Yuxarı

Mətndən qıraq elementlər – romanların kitab şəkli

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər roman kitab şəklində cilvələnən bir yaşamdır.

Hər yaşamın alnına bir lövhə yazılmış:

Ad, naşir, ön söz, giriş, mətn, izahlar.

Novalis

Mətndən qıraqda, ana mətnə təsir edən elementlər

Ədəbiyat dünyasında «ilkin» və «son» sözləri eyni şeydir. Hər başlanğıcın bir son nöqtəsi var.

Hər yazısal quruluş insan yaşamına bənzəyir. Necə ki, insan dünyaya göz açan andan bəri öz sonuna doğru addımlayır, hekayə, roman, məqalə, risalə və sairə də ilkin sözdən son sözə doğru irəliləyir. Bu arada hadisələr, eniş-yoxuşlar, düyün düşmələr, umudsuzluqlar, düyünlərin açılışı və beləliklə, nəhayət, bir yazılı quruluşu tamamlayır.

Hansısa bir məkana girəmk üçün astanadan keçib içəriyə ayaq qoymaq gərəklidir. Kitabsa bina kimidir. Demək, özünə məxsus quruluşu və çərçivəsi var. Çap sənəti rövnəq tapandan bəri, heç bir yazı çılpaqcasına oxucunun əlinə çatdırılmır. Zaman və kültürdən asılı, müxtəlif şəkillərdə nəşr geyimi geyir.

Kitabın adı, cilidin rəsmi, yazı şrifti, şriftin ölçüsü, yazıçı və ya yazıçıların adı, həqiqi, yoxsa təxəllüslər, kitab cildinin arxasındakı mətndən seçilmiş yazı və ya yazıçıya aid qısa bir tanıtım, kitabın ilkin səhifələrində gələn təqdimnamə, proloq, epiloq, kitab bölümlərinin əsli və ikinci adları, qeydlər, qaynaq siyahısı, ətək yazılar (snoska), nəmayələr və s., birinci görüntüdə diqqət çəkməsə də, ancaq hər halda ana mətnə təsir etməmiş ola bilməz. Üstəlik, saydığım elementlər estetika baxımdan da önəm daşıyır. Qeyd etdiyim elementlərin yerli-yerində olması, istər-istəməz oxucunun zövqündə birbaşa təsir buraxa bilər. Kitab şəklində özünü göstərən hansısa bir mətndə, mətndən qıraqdakı elementlərin diqqətə alınması gərəkir. Jerar Jenet demişkən, hər kitabın bir giriş astanası – cildi var. Giriş astanası mətndən qıraq bir mövzüya aid olsa da, mətn kimi önəm daşıyır.

Hər binanın giriş qapısı, salonu, otaqları və s. şeyləri olduğu kimi, hər bir çap olunmuş əsərdə də yuxarıda vurquladığım ədəbi elementləri gözdən qaçırtmamaq gərək.

Jenetin ədəbi nəzəriyyəsinə görə, ana mətn hər bir yazı ilə quruluşun mərkəzi sayılmaqla bərabər, mətndən qıraqdakı elementlər bu quruluşun mərkəzinə təsir edir.

Hər bir kitabda mətndən qıraqdakı elementlər oxucu, yazıçı və naşir arasında vasitə kimi sayılır. Kitab evlərinin rəflərinə və həmçinin vitrinlərə düzülmüş kitabları, kültürəl bir media kimi nəzərə almaq olar. Bir tərəfdən də hər bir kitab başlanğıcından sonunadək özünə aid tarixi bir quruluş üzrə yazılır. Məsələn, «Madam Bovari» adlı bir roman əgər 21-ci əsrdə yazılsaydı, sözsüz ki, zəmanənin tarixi, siyasi və insani münasibətləri onun quruluşuna təsir edib, qətiyyən 19-cu əsrdə yazılmış əsər ola bilməzdi. «Madam Bovari» 19-cu yüzildə, demək, batıda ailənin müqəddəs sayıldığı dövrün sona çatdığı bir zamanda yazılmışdı. Qustav Flober əgər günümüzdə yaşasaydı, Madam Bovari adlı bir qadın, bəlkə də öz «xəyanət»lərindən bəraət qazanarmış.

Öz coğrafyamıza gəldikdə Sadiq Hidayətdən, Qulamhüseyn Saididən tutdu bir çox yazıçılaradək, onların yazıb-yaratdığı əsərlrdə zamanın tələbi və siyasi-ictimai durumun təsirini görmək çox da çətin bir iş deyil.

Hər bir kitabın cildi giriş astanası olaraq, mətndən qıraqda olsa da, mətnin bütünlüyündən əlaqəsiz deyil. Cild dizaynı qrafik sənətinin bir qoludur. Kitabın cildi istər yazılı, istərsə şəkilli nişanələrlə öz mesajını oxucuya çatdırır. Görüntülü bir «səbəb»in «məzmunu», oxucunun düşüncəsinə yazılı məzmundan daha çılpaq və daha aydın təsir buraxır. Başqa cür desək, kitabın cildi üçgörüntülü (3D) mətn, oxucu və müəllif arasında təsvirlə dialoq aparır. Demək, kitabın cildi hansısa bir toplumun ədəbi sahəsində əgər o toplumun tanınmış kodlarından irəliləyib, mətnə dayanaraq yeni və estetik nişanələrlə təsvir edilmiş olduqda, mətndən yeni ləzzət almaq imkani yaranır. Üstəlik, nəşr sənətində, kitabın cildi kitab evlərinin və kitab satıcılarının vitrinlərində, ədəbi bir media kimidir. Bu fenomen birbaşa təsirdən əlavə, bəzi kilişələr və kültürəl kodların yaranmağında dolayı təsiri qoyur.

Kitab səhifələrinin haşiyələri isə qaba tutulmuş şəkil çərçivələri kimi oxucuda iki növ təsirin (müsbət, mənfi) yaranmasına səbəb olur. Haşiyələri standart biçimdə ağ olan mətnləri, haşiyələri yazılı mətnlərlə tutuşduranda, ağ haşiyəli mətnlər boğuntu olmadığına görə oxucuda xoş (müsbət) hisslər yaradıb, onun darılıb yorulmağına mane olaraq, mətnin dayanmadan oxunuşuna səbəb olur. Örnəyin, Dante Aligyerinin məşhur trilogiyası, yəni «İlahi komediya»nın müxtəlif tərcümələrini oxuyanda, yazılı haşiyə, mətnin oxunuşunu öz mənfi təsirindən azad buraxmır. Çoxlu səhifələrdə nəqli düşünmək istiqamətində, hər bir sözcüyə neçə sətir yazılmış izahlar oxucunun fikrini cəmləşdirməsinə mane olur. Qeyd etmək lazımdır ki, «İlahi komediya» kimi kitablarda haşiyələrin, izahlı səhifələrin olmağı qaçılmazdır.

Yazıçının adına gəldikdə onun doğma və ya taxma adı hansısa bir kitabın giriş astanasının önəmli elementlərindən biri sayılır. Avropada sənaye inqilabından öncə əsərin üstündə yazıçının adının yazılması, nəşr sənətində dəb deyilmiş. Əsərin yaradanı deyil, yalnız əsərin özü önəmliydi. Əgər istisna olaraq hansısa əsərin üstündə ad yazılsaydı, demək, o ad yazıçıya yox, bəlkə sifariş verən padşah və ya hakimə məxsus olmalı idi. Sözsüz ki, bu qeydlər əsərin özəlliyinə və bəzən onun əbədi yaşamasına da səbəb olurmuş. Örnəyin, Nizami Gəncəvinin nəzmə çəkilmiş epik əsərlərini o cümlədən saymaq olar. Onun 2260 beytdən ibarət «Sirlər xəzinəsi» (Məxzənul əsrar) kitabı Ərzəngan padşahı Fəxrəddin Bəhram şah ibn-Davud və 6500 beytdən oluşan «Xosrov və Şirin» əsəri, Atabəy Şəmsəddin Məhəmməd və 4700 beytlik «Leyli və Məcnun» Şirvanşah və «Bəhramnamə» 5136 beyti özündə ehtiva edən Əla-əddin Alparslan və «İskəndər namə»nin «Şərəfnamə» bölümü Atabəy Əzəm, Nüsrətiddin Əbübəkr ibn Məhəmnəd və «İqbalnamə» Əlmələkül-Qahir Əbüfəth Məsud adına yaranmışdı.

Avropada sənəti inqilabın təsirində çap sənəti rövnəq tapandan bəri yazıçı bir fərd olaraq kimlik tapıb, onun kültürəl və huquqi dəyərlərini nəzərə alaraq, yazıçının adı əsərin üstündə qeyd olunmağa başladı. İndisə günümüzdə, nəşr sənətində yazıçının adı və onun kimliyi tanınmış bir haqq kimi dəyərlənir.

Yazıçıların təxəllüsdən istifadə etməyi qəribə bir hal deyil. Əlbəttə, təxəllüs çoxlu nədənlərdən asılı ola bilər. Əsil sual budur ki, bir yazıçı nə üçün yalançı adın altında gizlənir? Bu nədənləri düşünmək çox da yersiz ola bilməz. Təxəllüsün seçimi bir qayda-qanuna əsaslana bilər, yoxsa sosial pisixoloji durumdan qaynaqlanır? Və digər suallar...

Ölkəmizdə yalançı adla yazı yazmağın tarixi çox uzaq keçmişə getmir. Üstəlik, ölkədən qıraqda, dünyanın bir çox bölgələrində də toplumsal və siyasi şəraitə görə senzuradan qaçmaq üçün, əsərin çap olunmasının bir yolu da təxəllüsdən və ya başqa addan faydalanmaq olub. Misal uçun, rus yazıçısı Mixail Baxtin, əsərlərini Stalin rejiminin senzurasından keçirtmək üçün onların bir çoxunu tələbələrinin adına nəşr etdirmişdi. Və ya məsələn, öz ölkəmizdə Sadiq Hidayət məqalələrinin bir qismini «Mərdüm» qəzetində «Rəcəbəli Xoşbavər», «Rastqu», «Xudadad Kəlmiri», «İmamqulu Tühipa» və «Top mirvarı» romanını «Hadi Sədaqət» imzasıyla çapa vermişdi. Habelə, Mirza Əli Əkbər xan Qəzvini «Çərənd və pərənd» kitabını «Duxu» təxəllüsüylə yaymışdı. Cəlil Məmmədquluzadənin baş redaktorluğu ilə yayılan «Mollanəsrəddin» dərgisində Mirzə Ələkbər Sabir satirik şeirlərini «Hophop» və məşrutiyət dövründə tanınmış şair Seyid Məhəmmədrza Kürdistani «Mirzade-yi Eşqi» adları altında yaratdığı əsərlərini nəşr etmişdilər.

Siyasi-ictimai şəraitin təsirindən əlavə, cinsiyət məsələsi də yalançı ad qullanmağın digər səbəbi olubmuş. Dünyanın bir çox yerlərində, o cümlədən öz ölkəmizdə, xanımların bir qismi yaratdıqları əsərləri taxma ad vasitəsilə oxucunun əlinə çatdırmışdılar. Pəhləvi dövründə məşhur yazıçı Simin Danişvər «Şirazi Binam» adı ilə Tehran radiosuna və həmçinin Tehran qəzetlərinə bir sıra məqalələr yazmışdı. Xanım yazıçılar sırasında ölkənin birinci roman yazıçısı Simin Danişvər xanımı qırağa qoyduqda, ondan öncə «Əmir Ərsəlan» nağılı Nasirəddin Şahın qızı «Fəxrüddövlə»nin qələmiylə məktub olub. Demək, «Nəqibülməmalik» gecələr Əmir Ərsəlan nağılını Nasirəddin Şaha rəvayət edərkən, Fəxrüddövlə pərdə arxasında oturub, nağılı eşidib və qələmə almışdı. Bununla belə, kitab Nəqibülməmalikin adına çap olub və Fəxrüddövlənin ad-sanı kitabın bir bucağında belə yazılmayıb. Və... hələ də - çox güman ki, nədənlərin davamına görə - bu işin davamı var.

Coğrafiyamızdan qıraqda, gəlişmiş sayılan ölkələrdə dünyanın şöhrətli yazıçılarından, məsələn, Amerikalı Uilyam Sidni Porter hekayələrini «O.Henri» adıyla çap etdirmişdi.

20-cı əsrin son illərinin elmi-fantastik roman yazıçısı Elis Xastinqs Bredli - Şeldon əsərlərində müəllif adı kimi «Ceymz tiptri. Jr.» adı seçməyinin səbəbini belə açıqlayır: «İnsanlar elmi-fantastik janrda yazılmış əsəri, kişi adıyla çap olunduğuna görə daha ciddi sanıb, ona artıq dəyər verirlər».

Tənqidçilərə görə, məşhur Fransız yazıçısı Roman Katsevin «Əlvida Harri Kuper» və bir çox əsərini «Romen Harri» adıyla yazmağının psixoloji səbəbi vardı. Romen Harri 1974-cü ildə, eyni zamanda üç başqa adla üç roman yazıb-yaratmışdı. Tənqidçilərin yazdığına görə Romen Harrinin əsərlərində, başqası olmaq önəmli məzmun daşıyır. «Özümdən yorulmuşdum, daha Romen Harri adını daşımağa səbrim tükənmişdi» sözünü söyləyən yazıçı «Emil Acar» adıyla yazdığı əsərlərində etiraf edir ki: «Hər zaman başqasıydım». Nəhayət, iş ora çatır ki, Romen Harri Fransız tənqidçilər tərəfindən «Emil Acar»ın əsərlərini oğurlamaqda töhmətlənir. Romen Harri 1980-ci ildə intihar edir. İntihardan bir il sonra onun «Emil Acarın yaşam və ölümü» adlı kitabı işıq üzü görür. Bir rəvayətə görə, altı taxma ad altında gizlənmiş Romen Katsev dünyanın ən böyük yalançı yazıçısı adlanıb.

Təqdimnamə isə mətndən qıraqda, lakin mətnin gövdəsinə təsir edən ünsürlərdən biridir. Yazıçı təqdimnamə vasitəsilə öz əsərini hansısa bir şəxs ya şəxslərə, cəmiyətlərə və cərəyanlara təqdim etdiyini və ya əsəri yazarkən kimdən ya hansı mətndən, təsirləndiyini vasitəsız şəkildə oxucuya çatdırır.

Tomas Eliot «ən böyük ustad, Ezra Pand üçün» adlı yazdığı giriş vasitəsilə «Bərəkətsiz torpaq» kitabını «Ezra Pand» tərəfindən redaktə olduğu üçün təşəkkürlərini ona bildirmişdi. Almaniyalı yazıçı Henrıx Böll «Bir təlxəyin fikirləri» romanını sadəcə «Anna Mariyə ithaf» etməklə romanın önəmli obrazlarından biri Marinin yazıçı üçün nə dərəcədə dəyərli olduğunu oxucuya anlatmışdı. Demək, bu üç kəlməli, qısa və eyni halda çox anlamlı giriş əsərin gizli dəyərlərinin işarətçisidir.

Karlos Fuentesin «Qabığdan çıxma» romanının girişində yazılıb: «Orora və Xulio Kortasar üçün».

Kitabın digər astanalarından biri də bəzi kitablarda titr kimi yazılmış başlanqıc, mətnin gövdəsi başlamadan öncə yazıçının qısa açıqlamasıdır. Bu açıqlama isə birbaşa ya dolayı şəkildə əsil mətnə toxunaraq oxucunun zehninin harasa yönəlməyində və hansı nöqtələrə diqqət göstərdiyi üçün önəmli bir ünsür sayıla bilər.

Həmin qısa açıqlama bəzən mətnin rəmzlərinə işarə edərək onun ötəri dəlillərinə işıq salır. Karlos Fuentes «Hidranın başı» romanının başlanqıc yazısı bir pyesin qısa bir bölümüdür: «Hansısa bir kəsilmiş başın yerinə min baş göyərəcək. Kurni; Sina; 4-cü pərdə, 2-ci səhnə, 45-ci bənd». Qeyd etməliyəm ki, Latin Amerikan miflərinə görə «Hidra» çoxbaşlı qorxunc bir məxluqdur. Onun hər bir başını kəsdikdə yerinə iki baş göyərir.

Rza Bərahəni isə «Quyudan quyuya» romanının başlanqıcında yazır:

«Bu nağılın bütün şəxsiyətləri xəyalidir. Onlarla həqiqi insanların arasında olan ehtimali oxşarlıqlar təsadüfidir». Bax, elə həmin bu qısa yazı oxucunun zehnini əsil mətn vasitəsilə hansısa tanınmamış bir həqiqətə yönəldir.

Hekayə və roman formasında yaranmış hər bir kitabın adı onun məzmununu bir vitrin kimi göz önünə qoyur.

Bəzən görünür ki, yazıçı adının önəm və dəyərini bilmədən adı bir nömrə, ya bir etiket kimi hesab edir. Halbuki ad hər əsəri başqa bir əsərdən ayırıb, əsərin məzmunundan ipucu verib, oxucunun diqqətini özünə çəkməlidir. Örnəyin, Jan Mari Qustav Loklezyonun «Çöl» adlı romanı əsl mətnə daxil olmadan, elə kitabın astanasında ad olsa da, oxucuda hansı bir məkana daxil olduğu üçün hazırlıq yaradıb, onun zehniyətini çölün çətinliklrilə rastlaşmağa hazırlayır.

Kitabın adı məzmundan qaynaqlanaraq şəxsiyətlərin adlarından da seçilə bilər. Tolstoyun «Hərb və sülh» romanının adı məzmundan alınaraq, Dostoyevskinin « Karamazov qardaşları» və Fuentsin «Laura dias»ı əsərin içindəki şəxsiyətlərin adlarından alınmışdı.

Bəzən ad mətnlə oxucu arasında bir növ tanışlıq hissi yaradır, oxucu mətni oxumadan belə, mətn onun marağını qazana bilir. Misal üçün, Virciniya Vulfun «Özüm üçün bir otaq» əsəri həmin tanışlıq hissini oxucuda yaradır. Hərçənd bu mətni oxuyanda romandakı otağın fiziki nöqteyi-nəzərdən evlərdə olan otaqlardan heç bir artıq-əskiyi yoxdur, ancaq Vulfun söylədiyi otaq həm nişanəşünaslıq, həm də mənəvi baxımdan adi otaqlardan fərqlənərkən bir xanımın özgürlük simvolu sayılır.

Adətlərimizin tərsinə, tanınmış kodlardan qıraq, yazı üçün tanış olmayan bir ad seçmək, oxucunu kitabın cildindən içəri girməyə daha artıq maraqlandırır. Örnəyin, Mario Varqas Lyosa seçdiyi «Kinikli illərin xoş xatirələri» adı içində ziddiyət daşıdığına görə oxucunun diqqətını çəkir.

Demək, ad hər bir əsərin quruluşunda «xaric»i «daxil»ə bağlayan element kimi sayılır. Ad kitabın adı olduğu halda, hadisə isə elə addan başlanır. Ad oxucunun əlində açar kimidir. Qapını açıb astanadan içəri girmədən, məzmundan nələr əldə edəcəyini bilməlidir.

Jerar Jenetin ədəbi düşüncəsinə dayanaraq qeyd etməliyəm ki, mətndən qıraqdakı elementlər ana mətni təsirləndirdiyi üçün mətnlə məntiqi bağlılığı olmalıdır. Mətndən qıraqdakı elementləri təhlil etməklə bir kültürəl quruluşun nə durumda olduğunu yaxşı göstərmək olur.

Tarix
2017.01.31 / 08:45
Müəllif
Ruqəyyə Kəbirli
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla