Yuxarı

Xomeyni ABŞ-ı necə aldadıb - Məxfi sənədlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

III Hissə

Əvvəli burada

İrandakı xaos onun ərəb qonşularını bərk qorxudurdu. Onlar narahat idilər ki, şah rejiminin süqutu ilə silahlı marksist qüvvələr hakimiyyətə gələ bilər. Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatına daxil edilmiş ərəb qiymətləndirmələrinə görə, Xomeyni və ya onun ideyalarına söykənən hökumətin uzun sürəcəyinə inam az idi.

Lakin Ayətullah çox tezliklə onun hərəkatını dəstəkləmiş marksist qruplaşmaları məhv edəcəkdi. Solları sıradan çıxarmazdan əvvəl Xomeyni və onun radikalları Yəzdi kimi mötədilləri neytrallaşdıracaqdılar. Onları əsl inqilabçı yox, amerikapərəst olmaqda ittiham etmək o qədər də çətin olmayacaqdı.

Yanvarın 24-də İslami İnqilab Şurasının əsas üzvləri ABŞ səfiri Vilyam Sullivanla görüşmüşdülər. Onların arasında İslam Respublikası ədliyyəsinin gələcək rəhbəri Ayətullah Musəvi Ərdəbili də vardı. Məhz bu şəxs yeni respublikada minlərlə siyasi opponentin kütləvi edamlarında əsas rolu oynayacaqdı.

Amerikalılar hətta onu da ağlabatan adam hesab edirdilər. O, daha qətiyyətli idi, lakin "fanatik deyildi", - Sullivan Vaşinqtona yazırdı.

Üç gündən sonra Xomeyninin özü birbaşa Ağ Evə müraciət etmişdi.

Özünün ilk birbaşa mesajında Xomeyni yazırdı: "Yaxşısı budur, siz orduya tövsiyə edəsiniz ki, Bəxtiyara tabe olmasın".

Xomeyninin ricası üç məsələ üzərində qurulmuşdu: özünün rahat qayıdışı, konstitusiyalı hökumətin istefaya məcbur edilməsi və ordunun kapitulyasiyası.

Ayətullah bunu da ehtiyatla bildirmişdi ki, ordu divantutma əməliyyatlarına əl atsa, onun tərəfdarlarının zorakılığı İrandakı ABŞ vətəndaşlarına qarşı çevriləcək.

Bununla belə, o, mesajı müsbət tonda bitirməyə çalışırdı və yazırdı ki, böhranın dinc yolla çözümünə böyük ehtiyac var.

Yəzdi bu mesajı Parisdəki ABŞ səfirliyinə gətirmiş və məktub buradan Ağ Evə teletayp edimişdi.

Yanvarın 27-də müdafiə naziri Harold Braun telefonla general Huyserə Xomeyninin məxfi mesajı və bu barədə Karterlə müzakirə haqqında məlumat vermişdi. Bununla Braun Huyserə aydın şəkildə demişdi ki, Xomeyninin qayıdışı "taktiki" məsələdir və İran hakimiyyət orqanlarının ixtiyarına buraxılmalıdır.

Administrasiya Xomeyninin birbaşa kommunikasiyaya razılıq verməsindən məmnun idi və Vaşinqtonun Xomeyniyə cavabının bu yaxınlarda məxfilikdən çıxarılmış layihəsindən göründüyü kimi, danışıqların davam etdirilməsini istəyirdi.

Layihə məktubunda Xomeyniyə öz hökumətini qurmaması tövsiyə edilir və bildirilirdi ki, siyasi böhran İran hökuməti ilə dialoq şəraitində çözülməlidir.

Məktubun mətni rəy üçün Tehrandakı ABŞ səfirliyinə göndərilmiş və orada heç vaxt Xomeyniyə çatmamaq üçün qovluğa qoyulacaqdı.

Lakin bunun məsələyə artıq elə bir dəxli yox idi. Ayətullah tezliklə İrana yollanacaqdı.

C variantı

Vaşinqton artıq Xomeyninin əsas ricasına sakitcə razılıq vermiş, orduya hərəkət etməmək tapşırılmışdı. General Huyser İran hərbiyyəsini arxayın salmışdı ki, Xomeyninin qayıdışı özlüyündə "C variant"nın tətbiqinə əsas vermir. "C variant" hərbi çevrilişin kod adı idi.

Yanvarın 29-da baş nazir Bəxtiyar nəhəng daxili təzyiqin altında İranın hava məkanını Xomeyni üçün açıq elan etdi. Beləliklə, o özünün ikinci – B planına keçirdi: "Xomeyni öz mollalarını Tehran yaxınlığındakı dini mərkəz – Qum şəhərinə çəkməlidir".

"Bu onu daha üzüyola edər və ən azı siyasi məsələlərə az müdaxilə etməsinə imkan yaradar", - Xomeyni dalğası onu süpürüb atmazdan iki həftə əvvəl Bəxtiyar Amerika səfirinə demişdi.

Ayətullahın gəlişindən iki gün əvvəl şahın baş komandanı Xomeyninin nümayəndələrinə zəmanət vermişdi ki, ordu artıq prinsipcə, "kabinet" də daxil, siyasi dəyişikliyə qarşı deyil.

Amerika səfiri məmnun qalmışdı. "Belə görünürdü ki, hərbiyyə Xomeyninin gəlişi ilə barışıb və konstitusiya normalarının gözlənilməsi şərti ilə yeni islami hərəkatla əməkdaşlıq etmək niyyətindədir", – Sullivan Vaşinqtona yazırdı.

Xomeyni Tehran aeroportuna fevralın 1-də səhər endi. Onu minlərlə tərəfdarı dövrələmişdi. Bir neçə gündən sonra o, "öz baş nazirini" təyin etdi.

O vaxtadək hərbiyyənin hökumət formasının dəyişməsi ilə bağlı heç bir problemi yox idi, çünki dəyişiklik "legal və tədrici" qaydada edilmişdi, MKİ-nin yalnız 2016-cı ildə məxfilikdən çıxarılmış 5 fevral, 1979-cu il tarixli hesabatında deyilirdi.

Bu məqamda artıq ordunun bütövlüyü əhəmiyyətli dərəcədə aşılanmışdı. Bir çox kiçik zabitlər və müddətli xidmətdə olanlar Xomeyninin tərəfinə keçmişdilər.

Tezliklə hərbi-hava qüvvələrində də qiyam oldu. Müxalifət silahlanmışdı və marksist qrupların rəhbərliyi ilə paytaxt boyunca ordu qışlalarına basqınlar edirdi.

Hərbiyyə rəhbərliyi tammiqyaslı vətəndaş müharibəsi edəcək qədər cəsarətli deyildi. Onlar Bəxtiyardan xəbərsiz məşvərət keçirmiş və öz neytrallıqlarını bəyan etmişdilər. Şahın baş nazirinin həyatını xilas etmək üçün qaçmaqdan başqa çarəsi qalmamaışdı.

Xomeyninin ilk inqilabı qalib gələndə prezident Karter Vaşinqtonda deyildi. O, həftəsonu xizək sürmək üçün Kamp Devidin təpələrinə qalxmışdı. Bazar günü səhər, fevralın 11-də Karter və onun dövləti katibi kilsədə idilər və onlarla rabitə yox idi.

Belə bir vəziyyətində prezidentin milli təhlükəsizlik müşaviri Ağ Evin Situasiya Otağında təcili iclas toplamışdı.

Bir vaxtların qüdrətli İran ordusu dağılmışdı, lakin Karter administrasiyasında ən şahpərəst adamlardan biri olan Bzejinski "C variant"ı barədə düşünürdü. Lakin ona bildirdilər ki, ordunun indiki vəziyyəti ilə bu, mümkün deyil.

Tezliklə general Huyser qapalı telefon xətti ilə Avropadan Situasiya Otağına bağlana bilmişdi. General az sonra Tehrana getdiyinə və şah hərbiyyəsini neytrallaşdıraraq Xomeyninin qələbəsinə yol açdığına görə şıdırğı tənqid atəşinə düşəcəkdi. O, bu ittihamları qəti şəkildə rədd edirdi. Onun Vaşinqtona yazdığı hesabatların əksəriyyəti bu gün də məxfi saxlanılır. Lakin fevralın 11-də onun tonu başqa idi. O, hərbiyyənin bir tərəfə çəkilməsindən qətiyyən təəccüblənməmişdi.

"Biz daim hərbiyyəni razılaşmalara getməyə sövq edirdik, – Huyserin telefon danışıqlarının mətnində deyilir. - Onlar birbaşa Bazarqanın yanına getməli idilər.

Mötədil islamçı Mehdi Bazarqan Xomeyninin yeni baş naziri idi.

Lakin hərbiyyənin etdiyi bütün güzəştlər Xomeynini qane etmirdi. Fevralın 15-də hərbiyyənin dörd yüksək rütbəli generalı ali məktəblərdən birinin damında tələm-tələsik edam edilmişdi. Bu, edamlar karuselinin yalnız başlanğıcı idi.

Bir çoxları bu qənaətə gəlmişdilər ki, kəşfiyyat uğursuzluqlarının və daxili ixtilafların girdabında olan Karter administrasiyası şahın sürətli süqutunun passiv müşahidəçisinə çevrilmişdi.

Lakin indi bəlli olur ki, ABŞ böhranın son mərhələlərində ayaqlarını hər iki düşərgədə bərkidərək şah rejimi süqutunun yumşaq enişlə baş verəcəyini gözləyirmiş.

Lakin Karterin qambiti böyük yanılma ilə nəticələnmişdi. Əsas təhlükə diqqətdən yayınmış, Xomeyninin ambisiyaları lazımınca qiymətləndirilməmiş və onun hərəkətləri yanlış yozulmuşdu.

Karterdən fərqli olaraq Xomeyni davamlı strategiya yürütmüş və öz partiyasını ustalıqla oynamışdı. İslam Respublikasının qurulmasına dair aydın məqsədlə hərəkət edən Xomeyni Amerikanın başını boş vədlərlə qatmış, onun niyyətlərini duymuş və qələbəyə doğru yürüş etmişdi.

Bir ildən də az müddət sonra ABŞ-ın işlər müvəkkilini və onlarca amerikalını girov götürən Xomeyni bəyan etmişdi: "Amerika heç nə edə bilməz".

Bundan sonra o öz qələbəsinin birinci ildönümündə əsas manifestini elan etmişdi: "İran Amerika imperializmi ilə bütün dünya boyunca vuruşacaq".

"Biz öz inqilabımızı bütün dünyaya ixrac edəcəyik, - o deyirdi. - Bu, İslam inqilabıdır".

Britaniya dəyərləndirməsi

Britaniyanın İrandakı səfiri Antoni Parsons 1979-cu il yanvarın 20-də yazırdı ki, biz insan kütləsinin Xomeyninin İslam Respublikası ideyasını dəstəklədiyini bilirdik.

Problem bunda idi ki, - Parsons yazırdı, - ordu Xomeyninin planlarını önləməyə psixoloji baxımdan hazır deyildi.

"Generallar şahın getməsinə və Bəxtiyara dəstək verilməsinə bir şərtlə razılaşmışdılar ki, monarxiya da daxil 1906-cı il konstitusiyası saxlansın", –Parsons yalnız 2013-cü ildə açıqlanmış teletaypda demişdi.

Səfir hesab edirdi ki, ordu Xomeyninin hegemonluq etdiyi respublikaya keçid mərhələsində nüfuzunu sınaya bilərdi.

Britaniya elçisi bu qənaətdə idi ki, hərbiyyə çevik bir şəkildə Xomeyni ilə bir araya gəlib sədaqətini ifadə etsəydi, ölkənin xilası üçün daha böyük şans yarana bilərdi.

Parsonsun səmimi qiymətləndirməsi də Karter administrasiyası ilə paylaşılmışdı.

ABŞ sənədlərindən görünür ki, bu teletayp hələ 1979-cu ilin 27 yanvarında vitse-prezident Uolter Mondalenin masası üstündə idi. Bu, həmin gün idi ki, Xomeyninin Ağ Evlə ilk birbaşa kontaktı baş tutmuşdu.

(BBC Azərbaycanca)

Tarix
2016.06.17 / 09:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla