Yuxarı

Belyayevdən Qarabağla bağlı dəqiq və vicdanlı – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların gərginləşməsi nəinki on illərlə erməni ordusunun mövqelərinin möhkəmlətdiyi ərazilərin alınmaz olduğu haqda yayılan fikirlərin yanlışlığını göstərdi, həm də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi ilə bağlı ekspansionist erməni "təhlükəsizlik kəməri" anlayışının mahiyyətini üz çıxardı.

Axar.az "Vestnik Kavkaza"ya istinadən xəbər verir ki, bu fikirləri politoloq Mixail Belyayev səsləndirib.

Onun sözlərinə görə, bu "kəmərə" Ermənistanın deyil, mülki əhalisi erməni ordusunun artilleriya atəşi altında qalan Azərbaycanın ehtiyacı var:

"Aprelin 2-dən 5-dək 6 dinc sakin həlak oldu, 26 nəfər yaralandı. Aprelin sonunda ermənilərin silahlı hücumu nəticəsində daha iki dinc sakin dünyasını dəyişdi, 8 nəfər yaralandı. Vəziyyət yalnız erməni ordusu cəbhədə ağır itkilər verməyə başladıqdan sonra nisbətən sabitləşməyə başladı. Aydın məsələdir ki, Ermənistan ciddi şəkildə atəşkəsə ehtiyac duyurdu. Bu baxımdan aprelin 5-də Azərbaycan və Ermənistan Baş Qərargah rəhbərlərinin Moskva görüşündə əldə olunmuş atəşkəs Moskvanın effektiv vasitəçiliyi sayəsində mümkün oldu.

Bu zaman, bütün beynəlxalq vasitəçilərin münaqişənin sülh yolu ilə nizamlanmasını tələb etdiyi bir vaxtda Azərbaycan ordusu cəbhə bölgələrində mülki əhalisi qətlə yetirildiyi üçün ciddi tədbirlərə əl ata bilərdi".

Politoloq Ermənistan Milli Məclisinin vitse-spikeri Ermine Naqdalyanın açıqlamasını xatırladır:

"Əgər dünya Dağlıq Qarabağın bağımsızlığını tanısa, onda bizə aid olmayan ərazinizi və ya ərazilərinizi qaytara bilərik. Onlar bizə lazım deyil, sadəcə, bufer zonası və təhlükəsizliyimizin qarantıdır". Naqdalyan yeni heç nə demədi, o, Serj Sərkisyanın həmişəki tezisini – "Ağdam erməni torpağı deyil" fikrini təkrarladı. Bu həqiqət Ermənistanın fəaliyyəti ilə heç cürə üst-üstə düşmür. Əgər Ağdam erməni torpağı deyilsə, onda niyə adı dəyişdirilərək "Akna" qoyulur və işğal olunmuş ərazilərdə məskunlaşma prosesi davam etdirilir?

Paradoksal bir vəziyyət yaranıb: Ermənistan tərəfi öz fəaliyyəti ilə beynəlxalq hüquq normalarını pozduğunu etiraf edir, hətta gizlətmədən "işğal olunmuş əraziləri Dağlıq Qarabağın müstəqilliyi müqabilində boşaltmağı" təklif edir. Həm də Ermənistan işğal olunmuş 7 rayondan yalnız 5-ni geri qaytarmağa hazır olduğunu deyir. Kəlbəcər və Laçının Ermənistanla Dağlıq Qarabağı birləşdirən ərazilərdə nəzarəti əldə saxlamaq üçün qaytarılmaması planlaşdırılır.

Və burda, əlbəttə ki, beynəlxalq hüquq normaları haqda diskussiya aparmağın mənası yoxdur, çünki Ermənistan rəhbərliyi özü də ən azından Azərbaycan ərazilərinin bir hissəsini işğal etdiyini etiraf edir".

Politoloq bu məsələnin başqa bir aspektinə də diqqət yetirir:

"Burda daha vacib bir məsələ var: Ermənistanın qaytarmaq istəmədiyi iki rayon, əslində, heç bir təhlükəsizlik qarantı üçün deyil, onun ətrafında işğal olunmuş rayonlara və Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan ərazilərdə yaşayan Azərbaycan mülki əhalisini hədələmək məqsədilə saxlanılır.

Sual çıxır: Tərtər və Ağdam istiqamətindəki son hadisələr zamanı niyə bir nəfər də olsa hərbçi ölmədi? Ola bilərmi ki, bu, erməni ordusunun bacarıqsızlığından irəli gəlsin? Ola bilərmi ki, erməni ordusu o qədər bacarıqsızdır ki, lazım olan hədəflərin heç birini nişan ala bilməyib? Bunun yerinə səhvən mülki əhaliyə və yaşayış evlərinə atəş açıb?

Mülki əhalinin qətlə yetirilməsi Azərbaycana öz təhlükəsizlik zonası yaratmaq haqqını verir. Özü də işğal olunmuş torpaqlarının qaytarılması hesabına. Necə ki, Dördgünlük müharibə zamanı Azərbaycan strateji əhəmiyyətli yüksəkliklərini qaytardı".

Politoloq güman edir ki, mülki əhalini atəşə tutan erməni tərəfi cəbhə insidentlərinin araşdırılması mexanizmlərinin tətbiqi üçün əlverişli şərait yaradaraq rəsmi Bakını razı salmaq istəyir:

"Ermənistanın mülki əhalini qətlə yetirməklə rəsmi Bakını razı salmaq cəhdləri terrorçu məntiqinə əsaslanır – siyasi qərarların qəbulu və ya dəyişdirilməsi üçün mülki əhalini girov götürmək.

Terrorçularla isə, məlum olduğu kimi, danışıqlar aparılmır və Ermənistanın tələblərinin qəbul olunması indiki şəraitdə mağara siyasi təfəkkürünün təşviqinə yol açacaq.

Cəbhə insidentlərinin araşdırılması mexanizmlərinin tətbiqi üçün atılacaq addımlardan ilki Ermənistan tərəfinin mülki əhalini qətlə yetirmək siyasətindən əl çəkməsi, hərbi cinayətkarlığını boynuna alması olmalıdır.

Azərbaycan mahiyyət etibarilə bu mexanizmin yaradılmasının əleyhinə deyil. Lakin bu, davamlı sülh prosesində başlıca deyil, köməkçi rol oynaya bilər. Çünki həyatını itirən mülki sakin və ya hərbçinin həyatını qaytarmaq mümkün deyil; çünki mexanizmin yaradıldığı təqdirdə bu mexanizm erməni əhalisinin təhlükəsizliyini təmin etdiyi halda, Azərbaycan əhalisi üçün təhlükə yaradır; çünki hazırki təmas xəttində dinc əhali daha çox təhlükəyə məruz qalır.

Müvafiq olaraq cəbhə xəttində baş verən insidentləri araşdırma effektlərini artırmaq üçün erməni silahlı qüvvələrinin Qarabağ ətrafında işğal olunmuş ərazilərdən çıxarılması daha məqsədəuyğundur. Bu halda tərəflər arasında yaranacaq qarşılıqlı məsuliyyət hər iki tərəfin mülki əhalisinin təhlükəsizliyi üçün zəmin formalaşdıracaq.

Hazırda Azərbaycan tərəfi mülki əhalisinin qətlə yetirilməsinin qarşısını adekvat addımlar atmaqla – erməni hərbçilərini məhv etməklə ala bilir. Hazırki vəziyyət və təcrübə göstərir ki, bu, ən effektiv cavabdır".

Tarix
2016.05.04 / 13:37
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Regiondan uzaq dövlətlərin prosesə maneə törətməsi...

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla