Yuxarı

Kəramət: “Onun dörd əli vardı...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Kəramət ağır taxtalı kişilərdəndir. Sözü və xarakteri ilə seçilib. Bəzən dəlisov, bəzən sakit, eyni zamanda yumor hissi olan birisi kimi tanımışam onu. Həm də nisgilli adam kimi… Bilmirəm bu nisgil sözü yerinə düşdü, ya yox, amma onda müşahidə etdiyim əsas məqamlardan biri bu olub ki, o, hələ də axtarır, arzularını ürəyində bəsləyir və bu arzular hələ ki, onun ürəyinin sakinidir. "Gerçəkləşməyən arzular" layihəsində görüşdüm şair Kəramətlə, işinin-gücünün nə olduğunu soruşdum:

- Kəramətin işləri necə gedir və sirr deyilsə, işinin adı nədir?

- İndi işimin nə adı var, nə də soyadı. Təbii, davamı olaraq bir sual verə bilərsən: necə dolanırsan bəs? Cavab da hazır: Hamı necə, mən də elə, detalları maraqlı deyil. Hollandların çox sevdiyim bir məsəli var: "Bütün dünyanı Allah yaradıb, Hollandiyanı isə hollandlar".

- Yaxşı məsəldir...

- Van Qoq haqqında kitabda dahi rəssamın dilindən verilib, oradan yadımda qalıb. Düşünürəm ki, bütün insanları Allah yaradıb, yaradıcı insanlar isə özləri öz həyatlarını yaradırlar, bu səbəbdən Allahın qəzəbinə gəlirlər.

Ürəyim bulanır belə münasibətdən

- Allahın qəzəbindən biri də bəlkə elə budur ki, sənin də mənsub olduğun ədəbi nəslin şairləri, deyəsən, bir-birinə dəstək ola bilmədi, yoxsa bu mənə belə gəlir?

- Biri-birinə dəstək olmaq bir yana, mane olmasalar yetər, məsələnin yarızarafat-yarıciddi tərəfi belədir. Bu duyğu və düşüncənin aparıcı olduğu cəmiyyətə "müasir" epiteti bir yana, heç "normal"ı da yaraşdıra bilmərəm. Dəstəbazlıq, yerlibazlıq mağara-icma təfəkkürünün məhsuludur, insani yox, daha çox heyvanidir. Ədəbi cəmiyyət də bunun ağrılarını, cəngəlliyini yaşayır müstəvisində anlaşa bilərik. Bu duyğu və düşüncədən də istedad doğulmaz, bir heyvan ehtirasları ödənər, yəni vəzifə, pul və sairə. Ürəyim bulanır belə münasibətdən, adına ziyalı deyilən sürüdən belə səslər eşidəndə ki, filan şair kürddür, türkdür, ləzgidir, talışdır, xristiandır, müsəlmandır, nə bilim nə... əsərdən savayı maraqlı, dəyərli nə var? Bizim ədəbi nəslə belə virusların, digər ədəbi nəsillərlə müqayisədə, daha az sirayət etdiyini düşünürəm. Kim istedadlı olubsa, onun yanında dayanmışam, bütün mənalarda, mənə qarşı əsən bu səhra küləyindən də daldalanmağı bacarmışam, - deyə bilmərəm. Ədəbiyyatı kəbinli arvadı, babasının malı kimi görənlərlə hansı ədəbiyyatdan danışmaq mümkün ki? Bir də ədəbiyyatı bir region, dəstə yaratmır, təklənən, yalnızlaşan zümrə yaradır. Bir də bizim ədəbi nəslə yanaşmada yanlışlığa yol verilir, yəni əvvəlki nəsillərə yanaşmada məqbul görünən meyarlar zamanın dəyişən dəyərlər sistemi ilə işləkliyini itirib. Ayrıca mövzu, ayrıca söhbətdir, burda ilişib qalmayaq. Əzabkeş obrazı yaratmaqdan zəndeyi-zəhləm gedir, amma məcburam xüsusi vurğulamağa ki, bizim nəslin (həm də ədəbi) düşdüyü təlatüm, tarixi keçiddəki burulğanlar dalğasındakı cəfakeşliyi digərləri yaşamayıb, indi də dimdik ayaqdayıq, kimlərinsə görməzdən gəlməsi özünüqoruma cəhdindən başqa bir məna kəsb etmir.

- Maraqlıdır, təxminən 20 il qabaq gündəmi zəbt edən şairlərdən idin, bu gün, deyəsən, papağını günə verirsən, yazdıqlarını gün işığına çıxarmırsan.

- Tipoloji baxımdan özünü gözə soxanlardan deyiləm, ortada görünmək, özünü təbliğ etmək, reklam mənə yad keyfiyyətdir, bəlkə də çatışmayan cəhətimdir, belə demək daha doğru. Onda ədəbiyyatda bazar kapitalizminin vəhşi mübarizəsi yox idi. Yazdığın yazı daha çox önəm daşıyırdı və ən önəmlisi əsərə qiymət verən ədəbiyyat xiridarları vardı, jurnal və qəzetlərdə söz sahibi idilər, ədalət hissi bunca korşalmamışdı. Təbii ki, onda da xəbislik, yerlibazlıq, dəstəbazlıq yox deyildi. Ancaq belə allahsızcasına yanaşma kütləviləşməmişdi, bir yerdən Əlahəzrət Vicdan ayağa qalxırdı, "mən varam" deyirdi. Sənin bu xatırlatman məndə də qürur doğuracaq xatirələr oyatdı. Üzümü görmədən bir yazıma görə Məmməd Araz işə dəvət etdi, on ilə yaxın nəşriyyatda "yatan" şeirlər qovluğumun üstünə nida işarəsi qoyub çapa göndərdi. Vahid Əziz (Dövlət. Nəşr. Kom.-un sədr müaviniydi), Fikrət Sadıq "Ədəbiyyat qəzeti"nə yazdığı icmalda altı misralıq şeirimə geniş yer verdi və hər məqamda dilə gətirdi.

...əlləri piştaxtası

əlləri arxasında

şeir satırdı Hadi.

Hadinin dörd əli vardı

İkisiylə şeir satırdı

İkisiylə üzünü tuturdu.

Ömrümü təkadamlıq kameraya məhkum eləmişəm

- İndi istedadlı şairlərin çoxu bu taleyi yaşamır məgər? Sözünün mötəbərliyi şübhə doğurmayan Ələkbər Salahzadə, Nadir Cabbarlı, Çingiz Əlioğlu, Vaqif Yusifli, Rəhim Əliyev, Cavanşir Yusiflinin məqalələrini vurğulamaq istərdim. Sözdən başqa heç nəyi olmayan yekəxana, adamayovuşmaz Kəramət haqqındaydı möhtəşəm mülahizələr, təsbitlər. Təriflənəndə utananlardanam. Qayıdaq indiyə... bir ilə yaxındır ki, ömrümü təkadamlıq kameraya məhkum eləmişəm, çıxmaq istəyirəm yavaş-yavaş. Yaşayan şairlərin hər birilə eyni sərgidə, eyni şərtlər daxilində sərgilənməyə hazıram, kim necə qəbul edirsə-etsin, dəyərli sözə uşaq sevincilə qanadlanmışam həmişə. Ancaq bunu da deməyi unutmamaqla.

Söz nədir? Bilməzsən, gədə

Misramca gəlməzsən, gədə.

- Məlumdur ki, dolanışıq üçün insan özünü dağa-daşa vurur, sən də qəzet təsis etmişdin. "Ədəbiyyat Naminə" idi deyəsən, ədəbiyyata nəfəs verə bildinmi?

- "Ədəbiyyat naminə" qəzeti çap elədim, bütün mənalarda tək daşıdım çiyinlərimdə bu yükü, bəyəndiyim sayları da, bəyənmədiyim sayları da var. Bunun nə demək olduğunu hər cür təminat altında işləyənlər bilməz, əlbəttə. İndi ədəbi qəzet və saytlara baxanda zəhmətin hədərə getmədiyini görürəm. Bu qəzetdə gedən sorğu və müzakirələrin eynisi və bənzərilə rastlaşmaq məni gülümsədir. İmpuls verə bilmişik, deməli. Keçək sualın digər tərəfinə...

Özümü hər yerə vurmuşam dolanışıq üçün, amma heç zaman ədəbiyyata dolanışıq yeri kimi baxmamışam, əksinə, ədəbiyyat dolanışığıma ağır zərbə vurub, çünki:

Allah mənə ömür verdi

Mən də şeirə bağışladım

1980-də yazılıb, bu məramla yola çıxmışam. Ədəbiyyata vasitə kimi baxanlar, fiziki mənada istədiklərinə nail olurlar, burda heç bir əngəl yox. Nəyəsə yetməyin, bura kütlə ilə alver daxil, yolları aşağı-yuxarı Azərbaycan reallığı bəllidir. Çətini açılan qapıları qapayıb ədəbiyyatın qapısını aramsız döyməkdir.

...mənalı arzum heç uşaqlıqdan olmayıb

- Kəramət, bunu təkzib etməzsən ki, ədəbiyyata təzə gələndə, şeirlərin oxunanda, boy verəndə böyük arzuların da ürəyində boy verib. Nə oldu, o arzulardan səni məyus edəni, gerçəkləşməyəni çoxmu qaldı?

- Sən deyən mənada - vəzifə, nə bilim nə... maraq dairəmə də daxil deyil, əksinə, mən özü-özünə maneəyə çevrilmişəm, mənim üçün açılan qapıya böyür-başımda fırlananları yönləndirmişəm, bilmişəm ki, nəhayətdə özümlə bacarmayacağam, nəyəsə etiraz edəcəyəm.

- Ən böyük arzun nə idi? Uşaq vaxtı şair olub da kimin kürsüsündə özünü görürdün?

- Yaradıcılıq anlamında özümü təkrar etməməyə çalışmışam, özümü aşma ən böyük arzum olub. Fiziki mənalı arzum heç uşaqlıqdan olmayıb, tanıyanlar bilir ki, dünya malının düşməniyəm. İlk dəfə 1988-ci ildə, səhv eləmirəmsə, kürsüyə çıxanda ani olaraq düşünmüşəm ki, görəsən, bu qədər adamla necə anlaşa biləcəyəm? Yəni mənə çətindir çoxluqla söhbət.

- Bugünkü gənclik sizin gənclik tay-tuşlarınızdan nə ilə fərqlənir?

- İstedadı olanlar bəzəksiz-düzəksiz, bir az da əks, əksin əksi, oxuyub bələd olduqları xarici ədəbiyyat modelində (birbaşa təsir və surətçıxarma da istisna deyil), daxili qadağa hiss etmədən, oxucuya oynamadan görünmək istəyirlər. Burası sevindiricidir. Onların içində də dəstəbaz, tayfabaz, sırtılmış, şöhrət manyakı da yox deyil, ələnəcək, zaman kimin nədən ötrü ədəbiyyatla dostlaşdığını göstərəcək. Dəyanətlisi ya bir olar, ya iki..."Mən hər şey olacam, həm də şair-yazıçı". Məncə, kim nə olmaq istəyirsə, parçalanmasa, vaxtını, enerjisini o istiqamətə yönəltsə, qazanar. Özü də, cəmiyyət də.

Əli Kərim dövrünün ən məsuliyyətli adamı idi

- Bəzi şairlərimiz şeiri meylə qarışdırır, birlikdə həzmi-rabedən keçirirlər, o şeirlərdən şərab qoxusu gəlmir ki?

- Mey, meyxanə, piyalə, canan, pərvanə, divanə, dərvişlik və sairə klassik şair obrazını süsləyib həmişə. İndi buna başqa anlam yükləyib, fəlsəfi məzmundan arındırırlar. Kimin nə içdiyi-yediyi məni ilgiləndirməz, necə yazır, - burası əsasdır. Nə fərq edər ki, çayxor, meyxor, siqaret düşkünü, geyimi-kecimi? Məmurdursa, məmur əxlaqını, şairdirsə, söz əxlaqını sorğularam. Məsələn, Əli Kərim dövrünün ən məsuliyyətli adamı, şairidir. Həmin dövrdə vəzifələrdə xumarlananlar, həyata anormal münasibətilə cəmiyyəti dolayan fırıldaqçı yazarlar məsuliyyətsiz və anlaqsızdılar. Bizim mövhumatçı kəndin arvad-uşaq söhbətinin yansımasını görürəm belə dedi-qoduda. Kimin nə içdiyinə təəccüblənməmişəm, Vaqif Səmədoğlu danışanda ki, Səməd Vurğun şeir yazmadan qabaq üzünü qırxdırar, ütülü ağ köynək geyər, qalstuk taxar, qara kostyum geyər, - onda düşünmüşəm. Folknerin yazı masasına keçmədən öncə bir qədəh tünd içki qəbul etdiyini oxumaq məndə maraq da doğurmayıb. Yazdığın nədir, arxadaş, - məsələ bundadır.

- Kəramət, xalq şairi olma keçib heç könlündən? İndi yox e, çox illər qabaq..

- Olmayıb. Nə indi, nə çox illər qabaq. Belə düşüncə sahiblərini də ruhi xəstə sayıram. Əminəm ki, titullar, Fəxri Xiyaban söhbəti yığışsa, o ruhi xəstələr şeir də yazmaz. Ələkbər Salahzadə rəhmətə gedəndən sonra, - qəbrimə minnət qoyulmasın, - düşündüm.

- De, nəyi arzulamışdın şair olaraq, nə ilə qarşılaşdın? Yeni nə yazırsan?

- Sabahı olmayan günlərin arzusu da olmur. Gündəlik yaşam mübarizəsində çırpınan çoxluğun arzusu oğurlanıb. Ancaq mən yaza biləcəyim yazıları yazıram. Yazmamaq üçün özümlə ölüm-dirim savaşındayam... hələ ki.

- Sağ ol, deyəsən, yordum səni, keçmişə qaytarmaq istədim...

- Yox, yormadın, yada saldığın üçün təşəkkürlər.

Tarix
2016.04.30 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla