Yuxarı

Xomeyni ABŞ-ı necə aldadıb - Məxfi sövdələşmə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada

…Sullivan Bəxtiyarın cəsarətini onun üzünə tərifləmiş, lakin arxasınca Vaşinqtona demişdi ki, bu adam "göylə gedən Don Kixotdur və ABŞ-ın heç bir məsləhətinə qulaq asan deyil".

Dövlət Departamenti də Bəxtiyarın hökumətindən bir şey çıxmayacağını düşünürdü. Ağ Ev onu üzdə güclü şəkildə dəstəkləyir, lakin səhnə arxasında ona qarşı çevriliş barədə düşünürdü.

Milli Təhlükəsizlik müşavirinin müavini David Aaron 1979-cu ilin 9 yanvarında öz rəisi Zbiqnev Bjezinskiyə yazırdı ki, onun nəzərində ən düzgün yol Bəxtiyarı devirib hərbiyyə və Xomeyni arasında saziş əldə etmək və şahın hakimiyyətinə son qoymaqdır".

"Ola bilsin ki, bu sazişi hərbiyyə Bəxtiyara qarşı hərəkət etmədən də əldə etmək olar", - Aaron yazırdı.

İki gün sonra, nəhayət, prezident Karter sarsılmış və xərçəngin əldən saldığı şaha "dərhal çıxmağı" məsləhət gördü.

O vaxtlar ABŞ milli təhlükəsizlik bürokratiyası arasında belə bir fikir hakim idi ki, əvvəl-axır Ayətullah və onun yaxın çevrəsi ilə iş görmək olar.

Xomeyni isə Vaşinqtona öz mesajlarını göndərməkdəydi.

"Burada neftdən heç bir narahatlıq olmamalıdır. Bunu yalan deyirlər ki, İran ABŞ-a neft satmayacaq", - Xomeyni ona yanvarın 5-də Fransada baş çəkən amerikalı qonağa demişdi. Həmin qonaq öz məlumatlarını ABŞ səfirliyi ilə paylaşmışdı.

Yanvarın 11-də Ağ Evin Situasiya Otağında keçirilən həlledici görüşdə MKİ proqnoz vermişdi ki, Xomeyni özü geri çəkiləcək və mötədil, Qərb təhsilli tərəfdarlarının və sağ əli sayılan Ayətullah Məhəmməd Beheştinin (Xomeyninin İrandakı sağ əli, ABŞ-ın praqmatik kimi gördüyü şiə ruhanisi –red.) hökumət yaratmasına imkan verəcək.

ABŞ rəsmiləri Beheştini "nadir quş" hesab edirdilər: praqmatik idi, ingiliscə danışan bu universitet təhsilli ruhani Qərbdə yaşamışdı və Xomeyniyə yaxınlığı ilə seçilirdi. Qısası, bu, elə bir adam idi ki, amerikalılar onunla dil tapa bilərdilər.

"Biz Xomeynini təkcə təhsili cinsiyyət prinsipi ilə bölən və qadın haqlarına qarşı olan birisi kimi təqdim etməklə ədalətsizliyə yol vermis olarıq", - Dövlət Departamenti Kəşfiyyat Bürosunun o vaxtkı rəhbəri Filip Stoddard demişdi.

Prezident Karter isə indi arxayın idi ki, general Huyser artıq Tehrandadır. Huyser əmrlərə tabe bir adam idi və İranın hərbi liderləri ona inanırdılar.

Orada ikən Huyser hərbiyyənin başında duranların temperaturunu müəyyən etməli və onları qürurlarının üstündən keçərək Beheşti ilə görüşə getməyə sövq etməli idi. ABŞ bunun Xomeyni ilə hərbi razılığa gəlinməsi ilə nəticələnəcəyinə inanırdı.

Düyünün açılması üçün elə prezident Karter də öz qürurunun üstündən adlamalı olacaqdı. Yanvarın 14-də axşam ABŞ dövlət katibi Krus Vans Paris və Tehrandakı səfirliklərə telefonoqram göndərmişdi: "Biz qərara gəlmişik ki, Xomeyninin düşərgəsi ilə Amerika arasında birbaşa kanalın qurulması arzuolunandır".

Məxfi görüşlər

Yanvarın 15-də günorta saatlarında ABŞ-ın Fransadakı səfirliyinin siyasi müşaviri Varen Zimmerman Paris yaxınlığındakı kiçik Neufl-Çateu şəhərindəki sakit bir otelə gəlmişdi. Burada Xomeyni yaşayırdı. Zimmerman izlənməmək üçün bura öz rəisinin şəxsi Pejo avtomobilində gəlmişdi. Maşının nömrələri diplomatik deyildi.

"Mən böyük bir yemək otağına daxil oldum və burada tək bir adam oturmuşdu. Bu, Yəzdi idi", - sonralar Zimmerman xatırlayırdı.

İranlı-amerikalı həkim İbrahim Yəzdi (Texasın Hyuston şəhərində yaşayan iranlı-amerikalı həkim. O, Xomeyninin sözçüsünə və müşavirinə çevrilmişdi – red.) faktiki olaraq, Xomeyni administrasiyasının rəhbəri idi.

Yəzdi artıq Vaşinqtondakı rəsmilər vasitəsilə MKİ əməliyyatçısına çıxış tapmışdı. Sonralar bu adamın liberal, anti-şah alim Riçard Kottam olduğu bilinəcəkdi.

Xomeyni ilə birbaşa əlaqənin yaradılması son dərəcə həssas məsələ idi. Üstü açılsaydı, bu hadisə ABŞ siyasətindəki dəyişiklik kimi yozulacaqdı. Bütün dünyaya bəlli olacaqdı ki, Vaşinqton köhnə dostu olan şahdan əlini üzür.

Elə həmin gün, bir qədər əvvəl dövlət katibi Vans Fransa hökumətini xəbərdar etmişdi ki, Vaşinqton təcili şəkildə Xomeyni qrupu ilə birbaşa kontakta daxil olmalıdır. Səbəb Tehranda Beheşti ilə İran hərbiyyəsi və təhlükəsizliyinin rəhbərləri arasında danışıqlara Xomeyninin dəstəyini almaq idi.

Beheşti Sullivanla (ABŞ-ın İrandakı səfiri – red.) görüşmüşdü, amma təhlükəsizlik mülahizələrinə əsasən İran generalları ilə görüşməkdən imtina edirdi. Odur ki, Vaşinqton Xomeyninin öz müavini ilə əlaqəyə girib ona belə bir görüş üçün icazə verməsini istəyirdi.

İkinci görüş üçün tez bir zamanda razılıq əldə edilmiş və Zimmermana tapşırılmışdı ki, İran generallarının şahın ölkədən çıxmasının ardınca hərbi çevriliş etmək planlarının ciddi olduğu, lakin Huyserin onları bu fikirdən daşındırdığını çatdırsın. ABŞ-ın İrandakı səfirliyindən Vaşinqtona göndərilən məlumatda deyilirdi ki, ordu həmin müddətdə sakit dayanacaq, bir şərtlə ki, onu təxribata çəkməsinlər.

Yanvarın 17-də prezident Karter öz gündəliyində yazırdı ki, Xomeyninin İrandan uzaqda qalması üçün əlindən gələni edir. Lakin elə ertəsi gün onun administrasiyası Xomeyniyə bildirmişdi ki, onun "əmin-amanlıq içində" vətəninə qayıtmasına heç bir problem yoxdur.

Karter administrasiyasının Xomeyni ilə danışıqlarının əsas məqsədi Ayətullahla hərbiyyə arasında kövrək sazişə nail olmaqdı. Ola da bilərdi ki, Vaşinqtonda Xomeyninin yüksəlişini zəiflətmək, ya da onun niyyətlərini oxumaq istəyirdilər. Lakin sonunda onlar bu iki məqsəddən heç birinə çatmamışdılar.

Xomeyniyə saziş yox, qəti qələbə lazım idi. Lakin Vaşinqtonla taktiki əlaqə Xomeyninin planlarına uyğun idi. Xomeyni, əslində, Karter administrasiyasının şaha və İran hərbiyyəsinə həqiqi sədaqətinin dərəcəsini müəyyən etmək məqsədilə açar suallar qoymuşdu. Əslində, bunu müəyyən etmək Ayətullah üçün çox da çətin olmayacaqdı. ABŞ əlindəki kartları artıq göstərirdi.

"Nə, konstitusiyanın müdafiəsi?"

Zimmerman və Yəzdi üçüncü dəfə görüşəndə, onların bir-biri üçün şad xəbərləri vardı. 1979-cu ilin 18 yanvarı idi. Görüş elə həmin məkanda Paris ətrafında Xomeyninin yaşadığı yerə yaxın sakit karvansarada keçirdi.

Yəzdi bildirirdi ki, Xomeyni Beheştinin generallarla görüşməsinə icazə verib. Elə Zimmermanın da Ayətullah üçün müjdəsi vardı. Bu iki nəfərin ikinci görüşü zamanı Vaşinqton Xomeyniyə xəbərdarlıq etmişdi ki, onun "qəfil dönüşü" fəlakətə səbəb ola bilər, beləki İran hərbiyyəsi konstitusiyanın müdafiəsinə qalxa bilər. Konstitusiyada isə yazılıb ki, monarxiya əbədiyyətədək dəyişdirilə bilməz".

Amma konstitusiyanın müdafiəsi nə demək idi? Yəni monarxiyanın qorunub saxlanması? Yoxsa bu, ordunun birliyini qoruyub saxlamaq üçün lazım idi? Xomeyni bu suallara açıq cavab istəmişdi.

Düzünə qalsa, o vaxt bu sualların cavabını heç ABŞ-ın özü də bilmirdi. Yəni bilmirdi ki, İran hərbiyyəsi Pəhləvi rejimindən əl çəkib "yeni demokratik respublika çərçivəsində işləməyə" hazırdır, yoxsa yox?

Vaşinqtona buna aydınlıq gətirmək üçün daha iki gün lazım olacaqdı. Amerikanın Xomeyniyə verdiyi cavab indiyədək, yəni 35 il məxfi saxlanmışdı. Bu cavab ondan ibarət idi ki, ABŞ-ı İranın siyasi sistemi narahat etmir.

Bütün rəsmi bəyanatlar kimi bu bəyanat da ümumi söz yığını ilə başlayırdı və məsələnin məğzi lap axırda idi.

"Biz konstitusiyanın dəyişdirilə bilməyəcəyini demirik, lakin biz inanırıq ki, bu dəyişiklik əsaslandırılmış və qaydalı şəkildə ola bilər. Əgər ordunun birliyi qorunub saxlanarsa, biz inanırıq ki, İranın gələcəkdə hansı siyasi sistemi seçməsi bizim rəhbərlik üçün məqbuldur".

Başqa sözlərlə, Vaşinqton, prinsipcə, monarxiyanın ləğvinə razı idi və prosesin tədrici və nəzarətli şəkildə olması şərtilə general Huyserlə hər gün görüşən ali İran hərbiyyəsinin də bunu qəbul edəcəyini söyləyirdi.

Xomeyninin ən çox qorxduğu bu idi ki, Amerika şahı xilas etmək üçün son anda çevrilişə əl ata bilər. Amma indicə aldığı işarədən bəlli olurdu ki, ABŞ şahın işini bitmiş hesab edir və onun istədiyi yeganə şey rüsvayçı vəziyyətə düşməmək üçün hərbiyyəni qorumaq və kommunistlərin hakimiyyətə gəlməsinə yol verməmək idi.

Hər dəfə olduğu kimi Xomeyninin administrasiya rəhbəri Ayətullaha hesabat vermək üçün dəftəçəsində farsca "çoxsaylı" qeydlər edirdi. Amerika diplomatı istəyirdi ki, İran elçisi mesajda nəyin deyildiyini dəqiq başa düşsün.

"Zimmerman konstitusiyaya aid hissələri oxusa da, Yəzdinin diqqətini ilk növbədə son iki cümləyə yönəldirdi. O, Yəzdiyə ABŞ-ın konstitusiya məsələsində sərt mövqe tutmadığını təlqin etmək istəyirdi", - Fransadakı Amerika səfirinin Vaşinqtona göndərdiyi ayrıca teletaypda deyilirdi.

ABŞ Xomeyniyə bildirirdi ki, ordu təmkinini itirməkdədir. "Bu zabitlər qeyri-müəyyənlikdən, planlanmamış gələcəkdən qorxurlar", - Zimmerman həmin görüşdə Yəzdiyə demişdi.

Vaşinqton Ayətullahın orduya toxunulmayacağı ilə bağlı vədindən rahatlıq tapmışdı. Xomeyninin emissarı ABŞ-ı özünün təkmil silahlarını İrandan çıxarmamağa çağırırdı.

Yəzdi həmçinin aydınlıq gətirmişdi ki, İslam Respublikası İsraillə özünün yəhudi sakinləri arasında dəqiq fərq qoyacaq. Yəhudilər artıq İrandan dəstə-dəstə qaçmağa başlamışdılar.

"Siz Amerika yəhudilərinə deyə bilərsiniz ki, İrandakı yəhudilərin gələcəyindən narahat olmasınlar", – Yəzdi deyirdi.

Həm Xomeyni, həm də Karter hərbiyyə və müxalifət arasında toqquşma olmasını istəmirdilər. Lakin onların bundan məqsədləri daban-dabana zidd idi.

Karter bir dəfə Sullivanın "yaralı heyvan" adlandırdığı ordunun qorunub saxlanmasını istəyidi. Onun məqsədi bu ordu ilə ABŞ-ın gələcəkdə İrandakı təsir gücünü saxlamaq idi.

Amma Xomeyni bu "yaralı heyvanı" sakitcə tələyə salıb bitirmək istəyirdi. Ordu rejimə uzunmüddətli hədə təşkil edə bilərdi. Odur ki, ordunun başdan məhrum edilməsi və demontajı Xomeyninin əsas məqsədi idi.

Beləliklə, Vaşinqton monarxiyanın gələcəyi və ordunun mövqeyi barədə Xomeyninin bütün suallarını cavablandırmış oldu. İndi növbə Ayətullahın idi. Karter administrasiyası ABŞ-ın İrandakı əsas maraqlarının gələcəyinin necə olacağını bilmək istəyirdi. Bunlara investisiyalar, neft təchizatı, hərbi-siyasi münasibətlər və Sovet İttifaqına münasibət daxil idi. Ertəsi gün Xomeyni bu sualların cavablarını yazılı şəkildə Yəzdiyə vermişdi.

Zimmerman ordunun gələcək barədə mövqeyinin sərt olmadığını Yəzdiyə dediyi gün Xomeyni tərəfdarlarını etirazları genişləndirməyə çağırmışdı.

Bu, İslam Respublikasının sənətkarlıqla yaradılmış portreti idi və Karterin bir ay əvvəl Qvadelupada keçirilən dünya liderləri konfransında dilə gətirdiyi baxışı güzgü kimi əks etdirirdi: Sovet hegemonluğundan azad, neytral, Amerikaya dost olmasa belə, inqilabı ixrac etməyəcək və Qərbə neft nəqlini dayandırmayacaq İran.

"Biz öz neftimizi ədalətli qiymətlə kim almaq istəsə, ona da satacağıq", –Xomeyni yazmışdı.

Onun cavabında deyilirdi ki, neft təchizatı iki ölkəni – İsraili və Cənubi Afrikanı istisna etməklə tam şəkildə davam etdiriləcək.

Xomeyni yazmışdı ki, ölkənin inkişafı üçün İranın başqalarına, "xüsusilə də amerikalılara" ehtiyacı var.

Xarici investisiyalara gəlincə, Amerikanın bu işdə çox güman rolu olmalı idi. Ayətullah yazırdı ki, İran tank yox, traktor almaqda maraqlı olacaq. Başqa sözlərlə bu, həm də ona işarə idi ki, İran silah məsələsində ruslara da üz tutmayacaq.

"Rusiya hökuməti ateist və anti-din hökumətdir. Əlbəttə ki, bizim ruslarla qarşılıqlı anlaşmaya gəlməyimiz daha çətin olacaq", – Yəzdi Zimmermana demişdi. - Siz xristiansınız və Allaha inanırsınız, amma onlar yox. Odur ki, biz ruslardan daha çox sizinlə yaxınlıq duyuruq".

Xomeyni həmçinin regionu qarışdırmayacağını vəd edirdi.

O yazırdı ki, "başqa xalqların işinə qarışmamaq" gələcək İran hökumətinin siyasəti olacaq.

Bu da deyilirdi ki, şah rejimindən fərqli olaraq, İslam Respublikası Fars körfəzində polislik etməyəcək və inqilabı ixrac etməyə cəhd göstərməyəcək.

"Biz Səudiyyə, Küveyt və ya İraqı xariciləri ölkələrindən qovmağa çağırmayacağıq", – Xomeyni yazmışdı.

(BBC Azərbaycanca)

Ardı var…

Tarix
2016.06.15 / 09:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla