Ana səhifə Gündəm |
Mayın 5-də əvvəlcə "Dağlıq Qarabağdakı separatçı rejimin
tanınması" ilə bağlı qanun layihəsinin Ermənistan hökuməti
tərəfindən qəbul olunması barədə məlumat yayıb, daha sonra bu
təkzib edən rəsmi İrəvan bircə gedişi ilə "nə etdiyinin fərqində
olmadığını" göstərdi.
APA xəbər verir ki,
eyni gündə, aralarında saat fərqli olmaqla rəsmi olaraq iki
bir-birini təkzib edən xəbər yayıldı. Birinci xəbər Ermənistan
hökumətinin qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması
haqqında qanun layihəsinə rəy verməsi idi. Həmin xəbərdə rəsmi
İrəvanın qanun layihəsinə rəy verərək sənədi parlamentə göndərdiyi
qeyd olunmuşdu. Sözügedən sənədin həmin gün hökumətin iclasında
Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan
tərəfindən təqdim edildiyi bildirilib.
Üstündən iki saat yarım keçəndən sonra isə bu xəbər tam təkzib olundu. Təkzib bəyanatı məlum qanun layihəsini parlamentə təqdim edən Savarş Köçəryanın işlədiyi nazirlikdən gəldi. İkinci xəbərdə qeyd olunurdu: "Ermənistan hökumətinin iki deputatın "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması təşəbbüsü ilə bağlı rəyi ətrafındakı söz-söhbətlər yersizdir. Hökumətin rəyi bu təşəbbüslə razılıq demək deyil. Ermənistan hansı halda Dağlıq Qarabağın müstəqilliyini tanıyacağını dəfələrlə açıq şəkildə bəyan edib. Etibarlı tərəfdaş kimi Ermənistan prezidenti bu kimi vacib qərarla bağlı əvvəlcədən öz həmkarlarını, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini məlumatlandıracaq".
Bu iki xəbər arasında diqqət çəkən bir əsas məqam var: rəsmi
Moskvanın ilk xəbərdən sonrakı reaksiyası. Moskva vaxtı ilə saat
12:23-də Kremlin sözçüsü Dmitri Peskov Ermənistan hökumətinin "DQR"
tanınması haqqında qanun layihəsinə rəy verməsi ilə bağlı xəbərə
münasibət bildirdi. Peskovun bəyanatında iki məqama diqqəti
yönəltmək vacibdir. Birinci məqam, Kremlin sözçüsünün məlum qanun
layihəsinin Moskva ilə müzakirə olunmadığını söyləməsidir. Cənab
Peskov bununla Yerevana Moskvanın həmin qanun layihəsinə rəy
vermədiyini çatdırdı.
İkinci məqam isə Putinin sözçüsünün "Bu kontekstdə qəbul olunacaq qərarı diqqətlə izləyirik. Sözsüz ki, əvvəlki kimi ümid edirik ki, tərəflər Dağlıq Qarabağda gərginliyin eskalasiyasına gətirib çıxaracaq addımlardan qaçacaq" bəyanatıdır. Peskov bununla Yerevana ikinci mesajını çatdırmış oldu. Bu, Rusiyanın Ermənistana "bundan sonrasına mən qarışmaram" ismarışı idi.
Əslində İrəvana mayın 4-də Rusiya XİN başçısı Sergey Lavrov da mesaj göndərmişdi. Yerli mediaya müsahibəsində Lavrov Ermənistanın bu məsələni müzakirə etmədiyini bildirmişdi: "Bu, parlamentin 2 üzvünün təklifidir. Ermənistan hökuməti də öz qanunlarına əsasən bu qanun layihəsi üçün yekun rəy hazırlamalıdır. Mən İrəvanda olanda və daha sonra həmkarımla telefon danışığı zamanı, eləcə də aprel hadisələrindən sonra o Moskvaya gələrkən aydın şəkildə bildirdilər ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Bu, o deməkdir ki, Dağlıq Qarabağın statusu birtərəfli qaydada deyil, ümumi razılıq əsasında müəyyənləşdiriləcək".
Lavrovun bu mesajını diqqətə almaq istəməyən Sərkisyan iqtidarı yenə də həmişəki kimi qaydaları pozmağa çalışdı. Lakin göründüyü kimi bu cəhd uğursuz alındı. Kremlin bircə bəyanatı ilə Ermənistan geri addım atmağa məcbur oldu.
Bəs İrəvanın "DQR" tanımaqla bağlı ortaya atdığı "Erməsnitan XİN-nin dili ilə desək, iki deputatın təşəbbüsü ilə bağlı rəy"in məqsədi nə idi?
Bu sualın cavabı çox da çətin deyil. Ermənistan aprel hadisələrindən sonra Rusiyanın nəbzini yoxlamağa cəhd edir. Sərkisyan hakimiyyəti yaxşı anlayır ki, "DQR"-in tanınması 20 ildən çoxdur ki, davam edən danışıqlar prosesinə, eləcə də ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyacaq. Nəzərə alsaq ki, bu danışıqlar prosesinin əsas təşəbbüskarı məhz Moskvadır, o zaman Yerevanın separatçı rejimin tanınması barədə təxribatın həm də Moskvaya qarşı yönəldiyini görməmək mümkün deyil.
Kremldə Qarabağdakı qondarma rejimin müstəqilliyinin Ermənistan
tərəfindən tanınmasının nəticəsini yaxşı anlayırlar. Bunun Bakı
üçün "casus belli" müharibəyə yaranan formal bəhanə olduğunu yaxşı
anlayan rəsmi Moskvanın İrəvana bu demarşına yaxın günlərdə cavab
verəcəyi gözləniləndir.
Bütün bu baş verənlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İrəvanla
Moskva arasında dərin fikir ayrılığının mövcudluğuna dəlalət edir.
Lavrovun İrəvana təkliflə getməsindən tutmuş Rusiya XİN başçısının
son müsahibəsindəki fikirlərin Sərkisyan hökuməti tərəfindən təkzib
edilməsi gözdən qaçılan faktlar deyil. Bir tərəfdən səsmi Moskva
Lavrovun İrəvana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təkliflə
getdiyini açıqlayır, Ermənistan XİN başçısı Edvard Nalbəndyan isə
Rusiya XİN başçısının heç bir təkliflə gəlmədiyini deyir. Lakin həm
Rusiya, həm də Azərbaycan və Ermənistan mediasında Lavrovun "5+2"
təklifi ilə Ermənistana getdiyini, Dağlıq Qarabağ ətrafındakı işğal
altındakı ərazilərin Azərbaycana qaytarılması ilə bağlı İrəvana
təkliflər verdiyi barədə fikirlər müzakirə mövzusu olur. Sərkisyan
hökuməti isə ciddi cəhdlə Lavrovun belə bir təkliflə çıxış
etmədiyini söyləyir.
Görünən odur ki, Sərkisyan iqtidarı rəsmi Moskvanın etibarını ya
itirib, ya da itirmək üzrədir. Kremlin təkliflərinə nümayişkaranə
şəkildə "yox" cavabı verilməsinin Sərkisyan iqtidarının sonunu
gətirəcəyi açıq-aydın görünür. Nəzərə alaq ki, 2017-ci ildə
Ermənistanda parlament seçkiləri keçiriləcək. Yeni konstitusiyaya
görə, ölkəni parlamentin seçdiyi baş nazir idarə edəcək. Səkisyan
bu posta özünü iddialı görür. Lakin Ermənistandakı hərbi xuntanın
Dağlıq Qarabağ cəbhəsində aprel məğlubiyyəti və Kremlə qarşı edilən
uğursuz demarşlar Sərkisyanın baş nazir postu ilə bağlı xəyalının
üstündən iki bir-biri ilə kəsişən qara xətt çəkib. Çox güman ki,
həmin xətlərdən birini məhz Kreml çəkib.
Tarix
2016.05.07 / 14:17
|
Müəllif
Axar.az
|