Yuxarı

“Ayaz Mütəllibov sizi satır, acından öləcəksiniz”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsinin qonağı Əsədov Qabil Məşədi Əli oğludur. Q.Əsədov 1965-ci ildə Ağdaş rayonunda anadan olub, Birinci Qarabağ müharibəsi iştirakçısıdır.

Nə savadlı hərbçilərimiz, nə də normal texnikamız vardı

- Ağdaşda orta məktəbi bitirdikdən sonra Bakıya köçdüm. Sonra milli azadlıq hərəkatına qoşuldum. Sovetin mənə verdiyi bütün vəsiqələri, hətta hərbi bileti belə yandırdım. Çünki rejimə nifrət edirdim. Bu nifrət 20 Yanvar hadisələrindən sonra daha da artdı. Sonra Milli Müdafiə Şurası yaradıldı və mən onlara qoşuldum. Bu şuranın məqsədi Milli Ordunun təşkilində və təchizində iştirak etmək idi. Sonra biz Şıxov batalyonunu çox böyük çətinliklə yaratdıq. Vəziyyət o qədər pis idi ki, Şuşaya getməyə məcbur olduq. Buradan da döyüş yolum başladı.

Tələbə olmağıma baxmayaraq, təhsilimi, bütün planlarımı saxlayıb Qarabağın könüllü müdafiə batalyonuna qoşulmuşdum. Nə savadlı hərbçilərimiz, nə də normal texnikamız vardı. Sonumuzu düşünmədən mübarizə aparırdıq. Bizə peşəkar hərbçilər lazım idi...

Əsgər ölümləri adiləşirdi...

Vahid komandanlıq yox idi. OMON-çular, Kərkicahan batalyonu və s. silahlı qruplaşmalar var idi. Məsələn, Şuşanın özünümüdafiə batalyonu vardı. Ancaq əsgərlər təcrübəsiz idi.

***

Gecələr toplaşıb otururduq. Yanımdakı əsgərin ayağı ayağıma dəyəndə hiss edirdim ki, soyuqdan əsir. Onlara məzəli əhvalatlar danışırdım ki, qorxu, həyəcan olmasın. Müharibə çox dəhşətlidir. Bunu yaşamayan bilməz. Qorxan əsgərlərimizi qınamıram. 20 yaşında gənc necə olmalıdır? Elə vaxt olurdu ki, bu gün deyib-güldüyüm 5 əsgər sabah əməliyyatlarda şəhid olurdu. Ancaq bir günə o da adiləşirdi. Çünki vətən hər şeydən əzizdir, canımızdan da keçməli idik.

Ölsəm, anamdan üzr istəyin...

Sumqayıtdan bir əsgər vardı. Dedi ki, sabah döyüşdə ölsəm, gedib mənim adımdan anamdan üzr istəyərsiz. Çünki o məni döyüşə buraxmırdı. Ona qulaq asmadım. Deyərsiniz ki, məni bağışlasın.

***

Göyçaylı Elçinin 20 yaşı olardı. Sovet ordusundan qaçıb Şuşaya könüllü gəlmişdi. Hücum əməliyyatında Elçin çox ağır yaralandı. Rəngi saralmışdı. Qucağımda idi. Qışqırırdı ki, ölürəm, qoymayın anam ağlasın. O, evin tək övladı idi. Elçini xəstəxanaya çatdıra bilmədik, yolda keçindi.

Xankəndinə qədər azad edəcəkdik

Döyüşlərin birində düşmənə hücum etdik. Onlar bütün silahları qoyub qaçmışdılar. Ancaq başqa mövqedən bizim postlara hücum edib bir hərbçimizin qulağını kəsmişdilər. Bunu eşidən Milli Qəhrəman Ramiz Qəmbərov bir gün sonra hücum əməliyyatı qurdu və ermənilərin 8 kəndini ələ keçirdik. Saysız-hesabsız erməni qırdıq. Bu hücum bütün ölkəyə yayılmışdı. Xankəndinə qədər torpaqları azad edəcəkdik. Amma arxa cəbhədən dəstək gəlmədi. Rusların 366-cı alayı hücuma keçdi, geri çəkilməyə məcbur olduq. Həmin gün ermənilər rabitə vasitəsi ilə mənə dedilər ki, Ayaz Mütəllibov sizi satır, biz isə kef edirik. Siz acından öləcəksiniz.

Ramiz Qəmbərov yanımda canını tapşırırdı. Gözlərini açdı. Dodağı tərpəndi. Ancaq mənə heç nə deyə bilmədi. Bütün daxili orqanları dağılmışdı. Çox istərdim ki, son sözlərini eşidəm. Ancaq qismət olmadı...

Tofiq tapançasını çıxarıb başıma dirədi ki...

Tofiq Oğuz kimi qəhrəman komandirimiz var idi. Bir dəfə Tofiq Oğuz məni bir posta göndərirdi. Getmədim. Çünki onları tək qoymaq istəmirdim. Tofiq tapançasını çıxarıb başıma dirədi ki, səni müharibə qanunlarına görə vura bilərəm. Əmr edirəm, get. Məcbur qalıb posta getdim. Bu, Tofiq bəylə son görüşüm oldu.

Niyə ölmədiniz orda?..

1992-ci ildə tərxis oldum. Müqavilə ilə hərbi xidməti davam etdirməyimi təklif etsələr də, razı olmadım. Müharibədən qayıtdıqdan sonra uzun müddət mülki həyata uyğunlaşa bilmədim. Vətənim işğaldadır, şəhidlərin ruhu od tutub yanır. Döyüşlərdən sonra küskün idik. İndi də eləyik. Bəziləri hətta bizə deyirdilər ki, niyə siz ölmədiniz orda?..

Sübut edə bilmirəm ki, veteranam…

Hazırda dövlətin heç bir imtiyazından yararlanmıram. Veteran vəsiqəmi ala bilmirəm. Məhkəmədə sübut edə bilmirəm ki, veteranam. Yeganə məqsədim bu adı, vəsiqəni alıb övladıma göstərməkdir.

***

Gənclərimizə güvənirik. Bu vətəni onlar xilas edəcək. Bu gün də döyüşə hazıram. Ali Baş Komandan əmr versin, gedib İrəvana çıxaq. 18 yaşlı körpələrə saxlamayaq bu yarıda qalan haqq-hesabı...

Tarix
2016.02.07 / 10:00
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla