Yuxarı

Erməni tut ağacımızı vurdu

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qorxularım dəyişdi sadəcə, cəsarətsizliyim eyni qaldı... Böyük bir təlaş var icimdə... Uzun bir həyat var qarşımda... Kim böyütdü məni bu qorxuyla???

...6 yaşım vardı kəndimizdən gələndə. Birinci sinfə getməyə hazrlaşırdım, qismət olmadı... Top-tüfəng səsi, atəş, mərmilər... Xatırlayıram o günləri.

Evimiz dağın döşündəydi; axşam olan kimi nənəm işıqları söndürərdi, yoxsa ermənilər görər, bizi nişan alardılar. Gecələri həp təlaş, qorxu icində keçirərdik, yadımdadı. Bir də pəncərədən güllələrin uçuşunu seyr edərdim. İşıqları söndürürdük, uçuşan güllələr daha aydın, daha parlaq, daha qəşəng görünürdü. Müharibə... Əvvəllər bunu babamın, nənəmin nağıllarında eşidrdim.

Onların vaxtında da müharibəymiş. Nənəm mənə atasız qalan uşaqlardan, onların necə aclıq çəkməsindən, atəş səslərindən danışırdı...

Həyatımda ən çox nənəmlə babamı sevdim. Onlarla nəfəs aldım. Mən onların qızıydım... Bir tək onların yanında özümü güvəndə hiss edə bilirdim. Bir tək babam mənə "qorxma, qızım" deyəndə qorxmurdum. Qalan vaxtlarda həmişə içim qorxularla dolu olub.

Normal insanlarda, normal evlərdə gecə keçəndə hər yerə sükut çökər, hər kəs yatar və bu sükutu yalnız bir-iki səs poza bilərdi: o da saatın əqrəbləri, pişiyin və evin kişilərinin xorultusu... Bizdə isə gecə keçsə də, kişilər oyaq qalardı və gecənin sükutu da olmazdı; güllə səsləri, zülmət qaranlıq gecəni aydınladan mərmi, top, Qrad atəşləri qorxunc canavar ulartılarını da itirirdi. Hardansa bir "Ay Allah, evim yandı", "Uşaqları çıxart, uşaqları" nidası da yüksələr, gecənin sükutuna bomba atardı.

Uşaqlıq gecələrimi belə xatırlayıram. Nənəmin qucağında və bu səslərlə. 6 yaşım vardı, o yaşda canavarlardan qorxmam gərəkirdi, amma mən elə o yaşdan insanlardan qorxurdum, indi üstəlik babam yoxkən...

Səhər açılırdı, havadan gül yerinə mərmi qoxusu, bu qoxuyla yanaşı, qonşuların səsi gəlirdi: "Eşitdin? Axşam filankəsin evinə mərmi düşüb", "Qradnan filankəsin evin nişan alıb vurublar"...

Yadımdadı, bir dəfə də bizim həyətimizdəki böyük tut ağacını vurmuşdular. Səhər oyananda gördük ki, tut kökündən çıxb, aşıb böyrü üstə. Nəhəng ağac idi. Gözümün qabağındadı. QARA TUT.

Nənəm demişdi: "Heş zad olmaz, balalarımın qada-balası gəlsin ona..."

Amma hamı cəkiləndən sonra özünü yıxılmış ağacın üstünə atıb, ona ağı deyib, ağlamışdı.

Ağac tutla dolu idi. Yığdılar, gətirib qoydular süfrəyə. Ondan bir nənəm, bir də mən yemədim... Nənəmin niyə yemədiyini bilmirdim, mən isə arvad o agacı ağlayanda görmüşdüm axı...

Babamgil hər axşam bir xəbərlə gəlirdi evə. Düzdü, mənalarını tam dərk etməsəm də, deyilənlər cümləbəcümlə yadımdadı. Bir gün də kişi gəlib dedi ki: "Ermənilər hansısa kəndə hücum edib, kəndin qız gəlinləri də ermənilərin əlinə kecməməkçün özlərini körpüdən Bərgüşada atblar..." Nənəm dizinə-dizinə çırpıb ağlamışdı.

Əmilərim döyüşün tam ortasında idi: evdə atamla babam qalmışdı. Əmimin biri döyüşdə Qrad qurğusunun sürücüsüydü. O da gəlmişdi bir axşam evə. Dedi, meşəynən gəlmişəm payi-piyada. Gəlmişdi, desin ki, qadınları çıxardın kənddən. Sonra atamla babamı arxa otağa cəkib nəsə dedi və elə həmin gecə də qayıtdı döyüşə... Yazıq nənəm, səhərə qədər ağladı, kirimədi: " Görəsən, Şahin sağ-salamat gedib çata bildimi yoldaşlarının yanına?.."

Səhər sübh tezdən atam böyük bir avtobus tutub gəldi; dedi ki, kənddə nə ki qadın var, yığılsın buna, şəhərə getsin. O günü heç unutmaram... Hərə əlində bir boğça həyətimizdəydi. Nənəm hamını yerbəyer elədi avtobusda.

Hec vaxt nənəmdən ayrılmaz, yedditaxta tumanından yapşıb onunla hərlənərdim. Çox qıvraq, təmkinli qadın idi. Kənddə hamının işinə can yandırırdı: yasa, toya yemək bişirməyə, məsləhət almağa nənəmi çağırırdılar. O da mənsiz heç hara getməzdi, mən onun qoşqusuydum. Onu "Əhməd haradadır" filmindəki Nərgiz xalaya bənzədirdi hamı. Elə simaca da cox bənzəyirdi.

Hamı oturub avtobusa, yerdə kişilər, nənəm və mən qalmışam. Atam deyir:

- Ay ana, sən də Çinarəni götür, qabaqda oturun.

Nənəm məni öpüb-qucaqlayır, sonra anama verir:

- Mən hec hara getmirəm. Dörd oğlumu, ərimi qoyub,o yana bir addım da qoymaram. Qalacam da sizinlə qalacam, öləcəm də sizinlə öləcəm. Həm də bu qədər zülm-zillətlə əldə etdiyim ev-eşiyimi, torpağımı göydə parıldayan iki mərmi parçasına qurban verib çıxmaram burdan.

Kəndin bütün kişiləri yığışdı, nənəmi yola gətirə bilmədilər... Sözündən dönmədi nənəm, qaldı.

Şəhərə çatanacan onunçün ağladım. Uzun yollar gəldik o gün. Göz yaşı tökürdü avtobusdakı qadınlarn çoxu. Kimi qoyub gəldiyi evi, kimi balası, kimi də Allah bilir nə üçün. Mən isə nənəmi istəyirdim. Nənəmi, babamı... Bir də bacım ağlayırdı. Məndən üç yaş balaca, üç yaşın içindəydi. O da qoyub gəldiyi pişiyi üçün ağlıyırdı...

Sumqayıtda bibimgilə getdik. Bir müddət orda qaldıq. Hər gün nənəmi ağlayırdım - əzbərdən. Onda da bir şeydən qorxurdum, babamın sözü ağlımdan çıxmırdı: "Qadınlar özünü Bərgüşada atdı..."

Nəhayət, nənəmgil gəlib çıxdılar. Artıq Qubadlı işğal olunmuşdu. Rayondan ən son çıxan nənəmgil olmuşdu. Nənəm deyirdi ki, yolumuzdan keçib gedən bütün hərbi maşınlardakılar bizə deyirdilər:

- Nə durmusuz? Qaçın, canınızı qurtarın. Silahınız yox, arxada sizi qoruyacaq bir ordu yox. Qaçın...

Nənəm deyirdi:

- Hamı bir anlığa evə yenib, çıxdı. Mən də getdim, evimə bir ağı deyib ağladım... heş nə götürmədim... Çıxdım evdən, yola çatmışdım ki, birdən yenə evə qayıtdm, evin bütün qapılarını taybatay açıq qoydum, iti də, tövlədəki heyvanları da açıb buraxdım, dedim: "Biz gedirik, siz də gedin..." Sonra yolda fikirləşdim ki, mən niyə belə etdim? Hə-ə, bax, görürsən, düşmən düşmənə qarğış edəndə deyir ki, görüm qapın bağlı qalsın", - onuncun qapıları açıq qoydum...

Yazıq nənəm, can nənəm, daha bilmirdi ki, evi xaraba, qapısı bağlı, mənim də canımda ömürlük qorxu qaldı...

Tarix
2016.04.03 / 13:57
Müəllif
Çinarə Ömray
Şərhlər
Digər xəbərlər

Akif Səmədə məktub!

Səmayənin profil şəkli...

Birdən Kamal Abdulladan mesaj gəldi...

Qubadlıdan borcumu istəyirəm...

Tanımayanlarla Allahı tanış edə bilərəm... - Qaraişıq

İki Fatihə, bir İxlas, iki Fatimə, bir İlyas...

Bakılı ginekoloqdan tükürpərdən sözlər

“Başdaşıma heç nə yazmayın, ondan başqa...”

Atam ölür, dua eləyin...

Dəhşət: Çernobıl Bakıda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla