Yuxarı

“Ermənilər Qaradağlıda camaatı qırdılar...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsinin bugünkü qonağı Mustafayev Mehman Ömər oğludur. O, 1961-ci ildə Ağdaş rayonunda anadan olub. Burada boya-başa çatıb, 1978-ci ildə orta təhsilini bitirdikdən sonra Bakı şəhərində Texniki Peşə Məktəbinə daxil olub. Oranı da başa vuraraq Sovet ordusunda həqiqi hərbi xidmət etmək üçün Əfqanıstana yollanıb. Birinci Qarabağ müharibəsi əlilidir, ailəlidir, üç övladı var.

Qaradağlıda böyük qırğın oldu

- Əvvəla, bu xeyir işlə məşğul olduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Axar.az və rəhbərliyi bizləri həmişə diqqətdə saxlayır. Mən bütün sağlamlığımı Əfqanıstan müharibəsində qoymuşam. Oradan qayıtdıqdan sonra bədənimdə yaranan xəstəliklərlə bağlı xəstəxanalarda yatmışam. Bu vəziyyətdə olmağıma baxmayaraq, nəhayət, 1986-cı ildə Əfqanıstan müharibəsi veteranı biletimi aldım. Sonra İnşaat İnstitutuna daxil oldum. Səhərlər 2 nömrəli tikmə kombinatında işləyib, gecələr oxuyurdum. Nəhayət, 1988-ci ildə azadlıq hərəkatına qoşuldum. Meydan dağılana qədər orada oldum. Mitinqlər bitdikdən sonra Müdafiə komitəsi yaradıldı. Əfqanıstanda döyüşənləri Qarabağa göndərirdilər ki, gedin baxın, orada postlarımız necə qurulub, döyüş hazırlıqları necə gedir. Biz təcrübəli kadr sayılırdıq. Mən Xocavənd rayonuna getmişdim. Elə kəndlər var idi ki, bizə dedilər, oralara getməyin. Amma biz ən sonuncu kənd olan Qaradağlıya getdik. Bunu çox adam bilmir, amma Xocalıdan əvvəl bu kənddə faciə olub. Kənd camaatının hamısını qırıblar.

Ermənilər bizə konyak yollayırdılar

Gecəni Xocavənd rayonunda keçirdik. Düşünün, rayonun yarısı ermənilər, yarısı bizimkilərdir. Yol ortadan keçir, hər iki tərəf bir-birindən qorunmaq üçün post qurub. Gecə saat 11-də onlar bizə konyak, biz onlara yemək yollayırdıq. Qəribə bir vəziyyət idi, iki düşmən bir-birinə nə isə verir. Ən əsası odur ki, bizim millətdən olan kolxoz sədri vardı, hər iki tərəfin adamları ondan qorxurdular. Əcaib bir adam idi.

Biz öz imkanlarımızla xəritələr çəkdik. Orada təcrübəsizlikdən bir istiqamətdə postlar qurulmuşdu, guya düşmən ancaq bu istiqamətdən gələ bilər. Biz onlar ləğv edib, normal vəziyyət yaratdıq. 3 günlük işimizi bitirib döndük. Mənim yanımda OMON-çu Məhəmməd, Sahib var idi, bir də Milli Qəhrəman Aytəkin Məmmədov. Biz böyük çətinliklə də olsa, Bakıya qayıtdıq.

1990-cı ildə bizə dedilər ki, həmin ərazidə beşmərtəbəli bina tikilir. Ora getməlisiniz, mən də həmin vaxt Cəbhənin üzvü idim. Bir Cəbhəçi nə etməliydisə, mən də onu etdim. Oraya getdim. Sonra yollar bağlandı, biz orada qaldıq. Bir müddət keçəndən sonra Şuşaya getdik. Komandirimiz Tofiq Oğuz idi. Getdiyim gün təcrübəli, köhnə döyüşçü olduğum üçün məni qərargah rəisi təyin etdi. Şuşa alınan günə qədər orada vuruşmuşam.

Xocalıya kömək edə bilmədik

Ən dəhşətlisi o idi ki, Xocalı alındı, biz ora kömək edə bilmədik. Xocalı faciəsindən sonra Ağdama gəldik, burada gördüklərim ağır idi. Əsirlərin dəyişdirilməsi prosesi dəhşətli idi. Ayda 3-4 dəfə erməni tərəfə gedib qayıdırdım. Məxfi məlumatları bizimkilərə çatdırmalı idim. Ona görə də bütün yüksək təbəqələrdə hörmətim var. Bir dəfə Bakıya zəng edib dedim ki, burada vəziyyət ağırdır, Xocalıdan olanları Bakıdakı pansionata gətirib yerləşdirim. Sağ olsun rəhbərlik, səhəri gün bizə avtobus təşkil etdi, 107 ailə gətirdim Bakıya. Orada elə uşaq var idi ki, qulağını güllə aparmışdı, atasının qucağında olanda atasını vurmuşdular, qadınlar var idi, eh, daha onu deməyim!!! Ölüləri Ağdamda dəfn edərkən 3 yaşlı bir uşaq dirildi, bax bu, möcüzə idi. Həmin uşaq elə indi də həyatdadır, yaşayır. Qadınlarımız alt paltarları ilə çıxıb qaçmışdılar, onları gətirəndə Kürdəmirdə 2000 manat maaşımı verib paltar aldım. Halal xoşları olsun.

Aşot bizimkilərə yaxşı davranmışdı

Bilirsiniz, mən iki dəhşətli müharibə görmüşəm. Məncə, əsirlərlə xoş rəftar olunmalıdır. Əsil hərbçi müharibə qaydalarına uyğun davranmalıdır. Onlar tərəfdən Aşot adlı hərbçi bizimkilərə pis davranmayıb, bunu gələn əsirlər deyirdi. Deməli, əsil hərbçi imiş bu Aşot. Bizi vuran erməni deyildi, ruslar idi: 366-cı polk. Bizim igidlər olub e, bizi hər tərəfdən vururdular döyüşlər gedirdi. Yaxınlığımıza mərmi düşdü, savadlı, amma sısqa bir əsgərimiz vardı, onun ayağının arxasını qəlpə kəsdi. İnan, döyüş bitənəcən o, imkan vermədi ki, biz onun yarasını sarıyaq, dedi, əsgərlər bilməsin yaralanmağımı, yoxsa qorxuya, təşvişə düşəcəklər. Döyüş dayandı, biz onun yarasın sarıdıq. Ancaq çox qan itirmişdi.

Müdafiə Nazirliyi deyir ki...

Mən Əfqanıstanda yarıcan olmuşdum. Ancaq fərari kimi qaçan əsgərləri və özü ilə apardığı silahları yığıb rəhmətlik Milli Qəhrəman Allahverdi Bağırova təhvil verirdim. Allahverdi bəy rəhmətə gedən gün tərxis olunmuşam. Əfqanıstan döyüşçüsü kimi hökumətdən 35 manat pensiya alıram. Qarabağ döyüşçüsü kimi nəinki pul, hətta döyüşdüyümə dair vəsiqəmi də ala bilmirəm. Məhkəmələrdə udsam da, Müdafiə Nazirliyi deyir, sizin döyüşdüyünüzə dair sənədlər arxivdə yoxdur, halbuki mən bunu dəfələrlə sübut etmişəm. Qısası, deyirlər ki, könüllülər döyüşçü sayılmır. Məhkəmədə Müdafiə Nazirliyindən gələn iki zabit mənə qışqırdıqlarına görə hakim onlara 4 saatlıq həbs, ikinci dəfə isə pul cəzası kəsmişdi. Mənim haqlı olduğumu deyirdi, ancaq sonuncu məhkəmədə atam rəhmətə getdiyi üçün iştirak edə bilmədim və məhkəməni uduzdum. Ömrümdə ilk dəfə belə ədalətli hakim görmüşdüm. Bu özü böyük bir şey idi. İndi tikintidə işləyirəm, işçilərim köhnə döyüşçülərimdir. Mənə ən çox dəstək verən adam Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur.

"Fəryad" filmində səhvlər var

Qarabağ haqda gözəl filmlər çəkmək olar. Amma məsələn, bu "Fəryad" filmində səhvlər var. Filmdə bir epizod var, adam 20 bidon benzini verib gedir, erməni əsirinə bir təpik vurub qayıdır! Belə şeyə ola bilməz axı! Müharibədə bir litr benzin tapa bilmirdik ki, tanka töküb erməninin üstünə gedək. Necə oldu ki, bu 20 bidon benzin verdi, kiməsə bir təpik ilişdirdi? Heç olmasa, belə şeylər çəkəndə özlərini gülməli vəziyyətə salmasınlar. Axı bu qəhrəmanlıqdır! Çəkilən yeganə yaxşı film "Ağ atlı oğlan" filmidir.

Tarix
2016.02.12 / 09:09
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla