Ana səhifə Toplum |
Heç kimə sirr deyil ki, keçmiş SSRİ-də rəsmi plan iqtisadiyyatından başqa, qeyri-rəsmi bazar iqtisadiyyatı da var idi. Kim idi bunlar? Gənc nəsil bəlkə də təsəvvür etməz. "Sexoviklər", "zavmaqlar", "bazarkomlar", indi çoxuna həddən artıq adi gələ biləcək "xalturşiklər".
Lent.az xəbər verir ki, Sovet dönəmində bu fəaliyyət növləri, kommunist partiyasının ideologiyasına zidd olduğuna görə, qanunla qadağan olunmuşdu. Amma bununla belə bu fəaliyyət növləri mövcud idi və onların qarşısını almalı olan OBXSS, prokurorluq və ya digər orqan, çox vaxt özü onlara "krışalıq" edirdi. Haqqında söhbət açacağımız hekayə də sovet Azərbaycanında, 70-ci illərin sonunda baş verib.
***
O vaxt həm Azərbaycan SSR Ali Məhkəməsi, həm də SSRİ Ali
Məhkəməsində aşağıda adlarını çəkdiyimiz şəxslərlə bağlı ittiham
aktı orta və yaşlı nəslin yadından çıxmayıb. Çünki o dövrün
qəzetlərinin əsas mövzusu Bakıdakı "sexovik"lərə "krışalıq" edən
iki nəfərin ən ağır cəzaya - güllələnməyə məhkum edilməsi, onların
məhkəmə oçerkləri ilə bağlı olurdu.
Saşa Babayev və İzik Quliyev. Əsl adı sənəddə İbrahim Babayevdir. İzik isə İsgəndərdir.
İzik Quliyev prokurorluqda məhkəmə hökmlərinin icrasına nəzarət idarəsində işləyirdi, İbrahim Babayev isə uzun illərdi ki, istintaq idarəsinin rəisi idi. Əslində onların gizli sex sahiblərini himayə etmələri barədə KQB-də çoxdan məlumat vardı. Saşa Babayev və İzik Quliyev sexlərə pul qoymaqla böyük pul qazanır, həm də sex sahiblərini qoruyurdular.
Sonradan iş məhkəməyə gedib çatanda məlum olmuşdu ki, Quliyev və
Babayevin himayə etdiyi dəstənin məhkəmə məsuliyyətinə cəlb edilən
üzvlərinin sayı 100 nəfərdən çoxdur. Və onların əksəriyyəti
cinayətin baş verdiyi yerdə - Yüngül Sənaye Nazirliyinin Bakının
Razin (indiki Bakıxanov) qəsəbəsində yerləşən 6 saylı uşaq geyimi
fabrikində işləyiblər...
***
Həmin vaxt cinayət işinin istintaqını aparan SSRİ prokurorluğu
cinayətin baş vermə səbəblərini və şəraiti nəzərə alıb, fabrikin
cinayətdə iştirak edən 400 nəfərdən artıq fəhləsinə, ustasına,
mexanik və s. peşə sahiblərinə güzəşt edib, onların haqqında
cinayət işinin icraatına xitam vermişdi. Əks halda, çox başlar
gedəcəkdi.
Məhkəmədə Babayev və Quliyevin vəzifələrindən tamah məqsədilə
sui-istifadə edib 6 saylı uşaq geyimi fabrikində və Bakının ticarət
şəbəkələrində çalışan yüzlərlə insanları cəlb etməklə, mütəşəkkil
cinayətkar dəstələr təşkil etməsi tam sübut olundu. O da sübut
olundu ki, həmin vaxt bu iki nəfər və başçılıq etdiyi dəstə
dövlətin xüsusilə külli miqdarda, 2 milyon 110 min rubl dəyərində
əmlakını mənimsəyiblər. Bu, o dövr üçün fantastik məbləğ idi.
Hesablamaya görə, bu pula o vaxt Bakıda təxminən 430 iki otaqlı
mənzil almaq olardı.
Bir maraqlı məqamı da xatırladaq ki, keçmiş SSRİ qanunlarına görə,
10 min manatdan artıq dövlət əmlakının mənimsənilməsinə görə,
cinayət məcəlləsində nəzərdə tutulan maddənin sanksiyasında
azadlıqdan məhrum etmə və yaxud ölüm cəzası nəzərdə tutulurdu.
***
Saşa Babayevdən fərqli, İzik Quliyev güllələnməni isterik
vəziyyətdə qarşılamışdı. O, prosesi icra edən şəxsin bir neçə
saniyə sonra onu öldürəcəyini təsəvvür edə bilmirmiş. Elə beləcə də
deyirmiş: "Gəzintiyə gətirmisən eləmi? Düzünü de, gəzintiyə
gəlmişik?.."
***
Həmin vaxt Ali Məhkəmənin üzvü olan Əlsaab Orucov sonradan
xatırlayacaqdı: "Hökm məqalədə göstərildiyi kimi tapşırıqla yox, iş
üzrə toplanılmış çoxsaylı sübutlarla və qanunun tələbi əsasında
çıxarılmışdı. Hökm məhkum olunan şəxslər, onların vəkillərinin
şikayətləri əsasında bütün instansiyalardan keçdikdən sonra qüvvədə
qaldı və icra olundu".
Hə, o ki qaldı yazının başlığına... İzik Quliyevin atası Teymur
Quliyev...
Teymur Quliyev 1896-cı ildə Qaryagin qəzasının Cəbrayıl kəndində kəndli ailəsində anadan olmuşdu. O, ilk təhsilini iki sinifli kənd məktəbində almış, 1909-cu ildə məktəbi bitirib Gürcüstanın Qori şəhərinə gedərək seminariyaya daxil olmuşdu.
1914-cü ildə Qori müəllimlər seminariyasını uğurla bitirən
T.Quliyev gənc müəllim kimi Cəbrayıl kəndinə gəlmiş və iki sinifli
kənd məktəbində 1918-ci ilin ortalarına kimi müəllimlik
etmişdi.
1920-1921-ci illərdə T.Quliyev əvvəllər Cəbrayıl inqilab
komitəsinin, sonralar yoxsul komitəsinin sədri, yetim uşaqlar
yurdunun direktoru vəzifəsində çalışmışdı. Azərbaycan Fövqəladə
Komissiyası müvəkkilinin köməkçisi və siyasi bürosunun rəisi
olmuşdu.
1929-1930-cu illərdə Azərbaycan Dövlət Siyasi İdarəsinin
Lənkəran şöbəsinin rəisi olmuş, 1930-1931-ci illərdə isə Gəncə
xüsusi əməliyyat şöbəsinin rəisi vəzifəsində işləmişdi. O, bu
dövrdə Azərbaycanda dini hərəkatlara, kolxoz və sovxozların
komsomol təşkilatlarının yaradılması əleyhinə çıxanlara qarşı
aparılan mübarizədə fəal iştirak etmişdi. Gəncə hadisələri
yatırıldıqdan sonra Bakıya çağırılan T.Quliyev 1931-1934-cü illərdə
Azərbaycan Dövlət Siyasi İdarəsinin mərkəzi aparatında iqtisadi
şöbə rəisinin müavini vəzifəsini daşımışdı.
1934-1937-ci illərdə T.Quliyev Azərbaycan SSR Ali Məhkəməsi xüsusi
kollegiyasının sədri, Azərbaycan SSR Ali Məhkəməsinin sədri
olmuşdu.
1937i-ildə T.Quliyev respublikanın ən yüksək vəzifələrindən birinə – Azərbaycan SSR Xalq Komissarları Sovetinin (sonralar Nazirlər Sovetinin) sədri vəzifəsinə təyin edilmişdi. Düz, 1954-cü ilə qədər. Bu vəzifə indiki dillə desək, respublikanın baş nazir statuslu vəzifəsi idi…
Tarix
2016.06.28 / 14:48
|
Müəllif
Axar.az
|