Ana səhifə Gündəm |
Qarabağ münaqişəsində status-kvonu uzun müddət saxlamaq
mümkün deyil.
APA-nın verdiyi xəbərə
görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər
naziri Frank-Valter Ştaynmayer İrəvanda, ermənistanlı həmkarı
Edvard Nalbəndyanla keçirdiyi mətbuat konfransında bəyan edib.
"Bölgədə alovlanan son hərbi əməliyyatlardan iki ay keçib, hər iki
tərəf itki verib. Düşünürəm ki, həm münaqişə tərəflərinə, həm də
ATƏT-ə aydındır ki, belə vəziyyətdə status-kvonu uzun müddət
saxlamaq mümkün deyil. Hesab edirik ki, münaqişənin davamı hərbi
əməliyyatların başlanma riskini artırır", deyə F-V.Ştaynmayer
bildirib.
Almaniyanın xarici işlər nazirinin sözlərinə görə, münaqişənin
uzunmüddətli həlli üçün səyləri artırmaq lazımdır. O, tam
danışıqların artıq bu il başlayacağına ümidvar olduğunu
bildirib.
"İki ay bundan əvvəl baş verən hadisələr təkrarlanmamalıdır. Biz
təhlükəsizliyin təmini və danışıqları davam etdirmək yollarını
tapmalıyıq ki, atəşkəs rejimi pozulmasın. Həmçinin, ATƏT-in
fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin
ofisinin genişləndirilməsi üçün səy göstərəcəyik", Ştaynmayer əlavə
edib.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci
ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları
əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ
ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə
baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq
Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli,
Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri
tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi
köçkün vəziyyətinə düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və
Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul
olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında
Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri
Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa,
Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı
ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik
institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq
Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik
Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874
və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA,
ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri
mövcuddur.
Tarix
2016.06.29 / 23:24
|
Müəllif
Axar.az
|