Yuxarı

13 ildir çap olunmayan şair: “İzn vermərəm”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, “Birlik” jurnalının baş redaktoru, şair İlqar İlkinlə müsahibəni təqdim edir:

- Necəsən?

- Həddindən artıq yaxşıyam. Bilirsən, bu, mənim ənənəvi cavabımdı, amma gerçəkdən yaxşıyam. Həmişə olduğum kimiyəm, yəni bir ömrü yarıya qədər gəlib, “mən filan yerdə səhv etmişəm, filankəs haqlıymış, mən düz etməmişəm”, - demirəm. İndi məni üzən ən böyük gerçəklik dostlarımızın ömrü yarılayıb bir-birini ittiham etmələridir. Bilirsən, məncə, yaradıcılıq xarakter məsələsidir. Xarakteri olmayan adamın nəsə yarada biləcəyinə şübhə edirəm.

- Hər halda ədəbi mühitdəki son hadisələri nəzərə alıb belə deyirsən. Özünü ədəbi mühitdən təcrid etmiş kimi görünürsən, səhv etmirəm ki? Bu təcridin səbəbi nədir?

- “Vitrinlər dolu, ürəklər boş”... Adil Mirseyid öz şeirində bu şəhəri belə təsvir edirdi. İndi ədəbi mühit dediyimiz bir şey varsa, o da belədir: vitrinləri süslənmiş, uydurulmuş, püflənmiş, fəqət, altı-üstü boş... Məncə, insanın öz mənliyini, şəxsiyyətini qoruması üçün özünə qoyduğu tabuları, qadağaları da olmalıdır. İndi yalnız ədəbi mühitdə deyil, bütün sahələrdə özü öz tabularını müəyyənləşdirib, öz təcridini yaşayanlar çoxdur. Ədəbi mühitdə tanıdığım ciddi adamların əksəriyyəti bu təcridi yaşamaq məcburiyyətindədir, bəziləri isə gündəlik köşə yazılarında özlərini bitirməklə məşğuldur. Söhbət yalnız ədəbi mühitdən getmir, ümumiyyətlə, insan üçün lazım olan mənəvi mühitin yoxluğundan gedir: nəfəslik daraldıqca, süstlük labüdləşir.

- Sonuncu şeirini nə vaxt yazmısan? Məncə, çoxdandır çap olunmursan.

- Mənim heç vaxt ənənəvi yazı üsulum olmayıb. Şeirlərimi nə vaxt, niyə yazdığımı da bilmirəm. Çünki mən yazını asan yaza bilən adam deyiləm. O üzdən hər hansı bir şeir uzun sürən yaşantımın məhsulu ola bilər. Ona görədir ki, şeirlərimdən bir sözün çıxarılmasına izn vermərəm: yarımçıq görünər, nəsə çatışmadığı anlaşılar. Sonuncu şeirlərimi 13 il əvvəl çap etdirmişəm. Adam uzun müddət yaradıcılıqdan aralı düşəndən sonra yenidən başlamağa qorxur, çəkinir. Bəzən özümü dincə qoyulmuş torpaq kimi hiss edirəm: növbəti dəfə orada nə əksən, daha məhsuldar olacaq kimi...

- Ədəbiyyatda qazancın olmadı, yazdıqların əlindən tutmadı, heç olubmu ki, buna görə təəssüflənəsən?

- Ədəbi mühiti daraldanlar, onu cansıxıcı edənlər ədəbiyyata mənfəət, qazanc yeri kimi baxanlar oldu zatən. Sosialist ideologiyasında görünən o idi ki, ədəbiyyatçı, yazar ədəbiyyatdan qazanır, amma əsl reallıqda o mənfur ideologiya öz ömrünü uzatmaq üçün yazar adamdan qazanırdı. Hər zaman müşahidə etmişəm; kapitalizm cəmiyyətlərində insan ləyaqəti, lap elə şairin dəyəri daha yaxşı qorunur, ən azından onu əbləh yerinə qoyub, yalançı qəhrəman yetişdirmirlər. Bu gün ciddi adamların təcridinin bir səbəbi də ədəbiyyata, sənətə, kinoya, musiqiyə, teatra qazanc üçün gələn istedadsız adamların çoxluğudur. Və reallıqda görürsən ki, gerçəkdən o adamlar bu sahələrdən əməlli-başlı qazanc yeri kimi də istifadə edə bilirlər.

- Yəqin, nə vaxtsa yazıların dərc olunanda sənin də ürəyindən xalq yazıçısı olmaq keçib?

- Heç indi də ürəyimdən elə bir şey keçmir, amma uşaqlıqda yazıçılar, şairlər mənim üçün başqa bir anlam daşıyırdı. O anlamın, o istəyin olduğu kimi qalması üçün bəzən uzaq durmalısan. Mən də indi məhz bunu edirəm. Hər kəsdən və hamıdan uzaq durmağa çalışıram. Amma keçmişdə də, elə indi də öz şəxsiyyətini qoruyan, iftixar hissi duyacağımız yazıçılarımız olub. Onları hər zaman örnək almalıyıq. Yəqin ki, yaxın gələcəkdə nə xalq yazıçısı, xalq şairi titulları olacaq, nə də ondan istifadə etmək istəyənlər. Viktor Hüqo Fransanın xalq yazıçısı deyil, amma Fransanın mənəvi simvollarından biridir.

- Arzuların nə idi, o arzular səni haracan apara bildi?

- Hər kəsin arzuları olur, amma ən çox qiymətləndirdiyim adamlar amalları olan adamlardır. Arzular daha çox dünyadan nəsə ummaqla bağlıdır, amallar, ideallar isə bu dünyaya nəsə verməklə. Bütün Turan coğrafiyasını gəzmişəm və ruhumun bu torpaqlara aid olduğunu hiss edə bilirəm. Xəyallarım məni Ötükənə, Bilgə Xaqana, Bilgə Tonyukuka götürür. Qismət olsa, gələn il bu ziyarətimi reallaşdırmaq istəyirəm. Məncə, bir gün bütün türklər Ötükənə, Orxon-Yenisey vadilərinə ziyarəti özlərinə müqəddəs borc biləcək.

- Tez-tez xarici səfərlərdə olursan, təmsil etdiyin təşkilatın işləri aydındır, bəs, səfərlərdə millətin adına bir iş görürsənmi?

- Mənim inandığım və tərəddüdsüz gedə biləcəyim tək yol Türk Birliyi ideyasıdır. Bütün genetik yaddaşımın kodları bu subyektə indeksləşib. Ən böyük yaradıcılığı da Turan ideyasında görürəm. Çünki mən geni və qanı ilə düşünə bilən adamam. Ortaq tarixi, keçmişi, ortaq ruhu paylaşdığımız bütün türk xalqları ilə bir can olaraq bütövləşmək bizim gələcəyimizi şəkilləndirən tək gerçək olacaq. Mən isə bu gerçəkliyə yalnız inanmıram, həm də onun üçün cəhd edirəm.

Tarix
2016.12.02 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla