Yuxarı

“Ar olsun sizə, mətbuat...”

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vasif İsmayıl adlı bir həkimin "Ar olsun sizə, mətbuat" başlıqlı yazısı gözümə dəydi. Hələ məqaləni oxumazdan qabaq duymuşdum ki, bizi, yəni mətbuatın külüngçülərini doktor qardaşımız tənqid edib, "söküb-yığıb". Sonda da məsləhətlərini verib. Belə yazılmalıdır, elə yazılmalıdır və s. Ona görə duymuşdum ki, başqa peşənin sahibləri hər zaman belə ediblər. Elə məqalənin başlığı da bunu deyirdi – "Ar olsun sizə, mətbuat"... Həmişə yazı yazıblar, jurnalistlərə necə yazmağı öyrətməyə cəhd göstəriblər. Yəni ki, bu hal birinci dəfə deyil.

Yazını oxudum və təxminimdə yanılmadığımı gördüm. Doktor həmkarı, millət vəkili Rəşad Mahmudov haqqında deyilənlərə dolayısı ilə cavab verib.

Əvvəlcə Rəşad həkim haqqında bir neçə kəlmə...

Rəşad həkim haqqında o deputat olmazdan qabaq da eşitmişdim. Eşitdiklərimin hamısı da həkimi müsbət xarakterizə edib. Haqqında "peşəkardır, xəstələri ilə hər zaman mülayim davranışı var, kimsəsizi, yoxsulu pulsuz belə müayinə, müalicə və hətta əməliyyat edə biləcək bir həkimdir. Savadlıdır, ölkədə bəlkə də yeganə kordioloq-cərrahdır" sözləri deyilib. Hətta Rəşad müəllim deputatlığa namizədliyini irəli sürəndə bildim ki, Astaranın deputatı olacaq. Çünki nüfuzludur, tanınandır, insanların qəbul etdiyi adamdır. Həkimin deputatlıq istəyinə sevindim, həm də bir az pis oldum. Sevindim ona görə ki, ölkəmin parlamentində belə savadlı, vicdanlı bir insanın təmsilçiliyi müsbətdir. Pis olmağımın səbəbi isə parlamentdəki işlərinin çoxluğu ilə əlaqədar ondan mədəd uman xəstələrinə vaxt ayıra bilməyəcəyi əndişəsi idi. Şəxsi tanışlığım yoxdur deyə, əksəriyyətin fikrinin doğru olduğu qənaətində olmuşam. Bu gün də Rəşad Mahmudov haqqında heç bir mənfi fikrim yoxdur. Jurnalist həmkarım Rəşad həkim haqqında yazıb, onu tənqid edib, xəstə bir uşağı əməliyyat etməkdən boyun qaçırdığını deyib. Həkimin hardasa riskləri nəzərə alaraq, əməliyyat etməmə səbəbini anlamaq olar. O da insandır, bəlkə doğrdan da daha dəhşətli risk olub. Amma Rəşad həkimin uşağın valideynlərinə "krizə girsə, həkim çağırmayın, qoyun ölsün" deməsinə inanmıram. Həkim yox, heç bir insan, vicdanı olmayan biri də uşaq haqqında bu cür deməz. Rəşad Mahmudovun ünvanına səsləndirilən qalan ittihamlarla işim yoxdur. Doğrudur, yalnışdır, bunu həmin uşağın valideynləri və həkimin özü bilir.

Gələk Vasif həkimin bizə ar olsun deməsinə və yazmaq öyrətməsinə

Vasif həkim deyir ki, jurnalist belə bir məsələ var idisə, araşdırmalı idi, qarşı tərəfin mövqeyini öyrənməli idi. Razıyam, hər bir tərəfin mövqeyi öyrənilməlidir. Bu jurnalistikanın təməl prinsiplərindən biridir. Amma Rəşad müəllimin özü haqqındakı iradlara, iddialara cavab verməkdə bu qədər çətinlik çəkir ki?! Tanınmış, peşəkar bir həkim, üstəlik də millət vəkili olan bir şəxs üçün hansısa bir qəzetə, sayta zəng edib, mənim mövqeyimi də işıqlandırın deyə bilməzmi? Mətbuat təcrübəsində belə bir anlayış var - "cavab haqqı". Mən inanmıram ki, hansısa mətbu orqan, elə ittihamların səsləndirildiyi sayt Rəşad həkimin cavab haqqını tanımaya. Xarici mediaya nəzər salın. Tanınmış, nüfuzlu bir şəxs haqqında ajiotaj yaradacaq bir xəbər gedən kimi həmin şəxs dərhal buna reaksiya verir. Ya təkzib edir, ya hadisənin əslində deyildiyi kimi yox, başqa cür olduğunu deyir və s. Yəni cavab verir. Bunun aylarla araşdırılmasına nə gərək var ki? Məqalənin altında, "qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq" qeydi varsa, bunun jurnalist tərəfindən nə araşdırması aparılmalıdır axı?! Bu mənada Vasif doktor mətbuatı hardasa qınaya bilərsiz, amma bizə "ar olsun" deyib, sonra da dərs keçə bilməzsiniz.

Deyirsiz ki, həkimləri mətbuat pisləməklə məşğuldur. Mətbuat neynəsin pisləməsin?! O qədər mənfi hallar görürük ki həkimlərdən... O qədər vicdansız həkimlər görürük ki... Azərbaycanın səhiyyə sisteminin bərbad durumda olması hər kəsə məlumdur. Belə olmasaydı, bir az imkanı olan insanlar Almaniyada, Türkiyədə, İranda müalicəyə getməzdilər. Təbii ki, bunun obyektiv və subyektiv səbəbləri var. Həkimin maaşı azdır, bəzən məcburdur rüşvət almağa və s.

Amma vallah, savadsız həkimlərin, həkimlikdən çox alverlə məşğul olan, firmalarla müqavilə bağlayıb vətəndaşa saxta, keyfiyyətsiz dərmanları sırıyan "həkimlərin" əlində qalmışıq, doktor. Təbii ki, istisnalar hər zaman var. Amma Azərbaycanda bu istisnalar çox azdır, barmaqla göstəriləcək qədər azdır.

Doktora bir hadisəni danışım

Mənim bir sinif yoldaşım Almaniyada tibb təhsili alıb. Dediyinə görə, yaxşı cərrahdır. Bir gün Almaniyadan döndüyündən sonra görüşdük, işlərimizdən danışdıq. Dedi ki, Bakıda özəl klinikalardan birində həkim-cərrah kimi fəaliyyətə başlayıb, normal maaş veriləcək. Görüşümüzün üstündən heç 2 ay keçməmişdi ki, təsadüfən yenidən qarşılaşdıq. Ordan-burdan danışanda, dedi ki, bəs Almaniyaya qayıdır, klinikadan çıxıb. Səbəbini soruşanda... Bəlkə də inanmayacaqsız. Cərrah sinif yoldaşım dedi ki, klinikanın qoyduğu şərtlərlə vicdansızlıq edib işləyə bilməz. Onun dediyini olduğu kimi yazıram: "Anar, təsəvvür et ki, kənd yerindən 45-50 yaşlarında bir xəstə gəlmişdi. Onun müalicəsi 12 manatlıq preparat idi. Yəni 20 gilə dərman atacaqdı, keçib gedəcəkdi. Amma klinika rəhbərliyi mənə dedi ki, onu əməliyyat etməlisən. Mən dedim axı, həkim, bu adamı əməliyyat etməyə lüzum yoxdu. Dedi "lüzum var, ya yox, əməliyyat olunmalıdır, vəssalam. Lazım olmasa belə, əməliyyat etməlisən ki, klinikanın kassasına pul gəlsin, sizə maaş verək". Baş həkimə dedim, bəs vicdan? Dedi, "vicdan almanlardadı, bizdə vicdan anlayışına yer yoxdu". Mən də əməliyyat etməyəcəyimi deyib, ərizə yazıb işdən çıxdım. Çünki mən bunu edə bilməzdim, bu vicdansızlıqla uşağıma çörəkpulu apara bilmərəm. Həmin xəstəyə də 12 manatlıq dərmanı məsləhət görüb, klinikadan uzaqlaşdım".

Sinif yoldaşıma dedim, sən vicdansızlıq etmədin, bəs başqa həkimlər?!... Dedi ki, "işdən ayrıldıqdan sonra qalan maaşımı götürməyə getdiyimdə artıq həmin kişini əməliyyat etmişdilər. Xəstəyə də demişdilər ki, o həkimin başı çıxmır, ona görə sənə adi bir dərman yazıb, yola verib".

Yəni deməyim odur ki...

Vasif doktor, 1-2 nəfər vicdanlı həkim varsa da, bu cür mənfur əməli törətməyə qadir, baş həkimin gözünə girmək üçün, ağ xalatının cibinə 5 yox, 10 manat qoymaq üçün ləyaqətsizlik göstərib, ehtiyac olmadığı halda xəstəni cərrah masasına uzadanlar da az deyil. Məncə, mətbuata hirslənib, "ar olsun sizə, mətbuat" deməkdənsə, bir həkim kimi bu cür vicdansız həmkarlarınıza, "ar olsun, dələduz həmkarlarım", "ar olsun, Hippokrant andını pozan həmkarlarım", "ar olsun, xəstəyə firma dərmanlarını sırıyan həmkarlarım" deyə bir çağırış edə bilərdiniz.

Onu da nəzərə alın ki, Rəşad Mahmudovu müdafiə xarakterli yazdığınız məqaləni də, "ar olsun sizə, mətbuat" dediyiniz mətbuat orqanı işıqlandırıb.

Tarix
2016.02.03 / 15:23
Müəllif
Anar Bayramoğlu
Şərhlər
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla