Yuxarı

Bakıda məktəblərin anadilli bölmələri bağlanır - SOS

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 5-6 ildə Bakıda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb.

Bakı şəhər Təhsil İdarəsindən ANS-ə verilən məlumata görə, evində rusca danışmayan ailələrin də övladlarını rus məktəblərinə verməsi bu sahədə problemlər yaradır və paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı müşahidə edilir. Əgər məktəblərin Azərbaycan bölmələrində bir sinifdə 23-24 şagird olursa, rus bölmələrində şagird sayı 40-a çatır. Bakı şəhər Təhsil İdarəsinə tabe olan məktəblərdə 355247 nəfər şagird var və onların 55775 nəfəri, yəni 15,7 faizi rus bölməsində oxuyur. Birinci siniflərdə isə vəziyyət daha gərgindir, 44168 nəfər şagirdin 7666 nəfəri, yəni 17,4%-i rusbölməsində oxuyur. Göründüyü kimi, birinci siniflərin göstəricisi orta göstəricidən 2%-ə qədər yüksəkdir.

Azərbaycan üzrə də rəqəmlər təxminən buna uyğundur. Ölkənin rus bölməsi mövcud olan 300-ə yaxın ümumtəhsil məktəbinini rus bölməsində 170 minə yaxın şagird oxuyur. Yəni orta göstərici 15%-ə bərabərdir. Rəqəmləri 15 il öncənin göstəriciləri ilə müqayisə etdikdə ciddi artım yarandığını görmək olur. 1990-cı illərin sonlarında rus bölməsində 107 min şagird oxuyurdu və onların payı ümumi şagird sayında 7%-ə çatırdı.

Ən dəhşətli vəziyyət isə Bakının 15 elitar məktəbindədir. Təhsil Nazirliyinin yaydığı məlumata görə, 2016-2017-ci tədris ili üzrə Bakı şəhərində I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan lisey, gimnaziya və digər ümumi təhsil müəssisələrinə, yəni Bakıda birbaşa nazirliyə tabe olan 15 məktəbdə ümumilikdə 2 350 şagird I sinfə qəbul edilib. Onlardan 1 144 nəfər Azərbaycan bölməsinə, 1 206 nəfər isə rus bölməsinə qəbul olunub. Göründüyü kimi, rus bölməsinin payı 51,5%-dir və paytaxt elitasının övladlarının təhsil aldığı məktəblərdə artıq Azərbaycan bölməsi tarixə qovuşmağa doğru gedir.

Həm də rus bölmələrində artan şagird sayını pedoqoji kadrlarla təmin etmək mümkün deyil. Bakı şəhər Təhsil İdarəsinin ali təhsil məktəblərinin məzunları arasında apardığı sorğu nəticəsində məlum olub ki, pedoqoji ixtisasların rus bölməsini bitirənlərin yalnız 5%-i orta məktəblərdə müəllim işləməyə hazırdır. Qalan məzunlar isə iş həyatını başqa sektorlarla bağlamaq istədiklərini bildiriblər. Səbəb də aydındır - indi Bakıda bütün şirkət və qurumlarda işçigötürənlər üç dildə - rus, ingilis və Azərbaycan dillərində sərbəst danışmaq, yazıb-pozmaq tələb edirlər. Yəni məzunların daha rahat və gəlirli iş tapmaq şansı yüksəkdir.

Bəlkə də elə bu məsələ Azərbaycanda rusca təhsili yenidən dəbə salan amillərdən biridir. Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bu prosesin artıq 6-7 ildir ki, müşahidə edildiyini bildirib:

"1990-cı illərin ortalarından fərqli olaraq indi rus bölməsini maraq bir neçə dəfə artıb. Sanki 1960-70-ci illərin imperiya dövrünü yaşayırıq. Hətta rayon qeydiyyatında olan və rusca bilməyən ailələr də uşaqlarını rus məktəblərinə qoymaq istəyirlər".

Məlahət Mürşüdlünün sözlərinə görə, ailələri rus dilində təhsilə meyilləndirən əsas səbəblərdin biri rus bölmələrinin müasir tələblərə daha çox uyğunlaşması ilə bağlıdır: "Rus bölməsinin müəllimləri müasir üsullarla tədrisi daha asan mənimsəyirlər. Azərbaycan bölməsində isə vəziyyət fərqlidir, kurikulum və s. kimi yenilikləri mənimsəməkdə çətinlik çəkirlər. Həm də Rusiya ilə əlaqələr artıqca, rus dilinə ehtiyac da artır".

Bakı şəhər Təhsil İdarəsi bu məsələyə maksimum şəkildə mane olmağa çalışır. Məktəblərdə xüsusi komissiya yaradılıb və rus dilini bilməyən uşaqlar avtomatik olaraq Azərbaycan bölmələrinə göndərilir. Azərbaycanın kəndlərindən gəlmiş valideynlər isə övladlarını rus məktəblərinə yerləşdirmək üçün hər cür üsula əl atırlar. Bəziləri bir ildən sonra Rusiyaya köçəcəklərini iddia edirlər və s...

Təbii ki, onlara məntiqli cavablar verilir. Amma nəyin bahasına olursa-olsun övladına rus dili öyrətmək istəyən valideynlər onları rus dilli bağçalara qoyurlar. Bunun nəticəsidir ki, Bakıdalı özəl bağçalarda Azərbaycan bölməsini bitirənlərə yer tapılmır. Valideynlər bağçaya ayda 400 manata qədər xərcləyərək uşaqlarının rus dilini öyrənməsinə çalışırlar.

Göründüyü kimi, Bakının təhsil sektorunda ciddi problem başlayıb. Xüsusilə rayonlardan gəlmiş valideynlər imperiya dövrünün nostaljisinin təsiri altında o qədər də vacib olmayan həvəsə külli miqdarda vəsait xərcləyirlər. İlk baxışdan elə də ciddi görünməyən bu problem bir neçə ildən sonra ali təhsildə özünü qabarıq göstərəcək. Ali məktəblərin rus bölmələrində yer sayının daha az olduğu nəzərə alınarsa, bu məzunların universitetlərə qəbulunda problem yaranacaq. Nəticədə, bir çox məzunlar Rusiyanın ikinci dərəcəli ali məktəblərinə üz tutacaqlar. Təbii ki, belə olan şəraitdə onların Azərbaycana geri dönərək iş bazarında yer tutması çətinləşəcək. Bu isə uyğun olaraq ölkədən miqrasiyanı artıran amilə çevriləcək.

Məlahət Mürşüdlü bu problemi həll etmək üçün Azərbaycan bölmələrində təhsil səviyyəsini yüksəltməyi məsləhət verir. Həmçinin Azərbaycan bölmələrində rus dilinin tədrisi də gücləndirilməlidir. Hazırda elə məktəblər var ki, rus dili həftədə 1 saat belə tədris edilmir. Məlahət Mürşüdlü məktəblərdə 5-ci sinifdən başlayaraq həftədə 2 saat rus dili tədris etməyi vacib sayır. Yəni istəyən şagird rayonda və ya paytaxtda yaşamasından asılı olmayaraq, rus dilini öyrənə bilər. Bir az artıq istəyənlər repetitor yanına gedə bilər və s.

Hər halda, bu, külli miqdarda vəsait xərcləyərək şagirdə yarımçıq rus dili öyrətmək naminə onu Azərbaycan mədəniyyətindən uzaq salmaqdan yaxşıdır. Sirr deyil ki, indi Azərbaycanda rus bölməsini bitirənlərin əksəriyyəti rusca normal danışa bilmirlər. Rusca akademik səviyyədə bilməyən bu şagirdlərin əksəriyyəti digər fənləri də öyrənə bilmirlər. Yəni valideynlər külli miqdarda vəsait xərcləyərək həm də övladlarını savadsızlaşdırırlar. Nəticədə, rus bölmələrinin məzunları Rusiya bazarları üçün potensial ucuz işçi qüvvəsinə çevrilirlər.

Bu məsələnin mənəvi tərəfi də var. Rusiya milli fikrinin atalarından biri Nikolay Çernışevski bildirirdi ki, hər bir kəs məktəbini bitirdiyi millətin övladıdır. Volqaboyunun və Sibirin bir çox türk və uqor xalqlarının taleyi bu böyük alimin dediklərini təsdiqlədi. Azərbaycanlılar da eyni yolla gedə bilərlər. Bizdə rus bölməsini bitirənlərin payı artdıqca gələcəkdə ölkəni iki yol ayrıcında qoya bilərlər: ya Rusiyaya miqrasiya edərək Azərbaycanı demoqrafik problemə sala bilərlər, ya da güclərinə inamları çatsa, Azərbaycanı Rusiyaya çevirə bilərlər.

Hər iki variantda da ölkənin gələcəyi üçün faciə vəd edilir və təhsil sektorunu idarə edənlər buna diqqət yetirməlidirlər.

Tarix
2016.06.03 / 22:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla