Yuxarı

Xalq şairi: “Gizli işlərlə məşğul olurdum” - Video

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görkəmli Azərbaycan şairi Söhrab Tahir, özünün də dediyi kimi, təkcə ədəbiyyat adamı deyildi. O, həm də Sovet dövründə partiya işçisi kimi istər o tayda, istərsə də bu tayda inqilabi fəaliyyətini davam etdirirdi.

Bu, müəyyən mənada onun yaradıcılığına da təsir göstərmişdi. Müsahibələrinin birində bu barədə danışan Söhrab Tahir yarımleqal fəaliyyət göstərən şöbələrindən də söz açır:

"Romanlarımı özüm gözdən yayındırırdım. Bunun bəzi səbəbləri vardı. Mən Azərbaycanda təkcə yazıçı, şair deyildim, həm də partiya işçisi idim. Mənə tapşırıq verirdilər, partiyanın gizli işləri ilə məşğul olurdum. Aylarla Bakıda olmurdum, Moskvaya, Dəməşqə, Frankfurta, Tehrana gedirdim. Buna görə də çap elədiyim əsərləri təbliğ etməyə imkanım olmurdu. Bizim partiyanın böyük bir şöbəsi Bakıda yerləşirdi. Yarımleqal fəaliyyət göstərirdik.

Xəlil Rza ilə ailə dostu idik. Mən aylarla yox olub, yenidən gələndən sonra deyirdi ki, ay Söhrab, iki aydır haradasan, səni tapa bilmirik, evinizə zəng edirik, cavab verən yoxdur, Firəngizlə sizə gəlirik, qapınızı açan yoxdur. Xəlil Rza bilmirdi ki, mən təkcə şair, nasir deyiləm, həm də partiya fəalıyam, partiyanın gizli tapşırıqları ilə məşğulam. Xəlil deyirdi ki, gedəndə məni də özünlə apar. Cabir Novruz da, Nəriman Həsənzadə də mənim tez-tez yox olmağıma görə şikayətlənirdi. Amma heç kəs yox olmağımın səbəbini bilmirdi. Çünki deyə bilmirdim, olmazdı".

1945-ci ildə şah rejiminə qarşı vuruşaraq, Seyid Cəfər Pişəvəri hökumətinin qurulmasında yaxından iştirak edən Söhrab Tahir o dönəm inqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı ilə təltif olunmuşdu. 1946-cı ildə məhz Seyid Cəfər Pişəvəri onu çağırıb "Səni göndəririk Qızıl Bakıya, get oxu, başını qızıl elə, qayıt gəl, qızılbaş orduya xidmət göstər", - deyir, beləcə, Söhrab Tahir bir doğma yurdundan başqa birinə yola düşür... və bir müddət sonra xəbər gəlir ki, Pişəvərinin qurduğu hökumət devrilib. Bundan sonra Təbrizə qayıtmaq istəyən Söhrab Tahir yaxınlarının təkidi ilə bu fikrindən daşınır.

Söhrab Tahir ədəbi, ictimai fəaliyyəti ilə həqiqətən də xalqın şairi idi. O, xalq şairi adına layiq görülməsi ilə bağlı maraqlı tarixçəni danışarkən bunları demişdi:

"Anar müəllim 96-cı ildə 6 nəfərlik siyahı ilə rəhmətlik Heydər Əliyevin yanına gedibmiş. Heydər Əliyev siyahıya baxıb və Anara deyib ki, Yazıçılar Birliyinin bir nömrəli vəsiqəsini mənə təqdim edəndə dediniz ki, bir yazıçı kimi istənilən vaxt öz təklifimi verə bilərəm. Qoy öz təklifimi irəli sürüm. Xahiş edirəm, o siyahıya Söhrab Tahirin də adını əlavə edəsiniz. Anar deyir, ayaqlarım yerə yapışdı. Fikirləşdim ki, Heydər Əliyev görəsən Söhrab Tahiri haradan tanıyır? Bilirsiniz Heydər Əliyev məni haradan tanıyırdı? Şüvəlanda Yazıçıların Yaradıcılıq Evində çıxışım zamanı demişdim ki, mən qəribəm. Heydər Əliyev də onda çıxışımı saxladıb demişdi: "Şair, dayan, niyə özünə qərib deyirsən? Bizim sənə nəinki qərib, heç qardaş deməyə də ixtiyarımız yoxdur. Biz özbəyə, rusa, gürcüyə qardaş deyirik. Sən bizim süfrəmizin bir üzvüsən, anamızın bir balasısan. Xahiş edirəm, bundan sonra özünə qərib deməyəsən". Yəni Heydər Əliyev məni ordan tanıyırdı. Beləcə, mənə xalq şairi adı verildi".

"Vətənlə sevgi arasında", "Qonşu qızın məktubları", "Əmanət", "Sevgi əfsanəsi" kimi kitabların müəllifi olan Söhrab Tahir "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən isə "Azərbaycan" jurnalında redaktor vəzifəsində çalışıb. O, 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.

Xatırladaq ki, xalq şairi Söhrab Tahir uzun sürən şəkər xəstəliyindən sonra bu gün vəfat edib.

Tarix
2016.05.04 / 13:22
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla