Ana səhifə Gündəm |
Biz bir aya torpaqlarımızı azad edə bilərdik, imkan vermədilər. Təəssüf ki, müasir dünyada bunun qarşısının alınması mexanizmi var.
Axar.az APA-ya istinadla xəbər verir ki, bu sözləri Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasındakı çıxışında deyib. Diaspor fəaliyyətinin insanın ürəyindən, Vətənə və torpağa bağlılıqdan qaynaqlandığını söyləyən Ə.Həsənov diaspor quruculuğunda iştirak edən hər bir azərbaycanlının Vətənini sevdiyini, onun problemləri ilə yaşadığını diqqətə çatdırıb:
"Dünya azərbaycanlılarının həmrəyliyi ideyası Azərbaycan Xalq
Cümhuriyyətinin ideoloqları – Əli bəy Hüseynzadə, Məhəmməd Əmin
Rəsulzadə və digərləri tərəfindən irəli sürüldü, ancaq bu işi başa
çatdıra bilmədilər".
Ə.Həsənov deyib ki, Heydər Əliyev hakimiyyətə qayıdandan
azərbaycanlıların həmrəylik ideyasını yenidən gündəmə gətirib:
"Azərbaycançılıq ideyası bir ideologiya kimi formalaşdı və bu
gün dövlətçilik siyasətimizin əsasında dayanır. Heydər Əliyev Dünya
Azərbaycanlılarının Qurultayının keçirilməsi ideyasını da gündəmə
gətirdi və biz 3 il birinci qurultaya hazırlaşdıq. Biz
diasporumuzun koordinasiyasını yaratmağa çalışırdıq. Bəzi dövlətlər
düşünürdülər ki, azərbaycanlıların həmrəyliyi onların ərazi
bütövlüyünə qarşı təhdidə çevriləcək. Heydər Əliyev ortaya qoydu
ki, İranda, Rusiyada, Orta Asiyada yaşayan azərbaycanlılar o
ölkələrin ən layiqli vətəndaşı statusuna qalxdıqdan sonra
Azərbaycanın adını yüksəldə, Vətənə dəstək verə bilər.
Azərbaycanlıları bir araya ona görə yığırıq ki, multikultural
ənənələrimizi o ölkələrdə təbliğ edək. Məhz belə azərbaycanlılar
həm vətəndaşları olduqları ölkələrə, həm də Azərbaycana xidmət edə
bilər. O ölkələrin qanunverici və icra orqanlarında təmsil olunaraq
o ölkənin firavanlığı üçün çalışa, Azərbaycanın uğurlarına da töhfə
verə bilər. Yeri gəlmişkən, Qərb ölkələri başqa xalqların dininə,
dilinə, mədəniyyətinə dözüm göstərir, biz isə başqa xalqların
dininə, dilinə, mədəniyyətinə ehtiramla yanaşırıq. Bizim fərqimiz
budur. Bəşəriyyətdə birgəyaşayışın ən yaxşı forması da budur. Biz
qurultayda da dünyaya bu mesajı vermək istəyirik".
Ə.Həsənov bildirib ki, dünya azərbaycanlıları ilk növbədə öz
aralarında birliyə nail olmalıdır: "Xarici ölkələrdə diaspor
təşkilatlarının birliyinə nail ola bilmiriksə, normal əməkdaşlığa,
milli məsələlərdə həmrəyliyinə nail olmalıyıq. Dövlət başçısı da
birliklə bağlı mesajında məhz bunu nəzərdə tuturdu. Beləliklə,
xarici ölkələrlə soydaşlarımızın pozulan hüquqlarının bərpasına,
mili maraqlarımızın təmini ilə bağlı aksiya və tədbirlərin
keçirilməsinə nail ola bilərik. Biz bir aya torpaqlarımızı azad edə
bilərdik, imkan vermədilər. Təəssüf ki, müasir dünyada bunun
qarşısının alınması mexanizmi var. Ona görə də dünya informasiya
məkanına çıxılması, virtual informasiya vasitələrinin yaradılması
vacibdir. Dövlət başçısı çıxışında bu məsələyə xüsusi diqqət
yetirdi".
Ə.Həsənov vurğulayıb ki, bu il Dünya Azərbaycanlıları İş Adamları
Birliyi yaradılması və Bakıda konfransının keçirilməsi zamanı
çatıb: "Xarici ölkələrdə deputat kampaniyalarını maliyyələşdirmək
imkanına malik iş adamlarımız var".
Ə.Həsənov xarici ölkələrdə yaşayan azərbaycanlıların ailələrinin
Azərbaycanda istirahət etməsinin önəmli olduğunu nəzərə çatdırıb:
"Mən fəxr edirəm ki, azərbaycanlıyam" şüarı soydaşlarımız üçün əsas
olmalıdır. Səfirliklər və Dövlət Komitəsi diasporumuzun
koordinasiyasını təmin etməlidir".
Tarix
2016.06.04 / 22:00
|
Müəllif
Axar.az
|