Yuxarı

Sovet rejiminin təzyiqi altında... - Qəzəlxan

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az şair Əli Aslanoğlu ilə müsahibəni təqdim edir:

- Əli müəllim, poeziya sizin üçün nədir?

- Ümumi şəkildə desəm, poeziya mənim ruhumun nəğməsidir. İnsan iki hissədən ibarətdir: bədən və ruh. Bədən özlüyündə yalnız vasitədir - ruhun evidir, onun mövcud olmasını, yaşamasını təmin etmək üçün istifadə olunan qurumdur. Buna görə də hər bir insanı onun ruhunun, mənəviyyatının miqdarı, tutumu ilə dəyərləndirirlər. Hər bir insan dünyaya, ətraf mühitə həm cismani, həm də ruhu, mənəviyyatı ilə bağlıdır. Ətrafa mənəviyyatla daha sıx bağlı olanlar yaradıcı insanlardır. Bu kontekstdə şairlərin məxsusi yeri var. Şairlər dünyanı olduğu kimi yox, öz ruhlarının, duyğularının tələb etdiyi kimi görmək istəyirlər, onu söz və ritmlə bəzəyib başqalarına təqdim etməklə sanki bir rahatlıq, mənəvi dinclik tapırlar. Poeziya belə yaranır. Yəqin ki, mən də istisna deyiləm.

- Şeirlərinizi mütəmadi olaraq oxuyuruq, ölkənin ənənəsi, ədəbi çəkisi olan nəşrləri sizə yer ayırır, amma adama elə gəlir ki imkanlarınızdan az “görünürsünüz”.

- Hər bir insanın hərəkət və əməllərinin müəyyən ölçüsü-biçisi olmalıdır. Mən yalnız yeni bir əsər yazanda mətbuatda görünürəm və bunu normal hesab edirəm. Özünütəbliğlə heç vaxt məşğul olmamışam və buna lüzum da görmürəm. Hesab edirəm ki, yazıçını özü yox, əsərləri təqdim və təbliğ etməlidir - bu bir, ikinci də, mən bütün vaxtımı şeirə, ədəbiyyata həsr etmirəm. Uzun müddət istehsalatda aparıcı və məsul vəzifələrdə işləmişəm. Poeziya ilə paralel olaraq roman, povest, dram əsərləri, librettolar, ssenarilər, xeyli sayda hekayələr, publisist məqalələr və esselər yazmağıma rəğmən, ədəbiyyat mənim yaradıcılığımın yalnız bir hissəsidir. Qəzəllərimin bir neçəsi Milli Konservatoriyanın muğam dərslərində tədris olunur, müntəzəm olaraq tanınmış xanəndələr tərəfindən şeirlərimə bəstələnən mahnılar, təsniflər ifa edilir.

- Ölkənin aparıcı TV-lərindən birində çalışırsınız. Oradakı işləriniz yaradıcılığınıza mane olmur ki?

- Telejurnalistika yaradıcı işdir, ona görə də burada yaradıcılıq sıxılmır, əksinə daha da cilalanır, təkmilləşir. Düzdür, bir qədər vaxt baxımından çatışmazlıq olur. Amma bu çatışmazlıq hər bir işdə var. Qələm adamı hansısa bir işdə işləməlidir və yaradıcı fəaliyyət üçün vaxt ayıra bilməlidir. Yazıb-yaratmağa həvəs olandan sonra vaxt tapılır.

- Bu gün ədəbi mühitdəki vəziyyət sizin ədəbiyyatımızda durduğunuz yerdən necə görünür?

- Ədəbi mühit həmişə olduğu kimi, indi də necə varsa, hansı səviyyədədirsə, elə də görünür. Bütün dövrlərdə ədəbiyyat yaradanlar da olub, ədəbiyyatdan yararlanmağa cəhd edənlər də. Nizami Gəncəvidən üzü bəri minlərlə şair olub, amma ədəbiyyat tarixində qalanları barmaqla saymaq olar. İndi də belədir. Bəzən dildən, ədəbiyyatdan xəbəri olmayanlar da özlərini qələm adamı kimi təqdim etməyə çalışırlar. Yazılarına baxanda görürsən ki, bu adam şəkilçi ilə bağlayıcını ayırd edə bilmir, cümlədə vergülün yerini tanımır, adi qafiyə qaydalarından xəbərsizdir, amma özünü istedad hesab edir. Oturub saf-çürük etsən, bizdə ciddi ədəbiyyatla məşğul olan qələm adamlarının şairli-yazıçılı ümumi sayı bəlkə də 100-ü keçməz. Ancaq Yazıçılar Birliyinin üzvlərinin sayı 2000 civarındadır. Və bir o qədər də üzv olmayan yazarlar var. Bu səbəbdən də ədəbiyyatımız zəif yazılarla yüklənir. Elə bu səbəbdən də beş-on sanballı yazarımız da bu çoxluqda görünməz olur. Ümumiyyətlə, “şairlik Allah vergisidir” düşüncəsi ilə əlinə qələm alanların əksəriyyəti şair deyil, qafiyəpərdazlardır. Yaxşı şair olmaq üçün adama istedaddan bir neçə qat artıq ədəbi və dünyəvi biliklər lazımdır. Bununla belə, qeyd etməliyəm ki, son vaxtlar ədəbiyyatımıza gələn istedadlı gənclər az deyil. Həm poeziya, həm də nəsr sahəsində orijinal düşüncəli yeni ədəbi qüvvələrin meydana çıxması sevindirici haldır. Bu o deməkdir ki, müstəqilliyimizin ilk dövrlərində öz ideya-estetik istiqamətini axtaran ədəbiyyatımız artıq qərarlaşma dövrünə daxil olmaqdadır.

- Bütün dövrlərdə ədəbi gənclik, gənc nəsil köhnələri qınayır, sizin qınadığınız, yaxud qınaq yeri olduğunuz vaxtlar olubmu?

- Bunu qınaq yox, bəlkə də tənqidi yanaşma, yaxud bəyənməzlik adlandırmaq daha uyğun olardı, məncə. Bu, əslində, dialektikanın məlum qanunauyğun inkişafdır. Hər yeni yaranan köhnənin bazasından qidalanmaqla bərabər, onu inkar edərək özünə yer tutur. Ancaq ədəbi gənclik gərək özündən əvvəlkilərdə nəyi bəyənməməyi yaxşı ayırd etsin. Ola bilər ki, sovet rejiminin təsiri və təzyiqi altında yazıb-yaradanların müəyyən yazılarına irad tutulsun. Bu zaman tənqid determinizm mövqeyindən yanaşmalıdır. Səbəb və nəticə əlaqələri nəzərə alınmalıdır. Mən hələ ki, gənclərlə bir sırada addımlayıram, elə bir irad tutduqlarını eşitməmişəm. Eşitsəm də, buna normal yanaşaram və sevinərəm ki, ədəbiyyatımızda novatorluq ənənəsi davam etməkdədir.

- Əli müəllim, sizcə, ədəbiyyatımız dünya ədəbiyyatı ilə müqayisə ediləcək əsərlərlə nə qədər zəngindir?

- Şərqdə poeziya həmişə güclü olub və indi də bizim poeziyamız Avropa və dünya poeziyasından geri qalmır, hətta bəlkə də öndə gedir. Bunun da əsas səbəbi ondadır ki, Şərq texnokrat düşüncəsi Qərbdən mənəviyyat duyğusu ilə fərqlənir. Poeziya da mənəviyyatla, məhəbbət duyğusu ilə sıx bağlı olan bir sahədir. Nəsr və dramaturgiya sahəsində isə dünya ədəbiyyatından hələ çox şeylər öyrənməliyik. Çünki bizdə ədəbiyyatın bu növlərinin tarixi o qədər də qədim deyil. Bundan əlavə, Azərbaycan ədəbiyyatının son intibah dövrü sovet rejimi ilə üst-üstə düşdüyündən müəyyən məhdudiyyətlərlə üzləşdi, müstəqillik dövrü isə elektron vasitələrin, kompüterin həyatımıza daxil olması ilə informasiya bolluğu yaratdığından irihəcmli əsərlərə maraq bir qədər azaldı.

- Sizin yaradıcılığınız çoxşaxəlidir. Nəsr əsərləriniz, çoxlu sayda heca şeirləriniz olmasına baxmayaraq, ədəbi mühitdə sizi ən çox qəzəlxan kimi tanıyırlar. Niyə?

- Niyəsini oxucular daha yaxşı bilər. Ola bilsin ki, indi əruz vəznini bilənlər, şeirin qəzəl növü ilə məşğul olanlar azdır, ona görə də bu sahədə qələm işlədənlər tez diqqət çəkirlər. Bir başqa cəhət də var ki, mənim qəzəllərim muğamlarda rahat oxuna bilir, xanəndələr asanlıqla onları repertuarına daxil edə bilirlər. Qəzəl yazmaq həqiqətən çətin və məsuliyyətli işdir. Ona görə ki, bizim önümüzdə M.Füzuli, İ.Nəsimi, S.Ə. Şirvani kimi söz nəhəngləri var. Qəzəli elə yazmalısan ki, bu korifeylərin yazdığı ilə müqayisə edəndə xəcalət çəkməyəsən.

- Əli müəllim, söz ki qəzəldən düşdü, elə bununla da söhbətimizi yekunlaşdıraq. Oxucular üçün bir qəzəl ərməğan etsəydiniz ...

- Əlbəttə...

Qıl kərəm, ey sevdiyim, aşiqi-mərdanəyə bax!

Nola, ey afəti-can, dövrəndə pərvanəyə bax!

Bəhri-eşqin təkinə gəncinə sövq etdi məni,

Ayna tut, zəri-ziba, lölövü-dürdanəyə bax!

Qərqdir tufanlara sənsiz səadət gəmisi,

Gör icadın gərdişin, məsnavü-tərsanəyə bax!

Əhvalım təsvir ola, min qəmli dastana dəyər,

Nə oxu Əsli-Kərəm, nə qeyri əfsanəyə bax.

Qəlbi nalan bəndəyə, zahida, məhşər nə gərək,

İndidən yar sinəmi, daxildə viranəyə bax!

Bəzmi-eşq divanına üz tutma, ey əhli-vəfa,

Hökm edən sultanı gör, məhbusi-zindanəyə bax!

Yar cəfasın çəkməyə göstərmə timsal Əlini,

Sən mənim şəxsimdə, gəl, təslimi-hirmanəyə bax!

Tarix
2017.01.14 / 09:41
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla