Ana səhifə Planet |
Əhalisinin sayına görə dünyada ikinci olan Hindistanda
insanların özünəməxsus yaşam tərzi var. Bu ölkədə hər birimizi
təəccübləndirən bəzi maraqlı hadisələr baş verir.
Publika.az-ın
məlumatına görə, dünyanın ən çirkli şəhəri də bu ölkədədir. Özü də
paytaxt Dehli. Şəhərin nə havası udulasıdır, nə suyu
içiləsidir.
Son zamanlara qədər belə hesab olunurdu ki, Yer üzünün ən çirkli
şəhəri Çinin paytaxtı Pekindir. Məhz bu şəhər tez-tez xarici
medianın manşetlərini zəbt edirdi. Lakin Dünya Səhiyyə Təşkilatının
son açıqlamasında dünyanın ən çirkli şəhərinin məhz Hindistanın baş
şəhəri olduğu açıqlanıb. Təkcə paytaxt deyil, onun yerləşdiyi bölgə
anti-sanitar şəraitinə görə seçilir.
Faktlar sübut edir ki, Dehli yerdən göyə qədər çirklənib. Xüsusən
Yeni Dehli, o cümlədən Rode adasının yarısı insanların yaşayışı
üçün təhlükəli əraziyə çevrilib.
Fotoqraf Matteu Paleyin Dehlinin ayrı-ayrı yerlərində beş gün
ərzində çəkdiyi fotolar bu şəhərin dünyanın ən çirkli yaşayış yeri
olduğunu bir daha təsdiqləyir. Fotolara baxdıqda insanların
yaşadıqları ərazidəki anti-sanitar şərait, zibilliklərdə eşələnib
satmaq üçün əşyalar axtaran uşaqlar, çirkli sularda çimən
azyaşlılar diqqət çəkir.
57 milyon insanı su ilə təmin edən Yamuna çayı torpaq erroziyası,
zibil boşaldılması və kimyəvi tullantılar səbəbindən bu duruma
düşüb. Sənaye müəssisələrinin Yamunaya atdıqları kimyəvi
tullantılar çayı toksik köpüklə doldurub.
Dehlinin şimalındakı kənd açıq havada nəhəng zibil tullantısı
məntəqəsinin yanında yerləşir. Hərdən zibilliyi yandırırlar və
buradan saatlarla tüstü dumanı çıxır.
Hindistanda yoxsulların açıq kanalizasiya xətlərinin, quyularının
yaxınlığında yaşamaqdan başqa çarəsi yoxdur.
Fotoda gördüyünüz gənc qız və qonşuları illərdir Şhahadra
kanalizasiyasının yanında yaşayanlardandır. Onlar zibillikdəki
tullantılar arasında metal əşyalar tapır və onu satmaqla
dolanırlar.
Kişilər paltarlarını çirkli Yamuna çayında yuyur, sonra qurulayıb
geyinirlər. Paltarlar qurumaq üçün açıq kanalizasiyanın yanında
asılır.
Çirkli çayın ətrafındakı evlərin hamısı yoxsullara məxsus
daxmalardır. Dehlinin ən çirkli ərazisi Silampurdur. Fotolardan
birində uşağın atasıyla körpünün altında özlərinə "ev" qurmaları
diqqət çəkir. Onlar pul qazanmaq üçün zibillikdən metal
tullantıları axtarıb tapır, satıb pul qazanırlar.
Zibillikdə metal toplayıb satmaqla pul qazanan yeniyetmənin
kanalizasiya suyunda çimməsi yoxsulların hansı vəziyyətdə
yaşadıqlarını göstərir. Bu yerlər yaşamaq üçün tam yararsız, hətta
təhlükəlidir. Lakin ev-eşiyi, pulu olmayan yoxsul ailələrin getməyə
başqa yerləri yoxdur.
Çirklənmə dərəcəsinin çox olmasına baxmayaraq, Yamuna çayı hələ də
bəzi sakinlərin "çimdiyi", "əyləndiyi" məkandır. Yamuna ətrafda
yaşayan yoxsulların yaşam mərkəzinə çevrilib. Uşaqlar onun
sularında oynayır, kişilər üzlərini, qadınlar paltarları o suda
yuyur.
Fotoqraf Paley zibilliklərdə metal, plastik və kağız parçaları
axtaran kişilər, qadınlar və uşaqlarla söhbət edib. Məlum olub ki,
onlar bir gündə 1000 rupi (təxminən 15 dollar) qazanırlar. Bu,
şəhərdəki digər işçilərin qazanclarından üçqat azdır.
Tarix
2016.06.15 / 20:13
|
Müəllif
Axar.az
|