Dünən Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər
Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan
"İçərişəhər" bədii filminin təqdimatı keçirilib.
Axar.az xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan
təqdimat mərasimində filmin rejissoru İlqar Safat, filmin ideya
müəllifi və baş rol ifaçısı Təhminə Rafaella, eləcə də yaradıcı
heyətin digər üzvləri iştirak ediblər.
Filmin nümayişindən əvvəl yaradıcı heyət bir-bir səhnəyə dəvət
edilib. Filmin rejissoru İlqar Safat çıxışına rus dilində başlayıb.
Bu vaxt zalda əyləşən tamaşıçalardan biri etiraz edərək rejissora
Azərbaycanda olduğunu, azərbaycanlı tamaşaçılar qarşısında çıxış
etdiyini xatırladaraq, Azərbaycan dilində danışmasını xahiş edib.
Etiraza daha 5 tamaşaçı qoşulub. Doğma dilində danışmasını istəyən
tamaşaçılarının etirazına reaksiya verməyən rejissor çıxışını rus
dilində bitirib.
Bundan sonra çıxış etməyə başlayan filmin ssenari
müəlliflərindən biri və baş rolun ifaçısı Təhminə Rafaella dilimizin
müdafiəsinə qalxan tamaşaçıları təhqir edərək mədəniyyətsiz
adlandırıb. Filmin sevgi mövzusunda olduğunu, xalqların sevgisi,
mədəniyyətlər haqqında olduğunu qeyd edən aktrisa bildirib ki,
filmə baxmaq istəməyənlər zalı tərk edə bilər. Bundan sonra bir
neçə tamaşaçı zalı tərk edib.
Çıxışlardan sonra film nümayiş olunub.
Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi
Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar
Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca
Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı
prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs
edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev,
Mehriban Zəki və Elmira Şabanova canlandırıblar. Ekran əsərinin
çəkilişləri Bakı və Zaqatalada aparılıb.