Yuxarı

Ürəyimiz Sizinlə birgə döyünür, cənab Prezident!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin poçtuna ölkəmizin və dünyanın müxtəlif guşələrindən məktub və müraciətlər daxil olmaqda davam edir.

Axar.az xəbər verir ki, bu məktub və müraciətlərdən aydın görünür ki, cəbhə bölgəsində baş verən son hadisələr, Ordumuzun uğurlu döyüş əməliyyatları xalqımızın mübarizə əzmini artırıb, həmrəyliyini daha da möhkəmləndirib. Müxtəlif yaşda olan sadə insanların səmimi duyğularının, hiss və həyəcanlarının, arzu və amallarının təcəssümü olan məktublar onların qəlbinin səsidir. Döyüşə atılmaq istəyənlər arasında hətta qadın və qızlar da var. Onlar Azərbaycan əsgərinin rəşadətindən qürur duyur, Azərbaycan Prezidentinə inandıqlarını, onun ətrafında sıx birləşdiklərini bəyan edirlər. Harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımız Ali Baş Komandanın əmrini gözləyir, öz Vətəni və Prezidenti ilə fəxr edir. Bu birlik və həmrəylik doğrudan da bizim ən böyük nailiyyətimizdir.

Ali Baş Komandan İlham Əliyevə ünvanlanan bir sıra məktub və müraciətləri təqdim edirik:

Sizə qəlbimizin səsini çatdırırıq, cənab Prezident

Soydaşımız Ləman Rzayeva Rusiyanın Surqut şəhərində yaşayır. Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin tələbəsidir. Hazırda Rusiyada yaşadığından Vətənimiz və xalqımız üçün heç nə edə bilmədiyinə görə təəssüflənən Ləman qəlbinin səsini Azərbaycan Prezidentinə çatdıraraq yazır: "Azərbaycanımız üçün etdiklərinizə görə Sizə bütün doğmalarım adından minnətdarlığımı bildirirəm. Azərbaycan Silahlı Qüvvələrini alqışlayıram. Biz Ordumuzun bu uğurunu çoxdan gözləyirdik. Xahiş edirik, başladığınız işi dayandırmayın. Bütün xalqımız qələbənin davamını gözləyir. Mən də silaha sarılıb düşmənlə vuruşmağa hazıram, təki torpaqlarımız qayıtsın. Döyüş ruhumuz o dərəcədə yüksəlib ki, hamımız yalın əllə düşmən üzərinə atılmağa hazırıq. Qoy, şəhidlərimizin qanı yerdə qalmasın. Cənab Ali Baş Komandan, biz həmişə Sizin yanınızdayıq".

Məktubunu Rusiyanın Krasnoyarsk şəhərindən yazan digər soydaşımız Qumral Əhmədova Rusiya Federasiyasında yaşayan bütün azərbaycanlılar kimi, öz Vətəni və Prezidenti ilə fəxr etdiyini bildirir. Tibb İnstitutunun tələbəsi olan Qumral yazır: "Ölkəmə bilavasitə təmas xəttində kömək etməyə hazıram. Biz Sizə inanırıq, Sizin əmrinizi gözləyirik. Təki torpağımız geri qayıtsın. Biz birlikdə bunu edəcəyik".

Ailəsi ilə birlikdə Qazaxıstanın Çimkənd şəhərində yaşayan Firuzə Heydərova da Prezidentə ünvanlandığı məktubda Vətənin müdafiəsində iştirak etməyə hazır olduğunu yazır: "Azərbaycan xalqını təbrik edirik. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində atılan addımlar, əldə olunan uğurlar bizi çox sevindirir".

Soydaşlarımızın digər məktub və müraciətlərində də (onların sayı yüzlərlədir) yüksək vətənpərvərlik və həmrəylik duyğuları, Prezident və Ali Baş Komandan İlham Əliyevə, böyük qələbəyə inam əksini tapıb.

Siz şanlı tariximizdə yeni səhifə açdınız

Prezidentə məktub ünvanlayanlar arasında məktəblilər də var. Ordumuzun cəbhədəki uğurlarından ruhlanan Xətai rayonu 245 saylı məktəbin 8-ci sinif şagirdi Mədinə Hüseynova bu sətirləri qəhrəman Vətən oğullarının dəfn mərasiminin təsiri altında qələmə alıb: "Sizi böyük qələbənin ilk qədəmləri münasibətilə təbrik edirəm. Siz şanlı tariximizdə yeni səhifə açdınız və tarixi uğura imza atdınız Bu, illərdən bəri çəkdiyiniz misilsiz zəhmətin bəhrəsidir.

Bu gün məktəbli yoldaşlarımla torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Xaliq Əzizzadənin dəfn mərasimində iştirak etdim. Çox təsirləndim, eyni zamanda, qürur duydum. Məktəbli olsam da, Vətənimin mənfur ermənilərdən təmizlənməsi üçün hər an əlimdən gələni etməyə hazıram. Hamı kimi mən də Sizin əmrinizi gözləyirəm. Tam əmin ola bilərsiniz ki, bütün xalqımız kimi, biz məktəblilər də Sizin arxanızdayıq. Bilin ki, hamımız Sizinlə fəxr edirik".

Astara rayon sakini Afaq Ağamirova Prezidentə məktubu məktəbli övladlarının xahişi ilə yazdığını deyir: "Mən azərbaycanlı olduğum üçün fəxr edirəm. Sizinlə qürur duyuram, Sizin üçün çoxlu dualar edirəm.

Son günlər cəbhədə erməni təxribatına cavab olaraq düşmənə sarsıdıcı zərbələr vuruldu. Döyüşlərdə şəhid olan əsgərlərimizə Allah rəhmət eləsin.

Mənim iki məktəbli oğlum var, Sizi çox sevir, hər çıxışınızı izləyirlər. Bu məktubu da onların istəyi ilə yazıram. İstəyirlər ki, bunu biləsiniz. İnşallah, bu çətin yolda Allah yardımçınız olar".

Əmrinizi gözləyirik, cənab Ali Baş Komandan

Azərbaycan Prezidentinə ölkəmizin müxtəlif bölgələrindən müraciət və məktub ünvanlayan hər kəs yaşından, peşəsindən asılı olmayaraq, öz köməyini təklif edir, Ali Baş Komandandan əmr gözlədiyini bildirir.

Onlardan biri, lerikli Teymur Yəhyayev yazır: "Mən 1994-1998-ci illərdə Qarabağda, Ağdam rayonunda hərbi xidmət keçmişəm. Döyüşlərin birində yaralanmışam, 2-ci qrup Qarabağ əliliyəm. Aprelin 2-də cəbhədə erməni silahlı bölmələrinin təxribatlarının qarşısının uğurla alınması məni qürurlandırdı. Məndə yenidən ordu sıralarına qayıtmaq arzusu baş qaldırdı. Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi Sizdən xahiş edirəm, torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə qoşulmağımız üçün əmr verəsiniz".

Ruhiyyə Namazova (Sumqayıt sakini): "Hər bir Azərbaycan vətəndaşı kimi Sumqayıtın tibb işçiləri də cəbhədə erməni təxribatlarına layiqli cavab verilməsindən böyük qürur hissi duyurlar. Doğma vətənimizin azadlığı və inkişafı naminə əldə edilən bütün qələbələrə görə Sizə minnətdarlığımızı bildirir, bu şərəfli işdə yaxın köməkçiniz olacağımıza söz veririk".

Eyni ruhun hakim kəsildiyi daha üç müraciətə diqqət yetirək.

Ülvi Əzizli (İmişli): "Biz gənclər Sizinlə fəxr edirik. Ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbələrdən qürur duyuruq. Torpaqlarımız uğrunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirik.

Cənab Ali Baş Komandan, biz döyüşməyə hazırıq. Əmr edin, torpaqlarımızı düşmən tapdağından azad edək. Biz Sizə, Ordumuza inanırıq".

Sübhan Xəlilov (Salyan): "Son günlər Azərbaycan əsgərlərinin göstərdiyi qəhrəmanlıq biz gəncləri çox ruhlandırıb. Biz Salyan gəncləri Qarabağı geri qaytaracağımıza inanırıq. Düşmənə daha ağır zərbələr endirməyə və şəhidlərimizin qisasını almağa hər an hazırıq, Sizin əmrinizi gözləyirik. Düşmən Ordumuzun gücünü ilk zərbənin təsirindən daha aydın hiss etdi. Elə buna görə də təşviş içindədir.

Cənab Prezident, Allah Sizi, xalqımızı və Ordumuzu qorusun. Yaşasın Azərbaycan!".

Vətən uğrunda döyüşməyə hər an hazırıq

Nijni Novqorodda yaşayan həmyerlimiz Elmir Əliyev Prezidentimizi və xalqımızı təbrik edərək yazır: "Hörmətli Prezident, mən və Nijni Novqorod Azərbaycanlı Gənclər Cəmiyyətinin üzvləri döyüşə hazır vəziyyətdə tarixi torpaqlarımızın müdafiəsinə qalxmaq üçün Sizin əmrinizi gözləyirik. Yaşasın Azərbaycan və dəyərli Azərbaycan xalqı! Həlak olmuş qəhrəmanlarımıza görə kədərlənirik. Azərbaycanın ləyaqətli oğullarına eşq olsun!".

Ukraynanın Dnepropetrovsk şəhərindən məktub yazan İbrahimxəlil İsmayıllı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməyə hər an hazır olduğunu bildirir: "İlk növbədə, Ordumuzun cəbhədə qazandığı uğur münasibətilə Sizi təbrik edirik. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. Cəbhədə baş verən son hadisələrlə bağlı onu demək istəyirik ki, mən və dostlarım Azərbaycanımızın ərazi bütövlüyü uğrunda döyüşməyə hər an hazırıq".

Prezidentə məktub və müraciət ünvanlayanlar arasında Samuxdan Rza Həbilov, Zəngilandan Məhəmməd Quliyev, Sumqayıtdan Fuad Şamilov, Astaradan Valid Qəribli, Bərdədən Uğur Salahlı, Ağdamdan Sadiq Hüseynov, Türkiyənin İzmir şəhərinin sakini Eren Ayaz, Rusiyada yaşayan soydaşlarımız – Voronejdən Vüsal Qədirov, Yekaterinburqdan Müqtədir Abbasov, Tomskdan Vüsalə Məmmədova, həmçinin Nyu-Yorkdan Minəvvər Vahabova, İran vətəndaşı Abdulrza Zahidi və yüzlərlə başqaları da var.

Tarix
2016.04.07 / 20:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla