Ana səhifə İdman |
"Qəbələ" idman ictimaiyyətinə müraciət ünvanlayıb.
Axar.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qəbələ"
futbol klubu Azərbaycan çempionatı və kubok yarışlarından imtina
edə bilər.
Klubun məsələ ilə bağlı yayımladığı müraciətin mətnini təqdim
edirik:
"Ölkədə idmanın inkişafı sahəsində əldə edilən nailiyyətlərə,
beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi və onların yüksək
səviyyədə təşkilinə görə Azərbaycan dünyada idman ölkəsi kimi
tanınmışdır. "Qəbələ" İdman Klubu (İK) da hər zaman Azərbaycanın
idman uğurlarının genişlənməsinə və möhkəmləndirlməsinə öz
töhfələrini verməyə çalışmışdır. "Qəbələ" İK-da, heç şübhəsiz ki,
eyniadlı futbol klubu şərəfli yer tutur. "Qəbələ" Futbol Klubu (FK)
2015-2016-cı illər futbol mövsümündə adlı-sanlı rəqibləri ilə
mübarizədə müvəffəqiyyət əldə edərək, Azərbaycan futbol tarixində
Avropa Liqasının qrup mərhələsinə yüksələn üçüncü komanda olmuşdur.
Bununla da Azərbaycan idmansevərlərinə, xüsusilə də futbol
azarkeşlərinə böyük sevinc bəxş edilmişdir.
"Qəbələ" FK beynəlxalq aləmdə əldə etdiyi bu uğurlardan sonra öz
oyunu ilə daxili çempionatda da iddialarını davam etdirmiş, yüksək
yer tutmaq məqsədi ilə əzmlə çalışmışdır. Təəssüf hissi ilə qeyd
etmək lazımdır ki, həm çempionatda, həm də kubok uğrunda futbol
yarışılarında "Qəbələ"yə qarşı hakim haqsızlığı bir-birini əvəz
edərək, kluba ciddi problem yaratmışdır. Bu hal nəinki, klub
üzvləri, eləcə də azarkeşlər arasında Azərbaycanın peşəkar futbol
hərəkatına hörmət gətirmir.
Belə bir vəziyyət qismən əvvəlki illərdə də müşayiət olunsa da,
klub rəhbərliyi onun üzərində xüsusi dayanmağa ehtiyac görməmişdir.
Çox maraqlıdır ki, "Qəbələ"nin beynəlxalq aləmdə uğurlarından
sonra, bu hal mütəşəkkil xarakter almışdır. Belə bir vəziyyətin
yalnız "Qəbələ" üçün deyil, bütövlükdə Azərbaycan futbolu üçün
xoşagəlməz mənzərə yaratmasını nəzərə alaraq, klubun nəticələrinə
açıq-aşkar təsir göstərmək məqsədi daşıyan hakim qərarlarına
münasibət bildirmək zərurəti yaranmışdır. "Qəbələ"nin bu futbol
mövsümündə keçirdiyi oyunlardan ən azı beşində hakim qərarları
oyunun taleyini həll etmiş, onun xal itirməsinə, turnir
cədvəlindəki yerinə və kubok yarışlarındakı mövqeyinə mənfi təsir
etmişdir.
Qeyd edilən oyunlardan dördünə FİFA referisi statusu daşıyan Əliyar
Ağayev, birinə isə Ömər Paşayev hakimlik etmişdir. Ağayevin
bir-birinin ardınca səhvə yol verdiyi halda onun inadla yenidən
"Qəbələ"nin oyunlarına hakim təyin edilməsi də təsadüfi hesab oluna
bilməz. Beləliklə, "Qəbələ"nin rəqib komandalarla futbol matçı
faktiki olaraq hakim Ağayevin "Qəbələ" ilə rəqabətinə çevrilmişdir.
Ağayev 10 avqust 2015-ci il tarixində "Qəbələ"nin "Qarabağ"la
keçirilən mövsümün açılış oyununda "Qəbələ"nin qapısına əsası
olmayan penalti zərbəsi təyin etmiş, bununla da kifayətlənməyərək,
Rəşad Sadıqova yenə də əsassız olaraq qırmızı vərəqə göstərib,
meydandan qovmuşdur. Nəticədə Qəbələdə baş tutan oyun 2:2 hesabı
ilə başa çatmışdır. 1 noyabrda yenə də Qəbələdə "Kəpəz"lə keçirilən
oyunda Ağayevin hakim qərarındakı məqsədli səhvi üzündən "Qəbələ"
2:1 hesabı ilə uduzmuşdur. 19 dekabrda Bakıda "Qarabağ"la oyunda
rəqib qolu qaydalardan kənar vursa da, hakim Ağayev onu hesaba
almış və oyun 1:1 hesabı ilə başa çatmışdır. "Qəbələ"nin 9 aprel
2016-cı ildə "Sumqayıt" klubu ilə keçirilən oyununda Ağayevin
qərəzkarlıq estafetini hakim Ömər Paşayev davam etdirmiş, bu üzdən
"Qəbələ"nin üstünlüyünə baxmayaraq, oyun 1:1 hesabı ilə
yekunlaşmışdır.
"Qəbələ"yə qarşı açıq-aşkar hakim haqsızlığına 27 apreldə "Neftçi"
ilə Bakıda keçirilən oyunda da yol verilmişdir. Bu oyunda da hakim
"Qəbələ"yə qarşı qərəzi ilə fərqlənən Ağayev olmuşdur. O,
"Qəbələ"nin oyunçusuna qarşı açıq kobudluğa baxmayaraq penalti
verməmiş, əksinə onu sarı vərəqə ilə cəzalandırmışdır. Bu az imiş
kimi oyunun sonuna yaxın "Qəbələ" futbolçularından birinə qırmızı
vərəqə göstərərək meydandan çıxarmış, beləliklə, matçın 1:1 hesabı
ilə başa çatmasına şərait yaratmışdır. Ağayevin "Qəbələ" - "Neftçi"
oyununda nəticəyə təsir göstərən qərəzi yalnız "Qəbələ" tərəfindən
deyil, respublikanın futbol mütəxəssisləri tərəfindən də ciddi
etirazla qarşılanmış, bunun məqsədyönlü şəkildə həyata keçirilməsi
barədə fikirlər irəli sürülmüşdür.
"Qəbələ" Futbol Klubu bu faktları futbol ictimaiyyətinin
diqqətinə çatdırarkən adıçəkilən klublardan olan həmkarlarına
hörmətini bildirir, əsas məsələnin hakimlikdəki səhvlər və onların
mahiyyətindən ibarət olduğunu qeyd edir. "Qəbələ" klubu, eləcə də
Azərbaycanın futbol ictimaiyyəti futbola rəhbərlik edənlərin
futbolumuza ləkə gətirən belə hallara dərhal reaksiya verməsi və bu
sahədə ciddi tədbirlər görməsini gözləyir. Belə bir vəziyyət
Azərbaycan futbolunun nüfuzuna və idman siyasətinə həm yerli, həm
də beynəlxalaq səviyyədə zərbə vurur. Ona görə də Azərbaycan
futbolunda, həmçinin onun inkişafında özünəməxsus yeri olan
hakimlikdə köklü islahatlar aparmadan mövcud nöqsanları aradan
qaldırmaq qeyri-mümkündür.
"Qəbələ" klubu bəyan edir ki, vəziyyətin bu şəkildə davam edəcəyi
təqdirdə futbol üzrə respublika çempionatında və Azərbaycan kuboku
uğrunda mübarizədə iştirakının davam etdirilməsini müzakirəyə
çıxaracaqdır".
Tarix
2016.04.28 / 23:42
|
Müəllif
Axar.az
|