Yuxarı

Sərkisyan Səddam Hüseyn yolu gedir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər BM-21 reaktiv yaylım atəş sistemlərindən də atəş açmağa başlayıblar. Ermənilər bu silahlardan istifadə etməklə bütün beynəlxalq hüquq normalarını pozur. Bunun məsuliyyətini Ermənistanın hərbi və siyasi rəhbərliyi daşıyır.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Report-a açıqlamasında bildirib. Onun sözlərinə görə, son üç sutka ərzində erməni tərəfi atəşkəs rejimini ağır artilleriya qurğuları ilə pozaraq, yaşayış məntəqələrini və mülki şəxsləri atəşə tutur.

Qeyd edək ki, sözügedən texnika "Qrad"ın daha inkişaf etdirilmiş versiyasıdır. BM-21 daha çox "Qrad" reaktiv yaylım atəşi sistemi kimi tanınır. NATO ölkələrində bu sistem əvvəllər M1964 kimi tanınırdı. Bir sıra digər ölkələrdə bu texnikanın təqlid və ya oxşar sistemləri hazırlanıb.

Qeyd edək ki, məsələ ilə bağlı beynəlxalq aləmə də müraciət olunub. XİN Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev də bununla bağlı nazirliyin mövqeyini açıqlayıb.

"Bir hissəsi partlamayan kasetli mərmilərin hissəcikləri uzun müddət ərzində mülki insanların həyatı və mülkiyyəti üçün təhlükə mənbəyidir. Ermənistan silahlı qüvvələrinin qeyri-insani vasitələrə əl ataraq, mülki insanların qırğınının təkrar həyata keçirilməsi cəhdləri sıradan olan adi hal deyil, Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı həyata keçirdiyi planlı və sistematik terror siyasətinin tərkib hissədir", -deyə nazirlik sözçüsü bəyan edib.

Erməni ordusunun BM-21 reaktiv yaylım atəş sistemlərindən də istifadə etdiyini "Yeni Müsavat"a təsdiqləyən Vaqif Dərgahlı bildirdi ki, düşmən ölkə bu silahlardan istifadə etməklə bütün beynəlxalq hüquq normalarını pozur: "Şükürlər olsun ki, həmin silahlardan yaralananlar olmadı. Ancaq bu silahlar dünyada qadağan olunub. Dünya ictimaiyyəti bu məsələyə münasibətini bildirməlidir, ancaq hələ ki, susur".

Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, beynəlxalq konvensiya ilə qadağan olunmuş elə sursatlar var ki, onlar təkcə dağıntı gətirmir, o cümlədən ətrafda olan canlıları da sıradan çıxarır: "Bu sursatlar insanın yaşamasını minimuma endirir. Onların partlaması nəticəsində qəlpələr müəyyən radiusa səpələnir, həmin radiusdan yaralanmalar da olur. Orada insanın yaşama şansı olmur. Yəqin ki, ermənilər o mərmilərdən istifadə ediblər. O mərmilərdən ətrafa saysız-hesabsız iynələr sıçrayır. Həmin iynələr insana dəyərsə, onun yaşaması mümkün deyil. Müdafiə Nazirliyinin də göstərdiyi sursat daha çox içərisində zəhərli və kimyəvi maddələrin olmasını göstərən mərmiyə oxşayır".

Hərbi ekspert milli.az-a deyib ki, həmin sursatlardan Azərbaycan Silahlı Qüvvələrində də var: "Amma biz onlardan istifadə etmirik. Həmin sursatlardan çox nadir hallarda və kritik situasiyalarda istifadə olunur. Bundan əlavə, qadağan olunmuş sursatlar deyəndə ilk növbədə nüvə silahı da başa düşülməməlidir. Hərçənd ki, həmin silahlar da kimyəvi başlıqlıdır".

"Azeri Defence" hərbi texnoloji jurnalının baş redaktoru Rəşad Süleymanov isə deyir ki, ermənilər son illərdə dünyada kasetli silahların ləğvi ilə bağlı işlərin getdiyi dövrdə cəbhə xəttində kasetli silahları tətbiq ediblər. Artıq bu silahların tətbiqi dünyada hərbi cinayətlərdən hesab olunur: "Baxmayaraq ki, nə Azərbaycan, nə də Ermənistan kasetli silahların ləğvinə dair Konvensiyaya qoşulmayıblar, Azərbaycan bu silahlardan istifadə etmir. Əksinə, sovet ordusundan qalmış depolardakı bu tip sursatların ləğvini həyata keçirib".

Ekspertə görə, hazırda ermənilərin Qarabağ ərazisində kasetli sursatlarla atəş aça bilən yeganə sistemi WM-80-dir. "Söhbət elədiyim hərbçilər də bu sursatın Azərbaycan və Ermənistanın istifadəsində yer alan və faktiki olaraq son döyüşlərdə istifadə edilmiş artilleriya sistemlərindən heç birində olmadığını qeyd etdilər. Kasetli silahlar rəqibin canlı qüvvəsini və infrastrukturunu sıradan çıxarmaq üçün nəzərdə tutulur. Sursat bəlli məsafədə açılır və daxilindəki çox sayda sursat ətrafa səpələnir. Kasetli silahların acı nəticələri heç də piyadalar əleyhinə minalardan az deyil. Müharibədən sonra da qurbanları olur. Qeyd edək ki, bundan əvvəl Gürcüstanda, Yəməndə, Suriyada, Ukraynada dinc əhaliyə kasetli silahların tətbiqi beynəlxalq təşkilatların hesabatlarına salınıb"-R.Süleymanov sayta bildirib.

Faktiki olaraq son davranışları ilə işğalçı ölkənin prezidenti Serj Sərkisyan İraq diktatoru Səddam Hüseynin yolu ilə gedir. Səddam da kimyəvi silahın tətbiqindən sonra özünün sonunu gətirdi və ölkəsinin viranə vəziyyətə qoyulmasına zəmin yaratdı. Ekspertlər hesab edir ki, Azərbaycan Ermənistanın qadağan olunmuş silahlardan istifadə ilə bağlı faktları toplayıb beynəlxalq məhkəməyə müraciət etməli, Sərkisyanın Haaqa Tribunalı qarşısında cavab verməsinə nail olmalıdır.

Tarix
2016.04.29 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla