Ana səhifə Gündəm |
İstənilən ölkəyə silah satmaq və ya bu məqsədlə kredit ayırmaq Rusiyanın hüququdur. Ancaq Kreml Ermənistana verilən silahların Dağlıq Qarabağda yerləşdirilməyəcəyinə dair təminat verməlidir.
Bu barədə Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. Siyasi şərhçi hesab edir ki, Rusiya Ermənistanı Azərbaycan qarşısında hərbi cəhətdən zəifləməsin deyə silahlandırır:
"Rəsmi Bakının Moskvaya göndərdiyi notadan iki gün sonra rəhbərlər arasında 25 və 26 fevralda iki dəfə telefon danışığı olub. Rusiyanın Ermənistana silah almaq üçün verdiyi 200 milyon dollarlıq kreditdən sonra Dağlıq Qarabağ probleminin müzakirəsi ehtimalı azdır".
Politoloqun qənaətinə görə, İlham Əliyev İran səfərinin nəticələri barədə Putini məlumatlandırıb:
"Azərbaycan Rusiya ilə İran arasındakı dəmir yolunun tikintisini bu ilin sonuna qədər başa çatdırmaq istəyir. Bunun nəticəsində Rusiya öz mallarını İrana, Fars körfəzi üzərindən isə digər Asiya ölkələrinə ixrac edə bilər. İran da öz növbəsində mallarını Azərbaycan və Rusiya üzərindən Avropa ölkələrinə daşıyacaq. Yəni rəsmi Bakının "Şimal-Cənub" xəttini birləşdirməsindəki təşəbbüskarlığı Rusiyanın da xeyrinədir".
E.Şahinoğlu Suriya məsələsində Azərbaycanın neytrallıq məsələsinin müzakirə olunmasını istisna etməyib:
"Putin Suriya məsələsində rəsmi Bakının Türkiyəni dəstəkləməsini və Azərbaycanın İslam koalisiyasında yer almasını istəmir. Kremlin narahatlığı üçün əsas yoxdur. Rəsmi Bakı Suriyaya görə balanslaşdırılmış xarici siyasətindən imtina etməyəcək".
Qeyd edək ki, fevralın 25-i və 26-da Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı ticari-iqtisadi əməkdaşlıq, o cümlədən beynəlxalq aktual məsələlər müzakirə olunub. Tərəflər Suriya probleminin tənzimlənməsi ilə bağlı da fikir mübadiləsi aparıblar.
Tarix
2016.02.28 / 09:00
|
Müəllif
Aygün Yusibova
|