Yuxarı

Reyhan: “Sponsorun oldu, vəssalam...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir vaxtlar M.Ə.Sabir adına şəhər kitabxanasında fəaliyyət göstərən ədəbi birlikdən tanıyıram Reyhan Kənanı. Şeirlərini utana-utana oxuyurdu. Düşünürdüm ki, onun bu utancaqlığı bitəndə elə şeirə olan həvəsi də tükənəcək, oturub evində həyat yoldaşının qulluğunu tutacaq, balalarının dərsi ilə məşğul olacaq. Yanıldığımı sonralar bildim.

Reyhan şeirdən-şeirə "böyüdü", imzasını tanıtdı, AYB-nin bütün orqanları onu dərc etdi, ədəbi tənqidimizin əbədi imzaları onun yaradıcılığından bəhs etdi. Amma sifətindəki həmin məsumluq, utancaqlıq itmədi, həm də daha çox şeirlərində də boy verdi. Onu ehtiyac oldu-olmadı müxtəlif ünvanlarda boy göstərən, ədəbi tədbirlərdə də görmək olmur. Şeirlərini isə mətbuatda oxumaq üçün çətinlik çəkilmir.

Reyhanla telefon əlaqəsi saxlayıb bir qədər ədəbi söhbət etmək istədiyimi dedim və razı saldım.

- Reyhan xanımın son ədəbi yaradıcılığı haqda oxucular hansı məlumatı verərlər?

- Ədəbi yaradıcılıqla müntəzəm olaraq məşğulam. Yəni yaradıcılıqdan ayrı deyiləm. Hansı mövzu məni cəlb edirsə, onu şeirə çevirməyə çalışıram. Bir şərtlə ki, o mövzu qəlbimi özünün əsirinə çevirsin. Həmin şeiri yazıb qurtarana qədər rahatlıq tapmıram. Şeir ürəyimcə olmayanda isə sadəcə, onu bir tərəfə atıram. Amma belə bəyənmədiyim şeirləri bir müddət sonra oxuyanda, görürəm ki, heç də pis deyilmiş. Yəni bəzən şeirlərimə qarşı haqsızlıq edirəm. Qızım deyir ki, "ana, bir vaxtlar o şeirləri heç sayıb, bir küncə atdığın üçün indi bəlkə də onlar səndən küsüblər". Son vaxtlar yazdığım şeirlərdən uğurlu hesab etdiklərim çoxdur. Ancaq boynuma alım ki, bir az tənbəlləşmişəm. Bu, bəlkə də ruh düşkünlüyündən irəli gəlir.

Ədəbiyyat olub kolxoz bazarı…

- Reyhan, elə bil, böyük bir binanın qapısı açılıb, şeir yazan, əli qələm tutan doluşur içəri. Ədəbiyyata gəlmək istəyənlər sanki bu mənzərəni yaradır, sən necə düşünürsən?

- Elə bil ki yox, elə həqiqətən də bu gün ədəbiyyatda eyni mənzərədir. Ədəbiyyat olub "Kolxoz bazarı"… Nə gələni bəllidir, nə gedəni. Düşünürəm ki, ədəbiyyata gəlmək üçün açıq qapıya ehtiyac yoxdur. Əsl ədəbiyyat aşiqi, əsl istedad öz əsərləri ilə bağlı qapıları açmalı, yeni bir söz deməli, heç kəsi təkrarlamamalıdır. O açıq qapıdan içəri doluşanlar, sadəcə, kütlədən başqa bir şey deyil. Onların yazdıqları da özlərindən başqa heç kimə lazım deyil. Ədəbiyyatda dayanıb, duruş gətirənlər isə qələmi ilə bağlı qapını açıb, öz arxasınca da oxucusunu öz dünyasına aparanlar ola bilər. Əmin olun ki, oxucu hər zaman əsl ədəbiyyata qiymət verməyi bacarır.

- Hər kəs özünü təsdiq etmiş kimi görüntü yaradır. Səncə, ədəbiyyatda şoulaşma zaman keçdikcə güclənmir ki?

- Bu, məni də çox narahat edir. Bu gün ədəbiyyatda hər yerindən duran mənəm-mənəmlik azarına düçar olub. Baxırsan ki, yazdığı söz yığını, di gəl ki, iddiası özündən böyük, qınayan olmasa, durub deyər ki, "Ədəbiyyat məndən başlayır". Ancaq məsələ budur ki, onlara bu ixtiyarı verən də, bütün günü televiziyalara dəvət edən də, "sən başdan-ayağa istedadsanmış ki, ay canım" deyən də elə biz özümüzük. Bu bilirsiniz nəyə bənzəyir? Çin malının üzərinə "Meyd in Turkey" yazıb, millətə sırımağa… Düşünürəm ki, onların şousu da elə onların dəbdə olduqları müddəti əhatə edəcək. Yazıçı manıs deyil ki, hər gün hansısa qalmaqalla gündəmdə qalsın. Yazıçının bütün şousu da, performansı da onun əsəri olmalıdır.

Sponsorun yoxdursa, vay halına

- 5-10 nəfər yazıçı, özü də kifayət qədər ciddi imza sahibləri hansısa qrupu, dəstəni təbliğ edir, başqalarını sanki görmür, bunun yaxşı cəhəti nədir?

- Mənə görə burada heç bir yaxşı cəhət yoxdur. Ədəbiyyatda qrup deyə bir şey yoxdur, çünki hər zaman istedad qalib gəlir. Ancaq çox təəssüf ki, bu gün ədəbiyyatımızı 5-10 nəfərlik qruplar zəbt edib. Təkcə qrup yox, həmçinin bir nəfəri hər vasitə ilə, bütün var gücünü ortaya qoyaraq irəli çəkən insanlar da var. Şou-biznes kimi ədəbiyyatda da sponsor məsələsi mövcuddur. Sponsorun oldu vəssalam, kim tutar səni, yox əgər sponsorun yoxdursa, vay halına, elə sayacaqsan öz yerində. İndi istedad yox, sponsoru olanlar qabağa çəkilir. Əminliklə deyə bilərəm ki, neçə-neçə əsərlər, şeirlər, romanlar qruplaşmanın qurbanı olduğu üçün redaksiyaların küncündə toz bağlayıb.

- Necə düşünürsən, ədəbiyyatda özünütəsdiq necə olmalıdır?

- Baxın, dünya ədəbiyyatı tarixində neçə-neçə dahilər var. V.Hüqo, E.Heminquey, Q.Markes, F.Kafka. Biz onları niyə tanıyırıq? Niyə hər əsərlərini sevə-sevə, təkrar-təkrar oxuyuruq? Çünki onlar əsərləri yazarkən düşünməyiblər ki, mən bu əsər sayəsində məşhur olacağam, çoxlu pullar qazanacağam, dünyanın hər yerində oxunacağam. Onlar, sadəcə, ürəklərindən gələnləri yazıblar, hətta mən deyərdim ki, onlar heç bəlkə də bu qədər seviləcəklərini ağıllarına belə gətirməyiblər. Demək ki, yazıçı məşhur olmağı qarşısına məqsəd qoymamalıdır, onun bir şüarı olmalıdır - Oxucunun könlünü necə fəth etməli? Çünki bütün əsərlər oxucular üçün yazılır. Yazıçının özünü təsdiqi onun oxucusunun onu təsdiq etməsidir!

AYB-dən gözləntilərim özünü doğrultmadı

- Ümumiyyətlə, kimi oxumaq sənə xoşdur, haqqında xoş söz deməsini gözlədiyin birisini, yoxsa həqiqi ədəbiyyat nümunəsini?

- İndi durum deyim ki, haqqımda xoş söz deyəni oxumaram, bax bu, ağ yalan olar, təbii ki, bütün şairlərə, yazıçılara onun haqqında deyilən istər tərif, istərsə də tənqid maraqlıdır. Haqqımda xoş söz deyənin də zövq verən və gözəl əsərləri ola bilər. Yəni bütün hallarda həqiqi ədəbiyyat nümunəsi daim ilk plandadır. Ümumiyyətlə elə əsərlər var ki, mənə zövq verir və mən onları təkrar-təkrar oxusam belə, yorulmuram. Unutmayın ki, bayağı yazılar oxucunu tez yorur.

- AYB ilə aran necədir?

- Sizə bir şey deyim. Mən AYB-nin üzvlük vəsiqəsini aldığım zaman ən çox Anarın o vəsiqədə imzası olduğu üçün sevinmişdim. Çünki Anar hər zaman mənim nəzərimdə böyük yazıçı olub, əsərlərini sevə-sevə oxumuşam. Ancaq şair olaraq AYB-dən gözləntilərim özünü doğrultmadı. Yəni bu günə qədər yazıçılara verilən imtiyazlardan istifadə etməyim üçün mənə heç bir fürsət verilməyib. Ancaq yenə də bir ədəbi birlik olaraq AYB-ə böyük hörmətim var!

- Ancaq bu? Başqa bir səbəb varmı incik düşməyinə?

- Dediyim kimi, ancaq bu səbəblərə görə bir az incimişəm.

İstəmərəm ki, şeirlərimin ayağına daş dəysin

- Reyhan xanım, ənənəvi bir sual da verim: əvvəllər şeir yazmağa başlayanda, dərc olunanda hansı hissləri keçirirsən?

- Siz özünüz də şairsiniz, sözsüz ki, mənim hansı hissləri keçirdiyim sizə də yaxşı tanışdır. Bir də görürsən, nəsə iş görürəm, yeni bir şeir yaranır, tez işimi yarımçıq qoyub, qaçıram dəftər-qələm üstünə. Yazıb qurtarandan sonra isə şeiri 2-3 dəfə oxuyuram, öz-özümə deyirəm ki, yəni bunu mən yazmışam? Yəni şeirlərimi heç vaxt oturub, düşünüb yazmamışam. Bütün şeirlərim mənə əzizdir, istəmərəm ki, şeirlərimin ayağına daş dəysin. Təbii ki, şeirlərim dərc olunanda sevincimin həddi-hüdudu olmur. İnsanda qəribə hisslər yaranır, elə hisslər ki, çox qarışıqdır, anlatması belə mümkün deyil, yalnız yaşayanlar bilər.

- Həyat yoldaşından gizlətdiyin şeirlərin çoxdur?

- Ümumiyyətlə elə bir şeirim yoxdur, o da mənim bir oxucumdur. Şairin oxucudan şeirlərini gizlətməyə haqqı yoxdur.

- Sən özünü xalq şairi kimi təsəvvür etmisən heç?

- Mən heç vaxt özümü xalq şairi kimi təsəvvür etməmişəm. Mənə görə xalq şairi yüksək bir zirvədir. O zirvəni fəth etmək üçün isə, hələ çox çalışmaq lazımdır. Ancaq düzünü desəm, mən xalq şairi olmaqdan çox, xalqın şairi olmaq istərdim!

Düzü, bunu gözləmirdim...

- İşdir, sənə xalq şairi adı verilsə, özünü necə hiss edərsən?

- Onu əvvəlcədən demək mümkün deyil, haçansa bu adı alsam, söz verirəm, sizinlə öz hisslərimi bölüşəcəyəm.

- Tənqidçilərin səni tərifləməsi çox olub?

- Bir dəfə Yazıçılar Birliyində tənqidçi Vaqif Yusifli ilə rastlaşdım. Mənə dedi ki, Reyhan, sənin şeirlərin haqqında yazmışam, oxumusanmı? Düzü, bunu gözləmirdim, hətta düşünürdüm ki, yəqin şeirlərimi tənqid edib. Ancaq yazını oxuyanda gördüm ki, mən şeirlərimlə Vaqif Yusiflinin diqqətini cəlb edə bilmişəm. Əlbəttə, tənqidçi tərəfindən şeirlərinin təriflənməsi hər bir şairi sevindirir və bu hər kəsə nəsib olmur, amma mən sağlam tənqidin də tərəfdarıyam. Çünki sağlam tənqid yazıçının, şairin püxtələşməsinə kömək edir. Tənqidçi və çox hörmət etdiyim Əsəd Cahangir də mənim şeirlərim haqqında gözəl fikirlər söyləyib. Hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm!

- Necə düşünürsən, Reyhan Kənan imzası ədəbi palitrada çoxmu dəyişiklik, fərqlilik etdi?

- Yox, ədəbiyyatda böyük bir çevriliş etməmişəm. Reyhan Kənan öz yaradıcılığı ilə sözün yaxşı mənasında hər zaman fərqlənməyə çalışıb, bunu necə bacarır onu bilmirəm, ancaq bildiyim tək şey var ki, Reyhan Kənanın məqsədi illər sonra Azərbaycan ədəbiyyatında özünəməxsus bir iz qoymaqdır və həyatı boyunca da məhz buna görə çalışacaq. Allah hamıya tutduğu mövqedə kömək olsun!

Tarix
2016.05.06 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla