Ana səhifə Gündəm |
Ermənistan işğal etdiyi beynəlxalq nəzarətdən kənar ərazilərimizdə qanunsuz fəaliyyətlər həyata keçirir.
APA-nın məlumatına
görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Münhen
Təhlükəsizlik Konfransı çərçivəsində "İqlim və enerji
təhlükəsizliyi" mövzusunda müzakirələr zamanı çıxışında deyib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan ərazilərinin 20 faizi
iyirmi ildən artıqdır ki, erməni işğalı altındadır:
"İnsanlarımızdan başqa, bundan təbiət də əziyyət çəkir. Beynəlxalq
nəzarətdən kənar bu ərazilərdə qanunsuz fəaliyyətlər həyata
keçirilir. Xüsusilə meşə zolaqları qırılır. Çünki bu ərazi özünün
qədim ağacları ilə məşhurdur. Ona görə də, onlar kommersiya
məqsədləri üçün qırılır".
Azərbaycan prezidentinin sözlərinə görə, Azərbaycan üçün ən böyük
iqlim təhdidi odur ki, ölkəni su ilə təmin edən çayların
əksəriyyəti qonşu ölkələrdən gəlir: "Araz çayı Ermənistan
tərəfindən çirklənir və bu da bizim hamımız üçün təhlükədir. Bu
çirkləndirməni dayandırmaq barədə müraciətlərə baxmayaraq,
Ermənistan bu əməlini davam etdirir. Biz işğalı davam edən ölkə
tərəfdən daha çox anlayışın olmasını istərdik. Yanvarda AŞPA
Ermənistanın qonşu regionlara su təminatı zamanı problem
yaratmasını pisləyən qətnamə qəbul edib. Dağlıq Qarabağın de-fakto
Azərbaycanın nəzarətində olduğu zaman orada tikilən su anbarı sivil
insanlara problem yaratmaq məqsədləri üçün istifadə edilir. Kür və
Araz çaylarından Azərbaycana su təminatı kritikdir. Biz
dağlarımızdan Bakıya su boruları çəkmişik. Ona görə də,
qonşularımızdan asılılığımız azdır. Lakin yenə də, bu problem
olaraq qalır. Ancaq eyni zamanda bizim Xəzər dənizi kimi böyük
ehtiyatımız var. Biz Xəzər dənizinin suyundan ilkin olaraq
irriqasiya, daha sonra içməli su kimi istifadə edilməsi üçün pilot
layihəyə başlamağa hazırıq".
Azərbaycan prezidenti bildirib ki, Azərbaycan qazlaşdırma
siyasətini davam etdirir: "Bu gün biz elektrik enerjisi üçün qaz və
sudan istifadə edirik. Bu bizim töhfəmizdir. Baxmayaraq ki
Azərbaycanın Kioto protokolu qarşısında heç bir öhdəlikləri yoxdur.
Bizim bu işə sadiqliyimiz böyükdür və müstəqilliyimizin bu
illərində gördüyümüz işlər onu göstərir ki, biz bu sahədə etibarlı
tərəfdaşıq".
Tarix
2016.02.13 / 22:55
|
Müəllif
Axar.az
|