Yuxarı

2017-ci il belə başladı... – Yazarlar danışdı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2017-ci il sizin üçün necə başladı, bu il oxucularınızın görüşünə nə ilə gələcəksiniz?”

Axar.az qələm adamlarının bu suala cavablarını təqdim edir:

Ramiz Qusarçaylı: Bu ilin ilk şeirini mənim üçün anam yazdı (şairin anası bu günlərdə vəfat edib – red.) Şeirin adı “Ölüm” idi. Mən də anamın “Ölüm” şeirinə nəzirə yazdım. 2017-ci ilin ilk ayında, yəni yanvarda 400 səhifəlik “Gedəsən dünyanın axırınacan” adlı şeirlər kitabım çıxacaq. Şərti adı “Məğlubiyyət” olan poemamı bitirmək üzrəyəm. “Seyrə seyri” adlı poemam üzərində işlərim davam edir. Yeni şeirlər yazıram, tərcümə ilə məşğulam.

Sayman Aruz: Mən 7 rəqəmini hər zaman özüm üçün uğurlu hesab etmişəm. Əminəm ki, 2017-ci il çox düşərli olacaq. Bir şeir toplusu, bir və ya hətta iki romanım çap oluna bilər.

Firuz Mustafa: 2017-ci il mənim üçün adi təqvim illərindən biridir. Ümumiyyətlə, bir ildən o biri ilə keçid daim mexaniki, daha doğrusu, təbii səciyyə daşıyır. Yəni dediyim odur ki, heç bir söz adamını qarşıda hansısa bir möcüzə gözləyə bilməz. Olsa-olsa, yazıçı hansısa bir ildə gözləmədiyi bir mükafatı ala bilər. Bu da mexaniki hadisə kimi dəyərləndirilə bilər. Bu il oxucular məndən çox güman ki, 1-ci cildi ötən il nəşr olunmuş otuzcildliyimin 2-ci cildini ala biləcəklər.

Fərqanə Mehdiyeva: 2017-ci il yaxşı başladı. İlin ikinci günü inandığım, güvəndiyim dostlardan biri qanımı bərk qaraltdı. Dedim, xoruz ilidir, bəzi adamlar qarşısındakına xoruzlanmaqla özlərini qəhrəman kimi göstərməyə çalışırlar, amma yaxşı qurtardım. Düşündüm ki, illər dəyişir, adamların xasiyyəti dəyişmir. Bu il “Şeirin ucbatından” adlı kitabımı çıxarmaq istəyirəm.

Rəsmiyyə Sabir: 2017-ci il mənim üçün qrip xəstəliyi ilə başladı, lakin keçici haldır. Bu ildən çox şey gözləyirəm. Oxucularıma şad xəbərim var: yeni şeir kitabımı çap etdirəcəyəm, hazırdır. Bayram günlərində texniki işlərini də görüb qurtarmışam. Bir də Əkbər Qoşalı ilə birlikdə Çağdaş Qazax Antologiyasının 1 və 2-ci nömrələrini hazırlayıram.

Əli Şirin Şükürlü: 2017-ci il mənim üçün bəmbəyaz başladı. Qarı köksünə sıxıb saxlayan balaca bir məkanda görüşdük yeni il ilə. Bir qədər özümü dincələn kimi hiss edirəm, doğrusu. İlk növbədə, elmi-bədii və elmi-fəlsəfi konsepsiyalarımı yenidən nəzərdən keçirmək, bir qədər də təkmilləşdirmək fikrindəyəm. Ədəbi suprematizmə aid yeni nəzəri mövzular və bədii mətnlər yazmaq niyyətim sonsuzdur. Riyazi məntiqə əsaslanan fəlsəfi konsepsiyaya – “Dünyaya yeni baxış” adlı esseyə yeni mövzular daxil etməyi planlaşdırıram. Sizinlə bir müsahibədə bu barədə qısa söhbət etmişdik. Bir daha bu söhbətə qayıtsaq, məncə, maraqlı olar. Hesab edirəm, Axar.az saytı yeniliyə daima açıqdır və bu, təqdirəlayiqdir. Biz çox şey planlaşdıra bilərik, zaman isə bizdən asılı olmadan öz diktəsini edir. Tanrı hamımıza yar olsun. İdrakımız, idrakınız işıqlı olsun.

Afaq Şıxlı: Bu ilə nənə kimi qədəm qoydum. Ən böyük hədiyyəm də, ən gözəl əsərim də Alsu nəvəmdir. Ondan başqa hələ heç nə haqda düşünə bilmirəm. Arzu edirəm ki, onun qədəmləri uğurlu olsun, həm bizim, həm də nümayəndəsi olduğu millət üçün!

İlham Qəhrəman: 2017-ci il həyatıma 2016-cı ildə başlayan müalicənin davamı ilə gəldi. Düzü, bayram əhval-ruhiyyəsi elə də hiss olunmadı. Fikirləşirəm ki, yenə imkan olduqca güneylilərin şeir yaradıcılığını bu taylı oxuculara təqdim edim. Burda onu da deyim ki, o taya çap üçün iki antologiya hazırlayıb göndərmişəm. Bundan başqa, rusdilli şairlərdən tərcümə işini davam etdirmək niyyətim var. Keçən il başladığım yapon haykularından tərcümələrin davamı da nəzərimdədir. Yeri gəldikcə şeir yazıram, folklor toplayıram.

Tarix
2017.01.06 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla