Ana səhifə Toplum |
"Böyük Bakının Regional İnkişaf Planı"nın layihəsi artıq
hazırdır və Nazirlər Kabinetinə təqdim olunub. Paytaxtda ciddi
dəyişikliklər olacaq, çünki Bakının gələcəyi ilə bağlı yeni böyük
layihələr var. "Böyük Bakının Regional İnkişaf Planı"
təsdiqləndikdən sonra şəhərin gələcəyinin necə olacağı çoxlarında
maraq doğurur. Hazırlanan layihə 2030-cu ilə qədər olan dövrü əhatə
edir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma şöbəsinin
müdir müavini Fəxri Aydəmir APA-ya açıqlamasında bildirib ki, 2030-cu ilə qədər
Bakının şəhər strukturu büsbütün dəyişəcək. Yeni plana əsasən, 282
hektarlıq ərazisi olan Bakı 5 inzibati ölçü vahidinə, yəni
rayonlara bölünəcək. Bura mərkəzi Bakı, ətraf, şimal-şərq və cənub
rayonları daxildir. Paytaxtın inkişafına Abşeron yarımadası,
Sumqayıt və Xırdalan şəhərlərinin prizmasından baxılacaq. Yeni
planda Bakıətrafı dəmiryol xətlərinin bərpası nəzərdə tutulub.
Layihəyə görə, dəmiryol vağzalının ərazisi kiçildiləcək,
Dənizkənarı Milli Park isə əksinə böyüdüləcək.
Bakının baş planında Xırdalana metro, Sumqayıta sürət qatarlarının
çəkilişi nəzərdə tutulur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Fəxri
Aydəmirin sözlərinə görə, "Böyük Bakının Regional İnkişaf Planı"
Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış saziş
müqaviləsi əsasında işlənib hazırlanıb. Layihə 2014-cü ilin sonunda
təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunub. "Böyük
Bakının Regional İnkişaf Planı" iki mərhələdən ibarətdir. Birinci
Böyük Bakının Regional İnkişafı , ikinci isə Bakının ərazilərinin
istifadə və zonalaşdırma planı"dır.
"Böyük Bakının Regional İnkişaf Planı" layihəsində paytaxtın
iqtisadi inkişafının əsas istiqamətləri ilə bağlı bəzi təkliflər
əksini tapıb. Belə ki, şəhər mərkəzinin modernləşdirilməsi, Bakı
metrosunun genişləndirilməsi və "Ağ şəhər" layihəsinin həyata
keçirilməsi perspektiv və potensial layihələrdən sayılır.
Bakı ətrafında çoxzolaqlı dairəvi yolun salınması, Böyük Şor
ərazisində Olimpiya şəhərciyinin, eləcə də Böyük Zirə adasında
"İstirahət sağlamlıq kompleksi"nin tikilməsi layihənin əsas tərkib
hissəsidir.
"Böyük Bakının Regional İnkişaf Planı" Sumqayıt, Abşeron rayonunun
bir hissəsi Xırdalan şəhəri daxil olmaqla Bakının ərazisini əhatə
edir. Bu layihələrin hər ikisi Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin sifarişi əsasında işlənilib. 2014-cü ildə artıq
hökumətə təqdim olunub. Bu daha çox konseptual, dövlət
proqramlarının qəbul olunması üçün, müxtəlif proqram və tədbirlərin
həyata keçirilməsi üçün işlənilmiş bir sənəddir. Planda şəhərin
perspektiv inkişaf mərhələləri nəzərdə tutulub. Bakıda alt və lokal
mərkəzlərin yaradılması nəzərdə tutulub. Bu daha çox Binəqədi və
Bakıxanov rayonlarının ərazilərini əhatə edəcək. Eləcə də Sabunçu
rayonlarında alt mərkəzlərin, ətraf ərazilərdə lokal mərkəzlərin
yaradılması nəzərdə tutulub.
Baş plana əsasən, Bakıda pərakəndə tikililər söküləcək. Hazırda
söküntü işləri "Sovetski" adlanan məhəllədə aparılır. Bundan əlavə
"Xutor", "Kubinka", "Beşmərtəbə" adlanan zona və "20-ci sahə"də
söküntü işlərinin aparılacağı gözlənilir.
"Böyük Bakının Regional İnkişaf Planı"na əsasən, "Qara şəhər"
adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv
edilməsi və boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi də
nəzərdə tutulur.
Fəxri Aydəmir qeyd edib ki, "Bakı Ağ şəhər" bulvarının salınması
istiqamətində də işlər aparılır. Şəhərdəki sıxlığı aradan qaldırmaq
üçün ali təhsil müəssisələrinin mərkəzdən köçürülməsi prosesi də
həyata keçiriləcək. Komitə rəsmisinin sözlərinə görə, ali
məktəblərin Ələt, Səngəçal, Zığ, Xocahəsən, Dübəndi, Sumqayıt,
Böyük Şor ərazisinə köçürülməsi planlaşdırılır. Komitə rəsmisinin
sözlərinə görə, köçürüləcək universitetlərin adları hələ bəlli
deyil: "Bu, hələlik bir təklif formasındadır. Sonrakı mərhələdə
köçürüləcək universitetlərin adları da məlum olacaq. Bundan əlavə
zərərli sənaye zonasının paytaxtdan kənara, daha doğrusu Qaradağ
rayonuna köçürülməsi nəzərdə tutulub. Planda Bakı şəhərindəki köhnə
məhəllələrin sökülməsi ilə bağlı təkliflər öz əksini tapıb. Konkret
ünvanlar haqqında danışmaq hələ tezdir. Nazirlər Kabinetinin
sonuncu qərarı ilə son üç rayonun adı, əhalinin sayı və hansı
əraziyə köçürülməsi artıq bəllidir. Söhbət Binəqədi, Sabunçu və
Qaradağ rayonlarının ərazisindən gedir. Bu pilot layihə 5 il
müddətinə icra olunacaq".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakıda tramvay
xəttinin yaradılması üçün müxtəlif variantlar üzərində çalışırlar.
"Böyük Bakının regional inkişaf planı"nda artıq bu məsələ öz əksini
tapıb. 2030-cu ilədək həyata keçiriləcək layihə Bakı şəhərində bir
sıra istehsal sahələrinin də inkişafına təkan verəcək.
Tarix
2016.02.23 / 11:37
|
Müəllif
Axar.az
|