Yuxarı

Brüsseldə Azərbaycanla əlaqələr müzakirə edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 8-də Brüsseldə Avropanın nüfuzlu beyin mərkəzlərindən olan "Avropa Siyasət Mərkəzi"ində (European Policy Centre – EPC) "Azərbaycan – Aİ münasibətləri. Çağırışlar və imkanlar (Azerbaijan – EU relations. Challenges and opportunities) adlı müzakirələr keçirilib.

Azərbaycanın Belçikadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirin panel müzakirələrində çıxış etmək üçün Avropa Xarici Siyasət Xidmətinin Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli əlaqələr departamentinin rəhbəri Dirk Şubel, Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu təhsil proqramının direktoru, ABŞ-ın Con Hopkins Universitetinin professoru Svante Kornel, Xəzər Universitetinin Siyasi Elmlər və Beynəlxalq əlaqələr kafedrasının müdiri Muxtar Hacızadə və "De Kauzes İnterfeys" (The Caucasus İnterface) konsaltinq şirkətinin direktoru Mişel İvor dəvət olunublar.

Tədbirin moderatoru "Avropa Siyasət Mərkəzi"nin aparıcı siyasi təhlilçisi Amanda Pol giriş nitqində, Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın yeni ikitərəfli Saziş layihəsinin mahiyyətinin formalaşmasında xüsusi çəkiyə malik olduğunu, tərəflər arasında beynəlxalq təhlükəsizlik, terrorizm kimi regional təhdidlərə qarşı mübarizə sahəsində tərəfdaşlıq perspektivlərinin mövcudluğundan bəhs edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və insan hüquqlarının vəziyyəti ilə bağlı Aİ-nin bəzən ikili standartlardan çıxış etməsinin Azərbaycanın Aİ-yə olan etimadının zədələnməsi ilə nəticələndiyini bildirib.

Tədbir iştirakçılarını salamlayan səfir Fuad İsgəndərov, Azərbaycan-Aİ münasibətləri haqqında qısa məlumat verərək, münasibətlərin birtərəfli təxəyyüllər əsasında qurulmasının nəticə vermədiyini, bundan sonra praqmatik yanaşma nümayiş etdirməyin vacibliyini vurğulayıb. Belə bir tədbirin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviçin Azərbaycana nəzərdə tutulan səfəri ərəfəsində baş tutmasının təsadüfi olmadığını bildirən səfir F.İsgəndərov, sözügedən səfərin Azərbaycan tərəfindən irəli sürülmüş Strateji Tərəfdaşlıq Sazişi layihəsi üzrə məsləhətləşmələrə müsbət təkan verəcəyinə inam ifadə edib.

Tədbir zamanı çıxış edən Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu təhsil proqramının direktoru S.Kornel Azərbaycanın sürətlə inkişaf edən, müasir və dünyəvi ölkə olduğunu qeyd edərək, ölkənin xarici siyasətinin prioritetlərindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini səsləndirib, Qərbin Azərbaycanda və ümumilikdə Cənubi Qafqaz regionunda yerləşən ölkələrin suverenliyinin və təhlükəsizliyin qorunmasında maraqlı olduğunu, Azərbaycanın isə öz növbəsində Avropa üçün etibarlı enerji təchizatçısı, həmçinin Qərblə Mərkəzi Asiya arasında nəqliyyat, enerji və hərbi logistika sahəsində körpü rolunu oynadığını vurğulayıb.Xəzər Universitetinin Siyasi Elmlər və Beynəlxalq əlaqələr departamentinin rəhbəri Muxtar Hacızadə öz çıxışında, ötən illər ərzində Azərbaycanın həyata keçirdiyi irimiqyaslı tədbirlərlə Avropanın mədəni həyatının önəmli hissəsinə çevrildiyini qeyd edərək, ikitərəfli münasibətlərdə mövcud olan çətinliklərin, Avropanın Azərbaycana qarşı tətbiq etdiyi ikili standartlarla daha da artdığına diqqət çəkib.

Daha sonra çıxış üçün söz "De Kauzes İnterfeys" (The Caucasus İnterface) idarəetmə üzrə konsaltinq şirkətinin direktoru M. İvora verilib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökləri ilə bağlı Avropa ictimai-siyasi dairələrində yanlış təəssüratın olduğunu, işğal atında olan ərazilərin tarixən Ermənistan ərazisi kimi qəbul edildiyinin şahidi olduğunu və bu amillərin münaqişənin həllinə olan yanaşmaya təsir etdiyini bildirib. M.İvor vaxtilə işğal olunmuş ərazilərə səfəri zamanı qondarma separatçı rejimin onun dolğun və dürüst araşdırma aparmasına mane olduğunu, bununla belə Ağdamda erməni vandalizminin nəticələrinin canlı şahidinə çevrildiyini etiraf edib. M.İvor Ağdamdan məcburi köçkünlərin qəmli xatirələri əsasında videoyazı hazırladığını, həmin materialda münaqişə qurbanlarının öz doğma yurd-yuvalarına qayıtmaq arzusunun, habelə Dağlıq Qarabağın erməni icması ilə birlikdə yaşaya biləcəyi ilə bağlı ismarıcların öz əksini tapdığını bildirib.

Sonda çıxış edən Avropa Xarici Siyasət Xidmətinin rəsmisi D.Şubel Azərbaycanla bir çox sahələrdə praqmatik əməkdaşlığın yaradılması üçün real perspektivlərin olduğunu, hər iki tərəfin bu istiqamətdə qarşılıqlı addımlarının atılmasının vacibliyini vurğulayıb. Üçüncü ölkə tərəfindən ikitərəfli Saziş layihəsinin təqdim olunmasının Aİ təcrübəsində ilk olduğunu, bu baxımdan Aİ-nin Azərbaycan tərəfindən irəli sürülmüş Strateji Tərəfdaşlıq Sazişi layihəsinə maraqla yanaşdığını bildirib. Yeni Saziş layihəsinin Azərbaycanla enerjinin şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, terrorizm və beynəlxalq təhlükəsizlik, həmçinin dinlər və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığın genişləndirilməsinə şərait yaradacağına inam ifadə edib. Tərəflər arasında dialoqun effektivliyinin təmin edilməsində ünsiyyət mexanizmlərinin düzgün qurulmasının vacibliyinə diqqət çəkən D.Şubel bu istiqamətdə Aİ-nin Azərbaycana münasibətdə yeni strateji ünsiyyət vasitələrindən istifadə edəcəyini bildirib.

Müzakirələrdə çıxış edənlərin hər biri Aİ-Azərbaycan münasibətlərinin strateji müstəviyə keçirilməsinin zəruriliyini vurğulayıb və yaxın zamanlarda bu istiqamətdə vacib addımların atılacağına ümid bəslədiklərini bildiriblər. Sonra məruzəçilər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Tədbirdə Brüsseldə fəaliyyət göstərən diplomatik korpusun, Aİ institutlarının və tədqiqat mərkəzlərinin nümayəndələri və kütləvi informasiya vasitələri təmsilçiləri iştirak ediblər.

Tarix
2016.02.10 / 23:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla