Yuxarı

Bu kitabı oxuyanlar faciə ilə qarşılaşırlar? - Mistika

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus yazıçısı Mixail Bulqakovun “Master və Marqarita” romanını oxuyanın başına faciələrin gəlməsi, əsərin mistik bir qüvvəsi olması ilə bağlı səsləndirilən fikirlərlə tez-tez qarşılaşırıq. Böyük auditoriyaya çatan “Master və Marqarita” haqqında yaranmış bu fikir yazıçının səs-küylü romanına qarşı qorxu hissi yaradır və oxucu əsərlə tanış olmaq üçün özündə cəsarətə ehtiyac duyur. Bəs ədəbiyyatın tanınmış simalarının oxucular arasında yaranmış bu fikrə münasibəti necədir?

Kult.az yazıçılara bu sualla müraciət edib:

“Rus yazıçısı Mixail Bulqakovun “Master və Marqarita” romanı haqda təəssüratlarınız necədir və bunu oxuyandan sonra hər hansı faciə ilə qarşılaşmısınızmı? Ümumiyyətlə, əsərin mistik aurasının olması ilə bağlı fikrə münasibətiniz necədir?”

Yazıçı Qan Turalı romanın mistik qüvvəsinin olması ilə bağlı yayılan fikirləri xurafat adlandırıb:

“Master və Marqarita” - Bulqakovun ölməz romanı haqqında bu cür xurafatlar çox var. Yəni filmə çəkiləndə aktyorların başına nəsə gəlməsi və s. və i. Bu fikirləri xurafat adlandırıram və qeyri-ciddi hesab edirəm. Böyük və ölməz əsərlər, əslində, mahiyyət etibarı ilə faciəvidir. Belə baxanda həyatın özü də faciəvidir. 5-6 il bundan öncə Saday Budaqlının gözəl tərcüməsində “Master və Marqarita”nı oxumuşdum. Ondan sonra, əlbəttə ki, başıma xoşagəlməz hadisələr gəlib, amma bunun romanla birə-bir bağlılığı olduğunu xatırlamıram. Belə düşünmürəm də ki, romanla bağlıdır. Yazıçı, eləcə də oxucu kimi bu cür xurafatların nəyə xidmət etdiyini bilmirəm. Markesdən soruşurlar ki, “Master və Marqarita”nı oxumusunuzmu - çünki “Yüz ilin tənhalığı” romanının bu romana güclü təsiri olduğu haqqında çoxları söz açırdı – o, romanı yalnız tənqidlərdən sonra oxuduğunu bildirmişdi. Mənə elə gəlir ki, 20-ci əsr rus ədəbiyyatının ən mühüm əsərlərindən biridir. Ümumilikdə bu əsərin haqqında bu qədər mistik aura yaratmağın doğru olduğunu başa düşmürəm. Çünki rus ədəbiyyatında mistisizm hələ Puşkinin “Qaratoxmaq qadın” hekayəsində də var. Qoqolun mistisizmə yuvarlanması, hətta realist yazıçı kimi tanıdığımız Maksim Qorkinin həyatının bir mərhələsində mistik cərəyanlara qarşı çox böyük maraq duyması kimi elementlər var. Rus ədəbiyyatının nə qədər realist bir tonu varsa da, bir kənarda qalsa belə, çox güclü bir mistik aurası da var. Mənə elə gəlir ki, o mistik aura əsərin, ədəbiyyatın düzgün anlaşılmasına, qavranılmasına mane olur. İnsanın başına bədbəxt hadisələrin gəlməsinin səbəbkarı bir roman deyil. Bəlkə, bəşəriyyətin faciəsi elə roman oxumamaqdadır”.

Tənqidçi Əsəd Cahangir hər hansı mistik əsərin özünə görə təsir qüvvəsinin olduğunu bildirib:

“Hər hansı mistik əsərlə uğraşandan sonra - oxumaq, tərcümə etmək, analiz etmək, səhnələşdirmək, ekranlaşdırmaq və s. - o əsərin təsirinə məruz qalmaq elmi izahı olan məntiqi hadisədir. Əgər əsərin mistik aurası qaradırsa, neqativ, işıqlıdırsa, pozitiv olaylarla üzləşirsən. Bu, onun göstəricisidir ki, əsər həqiqi ilhamın, böyük istedadın məhsuludur. Onun suqqestiv - təlqinedici təsir gücü də bununla bağlıdır. Məsələn, “Maqbet” Şekspirin neqativ auralı əsəridir. Əsərdə qara magiyadan söz gedir. “Maqbet”in baş qəhrəmanı ruhunu şeytana satıb, yəni bu, Şekspirin mənfi qəhrəmanlı faciəsidir. Bəlkə, bu üzdən neçə əsrdir ki, əsərə quruluş verən rejissorların tragik olaylarla üzləşməsinə dair inanc formalaşıb. Doğrudan da, İngiltərədə, Rusiyada “Maqbet”i səhnələşdirmək neçə-neçə rejissorun karyerasına, hətta həyatına son qoyub, onlar ağır xəstəlik, avtomobil qəzası və sair bədbəxtliklər sonucunda dünyasını dəyişib. Buna Azərbaycan səhnəsində də örnək var. Məsələn, Maqbet böyük aktyor Abbasmirzə Şərifzadənin son rolu olmuş, bu roldan sonra o repressiya olunaraq ölümə məhkum olunmuşdu.

Eyni sözü, Hötenin “Faust”, Dostoyevskinin “Şeytanlar”, Bulqakovun “Master və Marqarita” əsərləri haqda da demək olar.

Allaha şükürlər olsun ki, bu əsərləri, ümumən bu qəbildən çoxlu sayda əsərləri oxusam da, onların öz üzərimdə güclü neqativ təsirini hiss etməmişəm. Bəlkə də nəsə olub, fərqinə varmamışam. “Ustad və Marqarita” romanı da bu yöndən istisna deyil. Düzdür, ömrüm boyu bu romanın qəhrəmanlarının durumunda olmuşam, - müəyyən cəhətdən Master, müəyyən cəhətdən Marqaritanın, - amma bu kitabdan yox, KİTAB-dan, alın yazısından gələn bir şey olub. Yəni daha dərin qatda mənim kitabın qəhrəmanları yox, müəlifi ilə mistik oxşarlığım var. Və bu oxşarlıq ardıcıl yox, paralel xarakterlidir. Yəni mən kitabı oxuyub, onun təsirinə düşməmişəm. Sadəcə olaraq kitabın müəllifi ilə eyni mistik-psixoloji konstitusiyaya malik olduğumu hiss etmişəm. Odur ki, kitabla ilk tanışlıqdan mənə elə gəldi ki, burdakı hər şey mahiyyət etibarilə mənə tanışdır, özü də lap çoxdan. Buna baxmayaraq, bu romanı o qədər də sevmirəm. Çünki ömrü boyu mistik olaylarla uğraşan biri kimi mənə mistikayla uğraşmaq yox, ondan qaçmaq lazımdır. İkincisi ən vacibi, işıqlı mistik gücləri əyani olaraq duyan biri kimi neqativ yox, pozitiv energetikalı, ümid və işıq dolu əsərləri sevirəm”.

Yazıçı Kənan Hacı isə əsərin mistik qüvvəsinin olduğuna inandığını qeyd edib:

“Master və Marqarita”nı oxuyanda 27 yaşım vardı. Kənd kitabxanasından sifariş verdim, dedilər, bizim dildə yoxdur, ruscasını götürdüm və çox çətinliklə oxudum. Açığı, beynim, şüurum bu əsəri həzm etməyə hazır deyildi. İncili yenidən, bu dəfə çox diqqətlə oxudum. Çünki İncili bilmədən “Master və Marqarita”dakı mətləbləri anlamaq, sadəcə, mümkün deyil. Yenidən əsəri gözdən keçirdim. Bu dəfə çoxlu qeydlər aparmalı oldum. Sonralar roman haqda yazı da yazdım. Kitabı oxuduğum dövrdə həyatım çox dağınıq idi. Az sonra anam dünyasını dəyişdi və mən bağ yerində tək yaşamağa başladım. Xatırlayıram, bir dəfə Berliozun ölümünü yuxuda gördüm. Hiss etdim ki, əsər mənim ruhumu alt-üst edib. Bir müddət mütaliədən aralandım. Çox dəhşətli ruhi təlatümlər keçirirdim. Əlbəttə, burda mistika axtarmaq da düz deyil. Sadəcə, əsər sanki mənim ruhi müvazinətimi pozmuşdu. Hötenin “Faust”unu oxuyanda həmin anları xatırladım.

“- Axı sən kimsən?

- Mən daim pislik arzulayan və daim yaxşılıq edən qüdrətin bir parçasıyam”. Əsərin epiqrafı bu idi, təxmini belə yadımda qalıb. Hötenin “Faust”undandır. Oxu təcrübəmdə heç vaxt belə şey olmayıb. Əsərdə təsvir olunan hadisə yuxuma girmişdi və Berliozun ölümünü kimsə cidd-cəhdlə izah etməyə çalışırdı. Amma bilmədim kim idi...

Metafizik düşüncə plastında belə qəbul edə bilərik ki, əsərin mistik qüvvəsi olduğuna inanmaq olar. Hətta mən o vaxt düşünürdüm ki, insan təfəkkürü bu cür əsər yarada bilməz. Bu, ilahidən gələn bir mətndir. Görünür, Bulqakov hansısa dalğanı tuta bilmişdi, bu mənada o, seçilmiş insan idi. Fatalist düşüncə olsa da bu əsərin yaranması hansısa mistik bir qüvvəyə bağlıdır”.

Qeyd edək ki, roman film halında ekranlaşdırıldığı gündən bəri aktyor və aktrisalar müxtəlif tipli faciəli hadisələrlə qarşılaşıblar. 1972-ci ildə çəkilmiş filmdə İuşa (İsa) obrazını canlandıran aktyor Andrey Vayda sirli şəkildə ölüb. Həmin il İtalyan rejissor “Master və Marqarita” filmini ekranlaşdırdıqdan sonra film İtaliyada qadağan olunub və rejissor ölkədən qovularaq yad bir ölkədə səfilliklə dünyasını dəyişib. 1990-cı ildə romandakı Voland (İblis) obrazını canlandıran Viktor Avilon ruhlardan və cinlərdən qorunmaq üçün üstündə xaç gəzdirməyə başlayıb. Lakin xaç ona heç bir təsir göstərməyib və o, xərçəng xəstəliyinə tutulub. Aktyor Dimitri Dujev tələbəlik illərində bu romanın hər hansı bir personajı üzərində çalışdığı üçün kiçik bacısı bilinməyən bir səbəbdən vəfat etdi. Vladimir Bodko bu lənətli romanı ekranlaşdırarkən heç bir qeyri-adi hadisə baş verməyib. Lakin film izlənməyə başlayandan sonra rolları canlandıran Kiril Lavrov, Aleksandr Abdulov, İlya Oleynikov, Vladislav Qalkin və Valeri Zalatuxin öz həyatları ilə əbədi olaraq vidalaşıblar.

Tarix
2017.09.25 / 08:45
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla