Ana səhifə İqtisadiyyat |
2015-ci il ərzində xarici valyuta təklifi kanallarının məhdudlaşması, tələbin isə kəskin artması şəraitində Mərkəzi Bank idarə olunan üzən məzənnə rejiminə keçidi təmin edib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üzrə pul siyasəti icmalında deyilir.
Sənəddə qeyd olunub ki, 2015-ci ildə valyuta bazarında xarici
valyuta təklifinin əhəmiyyətli azalması, xarici valyutaya tələbin
isə kəskin artması müşahidə edilib: "Xarici valyuta təklifinin
azalması ilk növbədə neftin dünya qiymətinin aşağı düşməsi və
tərəfdaş ölkələrdə iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı xarici
valyuta gəlirlərinin aşağı düşməsi ilə izah olunur. Tədiyyə balansı
profisitinin aşağı düşməsi şəraitində dövlət xərclərinin əsas
mənbəyi olan neft gəlirləri üzrə transfertlərin əhəmiyyətli
azaldılması müşahidə olunub. Xarici valyutaya tələbin kəskin
artması isə əsasən dollarlaşmanın yüksəlməsi ilə izah olunur.
Qlobal əmtəə bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi və
əsas ticarət tərəfdaşları olan ölkələrdə devalvasiya dalğaları
ölkədə milli valyutanın ucuzlaşması gözləntilərini gücləndirib və
dollarlaşmanın yüksəlməsinə səbəb olub. Xarici valyutaya tələbin
kəskin artması valyuta bazarının həm nağd, həm də qeyri-nağd
seqmentlərində özünü büruzə verib".
Belə ki, il ərzində banklar tərəfindən əhaliyə ABŞ dolları ilə
satılan xalis nağd xarici valyuta ötən ilə nəzərən 47,4% artaraq
8,8 mlrd. ABŞ dolları təşkil edib. 2015-ci ildə xalis satılan ABŞ
dollarının 50%-i, avronun isə 29%-i ilin I rübündə satılıb.
"Valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin
yaranmasını nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti 21 fevral
2015-ci il tarixində ABŞ dollarının manata qarşı məzənnəsinin 1,05
manat səviyyəsində müəyyən edilməsi haqqında qərar verib. Eyni
zamanda, məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu
iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsinə
başlanıb. Fevral devalvasiyası və yeni əməliyyat mexanizminə
keçiddən sonra valyuta bazarı və manatın məzənnəsi neftin 50-55
dollar qiymətinə adaptasiya olunmağa başlamışdı. Cari ilin may-iyul
aylarında Mərkəzi Bank müəyyən həcmdə valyuta alışları da həyata
keçirmişdi. Lakin iyul ayının sonlarından etibarən neftin
qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarında təzyiqi yenidən
artırıb manatın məzənnəsinin dəyişməsi gözləntilərini yüksəldib.
Eyni zamanda tərəfdaş ölkələrdə davam edən devalvasiyaların milli
iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsirləri
güclənib. 2014-cü ilin əvvəlindən etibarən bir sıra tərəfdaş
ölkələrin milli valyutalarının dəyərsizləşməsi tempi 100%-i ötüb.
Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft
qiymətlərinə uyğunlaşmasını zəruri edib. Bunu nəzərə alaraq 21
dekabr 2015-ci il tarixində Mərkəzi Bankın İdarə Heyəti tərəfindən
"üzən məzənnə" rejiminə keçilməsi barədə qərar qəbul edilib. Bu
qərar manatın məzənnəsinin valyuta bazarındakı konyunktura uyğun
yeni səviyyədə formalaşmasını şərtləndirib. Qeyd edək ki, yeni
məzənnə rejiminə keçidlə əməliyyat çərçivəsi olaraq ABŞ dolları və
avronun daxil olduğu bivalyuta səbəti mexanizminin tətbiqinə son
qoyulub. Yeni rejimin tətbiqindən sonra Mərkəzi Bankın valyuta
bazarına müdaxilələri əhəmiyyətli azalıb", - deyə məlumatda
vurğulanıb.
Ümumilikdə, 2015-ci ildə Mərkəzi Bankın xalis valyuta satışları
8,4 milyard ABŞ dolları təşkil edib.
2015-ci ilin sonuna Mərkəzi Bankın xarici valyuta ehtiyatlarının həcmi 5 mlrd. ABŞ dolları təşkil edib. Mərkəzi Bankın xarici valyuta ehtiyatları manatla geniş pul kütləsinin (M2) 90,3%-nə (beynəlxalq normaya görə minimum 10-20%) bərabər olub. 2015-ci ilin sonunda Mərkəzi Bankın məzənnə siyasətinin əməliyyat çərçivəsi yeni rejimə uyğunlaşdırılıb.
Tarix
2016.02.24 / 11:38
|
Müəllif
Axar.az
|