Yuxarı

Sayımız 100 milyonu keçsə, bu baş verəcək!

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın bir çox tanınmış yazarları yalnız kitablarının satışından əldə etdikləri qonorarla dolanırlar və bu qonorarlar onların xeyli zəngin yaşamasını təmin edir.

Maraqlıdır, Azərbaycan yazıçısının kitablarının qonorarı ilə dolanmaq perspektivi nə qədərdir?

Kult.az tanınmış ədəbiyyat adamlarının bu suala cavabını təqdim edir:

Şair Məmməd İsmayıl:

Dünya təcrübəsində əsərləri ilə yaşamını saxlayan yazıçılar həmişə olub, yenə də olacaq. Elə yaşadığım Türkiyədə də əsərləri ilə yaşayan yazıçılar, barmaqla sayılacaq qədər olsa da, var. Bu, sadəcə yazılan əsərin bədii dəyərindən qaynaqlanan bir durum deyil, həm də təbliğat çarxınının nə qədər sürətli dönməsindən, təbliğ miqyasının coğrafiyasından asılıdır. Buna bir örnək verim: Orxan Pamuk nə qədər ki, Nobel mükafatı almamışdı, hər hansı bir romanı tamamlanar-tamamlanmaz əsas türk televiziya kanallarının birindən o birinə keçir və əsərinin reklamı ilə məşğul olurdu. Həm də bunu təkbaşına etmirdi, yanından tanınmış tənqidçi və təbliğatçı dəstəsi əskik olmurdu. Yəni hələ doğulmaqda olan uşağın - romanın sorağı bütün Türkiyəyə yayılırdı.

Və təbii ki, bu proqramların seyrçilərindən tora düşənlər də çox olurdu. Nobel aldıqdan sonra isə artıq O.Pamukun belə bir dərdi yoxdur. "Adını çıxart, dəyirmanda dur" atalar sözü işə düşmüşdür artıq. Bizim məmləkətimizin durumu isə göz qabağındadır, miqyas baxımından ölkənin bu başından baxanda, o biri başı görünür. Bir də ölkə televiziyaları kimi və hansı əsərləri təbliğ edir, bunu siz düşünün. Kapitalizim insanları ağaların zülmündən qurtarıb paranın ağalığı altına saldı.

Azərbaycanda bütöv yox, ayrı-ayrı qrupların ədəbiyyatıdır. Təvazökarlıqdan uzaq olsa da deyim ki, neçə illər üzərində işlədiyim və bu ahıl çağlarımda üzə çıxartmağı uyğun gördüyüm "İz" romanımın üzərindən hətta roman müzakirələrində belə ölü bir sükutla keçildi. Bunu misal gətirməkdə amacım odur ki, nə qədər ki, ədəbiyyatımız qrupların ədəbiyatı olmaqdan çıxmayıb və nə qədər ki, əsil əsərlər yerinə bədəsil əsərlər təbliğ olunur və oxucu zövqü korlanır, bu gedişlə Azərbaycanın ədəbi coğrafiyasında indi olduğu kimi, gələcəkdə də əsərlərlə yazıçı həyatını düzənə salmaq mümkün olmayacaq!

Tənqidçi Əsəd Cahangir:

Buna inanıram, amma fantastik janrda. İki səbəbi var - bizim əhali sayca azdır; oxucu kontingenti məhduddur.

Yazıçı Pərviz Cəbrayıl:

Mövcud reallıq nikbin olmaq üçün heç bir əsas vermir. Nə qədər ki, bu ölkədə söz kapitalistlərin maraq dairəsində deyil, ona gəlir sahəsi kimi baxmırlar, demək, boş yerə ümid bəsləməyə dəyməz. Ay bizdə oxucu fəallığı, kitaba maraq yoxdu, ay nə bilim kasıblıqdı - bunlar boş-boş söhbətlərdi. Kapitalist istəyəndə bomj belə son qəpiyini içkiyə yox, kitaba verər. Biz hələ o kapitalisti arzulamaqla məşğul olmalıyıq. Yazıçılar isə beləcə, heç bir perspektiv gözləmədən fədakarcasına yazmaq uğrunda savaşmalıdırlar.

Yazıçı Meyxoş Abdullah:

Hazırda təsəvvür etmirəm ki, hansısa yazıçı və şair heç bir kənar işlə məşğul olmadan öz kitabından əldə etdiyi gəlirlə dolana bilsin. Amma ola bilsin ki, gələcəkdə dövlət tərəfindən dəstək və təminat olsun. Onda yazıçı sovet dönəmində olduğu kimi yaxşıca dolana bilər.

Yazıçı Şərif Ağayar:

Kitab industriyası qurulmasa, bu, mümkün deyil. İstisnalar nəticəni dəyişmir. Məncə, indiki halda bundan söhbət gedə bilməz. Prosesin içindəyəm. Azərbaycanda oxucunun kitaba ulaşması məşəqqətli bir prosesidr. Mexanizm demək olar ki, yoxdur.

Yazıçı Xalid Kazımlı:

Məncə, bu tezlikdə bu mümkün olmayacaq. Bundan ötrü kitabların tirajının 500 yox, 50 min olması və hamısının satılması lazımdır. Sadəcə, ola bilər ki, 3-5 nəfər serial yazarı sırf mətn yazmaqla keçinsin. Əsas səbəb odur ki, bizdə oxucu bazası yoxdur. İnsanlar roman, povest, hekayə, memuar, şeir oxumurlar. Hətta Feysbukda qısa statusu oxuyur, uzun statusa isə baxmır. Biz oxumağa ehtiyac hiss etməyən camaatıq. Deyilə bilər ki, yaxşı bədii əsər yoxdur oxumağa. Yaxşı, Şərifi, Faiqi, Pərvizi oxumayın, Markesi, Steynbeki oxuyun, bütün əsərləri tərcümə olunub. Biz, yazı-pozu adamları at saxlanmayan adada nalbəndlik etməklə məğuluq hazırda...

Yazıçı İlqar Fəhmi:

Şəxsən mən bunu istəməzdim. Bu, yalnız kənardan bizə gozəl görunur. Əslində əgər kitab bazarı formalaşırsa, bu, o demək deyil ki, yazarın ürəyi nə istəyirsə yazacaq və bunun müqabilində gəlir əldə edəcək. Qətiyyən. Bazar öz şərtlərini, tələblərini diktə edəcək və əsl yaradıcılıq keçəcək ikinci plana, qalacaq sırf istehsalat... Mən serial işində eyni prossesin içindəyəm deyə, bilirəm bu nə deməkdir. Məhz bunun üçün ən yaxşı variant odur ki, sənətkar maddi gəliri kənar işlə əldə etsin, ədəbiyyat yaradıcılığını isə tam azad saxlasın. Hər halda, mənim rəyim belədir.

Şair Afaq Şıxlı

Müasir dövrümüzdə bir yazarın heç bir vəzifə tutmadan və başqa işlə məşğul olmadan yaxşı yaşaya biləcək qədər pul qazanması mümkünsüz görünür. Təbii ki, istisnalar hər zaman mövcuddur, lakin söhbət əksəriyyətdən gedir. Sovet dövründə şair və yazıçılarımız satılan kitablarının qonorarına gözəl yaşaya bilirdilər. Rusiyada bu məsələdə misal kimi çəkilən Boris Pasternak ədəbiyyatdan savayı heç bir işlə məşğul olmadan nəinki özünü, eləcə də keçmiş həyat yoldaşlarını, onların və özünün övladlarını maddi cəhətdən təmin edə bilirdi. Xarici ölkələrdə ədəbiyyatdan gələn maddi gəlirin hesabına varlana bilən yazarlar hələ də var və yəqin ki, olacaq da. O ki qaldı vətənimizə, indi də şeirdən pul qazana bilən şairlərimiz var, bunlar əsasən nəğməkar şairlərdir - müğənnilərin pulla şeir sifariş verdiyi şairlər. Demirəm ki, bu pisdir, xeyr, öz əlinin əməyindən və beyninin məhsulundan istifadə edərək yaşamaq pis deyil. Lakin söhbət böyük ədəbiyyatdan, böyük sənətdən və əsil yazıçılıqdan gedirsə, vəziyyət ürəkaçan deyil. Vəziyyətin nə zaman düzələcəyi isə oxucu zövqünün və istəyinin bərpa olunmasına bağlıdır ki, bu da ailə tərbiyəsindən tutmuş, məktəb təhsilinin səviyyəsinədək – hər şeyin təsir etdiyi bir problemdir. Oxumaq istəyi – bu cəmiyyətin xilas yoludur və təəssüf ki, üfüqlərdə hələ bir işartı görmürəm. Ümid edək ki, yaxşı olacaq.

Yazıçı Nəriman Əbdülrəhmanlı:

Buna inanmaq istərdim. Amma bunun üçün hər şeydən əvvəl bəzi dəyişikliklər baş verməlidir, dövlətin nəşriyyat siyasətinə münasibəti dəyişməli, ƏDV minimum həddədək azaldılmalı, nəşriyyatlar da yerli müəlliflərin kitablarını çap etməyə maraq göstərməli, KİV-lər yazıçılarımızı və əsərlərimizi təbliğ eləməli, oxucuların öz müəlliflərimizə münasibəti dəyişməlidir. Belə olsa, yaxın gələcəkdə yazıçının (əlbəttə, söhbət YAZIÇIdan gedir) öz zəhmətilə normal dolanmasının şahidi olmaq mümkündür.

Şair Elçin Mirzəbəyli:

Yaxın zamanlarda bunun mümkün olacağını düşünmürəm. Bu bir halda ola bilər ki, Azərbaycan yazıçıları yaradıcılıqlarının və mövcud ədəbi qəliblərin sərhədlərini aşıb keçə bilsinlər. Azərbaycan yazıçılarının yaradıcılıq qəlibləri hekayə, povest, ən yaxşı halda isə romanla məhdudlaşır. Amma informasiya və kommunikasiya texnologiyaları inkişaf edir. İnsanların maraq dairələri dəyişir. Yazıçı ya yeni şəraitə uyğunlaşmalı, ya da başqa bir işlə məşğul olmalıdır. Sadə bir nümunə gətirəcəyəm: Məsələn, Ukrayna əslilli Kanada yazıçısı Dryu Karpişin məşhur “Ulduz müharibələri” (Star Wars) kompüter oyunlarının ssenari müəllifidir. Onun ssenariləri və romanları əsasında bir neçə məşhur kompüter oyunu yaradılıb. Bu oyunlar ona milyonlar qazandırıb və o, rahat şəkildə yaradıcılığı ilə məşğul ola bilir. Azərbaycan yazıçılarının böyük əksəriyyəti nə yeni reallıqlara uyğunlaşmaq istəyir, nə də yeni müasir insanın dünyagörüşünə uyğun yeni ideyalarla çıxış edirlər. Mənə görə, yaradıcı insan özünü heç bir qəlibə salmamalıdır. Yaradıcılığı onun həyatını harada təmin edirsə, həmin istiqamətə də yönəlməlidir. Təbii ki, xarici dilləri öyrənmək və dünyaya çıxış əldə etmək üçün müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmaq lazımdır. İndi “mən istedadlıyam, mən dahiyəm, məni niyə görmürlər” psixologiyası ilə çıxış edərək uğur qazanmaq mümkün deyil. Zənnimcə, məsələ “kitabdan əldə olunan gəlir” müstəvisində deyil, “yaradıcılıqdan əldə edilən gəlir” müstəvisində qoyulmalıdır. Yaradıcı insan teleserial, kompüter oyunları, reklam ssenariləri, yaxud ideyaları ilə də pul qazana bilər. Yaradıcılığı kitabla məhdudlaşdırmaq doğru deyil.

Şair Zahir Əzəmət:

Hardasa, təxminən, 127 ildən sonra Güneyli-Qüzeyli bötöv Azərbaycan yarananda, sayımız 100 milyonu aşanda, Allah qoysa, onların 1 faizinin kitaba pul xərcləmək marağı yarananda - buna inanmaq istəyirəm ki, o vaxta, inşallah, yaponlu, koreyalı, çinli qardaşlarımız kitabı yoxa çıxaran əcaib texnologiyalar kəşf etməyəcək və əlhəmdülillah, o vaxta bizdə hələ də kitablar çap olunacaq və bu ölkədə ədəbiyyatla yaşayan donkixotlarımızın nəsli kəsilməyəcək, güman ki, bəzi yazarlarımız öz kitablarının qonorarıyla dolana biləcək.

Jurnalist–yazar Qulu Məhərrəmli:

Əlbəttə, Qərb dünyasında çox xoşbəxt yazıçılar var ki, kitablarından gələn gəlirlə rahat dolanır, əla yaşayır, hətta xeyriyyəçiliklə də məşğul olurlar. Bir qayda olaraq belə populyar yazıçılara nəşriyyatlar da sifarişlər verir. Təəssüf ki, Azərbaycan yazıçıları üçün belə "qızıl dövr" arxada qalıb. Yəni sovet dövründə bizim qələm sahiblərinin bir çoxu başqa işdə çalışmadan kitablarından aldıqları qonorar hesabına yaxşı yaşaya biliblər. İndi isə vəziyyət xeyli pisdir, hətta acınacaqlıdır. Bunun üzdə olan təxminən üç səbəbini göstərmək olar. Əvvəla, yazıçı öz kitablarını öz vəsaiti hesabına çap etməlidir. İkincisi, hər halda ölkədə kitab oxuyanların sayı əvvəlki illərlə müqayisədə kəskin şəkildə azalıb, kitab təbliğ edilmir və odur ki, yazıçının əsərlərini də alan yoxdur. Üçüncüsü isə yazıçı cəmiyyətdə milli ruhu ifadə edən dəyər kimi qəbul olunmur. Ona görə işlərin bu şəkildə gedəcəyi təqdirdə Azərbaycan yazıçısının nə vaxtsa öz əsərlərindən gələn qazanc hesabına yaşayacağı mənə inandırıcı görünmür.

Şair Rafiq Yusifoğlu:

Söhbət peşəkarlıqdan gedirsə , peşəkar qələm adamının çörəyi məhz qələmdən çıxmalıdı... Ancaq qələm özü düz olduğu kimi qələm adamı da pulun qarşısında kiməsə əyilməməlidi... Sualın çoxdan, daha dəqiq desək, 1984-cü ildə yazdığım "Deyirəm, yaxşı ki, bu qələmim var" adlı bir şeirimi yada saldı:

Deyirəm yaxşı ki, bu qələmim var,

Könlümü açıram mən ona hərdən.

Bir həsrət çeşməsi coşar, çağlayar,

Min arzu göyərər o dəyən yerdən.

Təəssüf ki, indi "qələmə söykənib ayağa durmaq" mümkünsüzdü. O zaman hərəsi 72 səhifəlik iki kitabımın, mətbuatda çap olunan, efirdə səslənən şeirlərimin, mahnılarımın puluna dövrün ən bahalı maşınını almışdım. İndi qalın-qalın kitablarıma görə qonorar verən yoxdu. Onda kitabdan gələn pulu ailəyə xərcləyirdik, indi ailə büdcəsindən kəsib kitab çap etdiririk. Reallıq budur. Füzuli babamız demişkən, şeirin bazarı həmişə kasad olub, indi də kasaddır...

Şair Vasif Süleyman:

Dünyanın bir çox tanınmış yazıçıları məhz kitablarına aldıqları qonorarla dolanırlar. Elə bizdə də var, məsələn, Çingiz Abdullayev. O, heç bir yerdə işləməsə belə, çətinlik çəkmədən dolana bilər. Amma bunu hamıya aid etmək hələ bir müddət mümkün olmayacaq. Bunun üçün oxucu auditoriyasının təfəkküründə bir yeniləşmə olmalıdır ki, kitab satışı yeni mərhələyə keçsin.

Şair Xatirə Rəhimbəyli:

“Olmaz” deməyi sevmirəm, hökm Allaha məxsusdur. Amma yaxın gələcəkdə bunu gözləmirəm. Çünki bizim millət oxumağı sevmir. Oxucusu olmayan yazarın istedadı da paslanır.

Şair Həyat Şəmi:

Bunu təsəvvür etmək belə mümkünsüzdü. Bugünkü Azərbaycan cəmiyyəti buna hazır deyil. Bir cəmiyyətdə ki yazıçıya, şairə, alimə tənə vuranlar günü-gündən artır, deməli, o cəmiyyət buna hazır deyil. Kapitalizm cəmiyyətinin öz qanunları var. Daha çox pul qazanmaq, daha varlı olmaq daha ağıllı olmaq deməkdir.

Yazıçı Mübariz Örən:

Heç kəsə gizli deyil ki, indi bizdə kitab satışından gəlir əldə etmək mümkün deyil. Nəinki gəlir əldə etmək, heç ələlbaş çıxmaq da olmur. Min bir əziyyətlə yazdığın əsərə gərək cibinin pulunu da xərcləyəsən. Kitabını pulsuz paylayasan. Odur ki, hətta horizontda da belə bir perspektiv görünmür. Yəni kitabdan pul götürəcəyinə arxayın olsan, gərək balaların ac qala. Ya gərək jurnalistika ilə məşğul olasan, ya da gərək ozünə başqa iş tapasan, başqa çarəsi yoxdu.

Əkbər QOŞALI:

Bu "nə vaxtsa" hər yazar üçün fərqli vaxt, fərqli imkan deməkdi. Mən ellikcə hamı üçün yaxşı olacaq - hamı "yazıçı işləyəcək" və dolanacaq deyə təsəvvür etmirəm; məncə "bugün mən adımçün çalışıram, gələcəkdə adım mənimçün çalışacaq" düsturu daha doğru yanaşma olardı. Hər yazar özü öz imzasının qayğısına qalmalıdır. Əlbəttə, menecerlər, naşirlər, kitab ticarətçiləri də, nüfuzu yaxud gələcəyi olan imzalarla işləməyi üstün tutacaq.

İmir Məmmədli:

Yazıçı öz kiablarından əldə etdiyi gəlirlə dolansın deyə, o, zənnimcə, çoxsaylı bir milətin nümayəndəsi olmalıdır. Xalqın sayı 90-100 milyon olmalıdır ki, onun ən azından yarım milyona yaxın sabit oxucusu olsun. Həmin yarım milyondan da istedadlı yazıçının payına hökmən oxucu düşər. İnanmıram, texnologiyanın belə inkişaf etdiyi bir dövrdə, elektron vasitələrin oxucunu kitabla bölüşdüyü bir vaxtda sayı az olan millətin yazıçısı sırf öz qələminin hesabına dolana bilsin. İnşallah, çoxalsaq, sayımız artsa, onda təbii olaraq kitab oxuyanın da sayı artacaq.

Tarix
2017.04.24 / 08:00
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla