Yuxarı

1920-nin apreli: Nəsib bəyin oğlunun işğal xatirəsi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin oğlu, ömrü məşəqqətlərdə keçən, "Azərbaycan" deyərək Türkiyədə əbədiyyətə qovuşan Niyazi Yusifbəylinin mühacirət mətbuatında xeyli məqalələri, publisistik yazıları dərc olunub. 1952-ci ildə Ankarada yaradılan "Azərbaycan Milliyyətçilər Dərnəyi"nin qurucularından olan, sovet rejiminə qarşı mübarizədən çəkinməyən N.Yusifbəyli müxtəlif dərgilərdə Azərbaycanın müstəqilliyinin bərpası yolunda ideoloji savaş aparırdı. O, məqalələrinin əksərində istiqlal savaşına toxunur, milli həmrəylik və birlik ideyasını müdafiə edirdi.

Axar.az xəbər verir ki. bu sözləri Şərq.az qəzetinin baş redaktoru Akif Aşırlı qələmə alıb. O bildirib ki, sözügedən məqalə 1957-ci ilin mayında "Mücahid" dərgisində işıq üzü görüb: "1920-ci ilin 28 aprel işğalı Cümhuriyyətin Baş nazirinin körpə övladının yaddaşında bax beləcə qalıb".

Akif Aşırlının yayımladığı sözügedən məqaləni təqdim edirik:

Münhendə çap olunan və mühacirət tariximizin indiyə qədər çıxan nümunələrinin ən mükəmməli "Dərgi"nin bizə göndərilməyən, amma sonra oxuduğumuz 4-cü sayındakı Mirzəbala bəyin (Mirzəbala Məhəmmədzadə - A.A.) ədəbi bir üslubda, faktlara söykənən yazısını oxuduqdan sonra, 36 il öncə baş verən və bu gün də üzərindən sis-duman çəkilməyən 27 aprellə bağlı bir olayı xatırladım.

1918-ci ilin aprel ayı o il ilıq bir hava və parlaq bir günəşlə başladı, bizim üçün məsut qış günlərini geridə qoymuşdu. Bakı şəhəri o günlərdə qeyri-adi hadisələrin içərisində çırpınırdı, xalqın əksəriyyəti böyük küçələrə axışırdı, hər kəs həyəcan içində, kuryerlər isə bir-birini əvəz etməkdə idi. Mübahisələri bitib-tükənməyən parlamentimizdəki gərginliklər səbəbindən böyüklərimizin üzünü görüb, onları qucaqlamaq zövqündən məhrum idik.

Bu vaxt təlaş və həyəcanlı günlərdə zavallı bizlər ora-bura qaçırdıq. Bəziləri evini son dəfə görəcək kimi davranır, heç kimdən doğru-düzgün cavab ala bilmirdik. Qorxunc bir şeyin hazırlandığını hiss edirdik. Krımda olduğu kimi, təkrar səfalət, aclıq və mühacirətin yaxınlaşdığını daxilən hiss edirdik.

Nəhayət, bu məşum an gəlib çatdı. O axşam cənab doktor Ağayevlərdə (Güman ki, Əhməd bəy Ağaoğlunu nəzərdə tutur - A.A.) qonaq idik.

Ən çox danışılan mövzu insafsız güclərin sərhədlərimizin aşması ilə bağlıydı. Əcəba, bu güclərə qarşı mübarizə aparacaq ordumuz hardadır? Əvət, bu ordunu bir neçə dəfə göz yaşlarımızla Bakı və Gəncədə rəsmi keçiddə seyr etmiş, köksümüz dağa dönmüşdü. Ordumuzun dünyaya cavab verəcək gücdə olduğu qənaətindəydik. Halbuki qəhrəmanlarımız bu çətin anlarda Vətənin uzaq bucaqlarında erməni hücumlarını dəf etməklə məşğul idi. Bakıya yetişmələrinə imkan olmadığı da söylənilənlərdən anlaşılırdı.

Biz balacalar mavi, qara və bəyaz geyimli süvarilərimizi boyunlarımızı bükərək, gözlərimizdə yaş gözləyərkən, ağsaqqalarımız o gecə Gəncəyə köçməyimizin münasib variant olduğunun mübahisəsini aparırdılar.

Axşamüstü qarmaqaraşıq olan evimizə döndük. Tez-tələsik yeməkdən sonra ən mühüm ehtiyac duyulan zəruri əşyalar toplandı və son dəfə Baş nazirin avtomobilinə mindik. Boş və səssiz küçələrdən sürətlə keçərək qələbəliklə dolu bir binanın önünə gəldik. Qatar hazır idi. Bizi təcili qatara yerləşdirdilər. Və intizar başladı. Son alınan xəbərlər bu idi: "Hökumət yıxılıb, sərgüzəştçilərdən təşkil olunan bir çete iqtidarı bolşeviklərə təslim etmək üzrə müvəqqəti hakimiyyəti ələ almışlar".

Saatlar bir-birini əvəzləyir, vaxt keçir, qatar isə nədənsə hərəkət etməyirdi. Hamımız qərarsızdıq, saat isə doqquza yaxınlaşırdı, nə oldusa elə bu anda oldu. Tapança səsi eşidildi, perrondakı danışıqlar hər kəsi həyəcana saldı.

Bu uğursuz tapançadan çıxan qurşun əziz Cümhuriyyətimizi və istiqlalımızı ürəyindən vurmuşdu. Acı həqiqət bütün çılpaqlığı ilə meydana çıxdı. Azərbaycan hökumətsiz, ordusuz qalmış, məchul silahlı kimsələr ortaya çıxmışdı. Bunlar kim idi? Məqsədləri nə idi?

Bunları kim istiqamətləndirir və idarə edir? Bu irəlilərdə aydınlaşdırılacaq suallardır...

Bu silahlı insanlar qatarımıza doldular, yerlərimizi yoxlamağa başladılar. Bütün vaqonları yoxladıqdan sonra sərnişinləri aşağıya endirdilər. Qos-qoca qatarda yalnız biz qalmışdıq. Qapının ağzını kəsən növbətçi qatardan çıxmağımıza mane olur, əmr aldığını söyləyirdi. Bu əsnada əmimiz Əyyub pərişan halda, təlaşla qatarın pəncərəsi altına gəldi. Üzündə təəccüb, təəssüf hissi qarmaqarışıq idi. Müqəddəratımızı gözləməkdən başqa bir əlacımız qalmadı.

Bir-iki saatdan sonra nəhayət, sərbəst buraxıldıq, qatarın taqqıltısı ilə şəhərdən uzaqlaşdıq. Bu gediş mühacirətimizin ilk addımı, səfalətin, yoxluğun, iztirabın başlanğıcı idi. Bu başlanğıc eyni zamanda hər şeyin sonu deməkdi. Təəssüf ki, bu işin içində əziz böyüyümüz Nəsib bəy Yusifbəylini, Fətəli xan Xoylunu, Həsən bəy Ağayevi və minlərlə vətəndaşımızı əbədiyyən itirdik.

Bir neçə gün sonra qızıl əsgəri orduları sel kimi Bakı küçələrini zəbt etdi. Bu hər şeyin sonu idi. Bu parlaq ilk bahar günü bizim üçün matəm günü oldu. Bu matəmi 36 ildir yaşayırıq. Uşaqlarımız, ola bilsin nəvələrimiz də bu matəmi 28 Mayın parlaq günəşinə qədər yaşayacaq.

Niyazi Yusifbəyli,

1957-ci il may. №8.

Tarix
2017.01.13 / 08:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla