Yuxarı

“Düşmən tərəfə keçib, bizə qumbara atanlar var”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsəd Cahangirlə görüşüb söhbət etmək imkanını həmişə əldən vermişdim. Nə vaxt ki onunla söhbət etmək, hansısa layihədə fikirlərimizi paylaşmaq istəmişəm, görmüşəm ki, gecikmişəm. Müxtəlif mətbu orqanlara verdiyi müsahibələrdə verəcəyim sualların da yer aldığını görmüşəm, buna görə də həmişə söhbətimiz sonraya qalıb. Kifayət qədər nüfuzu və özünəməxsus imici olan Əsədlə söhbətimi fərqli bir müstəvidə qurmaq istədim və görüşüb söhbət etdik:

- Əsəd bəy, sizdən götürülən müsahibələrdə çox vaxt eyni suallar verilir. Çağdaş ədəbi mühit, ədəbiyyatımızın bu günü və sair. Bütün hallarda da səbirlə cavablandırırsınız. Yorucu olmur ki?

- Ümumən, jurnalistlərin sualları yeknəsəq, müsahibə almaq mədəniyyəti əksərən çox aşağıdır. Dünyada ən bərkgedən kəşfiyyat qurumlarının ən vacib sənədi bilirsiniz nədir? Bu təşkilatların tam məxfi sorğu-sual kitabçası. Jurnalistlərimizə məsləhət görərdim ki, fərqli suallar verməyi bacarsınlar, müsahiblərinin yaradıcılığını öyrənsinlər. Amma belələri az olur. Ona görə çox vaxt özümlə müsahibə aparmaq zorunda qalıram. Düzünü deyim ki, məndən müsahibə alan jurnalistlərin əvəzinə işləməkdən yorulmuşam. Ümid edirəm ki, siz bu cəhətdən istisna olacaqsınız.

- Bu elə mənim də istəyimdir. Sözsüz, bizim də söhbətimiz ədəbiyyatın başına fırlanmaqda davam edəcək, amma deyin, başqa yönümdə suallar gözləyirsinizmi?

- İstərdim ki, suallarınız son araşdırmalarımla bağlı olsun. Son bir neçə ayda xalq yazıçısı Elçinin "Baş" romanı ilə bağlı "Başlanğıc", tanınmış yazıçı Həmid Herisçinin hekayələri barədə "Ölüm-dirim" adlı məqalələrim dərc olunub və oxucu marağına səbəb olub.

Soyuq müharibə dönəminə daxil oluram

- O zaman, deyin, son yazılarınızı tənqidçi həmkarlarınız necə qarşıladılar?

- Hər belə araşdırmadan sonra adətən açıq tənqid olunardım. Bu dəfə tənqidçilər bostanıma gizli daş atdılar. Əleyhdarlarım artıq gizli dialoqa, şifrəli atmacalara üstünlük verirlər. Xülasə, yaradıcılığımın isti müharibə dövrünü bitirib, soyuq müharibə dönəminə daxil oluram.

- "Başlanğıc" adlı məqalənizdə Elçinin "Baş" romanının metafizik realizm üslubunda yazıldığını deyirsiniz. Metafizika və realizm anlayışları bir-birinə zidd deyilmi?

- Əsla. Baxır realizmə necə baxırsan. Reallıq mövcud olan deməkdir. Bizim onu görüb-görməməyimizin burda elə bir önəmi yoxdur. Biz Allahı da görmürük, amma O var. Metafizik reallıq gözəgörünməyən reallıqdır. Odur ki, metafizika anlayışı realizmə nəinki zidd deyil, əksinə, onun sərhədlərini genişləndirir və gerçəkliyə daha konseptual yanaşmağı tələb edir.

- "Ölüm-dirim" məqalənizdə Həmid Herisçinin son hekayələrini əsas götürməyiniz nə ilə bağlıdır? Niyə məhz Həmid Herisçi? Və Həmidin niyə məhz son hekayələri?

- "Nekroloq" romanı Herisçinin yaradıcılığının ölüm dövrü idi. "Solaxay" romanı ilə Həmidin yaradıcılığında dirilmə başlayır. Onun son hekayələri isə bu dirilməyə gedən konkret yollar, üsullardan bəhs edir. Həmidin ədəbi yaşıdlarında isə bir qayda olaraq, ölüm var, amma dirilmə yoxdur. Məqaləmdə Həmidin son hekayələri üzərində özəl olaraq dayanmağımın səbəbi budur. Bu hekayələrdə ədəbi-bədii düşüncəni qapsamış ölüm durumundan çıxış potensialı var.

Ədəbi fərarilər çoxdur

- Çıxış dediniz, mövzunu dəyişim, deyin, Qarabağ problemindən çıxış yolunu necə və nədə görürsünüz?

- Bizim işimiz Qarabağ düyününü ədəbi mətnlərdə həll etməkdir. Bunu edə bilsək, döyüş meydanlarında da oxşar nəticələr qazanarıq. Təəssüf ki, yazıçılarımızın çoxu əksini düşünür. Gözləyirlər ki, qələbə çalaq, sonra yazsınlar. Qarabağ uğrunda ədəbi döyüşlərə qatılan yazarların sayı çox deyil. "Ömür urası" romanının müəllifi Sabir Əhmədli, "Dolu" romanının müəllifi Aqil Abbas və sair. Əfsus ki, düşmən tərəfə keçib, oradan öz ədəbi taqımına qumbara atanlar da var - məsələn, "Daş yuxular" romanının müəllifi Əkrəm Əylisli. Məncə, müəllif öz romanının adını dəyişib "Çaş yuxular" qoysa, daha yaxşı olardı. Qarabağ mövzusunda ümumən yazmayanlar - ədəbi fərarilər isə daha çoxdur.

- Zaman-zaman ədəbi cəmiyyət adamlarımızın erməni-müsəlman (türk) münasibətlərini özündə əks etdirən əsərləri yazılıb. Amma çoxunda axırda dostluq qalib gəlib. Məlum olub ki, atan heç də ermənilər olmayıb, "atan kazaklardır".

- Gəlin, 1905-ci ilə qayıtmayaq. Keçmişə yox, gələcəyə baxaq. Bu dəfə olsun ki, atan kazaklar yox, kovboylar olsun.

- Azərbaycan ədəbiyyatında bəladan çıxış yolunu göstərə bilən əsər yazılıbmı, yazılırmı?

- "Ölüm-dirim" adlı məqaləmdə bu suala səkkiz qəzet səhifəsi həcmində cavab vermişəm. Biri elə Herisçinin "Solaxay" romanı və son hekayələri. Ədəbiyyatın ən böyük bəlası mətni Allaha pənah başlayıb, Əzrayılın köməyi ilə bitirmək, yəni əsərin sonunda məsələni həll etməyib, onu ölümün ixtiyarına verməkdir. Ədəbiyyatşünaslıqda buna dekadans deyirlər. Ədəbi ölümdən çıxış yolunu mənəvi-ruhi dirilmədə görürəm. Bu isə postinsan ideyasında reallaşa bilər. Bu dirilmənin örnəkləri Herisçidən öncə İsa Muğannanın "Məhşər", "İdeal" və "Əbədiyyət" romanlarında mövcud idi. Muğannanın ideal qəhrəmanının övladı yoxdur. Əslində isə o, postinsanın ədəbiyyatımızdakı atasıdır. Xülasə, bu mövzuda ədəbiyyatımızın əzəl mübtədası var. İnanıram ki, onun xəbəri, tamamlığı, təyini də olacaq.

Heç kəs peyğəmbər olmayacaq

- Postinsanın əgər atası varsa, demək, babası da var.

- Bizdə?

- Hə

- Babası Dədə Qorqud, Nizaminin İsgəndəri, Nəsimi və Xətai.

- Bəs dünyada?

- Adəmdən Xatəməcən bütün peyğəmbərlər mahiyyətcə postinsan olub.

- Belə çıxır ki, postinsan gələcəyimizdə hamı peyğəmbər olacaq?

- Hamı peyğəmbər olacaq və demək heç kəs peyğəmbər olmayacaq. Çünki peyğəmbərə ehtiyac olmayacaq.

- Əsəd bəy, söhbətimizin mövzusuna bir az da rəng qatım, tanınmış tənqidçisiniz. Çoxları istəyib haqqında yazasınız. Çoxmu olub o istəkləri ümidsiz qoymayasınız?

- Başqalarının istəyini yerinə yetirmək tənqiddə özəl bir janrdır və bizdə onun öhdəsindən ən yaxşı gələn Vaqif Yusiflidir. Mən adətən öz istəyimlə yazıram.

Azərbaycanla münasibətlərim pozula bilər

- Jurnalist kimi imzanız göründü, tənqidçi kimi fəaliyyətiniz sizə şöhrət gətirdi. Niyə birdən-birə şeir yazmaq keçdi könlünüzdən? Şairlər sizi qane etmədi, yoxsa yazmasam ölləm, məsəli idi?

- Gəldi, yazdım, gəlsə, yenə yazaram. Gəlməsə, məqalə və esselərimi yazmaqda davam edəcəm.

- Bir də gözümüzü açdıq ki, musiqi də bəstələyirsiniz.

- Bədii yaradıcılıq məsələlərində özümü zorlamıram. Qarşıma nə şair, nə bəstəkar, nə də tənqidçi olmaq məqsədi qoymamışam. Özümü daha çox ürfan adamı sayıram. Bütün janrlarda eyni sözü deyirəm. Fərqli janrlara müraciətlər zahiridir. Son mahnım "Koroğlu" dastanındakı bir şeirə yazılıb. Mahnı məşhur bir Təbriz aşığının ifasında səslənəcək. Gözünüzü açıb məni yeni ampluada görmək məsələsi isə hələ bitməyib. Ola bilər ki, sabah gözünüzü açıb, tamam fərqli janrda, fərqli imicdə görəsiniz. Yaradıcılıq gözlənilməzlik deməkdir. Sağ əlim on-beş ildən bəri eyni janr və mövzunun çərçivəsindən çıxmayanların başına.

- Adınız qalmaqallarda da az hallanmadı. Niyə o adamlarla yola getmək olmur?

- Axı o adamlar hara gedir ki, onlarla yola da gedəsən? Onlar yerində sayır.

- Məsələn, işlədiyiniz "Azərbaycan" jurnalında da münasibətlərinizin pozulduğu qələm adamları oldu.

- Nəinki "Azərbaycan", hətta Azərbaycanla da münasibətlərim pozula bilər, amma ədəbiyyatla heç vaxt pozulmayacaq.

Məşhurların nəşi məsciddən götürülməlidir

- Ürəyiniz istəmədiyi halda, kiminsə haqda yazmısınız?

- Mücərrəd suallar verirsiniz. Nə bilirsinizsə, konkret deyin. Ürəyim istəmədən harada, nə vaxt, kimin haqqında yazmışam? Xatırlamıram.

- Şəxsi münasibətlərinizdən irəli gələrək, kiminsə gözəl əsəri haqda susmağınız olubmu? Olubsa, bu susqunluq içinizi tərpədib, sizi rahatsız etməyib ki?

- Allaha şükür ki, ədalət hissini itirməmişəm. Şairli, tənqidçili, nasirli ədəbi mühitdə özümdən ədalətli adam tanımıram.

- Bu günlərdə Feysbuk statuslarınızdan birində teatrı "şeytan yuvası" adlandırmağınız geniş rezonans doğurdu. Sizi teatrsevər bir yazar, teatrı izləyən və teatrdan yazan bir şəxs kimi tanıyan toplum bundan şoka düşdü.

- Əslində, statusumda teatr problemi yox, cənazənin haradan – məscid, yoxsa teatrdan götürülməsi məsələsindən söz gedirdi. Məncə, məşhurların nəşi teatrdan yox, məsciddən götürülməlidir. Bu, sadəcə, məişət hadisəsi yox, ideoloji məsələdir. Cənazənin teatrdan götürülməsi sovet dövrü ənənəsidir. Bunda məqsəd 1500 illik dəfn ənənəmizi, dinimizi, Allahımızı şüurlardan silmək idi. İndi şükürlər olsun ki, allahsız sovet rejimi yoxdur. Niyə öz qanuni dəfn ənənələrimizə qayıtmayaq? Teatrdan ölü götürmək məsciddə tamaşa vermək qədər absurd deyilmi? Ölüləri teatrdan götürmək yalançı kommunist ənənəsinin, ən yaxşı halda maarifçi xurafatın son qalıqlarından biridir.

- Narazılıq doğuran sizin teatrı "şeytan yuvası" adlandırmağınız olub.

- Harada oyun çıxarmaq varsa, orada şeytanilik var. Teatr oyun məkanıdır, orada baş verənlər illüzyor xarakterlidir. İkincisi, teatr başlanğıcda ilahi sənət kimi yaransa da, insanın bütün fəaliyyət sahələri kimi sonradan tədricən şeytaniləşib. Bugünkü teatrın qəhrəmanları antik yunan allahları, yaxud Kərbəla çölündə qurban gedən şəhidlər deyil. Bugünkü teatrda Allahın obrazı yoxdur. Şeytan isə hər mizan, hər replikada görünür. Bu şeytaniləşmə daha çox on səkkizinci əsrdən sonra özünü göstərməyə başlayıb.

Özü də teatrın şeytan yuvası olduğunu deyəndə konkret olaraq hansısa Azərbaycan teatrını yox, ümumən teatr anlayışını nəzərdə tuturdum. Bu məsələ ilə bağlı etiraz edənlər fikrimi çox bayağılaşdırır, ənənəvi məişət planına, dedi-qodu səviyyəsinə endirir, hətta söyüşə, epataja çevirirlər. Teatr tamaşalarını ən çox izləyən biri kimi o yalançı teatrbazları hər hansı tamaşada gördüyümü xatırlamıram.

- Çox cəhd etdim ki, sizinlə fərqli bir söhbət edəm, bilmirəm alındı, yoxsa, yox.

- Alındı, amma təkcə sizin yox, həm də mənim cəhdim hesabına.

Tarix
2016.05.11 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla