Ana səhifə Planet |
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli
rayonunda Novruz bayramı şənliyi təşkil edilib.
APA-nın məlumatına
görə, bu gün Marneuliyə gələn Gürcüstan prezidenti Giorgi
Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili bayram münasibəti
ilə təşkil edilən sərgi pavilionlarına baxış keçiriblər və bayram
münasibəti ilə təşkil edilən Novruz tonqalını alovlandırdıqdan
sonra tribunaya qalxıblar.
Novruz bayramı şənliyinin açılışında Kvemo çıxış edən Kartli
bölgəsinin qubernatoru Paata Xizanaşvili Novruz bayramı ilə bağlı
təbriklərini çatdırıb, sülh və əmin-amanlıq arzulayıb. Gürcüstan
prezidenti G. Marqvelaşvili çıxışında Novruz bayramının əziz bayram
olduğunu bildirib, azərbaycanlı, gürcü və digər millətləri birliyə,
əmin-amanlığa çağırıb. Gürcüstanın baş naziri G. Kvirikaşvili
Novruz bayramının yeni il olduğunu bildirib və Azərbaycan dilində
"Novruz bayramınız mübarək" deyə bayram münasibəti ilə
azərbaycanlıları təbrik edib.
Sonra bayram münasibəti ilə konsert proqramı başlayıb. Konsertdə
gürcü və Azərbaycan dillərində müxtəlif məzmunlu mahnılar
səsləndirilib, aşıqlar el mahnılarını ifa ediblər. Tədbirin sonunda
Gürcüstan prezidenti G. Marqvelaşvili Marneuli sakini, azərbaycanlı
iş adamı İntiqam İsmayılovun evində qonaq olub. O, azərbaycanlı
ailəsinin Novruz bayramını təbrik edib, bütün ailələrə Novruz
bayramı münasibəti ilə sülh, əmin-amanlıq və bərəkət arzulayıb.
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət
naziri Paata Zakareişvili APA-ya açıqlamasında Novruz bayramını öz
ailəsinin bayramı hesab etdiyini və hər il yenilik, sülh və barışıq
bəxş edən bu bayramda iştirak etmək üçün azərbaycanlıların kompakt
yaşadığı Marneuliyə səfər etdiyini bildirib. Nazir bayram
münasibəti ilə təbriklərini çatdırıb.
Qeyd edək ki, Marneulidə təşkil olunan Novruz bayramı şənliyində
Gürcüstanın dövlət və hökumət rəsmiləri, Azərbaycanın Gürcüstandakı
səfiri Azər Hüseyn, səfirin birinci müavini Dursun Həsənov,
SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov,
Marneuli rayon icra hakimiyyətinin rəhbəri Merab Topçişvili, Kvemo
Kartli qubernatorunun müavini , Marneuli bələdiyyəsinin sədri Nəbi
Abdullayev və başqaları iştirak ediblər.
Tarix
2016.03.21 / 15:46
|
Müəllif
Axar.az
|