Ana səhifə Gündəm |
Azərbaycan Mətbuat Şurası Ukraynanın "Mirotvorets"
Tədqiqatlar Mərkəzinin öz saytında yerli və xarici jurnalistləri
terrorizmə dəstəkdə ittiham etməsi və onların fərdi məlumatlarını
açıqlaması ilə bağlı bəyanat yayıb.
APA-nın məlumatına
görə, bəyanatda bildirilir ki, Ukraynanın "Mirotvorets" Tədqiqatlar
Mərkəzi öz saytında davamlı olaraq yerli və xarici jurnalistləri
"Donetsk Xalq Respublikası" (DXR) və "Luqansk Xalıq Respublikası"
(LXR) adlanan quruluşlarla əməkdaşlıqda günahlandıraraq, onları
terrorizmə dəstəkdə ittiham edir və fərdi məlumatlarını
açıqlayır.
"Bu günə kimi dünyanın aparıcı KİV-inin nümayəndələri də daxil
olmaqla, 5 minə yaxın jurnalist barədə informasiya açıqlanıb.
"Mirotvorets" hesab edir ki, həmin jurnalistlər "DXR" və "LXR"
ərazisinə səfər etməklə, həmin quruluşlarda akkreditasiyadan
keçməklə Ukraynanın ərazi bütövlüyünü təhdid edir, separatizmin və
terrorçuluğun genişlənməsinə xidmət göstərirlər.
Bir müddət öncə mərkəz tərəfindən açıqlanmış yeni siyahıda müxtəlif
ölkələrdən olan 293 nəfər jurnalistin, o cümlədən Azərbaycan
KİV-ini təmsil edən 11 nəfərin adı və fərdi məlumatları əks
etdirilib.
Mətbuat Şurası məsələ ilə bağlı xüsusi araşdırma aparıb və müəyyən
edib ki, adları həmin siyahıda əks olunmuş Azərbaycan
jurnalistlərinin heç biri sözügedən ərazilərdə olmayıb və
akkreditasiya üçün bu quruluşlara müraciət etməyib. Onların
fəaliyyətində Ukraynanın ərazi bütövlüyünə xələl gətirəcək,
qeyri-qanuni əməl kimi səciyyələndirilə biləcək fakt aşkar
olunmayıb. O da müəyyən edilib ki, həmin jurnalistləri
terrorçuluğa, separatçılığa dəstək verməkdə ittiham edən
"Mirotvorets" təşkilatı buna əsas kimi KİV nümayəndələrinin Rusiya
XİN-də akkreditasiyadan keçməsi və bu ölkə ərazisində fəaliyyət
göstərməsi amilini rəhbər tutub.
Mətbuat Şurası bəyan edir ki, "Mirotvorets" təşkilatının çoxlu
sayda jurnalistin həyat və təhlükəsizliyini təhdid edən bu tipli
fəaliyyəti beynəlxalq qanunvericiliyin tələblərinə, etik qaydalara
və humanizm prinsipinə tamamilə ziddir. Jurnalistin qanunlar
çərçivəsində fəaliyyətini məhdudlaşdırmaq cəhdi yolverilməszdir və
heç bir sağlam məntiqlə izah oluna bilməz.
Mətbuat Şurası jurnalistlərin həyatını təhlükə altına alan bu tipli
fəaliyyətə son qoyulması tələbi ilə Ukrayna hakimiyyətinə və bu
ölkənin Azərbaycandakı səfirliyinə müraciət edəcək", - deyə
bəyanatda vurğulanır.
Tarix
2016.05.26 / 22:03
|
Müəllif
Axar.az
|