Yuxarı

Qorxmaz Əlili daşı daş üstündə qoymadı - Sərt sözlər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən elmlər doktoruyam, Azərbaycanın ilk sənətşünas alimiyəm. Bunlarla alim kimi danışanda da deyirlər ki, bu nə vaxtın alimi oldu. Deyirəm, ay bala, sən əvvəlcə dediklərimə qulaq as, gör mən savadsız danışırammı, bir səhvimi tuta bilirsənmi?!

Axar.az xəbər verir ki, bu sözləri tanınmış aktyor, sənətşünas alim, Azərbaycanın ilk şoumeni Qorxmaz Əlili Moderator.az-a müsahibəsində deyib. O, sənət camesindəki çatışmazlıqları, şou əhlini sərt şəkildə tənqid edib:

"Deyirlər yox e, Qorxmaz musiqidən nə qanır, muğamı nə qanır, əruzu nə qanır, necə oldu, sənin hər şeydən başın çıxır! Deyə bilmirsən ki, gəl, söhbət edək, məndən üstün olsan, qarşında baş əyərəm. Biz ömür boyu belə görmüşük. Xanəndəyə deyirsən ki, sözü aydın deyin, deyir yox, əsas zəngulədir, söz ikinci plandadır. Hələ indiyəcən bilmirlər ki, əslində "Araz axar lil ilə, asta-asta, lil ilə, Yarım məni dindirsin, şirin-şirin dil ilə" oxunmalıdır. Bunlarsa oxuyurlar ki, "Araz axar lil ilə, dəstə-dəstə gül ilə". Ay balam, Araz güllə necə axar ki! Hər gecə Araza gül tökürlər? Baxmırlar ki, nə oxuyurlar, fikir tamamlanırmı, məna düz gəlirmi?!

Çəkdikləri kinoda söyüş söyürlər. Kinoda söyüşmü olar? Kinoda bu qədər açıq-saçıqlıqmı olar? Axı biz azərbaycanlıyıq. Avropada başqa həyatdır, onlarda qız gərək 10-15 oğlanla yatıb dursun, ondan sonra ərə getsin. Biz də onlar kimi olmalıyıq? Məqsədləri nədir, bilmək olmur. Bir neçə dəfə dedim, cavanlar az qaldılar mənimlə dava edələr. Mənə dedilər ki, siz qocalmısınız, heç nə bilmirsiniz".

Aktyor müğənnilər arasında münasibətin ağlasığmaz bir vəziyyətə gəldiyini qeyd edib:

"İki oxuyan bir-birilə dalaşanda ancaq geyimlərindən, etdiyi hərəkətlərindən danışırlar. Çünki özlərində sənət yoxdur, bilirlər ki, elə eyni səviyyədədirlər. Bir dəfə rəhmətlik Məmmədbağırdan soruşdum ki, sən görürsənmi muğamı səhv oxuyurlar, mən onlara səhv tutsam, deyərlər ki, Qorxmaz kimdir, amma sən deməlisən axı. Cavab verdi ki, bir-iki dəfə dedim, gördüm inciyirlər, salam vermirlər, məndən qaçırlar. Dedim axı, rəhmətlik Hacıbaba Hüseynov, Əlibaba Məmmədov üstünüzə qışqıranda, sizin niyə səsiniz çıxmırdı? Dedi, biz başqaydıq, başqa tərbiyə görmüşdük. İndi cavanlarda bir səhvi tutan kimi səninlə düşmən olur, sənin dalınca danışmağa başlayır, aşağılamağa çalışır. Çox pis vəziyyətə gəlmişik, kələfin ucu itib. Barmaqla sayılacaq qədər korifeyimiz qalıb. Çarli Çaplinə gülə bilməyənlərə, Əliağanı, Lütfəlini bəyənməyənlərə də nəsə deməyin mənası yoxdur.

Neçə ildir sübut edə bilməmişəm ki, musiqidə prodüser olmur, prodüser kinoda, teatrda, televiziyada olur. Elə hey deyirlər ki, filan müğənninin prodüseri. Bu insanların savadları çatmır. Neçə müddətdir deyirəm ki, "sizlər", "bizlər" sözü yoxdur. Özlərindən sözlər çıxardırlar, başa sala bilmirsən ki, Azərbaycan dilində "olacaydır", "olacam" sözləri yoxdur. Əksinə, mənə sübut etməyə çalışırlar ki, yox, "camdır". Nə deyirəm ki, canları sağ olsun, "cam-cam" deyə-deyə getsinlər. Bir dəfə biri mənə dedi ki, "ç" kobud səslənir, "ts" yaxşıdır. Dedim, sən düz deyirsən, bizim dədə-babalarımız düz danışmayıblar. Nədə kömək əlini uzatmaq, səhvlərini göstərmək istəyirsən, o dəqiqə odlanırlar. Deyirlər ki, filankəs gəlib yerimizi dar elədi".

Qorxmaz Əlili çağdaş xanəndələrin Azərbaycan muğamını düzgün oxumadıqlarını deyib:

"İndi musiqi yazanda da sənət əsəri yazmırlar artıq. Çalışırlar ki, toy mahnıları yazsınlar, toy tutsunlar, hər oxuyanın bir məqsədi var, toyda dəbə minsin. Cahangir Cahangirov, Tofiq Quliyev, Rauf Hacıyev səviyyəsində yazmaq istəmirlər, oxuduqları üç badam, bir qozdur. Muğamatımız da hörmətdən düşüb. Muğam ifaçılarında diksiyalar düz deyil, vurğular düz deyil, əruzu bilmirlər. Muğamı şablon kimi əzbərləyirlər, o formada da bir-birilərinə ötürürlər. Yəni ustadım necə oxuyubsa, mən də elə oxuyacağam. Bir dənə dəyişiklik, yenilik yoxdur. Çox yad boğazlar gətiriblər muğama. Əvvəl muğama fars boğazları qatırdılar, təzəlikcə də başlayıblar ərəb boğazları etməyə. Azərbaycan muğamı ölür!"

Tarix
2016.05.28 / 00:54
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla