Yuxarı

Nizami də, Füzuli də bundan şikayət edib...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ədəbi prosesdə az-çox baş verənlərə rəğmən, proses fəaliyyətsiz kimi görünür. Ədəbiyyatımızı bu rutinlikdən çıxarmağın bir yolu varmı?”

Axar.az ədəbiyyat adamlarının bu suala cavablarını təqdim edir:

Tənqidçi Vaqif Yusifli

“Mən o fikirdə deyiləm ki, ədəbi prosesdə fəaliyyətsizlik hökm sürür, əksinə, proses davam edir. Əsərlər yazılır, müzakirəyə çıxanları da var. Jurnallar, qəzetlər ədəbi materiallar çap edir, tənqidi fikirlər söylənilir. Sadəcə olaraq, bu prosesdə bir xaos hökm sürür”.

Şair Sabir Sarvan

“Heç vaxt ağlıma gəlməzdi ki, ədəbiyyat bu kökə düşəcək, minlərlə imzanın içində 5-10 istedadlı qələm sahibinin adı itib-batacaq. Üstəlik, onlara fərsiz adama baxan kimi baxacaqlar. Ədəbiyyata dəxili olmayanların isə hər gün kitab təqdimatları, imza günləri, böyük salonları, hətta telekanalları bürüyən yaradıcılıq gecələri keçiriləcək. Hörümçək toruna bənzəyən mənasızlığın və təkrarçılığın tüğyan elədiyi bu “ədəbi mühitdən” çıxış yolunu ağlıma belə gətirə bilmirəm. Çünki cəmiyyətimizdə özünə kök salmış bütün neqativ hallar, eynilə ədəbiyyatda da var və dəhşətli eybəcərlikləri ilə möhkəmlənib. Onu demək istəyirəm ki, cəmiyyətin düşüncəsində yaxşı mənada dəyişiklik baş verməsə, ədəbi mühit, ədəbiyyat, istedadlara münasibət belə də qalacaq. Hərdən düşünürəm ki, sovet dövrünü çıxmaq şərti ilə bəlkə elə həmişə belə olub?! Bu cür düşünməyə mənə Nizami Gəncəvinin “nəzmçi çoxdur, şair azdır”, Məhəmməd Füzulinin “bir dövrdəyəm ki, nəzm olub xar” deyimləri də əsas verir. Amma yenə ümidimi itirmək istəmirəm. Çünki: “Qarışıqdır hələlik millətin istedadı, -Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur. (M.Ə Sabir)”...

Şair Sayman Aruz

“Ədəbiyyat hadisələrin məhsuludur. Bu hadisə istər məhəbbət dünyasında, istərsə də ictimai-siyasi-hərbi sahədə olsa da, baş verməmiş heç bir ciddi ədəbiyyatdan söhbət gedə bilməz. Son dönəm şərqdə, xüsusilə də Suriya, İraq, Fələstin və bəzi ərəb ölkələrində baş verən hadisələr Adonis kimi şairləri, “Çərpələng uçuran” kimi romanları dünya ədəbiyyatına bəxş edib. Güney Azərbaycanda bu motivlərə çox rast gəlmək olar, ancaq dilin öyrədilməməsi və bəzi siyasi problemlər ədəbiyyatın yaranmasına mane olur. Əlbəttə, mənim ”Yüz il inqilab” romanımı oxumuş olsanız, Güneydə baş verən hadisələrin necə və hansı məcrada irəlilədiyini tam hiss edə bilərsiniz. Qaldı ki, müstəqil Azərbaycanımızın ədəbi durumu barəsində, öz daxilimdə də bir çox suallarla üz-üzəyəm. Məsələn, bir ölkənin Qarabağ boyda milli, Xocalı boyda bəşəri və Güney boyda bir tarixi faciəsi varsa, niyə dünya ədəbiyyatına bəxş edəcək bircə ciddi roman belə ərsəyə gətirə bilmir? Bax, bunu cavabı məni çox düşündürür. Hər halda mənə elə gəlir ki, ölkə və torpaqlarımızın bizə hadisə və personaj bağışlamasında heç bir axsaqlıq yoxdur, əsas problem biz yazarların özündə və daha doğrusu, ədəbi tənbəlliyimizdədir”.

Yazıçı Süleyman Hüseynov

“Əslində, ədəbi proses fəaliyyətsiz deyil, əksinə, yazarların sayı, yazılanların sayı getdikcə artır. Ancaq məsələ keyfiyyətdədir. Yaxşı əsərlərin, şeirlərin sayı azalır. Zəif, peşəkarlıqdan uzaq kitablar nəşr edilir, zorla təbliğ olunur. Çünki indi ədəbiyyat birbaşa maddi durumla bağlıdır. Sponsorun varsa, deməli, sən məşhurlaşacaqsan, yoxsa yazdıqların sandıqda qalacaq. Digər tərəfdən, uzun illərdir AYB-də yazarların yaradıcılığı sahəsində bir durğunluq hökm sürüb. İlqar Fəhminin AYB-yə, Azər Turanın “Ədəbiyyat qəzeti”nə gəlişi ilə indi ədəbi mühitdə bir xeyli canlanma var. Düşünürəm, bunun bəhrəsini yaxınlarda görəcəyik. Bir də bu prosesi canlandırmaq üçün AYB rəhbərliyi ilə üzvləri arasında mütəmadi dialoq, açıq, səmimi söhbət mütləqdir. Yaxşı olardı ki, Anar müəllimin bölgələrdə yazarlarla şəxsi görüşləri keçirilsin, onları dinləsin. İndiki şəraitdə isə çox zaman qıraq vasitələrlə müəyyən suallara cavab almaq olur. Zənnimcə, bir məsələ də mühüm rol oynaya bilər. Təklif edirəm, hər il müsabiqə yolu ilə AYB üzvlərinin yeni əsərlərinin əlyazmalarına baxış keçirilsin, yaxşıları müəyyən edilsin və növbəti ildə dövlət hesabına çap olunmaq üçün plana salınsın. Təbii ki, burada tanışlıq, yerlibazlıq amilləri olmamalıdır. Yalnız istedad , peşəkarlıq nəzərə alınmalıdır”.

Şair Xaqani Qayıblı

“Əslində, bütün dövrlərdə ədəbi proses ilk görünüşdən (prosesin gedişatı zamanı) “rutin“ xarakteri “daşıyır“, amma bəlli bir zaman dilimi keçdikdən sonra görürsən ki, ələkdən keçməyən – əldə qalan gözəl əsərlər var. O ki qaldı “rutinlikdən” çıxmaq məsələsinə, zənnimcə, bu mümkündür, həm də çox fərqli yollarla. Yanlış xatırlamıramsa, AYB-nin təbliğat şöbəsi olmalıdır. Məsələn, bu şöbə (əgər fəaliyyətdədirsə) ən azı, ayda bir dəfə ədəbi gecələr təşkil edə bilər. Yeri gəlmişkən, bu cür ədəbi gecələri Estoniya Yazıçılar Birliyi həftədə bir dəfə keçirir. Bu qəbildən olan tədbirlər, sadəcə, yeni imzaların üzə çıxmasına imkan yaratmır, eyni zamanda, gənc nəsillə yaşlı nəslin nümayəndələrinin üzbəüz təmasına şərait yaradır ki, bu da özlüyündə ədəbi prosesin “rutinlik”dən çıxmasına təkan verir. Bundan əlavə, bütün yazarların xəyallarını süslədiyi teledebatlar yaradılmalı, bölgələrə ezamiyyətləri – oxucularla görüşləri təşkil edilməlidir. Yoxsa ki, bütün “görüşlər” Bakıda keçiriləcəksə və oraya da hər dəfə eyni sifətlər gələcəksə, bu, “çevir tası, vur tası” deməkdir və belə olduğu halda, “rutinlik”dən qaçmaq mümkünsüzdür”.

Tarix
2016.12.20 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla