Yuxarı

“Aprel döyüşləri göstərdi ki...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məzahir Süleymanzadə imzası jurnalistikamızda özünəməxsus yeri, möhürbəndi olan bir imzadır. Tanınmış jurnalistlə görüşüb söhbət etmək, onun "Xatirə dəftəri"ni vərəqləmək istəyim həm Axar.az rəhbərliyi, həm də elə ustad jurnalist tərəfindən razılıqla qarşılandı. Beləcə, tanınmış jurnalist-yazar Məzahir Süleymanzadə ilə söhbətimizin oxucularımız tərəfindən də rəğbətlə qarşılanacağı əminliyi ilə müsahibimlə görüşə yollandım. Əhval-ruhiyyəsinin yüksək olmasını görsəm də, səhhəti və ovqatı ilə maraqlandım:

- Məzahir müəllim, necəsiniz?

- Cəbhədəki vəziyyətlə bağlı nigaranlığı, səhhətimdəki bəzi problemləri, kirayədə yaşamağın üzüntülərini nəzərə almasaq, yaxşıyam.

Üzüntülü söhbətə yer vermək istəmədim:

- Deyəsən, son vaxtlar boş vaxtınızın əsas hissəsini nəvələrinizlə bir olmaqla və sosial şəbəkədə xatirələrinizi vərəqləməklə keçirirsiniz?

Nəvələrindən bəhs etməyim onun sifətinə babalara yaraşan təbəssüm çilədi:

- Nəvələrim - Məryəmlə Mədinə həyatımın mənası, şeirlərimin, nağıllarımın qəhrəmanlarıdırlar. Onların sayəsində yüzlərlə, minlərlə uşaq mənə "baba" deyir. Xoşbəxtəm ki, indi Yer üzündə ən çox nəvəsi olan babayam. Məryəm və Mədinəyə müxtəlif ölkələrdən məktublar gəlir. Cənubi Amerikada, Afrikada, Kanadada yaşayan, üzünü görmədiyim bir uşağın mənə "baba" deyə müraciət etməsi qəlbimdə kövrək hisslər oyadır və məni hədsiz sevindirir. Bilirsiniz ki, xeyli vaxtdır uşaqlarla bağlı "Məzahir babanın balaca qonaqları - ocaq başında baba - nəvə söhbəti" adlı xüsusi layihə çərçivəsində çoxlu şeir, nağıl yazmışam. Bir ay əvvəl "Ata Holdinq" Şirkətlər Qrupunun təşkilatçılığı ilə "Excelsior" otelində Bakı məktəblərində təhsil alan istedadlı şagirdlərin mənimlə görüşü keçirildi. Uşaqların ifasında öz şeirlərimi eşidəndə, onlarla birlikdə Azərbaycan himnini oxuyanda uçmağa qanad axtarırdım! O ki qaldı xatirələrə, bunsuz həyat olmaz ki... Mən xatirə yazmağı və ötən günləri yada salmağı xoşlayıram.

Axır ki, layihəmizlə bağlı fikrimi və verəcəyim sualı ünvanladım:

- Sizinlə "Xatirə dəftəri" layihəsində üz-üzəyik, kitab kimi oxuna bilən həyatınız olub, oxucularımız üçün vərəqləmək istəyirəm bəzi anlarını, vaxtınız varmı?

- Əlbəttə, var. Yaxşı dediniz, kitab kimi oxuna bilən həyatım olub. Əslində, bu həyat kitab kimi oxunub və maraqla qarşılanıb. Mənim müxtəlif illərdə nəşr olunmuş "İzim qalmasa da, sözüm qalacaq", "Güllələnmiş qəzet", "Jurnalist ömrünün naxışları", "Bir qucaq çiçək" kitablarım acılı-şirinli xatirələrdən ibarətdir. Həyatım olduqca maraqlı keçib. Şübhəsiz, buna görə mənə hələ üç yaşımda oxumağı-yazmağı öyrədən anam Umleyla Nəcəfqulu qızına, məni kişi kimi böyüdən atam Bəybala Güləli oğluna minnətdaram. Sonra da Şamaxı ədəbi mühiti, tanınmış ziyalıların xeyirxah münasibəti. Sizə səmimi bir söz deyim, bax, bu gün mənimlə az-çox tanınan yazıçı-jurnalist kimi söhbət edirsiniz, amma iş elə gətirə bilərdi ki, mənə rəssam, aktyor, hətta pəhləvan, general kimi suallar verərdiniz. Şamaxılılar bilirlər, mənim çoxşaxəli inkişaf perspektivlərim olub. Hələ gənc ikən çəkdiyim rəsmlər, bədii fotolar respublika və ittifaq mətbuatında dərc edilib, Şamaxı Xalq Teatrında səhnə həyatım olub, əməkdar məşqçi Xankişi Hüseynovun yetişdirdiyi tanınmış pəhləvanlardan biri kimi yaddaşlarda qalmışam. İlk yazılarım mətbuatda dərc olunanda beşinci sinifdə oxuyurdum. Bu yaxınlarda Anarın düz 45 il bundan əvvəl mənə yazdığı məktubları oxuculara təqdim etdim. Tək Anar deyildi, Rəsul Rza, Qabil, Tofiq Bayram, Məsud Əlioğlu, Əzizə Cəfərzadə, Fikrət Sadıq, Musa Yaqub kimi qüdrətli qələm sahibləri ilə ünsiyyətdə olurdum, günüm Mirzə Ələkbər Sabirin, Seyid Əzim Şirvaninin məzarı başında keçirdi. Belə bir mühitdə yetişməmək mümkün deyildi. Mən Şamaxıdakı S.M.Qənizadə adına 1 nömrəli şəhər orta məktəbinin məzunuyam. Tbilisidə Ali Hərbi Jurnalistika Məktəbini bitirmişəm. Lvov Ali Hərbi Siyasi Məktəbinin jurnalistika fakültəsində, Moskva İctimai Elmlər Akademiyasında təhsil almışam, nəhayət, Azərbaycan Dövlət Universitetinin 1979-cu il məzunu olmuşam. "Krasnaya zvezda", "Leninskoye znamya" qəzetləri, "Sovetski voin" jurnalı ilə əməkdaşlıq etmişəm. "İdman" - "Sport" qəzetinin xüsusi müxbiri, "Kommunist" qəzetinin redaktor müavini, "Səhər" qəzetinin baş redaktoru vəzifələrində çalışmışam.

Qəzet alırsan, oxumağa heç nə tapmırsan

- Deyin, yeniyetməlik, gənclik illərinizdə uzağa - bu günlərə qədər olan günlərinizə can atmağınız olurdumu, yəni illəri, hadisələri qabaqlayırdınızmı ki, hansı mərtəbəyə, hansı məqama nə vaxt çatacağam...

- Əlbəttə, olurdu və bu istəklərimin müəyyən hissəsi gerçəkləşdi. Məsələn, qeyd etdim ki, anam mənə yazıb-oxumağı üç yaşımda öyrədib. Yazdığım, oxuduğum ilk sözlər bilirsiniz hansılar olub? "Kommunist" və "Stalin" sözləri. Qarnı üstə yerə uzanıb qarşıma sərdiyim "Kommunist" qəzetinin adını olduğu kimi köçürürdüm. Qəzetdə ən çox rastlaşdığım "Stalin" sözünü də eləcə. Şübhəsiz, üç yaşlı uşaq bu sözlərin mənasını anlaya bilməzdi. Orta məktəb illərində "Kommunist" qəzetində kiçik xəbərlərim, əmək adamları haqqında məqalələrim dərc olunurdu. Ən maraqlısı bilirsiniz nə idi? Orta məktəb şagirdinin yazıları "Kommunist" qəzetində nöqtəsinə, vergülünə toxunmadan oxuculara çatdırılırdı. O vaxt qəlbimdə respublikanın bir nömrəli qəzetində işləmək arzusu yaranmışdı. Mən bunu arzulasam da, can atmırdım. Taleyin hökmü ilə universiteti bitirdikdən sonra, 1980-ci ildə məni "Kommunist"ə dəvət etdilər, bir qədər sonra isə bu qəzetin tarixində ən cavan redaktor müavini oldum. "Səhər"lə bağlı arzularım da qəlbimdə o vaxtlar baş qaldırdı.

- Məzahir müəllim, siz bizim köhnə nəsil jurnalistlərimizdənsiniz. Bu günün jurnalistikası dünənlə müqayisədə nəyi uduzur, nəyi qabaqlayır?

- Bizim nəsil jurnalistləri daha peşəkar, daha məsuliyyətli, daha savadlı idilər. O zaman jurnalist peşəsinin hörməti, nüfuzu indikindən qat-qat artıq idi. Jurnalistlər cəmiyyətin aparıcı qüvvəsi kimi ictimai fikrə təsir edə bilirdilər. Vəzifə sahibləri də qəzetlərdən, jurnalistlərdən çəkinirdilər. Çünki dəfələrlə jurnalistin tənqidi qeydləri ən yüksək səlahiyyətli orqanlarda müzakirə olunmuş, ciddi tədbirlər görülmüşdü. O zaman ən ciddi jurnalistika janrları oçerk və felyeton sayılırdı. Bu janrlarda yazmaq da hər jurnalistin işi deyildi. Bir də ən əsası, fakta münasibət, məsuliyyət məsələsi çox vacib amil idi. Mətbuatda dərc olunan yüzlərlə tənqidi yazının heç biri təkzib olunmurdu. Çünki jurnalist təsdiq edilməmiş, yoxlanılmamış faktlardan istifadə etmirdi. Bir də ki tiraj məsələsi. Qəzetlərimiz yüz minlərlə tirajla nəşr olunurdu və sözümüz dərhal hər bir Azərbaycan ailəsinə çatırdı. Yaxşı jurnalistlərin imzaları tanınırdı. Əlbəttə, dövrün ideoloji təsirindən doğan mənfi cəhətlər də var idi... İndi zaman dəyişib, qəzetlər hörmətdən düşüb. Qəzet oxuyan gündən-günə azalır. Ədalət naminə demək lazımdır ki, bu məsələdə oxucunun günahı yoxdur. Bir qoltuq qəzet alırsan, oxumağa heç nə tapmırsan. Məddahlıq, yaltaqlıq, riyakarlıq, qeyri-peşəkarlıq baş alıb gedir. Qəzetlər inkubator cücəsi kimi bir-birinə bənzəyir, hamısı sapsarı. Elektron kütləvi informasiya vasitələri daha operativdirlər, onların da arasında reytinq dalınca qaçanı çoxdur. Bu günün jurnalistlərinin əsas üstün cəhətləri ondadır ki, xarici dil bilirlər, kompüter texnikasından yaxşı baş çıxarırlar, dünya onların gözlərinin qabağındadır. Təəssüf ki, kriminal hadisələrə, şou-biznesə, hətta qərəzli, məqsədli informasiyaya meyil güclüdür, saytlar arasında rəqabət sağlam deyil, piratçılıq baş alıb gedir...

Xocalı soyqırımı haqqında ilk həqiqi informasiyanı...

- Kimləri xatırlayırsınız, kimlərin imzası üçün yaxşı mənada həsəd çəkmisiniz ilk qələm təcrübələriniz zamanı?

- Əhməd İsayev, Əli İldırımoğlu, Sadıq Qarayev, Şamil Şahməmmədov, Rəfail Nağıyev, Hidayət Zeynalov, Firdovsi Zamanov, Şahmar Əkbərzadə, İlham Rəhimli, Möhbəddin Səməd... Şəxsiyyətinə və imzasına hörmət bəslədiyim jurnalist çoxdur. İş elə gətirdi ki, onların əksəriyyəti ilə iş yoldaşı oldum, birgə fəaliyyət göstərdik.

- Bilirəm, dəfələrlə bu haqda bəhs etmisiniz, həm də bu yaxın və qadalı, qanlı tariximizin bir səhifəsinə çevrilib. "Səhər" qəzetinin yarandığı günü və sonralar qanlı faciəmizlə bağlı gördüyünüz işləri deyirəm. Xatirənizdə necə qalıb?

- "Səhər"in adı çəkiləndə hamı 1990-cı ilin Qanlı Yanvarını xatırlayır. Əlbəttə, o ağır günlərdə iki milyon tirajla qəzet buraxıb informasiya blokadasını yarmaq ömrümüzə yazılan hadisədir. Ancaq "Səhər" 1989-cu il avqustun 4-dən nəşr olunur və müstəqil Azərbaycan mətbuatının ilk qaranquşu sayılır. Xocalı soyqırımı haqqında ilk həqiqi informasiyanı da oxuculara, beynəlxalq ictimaiyyətə "Səhər" çatdırıb. "Səhər" təqribən il yarım ərzində Azərbaycanda nəşr olunan yeganə gündəlik nəşr olunub. O zaman nüfuzlu xarici kütləvi informasiya vasitələri üçün ən etibarlı xəbər mənbəyi "Səhər" idi. "Səhər"in yüksək tirajla, rus, ingilis, fars, ivrit və hətta erməni dilində xüsusi buraxılışları nəşr edilib. O ki qaldı qəzetin yaranma tarixinə... Bu, mənim partizanlığımın nəticəsində mümkün oldu. Unudulmaz Cəmil Əlibəyov "Kommunist"in redaktoru idi. O zaman yeni bir qəzet açmaqdan söhbət belə gedə bilməzdi. Bunun üçün Moskvanın icazəsi tələb olunurdu. Biz çox baş sındırdıq, axırda Cəmil müəllimi razı saldıq ki, "Kommunist" qəzetinin həftədə bir dəfə 6 səhifə həcmində çıxması üçün Azərbaycan KP MK-ya müraciət etsin, bu məqsədlə redaksiyaya kağız ehtiyatı ayrılmasına nail olsun. Bu qərar 1989-cu il aprelin 4-də verildi. Cəmil Əlibəyov tez-tez soruşurdu ki, bəs qəzet nə vaxt 6 səhifə çıxacaq? Mən gənc jurnalistlərimiz Zülfüqar Rüfətoğlunun, Araz Qurbanovun, Elman Qədirovun, Bəxtiyar Sadıqovun, Akif Qəhrəmanovun... iştirakı ilə materiallar hazırladım, "Səhər" sözünün qrafikasını da özüm yazdım. Mətbəədə bir neçə işçini səfərbər edib qəzeti çapa hazırladım. Heç kəsin bundan xəbəri olmadı. Səhər tezdən qəzet köşklərində "Səhər" göründü və 400 min tirajla çıxan qəzet günortayadək satılıb qurtardı. İşə gedən kimi Cəmil Əlibəyov məni yanına çağırdı, mən də dinməz-söyləməz xidməti vəsiqəmi çıxarıb stolun üstünə qoydum. Bilirdim ki, belə partizanlıq heç zaman bağışlanmır... Cəmil müəllimi təcili Mərkəzi Komitəyə çağırdılar. Tez qayıtdı, üzü gülürdü, əlində də "Səhər" qəzeti. Qəzetin üzərində MK katibinin dərkənarı var idi: "Təbrik edirəm! Qəzeti belə buraxarlar!" Cəmil Əlibəyov xidməti vəsiqəmi özümə qaytardı. Onun sözləri indiki kimi yadımdadır: "Sən ona görə belə cəsarətlisən ki, 1937-ci ili görməmisən..." O gündən "Səhər" müntəzəm nəşr olunmağa başlandı, Cəmil müəllim heç vaxt işimə müdaxilə eləmədi. 1991-ci ilin yanvarından "Səhər" müstəqil, gündəlik nəşrə çevrildi və mətbuat tariximizə yeni səhifələr yazdı...

Allah məni mükafatlandırıb

- Vətənpərvərliyinizlə seçilmisiniz, örnək olmusunuz həmişə. Bu günün azərbaycanlısı nə qədər vətənpərvərdir?

- Vətənpərvərlik elə bir hissdir ki, onu hər zaman ifadə eləmək, nümayiş etdirmək olmur. Bu ilin aprel döyüşləri göstərdi ki, xalqımız bu hissdən məhrum deyil. Vətənin, xalqın mənafeyi naminə birləşə bilirik. Bu, bir vətəndaş kimi məni çox sevindirir.

- Sosial şəbəkədə bəzi statuslarınızda kövrək, duyğusal anlarınızı paylaşırsınız, bu nədən irəli gəlir? Ötən günə gün çatmaz, yoxsa ötənlərdə arzuladıqlarınızdan gerçək olmayanları var hələ?..

- Mən təbiətən kövrək, duyğusal adamam. Böyük məhəbbət yaşamışam və bu məhəbbəti övladımla birgə çox gənc yaşlarımda itirmişəm. Allah bəzən çiynimə daşıya bilməyəcəyim qədər məsuliyyət yükü qoyub. Düşünürəm ki, bu çətin sınaqdan çıxa bilmişəm və Allah da məni iki mələk nəvə ilə mükafatlandırıb.

- Xatirələrinizi də dilə gətirirsiniz, o gün Əbülfət Novruzun bir şeirini oxuyub Məlhəm kəndinin çənini, dumanını təsvir etmişdiniz. Yurd yerlərinin şirini, acısı nə qədər sizi özünə çəkir?

- Gəncliyimiz Əbülfət Novruzla eyni dövrə təsadüf etsə də onunla şəxsən tanış deyiləm. Sağ olun ki, bu gün qürbətdə yaşayan şairin şeirlərinə belə qayğıkeş münasibət göstərirsiniz, biz də belə poeziya nümunələri ilə tanış oluruq. Mən dünyanın yüzdən çox ölkəsində, mindən çox şəhərində olmuşam. Amma Azərbaycanda olan gözəlliyi, cazibədarlığı heç yerdə görməmişəm. Yeri gəlmişkən, Azərbaycanın da bütün bölgələrini gəzmişəm. Ona görə Əbülfətin ustalıqla təsvir etdiyi Məlhəm çəninin qiymətini yaxşı bilirəm. Bir müddət M.Ə.Sabirin ev muzeyinin, S.Ə.Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru olmuşam, gələn qonaqlara doğma yurdumu məhəbbətlə təqdim etmişəm. Bu gün də yurd nəğmələrini zümzümə edirəm, Şamaxının havası ilə nəfəs alıram, Qırxbulağın suyunu içirəm. Amma qəlbimdə bir nigaranlıq, ağrı da var. Şamaxı indi mənim böyüyüb boya-başa çatdığım şəhər deyil. Mənəvi mühit korlanıb, Şamaxı ziyalısının səsini batırıblar, Şamaxını bütün dünyaya tanıdan ənənələri məhv ediblər. Heç deyəsən, Şamaxıda yazıb-yaradan da yoxdur...

Axırda gəlib üzr istədi, dedi ki...

- Siz həm də tanınmış yazıçımızsınız. Bədii əsərlərinizin taleyindən razısınızmı?

- Bədii yaradıcılıqla yeniyetməlik illərindən məşğul olsam da, Yazıçılar Birliyinin təzə üzvlərindənəm. "Cıdır düzündə toy" sənədli povestimin təqdimatı Şamaxının Cəmcəmli kəndində, açıq havada, vaxtilə anamın çalışdığı xırman yerində oldu, unudulmaz anlar yaşadım. "Ocaq başında" adlı şeirlər kitabım da maraqla qarşılanıb. İndi oxucularla əsasən sosial şəbəkədə ünsiyyətim olur. Hiss edirəm ki, ovqat şeirlərimə maraq göstərirlər. Uşaqlar üçün "Çiçək ətirli Məryəm" kitabım çıxandan sonra oradakı bəzi hekayələr rus və ingilis dillərinə də tərcümə olunub. İlin sonunadək daha üç kitabla oxucuların görüşünə gəlmək istəyirəm. Biri şeir kitabı olacaq, biri nəsr, o biri də publisistika...

- Heç olmayıbmı ki, sizə mane olsunlar, get-gələ salsınlar? Bəlkə "Xatirə dəftəri"nizin sizi məyus edən səhifələrini vərəqləyək?

- Yox, heç vaxt get-gələ salınmamışam. Mənə mane olublar, əlbəttə, amma çox vaxt bundan sonralar xəbər tutmuşam. Məsələn, 1971-ci ildə Şamaxı rayon Partiya Komitəsinin təqdimatı ilə Moskvada, Sov. İKP MK-da belə bir qərar qəbul edilmişdi ki, məni Leninqrad Mədəniyyət Universitetinə imtahansız qəbul etsinlər. Atamla təyyarəyə bilet aldıq, Leninqrada uçmağa hazırlaşanda məlum oldu ki, sənədlərim yoxa çıxıb... Bu sənədləri bir də iki ildən sonra, təşkilat şöbəsinin müdirinin stolunun gözündən tapdılar. Bir də mən "Kommunist" qəzetinə redaktor müavini təyin olunanda maneçilik törətməyə çalışdılar. Redaktorumuz Ramiz Əhmədovun təkidi ilə üç MK katibinin - Rafiq Zeynalovun, Əfrand Daşdəmirovun və Telman Orucovun iştirakı ilə seçki keçirildi. Yalnız bir nəfər əleyhimə səs vermişdi. Mən də ömrüm boyu ona hörmət elədim. Axırda gəlib üzr istədi, dedi ki, sözü bir yerə qoymuşduq ki, sənin əleyhinə səs verəcəyik, məni aldatdılar, pis vəziyyətdə qaldım...Lap qoy qaranlıq qalmasın deyə, o əməkdaşımızın adını da deyim, Əşrəf Hacıyev.

Səhnədən ləyaqətlə getməyi üstün tutdum

- Məzahir müəllim, deyin, nələr siz istəmədiyiniz kimi oldu?

- Çox şey mən istəmədiyim kimi oldu. Azərbaycan mətbuatında ara qarışdı, məzhəb itdi. İş bacarmayanlar, peşəkar jurnalistlərin kölgəsində qalanlar vəzifə başına keçdilər, əvvəlcə "Səhər"i ələ almağa çalışdılar, gördülər ki, bu, mümkün deyil, məni sıxıb suyumu çıxardılar. Təvazökarlıqdan uzaq da olsa, mənim evimi elə bu təvazökarlıq yıxıb, həqiqət bundan ibarət idi ki, "Səhər"in yerişini heç bir qəzet yeriyə bilməzdi, heç bu gün də yeriyə bilmir. Mən öndə olanda onlar görünmürdü. Onların ilk sıraya keçməsi üçün üzümə gülə-gülə, tərifləyə-tərifləyə məni mənəvi cəhətdən edam etdilər... Əlbəttə, vəziyyətdən çıxmaq üçün kiməsə sığınmaq, ağız açmaq, yaltaqlıq eləmək lazım idi. Amma mən səhnədən ləyaqətlə getməyi üstün tutdum. "Səhər"i qurban verib ləyaqətimi qorudum. Getdim ki, sular durulandan sonra yenidən qayıdım. Artıq sosial şəbəkələrdə bu qayıdışın hərarəti duyulur.

- Yenə də sərbəst vaxtlarınıza qayıtmaq istəyirəm. Xatirələrinizlə baş-başa qalmaq xoşdur, yoxsa köhnə-təzə dostlarla yeni xatirələr olacaq günlərin yaşanması?

- Xatirə yazmaq, ötən günləri yada salmaq, əlbəttə, xoşdur. Çünki xatirələrim milli-mənəvi dəyərlərlə, çox görkəmli, dünya şöhrətli şəxsiyyətlərlə, müstəqilliyimizin ilk illəri ilə bağlıdır. Köhnə, təzə dostlarla yeni xatirələrə çevriləcək günlərin yaşanması isə mənim sonrakı həyatımın mənasıdır. Mən hər gün yazı masamın arxasındayam. Gözüm görür, qulağım eşidir, beynim düşünür, qələmim yazır. Məzahir Süleymanzadə imzası hələ tarixə qovuşmayıb...

Tarix
2016.05.18 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla