Yuxarı

Alnına yazılanları kağıza köçürən adam...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnsan yalnız ölümə yaltaqlana bilmir..."

(Seyran Səxavətin "İt intervüsü" hekayəsindən)

"Aralıdan baxanda Yer kürəsi çürük toxuma oxşayırdı – yaxından baxanda isə oxşamırdı – eləcə çürük idi. Və bu an bu çürük toxumun içindəki milyardlarla toxum da çürüyürdü – ağac toxumu, çiçək toxumu, adam toxumu..."

...Və Sənin ruhun rahatlıq tapa bilmir... çünki biz hələ fərqinə varmasaq da, Sən bu acı gerçəyi bilirsən. Bilirsən ki, bir gün gələcək, "bu çürük toxum – Yer kürəsi fırlana-fırlana yorulub üzü qibləyə dayanacaqdı və bundan sonra bir də Yer üzünə yaz gəlməyəcəkdi, toxumlar cücərməyəcəkdi..."

Bəşərin və bəşəriyyətin sürükləndiyi uçuruma baxırsan. Həyatın ağrıyır... Ruhun əzablar içində qovrula-qovrula gücün yazmağa çatır. Hə, bir də pozmağa...

Yazırsan... Bilə-bilə ki, "Səni Səndən savayı kimsə anlamayacaq..." – yenə də bir inamla, nə zamansa Səni anlaya biləcək birinin içində işıq yandırmaq ümidilə yazırsan... Yazıya pozu olmadığını da bilirsən... Amma bütün bunları bilə-bilə əlinə "daban daşı" alıb alnına yazılanları pozmağa çalışırsan. Əzablıdır, deyilmi?!

Kitaba and içib, fəqət kitabla müxalifətdə olan bir toplumun içində yaşamaq əski bir bezə atlazdan yamaq vurmaq kimi bir şeydi. Onda görürsən ki, Allahın Sənin adına yazdığı Seyran Səxavət adlı ssenarinin epizodları "Bəşərin komediyası"na uyğun gəlmir...

Şahmat taxtasına oxşayır Dünya... Ağ və Qara... Fiqurlar ancaq şahmat taxtasının üstündə nəyisə həll etmək iqtidarındadırlar... İndi hər şey mahiyyətini – şəklini, formasını, məzmununu elə dəyişib ki, böyüklərin oyununa mən bu uşaq yaşımla sadəcə Mat qalıram... Qaraların sayı durmadan necə artırsa, baxanda adamın gözü alacalanır. Qaralar artdıqca "taxta" qaranlıqlaşır. Ağ xanalardan "Ağ yol"a çıxan keçidi tapa bilmir adam...

Məchulluqlar içində sual işarəsi kimi başımı aşağı dikirəm: görəsən, Biz uduzmuşuq?! – bu yük rahat buraxmır adamın ruhunu...

- Yox, əsla! Biz məğlub deyilik. Oyunu qazanmadan çıxmış ola bilərik. Maddi nələrimizsə olmaya bilər. Amma nə yaxşı ki, YAŞADIQLARIMIZ TANRININ ALNIMIZA YAZDIQLARI KİMİ TƏRTƏMİZDİR... Və belə məğlubiyyətlər yüzlərlə qalibiyyətdən daha şərəflidir...

Hər şeyə rəğmən üzü Aydınlığa doğru yola çıxmışıq... O yolu getmək üçün yolun öz uzunluğu boyda əzablara qatlaşmağa dəyər. Qaranlıqlaşan dünyada çiynini bizə sipər edən, ümidimizi öləziməyə, həyat eşqimizi sönməyə qoymayanlar var, nə yaxşı ki... Onların işığına tutunub yaşaya bilirik.

Nə yaxşı ki, Varsan! – deyə bildiklərimiz bizə Taleyin ən gözəl qismətidir. Dedikləri Söz isə bizə əmanətdir – Tanrının əmanəti...

Yaxşı ki, Varsan, Ustad!

Şərəfini, ləyaqətini, heysiyyətini ayaqlar altına atan, məddahlığı özünə peşə edən bu dünyanın tən ortasında Seyran Səxavəti qoruduğun, həm də məhz bu cür qoruduğun üçün Var ol!

Həqiqətləri deməyin yasaq olunduğu, yarımhəqiqətlərin və yalanların üstündə inşa olunan bir dünyada Seyran Səxavət şəxsiyyəti və yaradıcılığı arasındakı bütövlüyü, tamlığı qoruya bildiyin üçün Var ol!

Sözün müqəddəsliyini Bəylər dədənin, Əsgər kişinin, Zərif ananın ruhu təkin ağırlayıb-əzizlədiyin üçün Var ol!

Bütün qəlbimlə inanıram ki, Səni dinləyəndə - anlayanda Biz təmizlənəcəyik...

Həyatımızı zəhərləyən Məmmədtağıları, Salehləri, Zülfəliləri süpürüb yolumuzdan ata bilsək, "ət taxtası"nda əzilmədən "dəyirmanın boğazında"n keçə biləcəyik.

Xəstə təfəkkürləri ciddi ədəbiyyatın sağalda biləcəyini anlaya bilsək, Biz təmizlənəcəyik...

"İt həqiqətləri" ilə "adam həqiqətləri" arasındakı sərhəddi aşa bilsək, Biz təmizlənəcəyik...

Biz o müqəddəs yola – Aydınlığa, aydınlanmağa doğru gedirik.

Yolumuzun başında Sən varsan, Səndən keçib durulacağıq, Ustad!

Yolçu yolda gərək! Yolumuz aydın olsun!

Xəyalə Zərrabqızı

Tarix
2016.02.20 / 09:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla