Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyul 2017


Söz verirəm: Səmədin kitablarını yandıracam

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İldə bir dəfə Səməd Vurğunun şəxsiyyəti gündəmə gəlir, ölümündən 61 il keçsə də, tənqid edilir, satqın çıxarılır.

Bu dəfə keçmiş səfir Hikmət Hacızadə müsahibəsində belə bir cümlə işlətdi: “Səməd Vurğun mənasızın biridir, qeyri-ciddi adamdır. Nə qədər də adam satıb. Camaatın beyninə soxublar onu, indiyə qədər də çıxmır ordan. “Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir”. Niyə Ağcaqumda gedən qatar Piter fəhləsindən xəbərsiz olmalıdır?”

Əvvəla, Hikmət bəyin Vurğundan gətirdiyi sitat şairə aid deyil. İkincisi, indiyə qədər Səməd Vurğunun kimisə satması ilə bağlı heç bir fakt tapılmayıb.

Onun repressiya illərində kiminsə üzünə durması, “şahidlik” etməsi ilə bağlı heç bir fakt göstərilməyib.

Mən bunun olacağına da inanmıram.

Səməd Vurğunun “günahları” içərisində bu gün klassik hesab etdiyimiz şairlərin əleyhinə yazdığı şeirlər göstərilə bilər. Amma o dövrdə Səmədin müasirləri arasında bu səpkidə şeir yazmayan var idimi?

Bu gün “Yenə o bağ olaydı” şeiri ilə adını tarixə əbədi yazan Mikayıl Müşfiq Azərbaycan xalqının düşmənləri olan “26-lar” haqqında şeir yazmayıbmı? Cümhuriyyət şairi Əhməd Cavad sosializm quruluşunu öyən şeirlər yazmayıbmı? Abdulla Faruq, Sabit Rəhman, Süleyman Rüstəm və digərləri Müsavat hökumətini ən ağır sözlərlə tənqid və təhqir etməyiblərmi?

Doktor Nəriman Cümhuriyyəti işğal edənləri bahalı hədiyyələrlə qarşılamayıbmı? Məhəmməd Səid Ordubadi “Gizli Bakı”nı yazmayıbmı?

Siyahını çox uzatmaq olar.

Bizə görə, bu gün 1920-1930-cu illərə yanaşmada maksimum ədalətli, dönəmin ab-havasını dərindən öyrənib ona görə qərar vermək lazımdır.

Əlbəttə, o dövrdə yazılan mətbu materiallara göz yumulsun demirik. Amma kimisə ittiham etdiyimizdə, gərək ki, əlimizdə dəlil, sübut olsun.

***
Bir neçə gündür ki, Axundov adına Milli Kitabxanada 1920-1930-cu illərdə çıxan “İnqilab və Mədəniyyət” jurnalını oxuyuram. Jurnalda mütəmadi şəkildə Müsavat hökumətinin, Cümhuriyyəti quranların əleyhinə şeirlər və məqalələr yazılıb. Hətta məqalələrin birində Müsavat hökumətinin Bakı Dövlət Universitetinin yaradılmasına qarşı olması ilə bağlı fikirlərə yer verilib. Yəni jurnal tamamilə başdan-ayağa yalan üzərində qurulub. Çünki Sovet hökumətinin özü də işğal etdiyi torpaqlarda çevriliş adlı yalan üzərində təsis edilib.

Mühacirlərin xatirələrindən 1920-ci illərdə ÇEKA-nın insanlara necə ağır işgəncələr verdiyini oxuyuruq. Siyasilər, gənclər güllələnir, ən savadsız adamlar hakimiyyətə yiyələnir, ölkənin sərvəti talanmağa başlayır. Belə bir mühitdə isə hansısa şairin kiçik bir müxalif fikrinə görə Nargində güllələnməsi an məsələsi idi. Ona görə də mütləq şəkildə hər kəs yeni quruluşu tərənnüm edib, fəhlə və kəndlilərin “yüksələn” həyatından yazıb. Dönəmin bütün gənc şair və yazıçıları buna məcbur olub. Almas Yıldırımı da Müsavat hökumətinin əleyhinə yazı yazmağa məcbur ediblər. Amma bu gün Almasın o yazısı yada düşürmü? “Əsir Azərbaycanım” isə bu gün də gənclər tərəfindən oxunur.

Eləcə də Səməd Vurğunun “Yoldaş Voroşilova” şeirini kim xatırlayır? Amma şairin xalq arasında xatırlanan, əzbər söylənilən yüzlərlə şeiri var.

Maraqlıdır ki, sovet zülmündən qaçan mühacirlər bu məsələdə daha ədalətli olublar. Başda Rəsulzadə olmaqla, heç biri həmin dövrün şairlərini qınamayıblar. Hətta mühacirət mətbuatında yeri gələndə Səməd Vurğunun “Aygün” poemasından sitatlar da veriblər. Səbəbini izah ediblər ki, bu gün Azərbaycanda türk dilinin inkişafında ən önəmli rol oynayan şair Səməd Vurğundur.

Bu ilin fevralında Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri parlamentin açıq iclasında Səməd Vurğunun “Azərbaycan” şeirindən bir bənd oxudu. Şeiri türklərin milli haqları ilə bağlı tələbindən sonra söylədi.

Xülasə, fikrimizcə, Azərbaycan tarixində və ədəbiyyatındakı şəxsiyyətlərə birbaşa damğa vurmaq yolverilməzdir. Yoxsa, Mirzə Fətəliyə də “İslamı məhv etmək üçün çarlıq tərəfindən vəzifələndirilən agent” damğası vuraraq, ədəbiyyat tariximizdə bir nəfər də salamat adam qoymaq olmaz.

P.S. Səməd Vurğunun repressiya illərində kimisə satması ilə bağlı ortaya fakt qoyulduğu təqdirdə arxivimdəki nadir Səməd Vurğun kitablarını yandıracağıma söz verirəm.

Tarix
2017.07.18 / 12:16
Müəllif
Dilqəm Əhməd
Şərhlər
Загрузка...
Digər xəbərlər

“Vurğunu Xəlil Rzanın şeirinə görə ittiham etmək...”

Gözəlliyi duymaq üçün… - Afaq Şıxlı

Füzuli mənasızın biridir: di, gedin... – Baba Vəziroğlu

Hacızadənin əmisi oğlu Elçibəyi satıb... – Səməd Vəkilov

Məşhur yazıçının məktubu rekord qiymətə satıldı

Havalar istiləşir: Onlar yazırlar, yoxsa dincəlirlər? - Sorğu

Bakıda “Balıq gülüşü” göründü - Foto

“Ya öləcəksən, ya da başını örtəcəksən”

Ceyhun bəyin son məktubu: “Çox pis durumdayam...”

O dünyada dirilən xanım sular, gəlin sular...

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla