumun qoyulduğu bir vaxtda ictimai nəzarət yeni yoxlama mexanizmi kimi nəzərdə tutula bilməz. Bununla belə cənab Prezident ictimai nəzarətin vacibliyi ilə bağlı dəfələrlə qeyd edib. Ölkə Prezidenti aydın mesajlar verir. İctimaiyyət və onu təmsil edən təsisatlar qərarların qəbulundan başlamış onların icrasına qədər, bütün proseslərə cəlb olunmalıdır. İslahatlar yalnız vətəndaş və ictimai iştirakçılığın təmin olunacağı halda ciddi effekt verə bilər.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iştirakı ilə "İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu" mövzusunda keçirilən dəyirmi masada vətəndaş cəmiyyəti nümayəndələri islahatlarla bağlı xeyli səmərəli təkliflər irəli sürüblər. Şura hazırda bu istiqamətdə ölkə Prezidentinə vətəndaş cəmiyyətinin təkliflərini formalaşdırmaq üçün 3 işçi qrupu yaratmışdır. Ümid edirik ki, vətəndaş cəmiyyətinin təklifləri ictimai iştirakçılığın genişlənməsinə, onun effektin daha da artmasına gətirəcəkdir.
Bununla belə, əksər mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuralar yaradılmamışdır. Hazırda Ədliyyə Naziliyində, Prezident yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyində, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada, Dövlət Miqrasiya Xidmətində bu şuralar səmərəli fəaliyyət göstərir. Ümid edirik ki, cənab Prezidentin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı son tələbləri digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarını belə şuraların tezliklə formalaşmasına sövq edəcəkdir. Həm də formal yox, işlək ictimai şuraların.
Ölkədə bütün sferalarda, o cümlədən idarəetmə, sosial, iqtisadi sahələrdə islahatların yeni dalğası qlobal böhranın ölkəmizə gətirdiyi təsirlərin aradan qaldırılmasına gətirməlidir. İqtisadi və sosial sferada islahatlar üçün ən səmərəli vaxt elə böhran dövrüdür. ABŞ ən böyük islahatları "böyük depressiya" illərində həyata keçirmişdir. Əslində indi də qlobal böyük depressiya dövrü başlanmışdır. Bir sıra ölkələrdə böhranlar daha əvvəl başlanmışdır.
2004-cü ildə möhtəşəm yay olimpiya oyunlarını təşkil edən Yunanıstan, Avropanın ən inkişaf etmiş ölkələrindən olan İspaniya, Portuqaliya sosial-iqtisadi böhranın məngənəsinə hələ neçə illər əvvəl daxil olmuşdur.
Bizdə vəziyyət dəfələrlə yaxşıdır. Yaranmış yeni şərait həm də bir şansdır. İslahatlara dəstək verənlər hər cür təşviq olunmalı, sabotaj edənlər, sui-istifadə hallarına yol verənlər isə ifşa edilməlidir.
Tarix
2016.01.18 / 20:29
|
Müəllif
Sahib Məmmədov
|
Həmkarlar hərəkatının patriarxı |
||
Siyasi mühacir biznesi |
||
ABŞ ən sadiq itlərini güllələdi |
||