Yuxarı

“Kəramət Böyükçöl həyatımı xilas elədi”

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə tanınmış şair Qəşəm Nəcəfzadə ilə həmsöhbət oldum. Onun həyata, insanlara, ədəbiyyata münasibətini öyrənmək istədim. Və söhbətimiz alındı. Bu da bir insan taleyi, yaradıcı adamın ömür yoludur. Elə bu ömür yolu ilə "İnsan taleyi" layihəsində tanış olun.

Qəşəm müəllimə verdiyim ilk sualımın qıcıq verəcəyini anlayırdım, deyəsən, heç yanılmadım da:

- Qəşəm Nəcəfzadə haqda çox danışılır, çox yazılır, bəhs olunur. Etiraf edək ki, bütün bunlar birmənalı deyil. Bəs sən özün kənardan Qəşəm Nəcəfzadəyə necə dəyər verərsən, onun haqda bəhs etsən, nəyi və necə yazarsan?

- Haqqımda danışılanlar birmənalıdır, yüz mənalıdır, fərqində deyiləm. İstərdim ki, sən o mənanın bir-ikisini deyəsən. Məncə, elə bir şey yoxdur. Məni sevən və ya sevməyən var.

- Elə götürək sevən və sevməyənləri, sözsüz ki, onların danışıqları fərqli olmalıdır.

- Sözsüz, bu da təbiidir. Sevməyənlərim sevənlərimi öyrətməklə məşğuldur. Bunu da bilirəm. Olsun. Ancaq özüm haqqında belə deyərdim, peşəkar müəllim, yazıçı, şair və yaxşı dost.

İşıqların yanmağı da şeirim kimidir

- Qəşəm, uzun illərdir ədəbiyyatda külüng vurursan, həm nəzm, həm də nəsr nümunələrində qələmini sınamısan. Özünü daha çox harada rahat hiss edirsən?

- Külüng vurmuram, sadəcə, ara-sıra yazıram, ara-sıra da çap olunuram, ən çox nəsr əsrlərimdə rahatam. Oğlum Kəramətdə, Turalda narahatam, qızım Sevincdə rahatam. Məndə qəribə bir xasiyyət var. Evə çox bağlı adamam. Əgər otaqların hansı birinin lampası yanmırsa, istifadə olunmasa da, həmin gecə onu düzəltməsəm, gözümə yuxu getməz. İşıqların yanmağı da şeirim kimidir. Yaradıcılığımda ən çox axtarışlarıma, təcrübəmə, faktlarıma müşahidələrimə, xatirələrimə arxayınam.

- Ənənəvi şeir formasından birdən-birə modern, postmodern, sərbəst, ağ şeir formalarına da keçid etdin, necə başa düşmək olar, bu bəzi dikbaş şeir yazanlara "mən də belə yazmağı bacarıram" demək deyildi ki?

- Kiməsə, nəyisə sübut etmək üçün yazmamışam. Mənim təfəkkürüm elədir: qoşma, sərbəst, epik, lirik, modern, postmodern və sair. Bu qanunlara inanmıram və heç bir "izmə" də arxayın deyiləm. Ancaq şeirin bir yolu var: nə yazırsansa yaz, amma yaxşı yaz. Sonrası nə ola, ola. Vəssalam! Həyatda da beləyəm. Sən inanarsan ki, mən suvaq, döşəmə, tavan vura bilirəm, hörgü işini bacarıram? Şeirimdə də beləyəm.

Ədəbiyyatla aramıza müqavilə olmayıb

- Səncə, ədəbiyyatımıza verdiklərinlə, ədəbiyyatımız adına qazandıqlarını müqayisə etsək, hansı çox olar?

- Ədəbiyyatla aramızda belə müqavilə olmayıb. Amma ev-eşiyim, maşınım oğlanlarımın evi qonorarımın hesabınadır. Sovet vaxtı çıxan kitablarımla da ev, maşın almışdım. Onu da qeyd edim ki, mən 1995-ci ildən 2004-cü ilə qədər cəmi 10.000 tirajla çıxan kitablarımı müqavilə əsasında rayon təhsil və mədəniyyət şöbələrinə satmışam. 2007-ci ildə Hollandiyada ingilis və holland dillərində çıxan kitablarıma yaxşı qonorar aldım. İndi də köşə yazılarımla dolanıram.

- Sən nə istəyirdin, nəyə nail oldun?

- Elə bir planım, istəyim olmayıb. Allahımdan çox razıyam, əsas budur ki, heç kəsə pul borcum yoxdur, kreditim vardı, o da bitdi. Heç kəsə, heç nəyə hirsli deyiləm. Çox rahatam.

- Ürəyinin ağrısından zaman-zaman şikayətli idin. Allaha şükür, indi əməliyyatdan sonra gümrah görünürsən, amma insanların ürəyi, xüsusilə şairlərin ürəyi daima ağrı çəkir, çox şeyi içindən keçirir. De, ürəyin qüsurlu olub ağrıması və şair olaraq ürəyindən keçən ağrıların hər hansı oxşar cəhəti varmı?

- Ürəyimdəki anadangəlmə ürək qüsuru məni çox sındırıb. 53 il təngnəfəs yaşamışam. Orta məktəbdə və universitetdə bədən tərbiyəsi dərslərindən məni həmişə ayırıb kənarda qoyublar. Qızların yanında utanmışam. Çox idmançı oğlanlar mənim xəstə ürəyimə lağ eləyiblər. İndi onların çoxu həyatda yoxdur, elə ürək xəstəliyindən ölüblər. Həkimlər deyirdi ki, gərək əməliyyat olunasan. Pul lazım idi. Pul da yox, bir yandan da qorxurdum. Kəramət altı aylıq körpə olanda onu qucağıma götürməyə ürəyim imkan vermirdi. Kəramət böyüdü, 25 yaşına çatdı, ürəyimi əməliyyat etdirdi. Pulu o qazandı, 10 min manat. Bakıda Neftçilər xəstəxanasında gözəl həkim Rəşad Mahmudov ürəyimi əməliyyat elədi. Hər şey uğurlu oldu. Əməliyyatdan 10 gün sonra Kəraməti 25 yaşında qucağıma ala bildim. Ürəyimlə bağlı bütün problemlər aradan qaldırıldı. İndi futbol oynayıram, qaçıram, nə qədər istəsəm. Faiq, bu ürək ağrısı dəhşətlidir. Qaldı ki, yaradıcılıq ağrısına, bu, çox yüngüldür. Buna ürək sağlam olsa, dözməyə nə var.

Mirələmov haqqında yazmışam...

- Səni bəzən o məsələdə ittiham edirlər ki, ədəbiyyat çinovnikləri haqda xoş danışırsan. Amma tənqidi fikirlərin də yetərincədir. Səncə, sənin niyə ancaq xoş yazdıqlarını görür, kiməsə nüfuzuna, vəzifəsinə görə xoş gəlmək istədiyini deyirlər?

- Mən gözəl yazıçı Hüseynbala Mirələmov haqqında yazmışam, yaxşı da yazmışam, özü də yaxşı eləyib yazmışam. Ayrı heç kəs haqqında bir kəlmə də olsun yazım ola bilməz. Başqa yazılarım var, "Azərbaycan" jurnalında Aydın Məmmədov, Əli Kərim, İsa İsmayılzadə, Ələkbər Salahzadə, bir sözlə, dünyasını dəyişən yazıçı və şairlərimiz haqqında yazmışam və bu silsilə hələ də davam edir. "Ulduz" jurnalında da gənclər haqqında silsilə esselər yazıram. Məgər bu adamlar ədəbiyyat çinovnikləridir?

- Qəşəm, ədəbi mühitdə dost dediyin çoxdur, düşmən münasibətini gördüyün?

- Sağ olsunlar, hamısı mənim oxucularımdır. Sonrası lazım deyil.

- Hansısa yazarla şəxsi münasibətlərini onun bədii yaradıcılığına münasibətdə qabartdığın vaxtlar olubmu?

- Yazı məsələsində onlar mənim ağlıma gəlmir. Ən çox obrazın xüsusiyyətləri, quruluşu, hərəkətləri mənim üçün maraqlıdır. Pis, yaxşı insan olmağı yox. Heç nəyi qabartmıram. Olduğu kimi yazıram.

- Bu yaxınlarda bir neçə hekayəni oxudum. Bəzilərində pessimizm olsa da, hamısında həyata, insana sevgi də var. Sən şükranlıq etməyi elə yazılarda bacarırsan, yoxsa əməllərində də bu var?

- Həyatda olanları gətirirəm yazıya. 500 səhifəlik hekayələr kitabım çap olunacaq. Onların hamısı xatirələrimdir. Mən keçmişi yaxşı bilirəm və onu heç vaxt unutmuram. Ən çox zaman keçmiş və gələcəkdir. Gələcəkdən xəbərim yox. Keçmişi də yaşamışam. İndiki zamansa sapın beli kimi bir şeydir, bir saniyəlikdir. Keçmişə çox bağlıyam. Mən xatirələrimdən elm yaratdım.

Mənim içim çöl kimi ucsuz-bucaqsızdır

- Qəşəm, bu inkaredilməz faktdır ki sən bəzi qələm adamlarına dost deyirsən, amma oğlun onların elə simalarından yazır ki, onlara dost deməyə adamın dili gəlmir. Hansınız daha dəqiqdir?

- Oğlum Kəramət Böyükçöl çox istedadlıdır, elə şeylər var ki, mən ondan öyrənmişəm. Onun səhvləri də məni öyrədir. Yaradıcılığına qarışmıram, daha doğrusu, sözümə baxmır, bunu bilirsən, Faiq. Kəramət ən pis adamda da yaxşı nəsə tapa bilir, elə bunun özü də yaradıcılıqdır.

- Yəni demək istəyirəm ki, sənin illərlə topladığın adam tanımaq təcrübəni gənc yazar Kəramətin çevik baxışları alt-üst etmir ki?

- Vallah, adam tanımaq təcrübəm də yoxdur. Kim nə istəyir, eləsin. Gedən getsin, qalan qalsın. Ancaq yaradıcılıq təcrübəm var. Bunu qazanmışam. İşim, pulum, vəzifəm, fəxri adım olmaya bilər, o demək deyil ki, mən məğlub edilmişəm. Əsla, yox. Mənim içim çöl kimi ucsuz-bucaqsızdır, içimdə min adam itər, yüz adam məğlub olar.

Tarix
2016.01.31 / 10:12
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla