Yuxarı

Sözün 71-ci səxavəti

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çağdaş ədəbiyyatımızın görkəmli yaradıcılarından biri, gənclik dostum Seyran Səxavət Novruz bayramından üç gün sonra ömrünün 71-ci ilinə qədəm qoydu. Bu, bir az da zarafat kimi, inanılmaz görünür mənə. Biz bir-birimizlə rastalaşanda elə 50 il öncənin ovqatı ilə əhvallaşır, o vaxtın zarafatlarını davam etdiririk. Ancaq qaçmaq da olmaz, yeddinci onilliklə vidalaşırıq; Seyran, ardınca mən, sonra yenə o illərdən başlanan dostluq, qardaşlıq duyğusu ilə bağlı olduğumuz Ramiz Rövşən... və bizim nəsildən başqaları...

Ancaq bu uzun və dünya tarixinin bir sıra son dərəcə önəmli hadisələrilə dolu olan yolu keçəndən sonra, ömrün zirvəsindən baxanda nə yolun uzaqlığı görünür, nə apardığımız mübarizələrdəki sarsıntılarımız, nə çəkilən əziyyətlər... Acı xatirələr də şirinləşir; gördüyümüz işlərlə və hələ ki, sağlam olmağımızla, gücümüzün tükənmədiyi ilə təskinlik tapırıq.

Seyran Səxavət də aralarında olmaqla, ən yaxın dostlarım haqqında 30 il əvvəl yazmışdım: "Dostların ata yurduna, doğulub boy atdıqları guşələrə uzanan yollar mənim gözümdə dünyanın ən gözəl yollarıdır. Yaşadığım günlərin ən şirinini axtarası olsam, həmin yollarda, Azərbaycan səmasına təkəmseyrək səpələnmiş doğma işıqlara doğru aparan xatirələrdə tapa bilərəm. Xəyalımızda bəzən bütöv bir mahal, bir rayon bir çırağın işığına sığınıb yaşayır. Yazdıqları əsərlərdə müəlliflərin özləri ilə yanaşı, onların ocaqlarının da obrazı var və mən bu sətirləri yazanda həmin obrazlar tək-tək gözümün önündə canlanır... Fizulidə Seyran Səxavətin, Əmircanda Ramiz Rövşənin... (Bu siyahı uzundur) nə vaxtsa kandarından keçib, çörəyini kəsdiyim ata ocaqları hərəsi bir dünyadır və yurdun okean genişliyində öz bayraqları altında asta-asta ləngərlənən gəmilər kimi hər birinin öz adı, öz yolu, öz qayğısı var; ... başımızın üstündə o evlərin xeyir-duası gəzir".

Hələ torpaqlarımız işğal olunmamışdı, yollarımız bağlanmamışdı. İndi o yazıda adlarını çəkdiyim dostlarımızdan, Sabir Əhmədli başda olmaqla, bir çoxunun yurdu düşmən əlindədir, ocaqları dağıdılıb.

Seyran Səxavətin düz 40 il öncə ilk dəfə qonaq olduğum ata ocağı da düşmən tərəfindən yandırılıb. Küçələrində şuxluqla addımladığımız, adamlarının üzündən rahatlıq yağan gözəl bir şəhərimiz xarabalığa çevrilib, həyat sevgisi ilə dolu yumoru, zarafatı, çalıb-oxumağı sevən bütöv bir el öz yurdundan aralı düşüb. Dost məclislərimiz, zarafatlarımız acı xatirəyə, nəğmələrimiz ağıya dönüb.

Füzuli bölgəsinə məhz Seyranın, onun ata-anasının, qardaşlarının gözüylə baxmışdım; Qarabağın bu gözəl güşəsi onların vurduğu boyalarla, onların qatdığı dad-tamla köçmüşdü ürəyimə. Güney Azərbaycan haqqında "Azərbaycan irticası" adlı kiçik poemamı, başqa bir gənclik dostum Çingiz Əlioğlunun Seyrangillə qonşu olan evlərinin qərib görkəmindən doğan "Dost əlinin yadigarı" şeirini də orda yazmışdım. Ancaq ən əsası Seyranı orda daha yaxından tanıyıb, duymağım olmuşdu. Xarakterindəki cömərdliyin, eyni zamanda ərköyünlüyün, səmimiyyətin köklərini orda görmüşdüm.

İnsanları sevmək, onların qayğısına qalmaq, dostluq xüsusi bir istedaddır və onun Füzulidə öz çevrəsi ilə münasibəti bu istedadının göstəricisi idi.

Seyran Səxavət 25 ildir Qarabağsızlıq ağrısının içindədir. Amma qələmi bircə gün də bu ağrıya təslim olmadı. Bir dəfə axtara-axtara gedib onu Mərdəkanda, vaxtilə məşhur olmuş, ancaq indi əvvəlki abadlığı itmiş bağlardan birinin balaca otağında, yazı masasının arxasında tapmışdım. "İş yox, ev-eşik yox, bağ yox, gedəsi yer yox... Bura sığınmaqdan başqa çarəm qalmayıb. Sağ olsunlar, 20-25 günlüyə bir otaq verdilər ki, əlimdəki yazını tamamlaya bilim".

Mənə elə gəlmişdi ki, bu sıxıntılar içində olan dostum təkcə yazı yazmaq həvəsi ilə sığınmamışdı ora, Qarabağı hər yönü ilə, bütünlüklə sığışdırmağa çalışdığı yeni əsərini yazmaqla yanaşı, həm də dərddən qaçmışdı; o balaca otaqda uşaqlıq dünyasının bu gün üçün yoxluğunu, əlçatmazlığını, ata-anasının məzarlarını ziyarət edə bilməmək faciəsini yüngülləşdirməyə, ürəyini ovutmağa çalışırdı. Adamlardan gizlənmirdi təkcə, həm də özündən, öz xatirələrindən, itirdiyi doğma insanların sual dolu baxışlarından, ədəbiyyat üçün bu qədər zəhmət çəkə-çəkə hələ də ögey münasibət görməsindən, qayğılarından gizlənmək istəyirdi. Ancaq bu, mümkün olan bir iş deyil, o, ruhən bircə gün də Qarabağdan, onun tarixindən, mədəniyyətindən, xatirələrindən, sevgisindən, söz-söhbətndən ayrı olmadı, ayrı ola bilməz.

Seyran Səxavət o adamlardandır ki, onlara baxanda Qarabağ həyatının canlı şəkildə, bütün gurluğu, yaradıcılıq eşqi və ümidləriylə davam etdiyinə inanırsan; Fizulidən uzaqlıq yaddan çıxır, bu işğalın, savaşın tariximiz üçün keçici bir şey olduğuna əminliklə gələcək yollarımız, alacağımız dərslər barədə düşünürsən. Çünki bu dərslərin bir hissəsi də elə Seyranın əsərlərindədir.

O, təbiətən istiqanlı, dil tapmağı, körpü salamağı, özünü təqdim etməyi və ya tanıtmağı bacaran adamdır. Bütün bunlar onun aldığı tərbiyədən, ailə ənənələrindən, keçdiyi həyat yolundan gəlir. O, Qarabağ mayası ilə yoğrulmuş, yumoru, şuxluğu yerində olan əsərləri ilə işğala, zamanın və dünyanın ədalətsizliklərinə, onu ata ocağından uzaq salan düşmənin alçaqlığına meydan oxuyur, "siz məni və mənim millətimi sındıra bilməzsiniz" deyir, Qarabağ ruhunun ucalığını, Qarabağ insanının iti zəkasını və hazırcavablığını göstərməklə öz vətəndaşlıq missiyasını yerinə yetirir, söz cəbhəsindəki savaşını davam etdirir.

Seyran Səxavət ədəbi həyatına şeirlə başlamışdı. Universitet illərində məclislərdə, dərnəklərdə oxuduğu şeirlərinin orijinallığı, səmimiyyəti, obrazlılığı ona gənc nəsil arasında xüsusi bir yer qazandırmışdı və şair taleyinin uğurlu olacağından xəbər verirdi. Sonralar mətbuatda nəsr əsərlərini görəndə də mən onun poeziyadan tam qopduğuna inanmadım. Çünki o şeirləri yazan adam şeirlə həmişəlik vidalaşa bilməzdi.

Bütün bunlar yolun başlanğıcında olmuşdu. Tələbəlik illəri, şeir dərnəkləri, bir həyətdə kirayənişin qalmağımız, sonra "Ədəbiyyat və İncəsənət" qəzetində birgə çalışmağımız, ümumi dərdlər, qayğılar ədəbi taleyimidə də silinməz izlər buraxdı. Sonra İrana işləməyə getdi. Bakıya fərqi bir həyat məktəbi keçəndən sonra, yeni güclə, yeni həvəslə və təbii ki, yeni əsərlər və yaradıcılıq planları ilə gəldi. Bir müddət soyadına yaraşan şəkildə yaşadı, ancaq məncə, onun səxavəti həmişə əliaçıqlıqdan daha çox mənəvi bir anlam daşıyıb, sözündəki, ruhundakı genişlıyi, zənginliyi əks etdirib...

Seyranın "Nekroloq", "Daş evlər", " Qaçaqaç", " Bəhanə", " Yəhudi əlifbası" və başqa romanları, hekayələri, ölkə teatırlarında oynanılmış pyesləri, çox sayda publisistik yazıları ona çağdaş ədəbiyyatımızda bənzərsiz yer qazandırıb, onu Azərbaycan nəsrinin ən parlaq simalarından biri kimi şöhrətləndirib. Əsərləri bir çox dünya dillərinə tərcümə edilib.

İlk şeirlərini bir-birlərinə utana-utana oxuyan dostlarımın bu gün ədəbiyyatmızda inkaredilməz ədəbi şəxsiyyətlərə, milli mədəniyyətimizin canlı abidələrinə çevrilmələri illərimizin havayı keçmədiyini göstərir, yetmiş rəqəminin zəhmini unutdurur və bir daha inanırsan ki, əsil istedad üçün yaş sıxıntısı yoxdur.

Mənə görə, Seyran nəsr əsərlərində, hətta publisistikasında da şair olaraq qalır. Hər nə qədər janr qarışıqlığını ədəbiyyat üçün qüsur saymaq meyilləri olsa da, böyük qələm sahiblərinin heç vaxt belə bir ayırıb seçmək, keçilməz sədd çəkmək qayğısı olmayıb. Həyatın nağılı, xatirəsi, faciəsi ilə laylası, nəğməsi, romantikası, qanadlı ovqatı iç-içə yaşadığı, ruh və bədən ayrılmaz olduğu kimi, böyük nəsr əsərləri də saysız poetik naxışlarla süslənir.

Seyranın nəsri hadisə, təhkiyə nəsri yox, dialoq nəsridir. Mövzu orijinallığından daha çox, dil gözəlliyinin qayğısına qalır. Onu tikdiyi binanın böyük-kiçikliyindən, memarlıq şəklindən daha çox (hərçənd ki, əsərlərinin çoxu bu cəhətdən də mükəmməldir), bu binaları hansı kərpiclə, hansı materialdan tikəcəyi maraqlandırır. Oxucunu hadisədən çox koloritli, canlı, xalq həyatının bütün gözəlliklərini içinə sinirmiş dadlı-düzlü dil çəkib aparır. Bu baxımdan onun roman və hekayələri arasında da fərq qoymaq çətindir. Məsələn, "Rəmiş" adlı çox da böyük olmayan hekayəsini hansı ovqatda yazıbsa, tanınmış muğam ustası, xanəndə Suleyman Abdullayev haqqındakı "Bəhanə" sənədli romanını da o ovqatla və o dildə qələmə alıb. Bəlkə də oxuyub desək, daha doğru olar. Çünkü bu əsərlər dilin musiqisi, muğamı-rəngi, təsnifi, zənguləsi, impravizəsidir. Biri hekayə, biri roman olsa da, ikisini də eyni zövqlə oxuyur və heç birindən doymursan. Tardan və gitaradan doymadığın kimi!

Seyranın nəsr əsərlərində dil amilinin nə dərəcədə mühüm olduğunu göstərmək baxımından "Rəmiş" hekayəsini nümunə gətirmək olar. Virtouz gitara ifaçısı müəllifə zəng vurub Yasamala bir həyətə yeyib-içməyə dəvət edir. Müəllif də iki gənc dostuyla gedir və görüşürlər. Vəssalam. Nə mürkkəb sujet var, nə dramatik ziddiyətlər. Amma burda mükəmməl xarakterlər var. Sənətin gücü də, işğal olunmuş Qarabağın ağrısı, dərdi də, bu dərdin insanları sındıra bilməyəcəyinə inam da. Yenə ilk növbədə bütün yük dialoqların və Qarabağ ağzının dadı-duzundan yoğrulmuş bədii dilin üzərindədir və hekayədə Rəmişin musiqisilə Seyran dili eyni səviyyədə səslənir.

Etiraf eləməliyik ki, Azərbaycan bədii və ədəbi dili yurdumzun bütün bölgələrinin danışıq dilindəki potensialı eyni dərəcədə cəmləşdirməyib. Tarixi şərait üzündən ədəbi dilimiz daha çox Şirvan və Gəncəbasar dialektləri əsasında formalaşıb. Bəzi böyük qələm sahiblərinin sayəsində Qarabağ və Naxçıvan dialektləri də bu prosesdən kənarda qalmayıb. Lakin bütünlükdə həm Qarabağ ağzını, həm Borçalı, Dərbənd, Güney Azərbaycan, Doğu Anadolu, Kərkük dialektlərinin ədəbi və bədii dilimizə qazandıra biləcəyi bir çox rənglər və çalarlar var ki, ədəbi dilimizə gəlməlidir və bu prosesdə başlıca rolu o bölgələrdən yetişmiş yeni qələm sahibləri oynayacaqlar. Bu baxımdan yanaşanda, Seyran Səxavətin əsərləri də, Qarabağdan olan başqa bir böyük dostmuz Sabir Əhmədlinin əsərləri kimi, bədii dilimizə yeni çalarlar qatması ilə də dəyərlidir.

Müstəqil Azərbaycanın ədəbi siyasəti müstəqillik dövrünün yeni şüurunun və ideologiyasının daşıyıcısı olan güclü qələm sahiblərinin əsərləri nəzərə alınmadan formalaşa bilməz. Bu baxımdan adlarını çəkdiyim və çəkmədiyim yaşıdlarımın, ədəbiyyat tariximizin silinməz fəsillərinə çevrilmiş qələm sahiblərinin hər biri daha artıq qayğıya və diqqətə layiqdir. Məncə, əlaqədər təşkilatlar bunu nəzərə almalıdır.

Seyran Səxavətin, Ramiz Rövşənin builki yubileylərində ata-baba ocaqlarına gedə bilməmələrinin acısını yalnız qələbəni sürətləndirməklə unutmaq olar. Keçdiyimiz yolların xatirələrini Qarabağ dağlarının qulağına pıçıldaya bilsək, xoşbəxt olardıq! Dağlar qədirbiləndir...

Tarix
2016.04.08 / 11:15
Müəllif
Sabir Rüstəmxanlı
Şərhlər
Digər xəbərlər

Lənətə gəlsin o demokratiya ki...

Məni “qandırma” cəhdi? Adamın üzünə tüpürərlər…

Üzündə qeyri-adi işıq, əlində iri çanta...

Bu ağrı ilə İstanbul xəstəxanasına gəldim

Mentalitetdən uzaq, tərbiyəsizliklə dolu...

Harınlığın, qudurğanlığın göz deşdiyi məkan…

İran gölməçəsində quruldayanlara Bozqurd cavabı

Ordumuzdakı “5-ci kolon”: başda yüksək çinli şəxs dayanır

Türklüyün beşiyi buradır! Turan burdan başladı

Amilinin şiri və dünyanın fikri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla