Yuxarı

Alber Kamyu: “İcazə verin ölüm…”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Alber Kamyunun gündəlik qeydlərini ixtisarla təqdim edir.

Dəftər No: VII,

Mart 1951 – iyul 1954

K İ. Və L.-yə giriş

“Məhz o zaman incəsənəti sevməyə başladım, özü də elə bir ehtirasla sevdim ki, yaş ötdükcə, o, nəinki sozaldı, azaldı, əksinə, bir göz qırpımında hər şeyi “özününküləşdirdi”…

Yeri gəlmişkən, bu xəstəlik mövcud qayğılarıma birinə də artırdı, əvvəlkilərindən ağır və çarəsiz olmasa da, ürəyimdə elə bir azadlıq cücərtdi ki, insani qayğı və maraqlarından məni elə kənarlaşdırdı ki, məhz bunun sayəsində kindən, qəzəbdən tam uzaq oldum. Şahların əlinə düşməyən bir nemət (bu həmişə elə belə olur) – bunu mən Parisə gəldiyim ilk gündən hiss etdim. İş elə gətirdi ki, bu nemətdən geninə-boluna yararlandım: coşqunluq gətirən vəcd, heyrət… bunlar cənnətdən daha füsunkar idi. İnsan heç zaman ömrünü kiminləsə mübarizəyə həsr etməməlidir. Məni həmişə özümdən daha maraqlı adamlar cəlb edib”.

***

Sənətkar. Kitablarını satıb varlandı. Ancaq özünün bu kitablardan xoşu gəlməz. Bilirsiz nə vaxt? Böyük bir əsərin inşasına girişəndə. Ancaq onların üzərində işlər, hər gün, hər saat nəyisə dəyişdirər, yenidən işlər, sonsuza qədər. Ancaq bir gün ehtiyac qapısını döyər, sonra tam səfalət, təknəsində bir tikə çörək qalmaz. Evinin hər qarışı bu səfalətə bələnər, o isə hansısa müdhiş xoşbəxtliyin içində yaşar. Uşaqları daim xəstələnər. Mənzili kirayəyə vermək məcburiyyətində qalarlar, özləri dar bir otağa yığışarlar. Yazmaqda davam edər, dayanmaz. Arvadı əsəb xəstəliyinə tutular. İllər keçər, tam var-yoxdan olsa da, yazmaqda davam edər. Uşaqlar evdən qaçarlar. Arvadı xəstəxanada keçinər, elə həmin gün yazıya son nöqtəni qoyar və bu müdhiş xəbəri ona gətirən adam cavabında bircə söz eşidər: “Nəhayət!”

***

Roman. “Onun ölümünü kimsə igidlik saymaz. İkinəfərlik kameraya on iki adam soxublar. Dəhşətli bürküdən ürəyi getdi, qəşş elədi. Digərləri bütün güclərini toplayıb pəncərəyə doğru dartındılar, hətta onun necə keçindiyini bilmədilər, yapışqan divara sıxılaraq…”

***

Təbiilik doğumla verilmir: bu, sonradan qazanılan bir keyfiyyətdi.

***

Ən çox sevdiyim on söz: “sülh, torpaq, ana, insanlar, səhra, şərəf, yoxsulluq, yay, dəniz”.

***

Bu hissi həmişə keçirirəm, sanki açıq dənizdəyəm, ürəyimi izaholunmaz xoşbəxtlik bürüyüb, amma təhlükə pusqudadır.

***

Həqiqət məziyyət deyil, ehtirasdır. Burdan nə çıxır? – o heç zaman mərhəmətli olmayacaq.

***

Məhz admiral Kolçakın rəhmsizliyinə görə rus kompartiyasında çekistlər daha humanist metodlara divan tuturdular.

****

1920-ci il. Ölüm cəzası ləğv edilir. Sərəncamın qüvvəyə mindiyi gecə çekistlər məhbusları güllələyirlər. Yeri gəlmişkən, bir neçə aydan sonra ölüm cəzası yenidən bərpa edilir. Qorki: “Qətl və qırğınlara nə vaxt son qoyulacaq?”

***

Mən yaradıcılığa zamanın dəf edildiyi əsərlərlə başladım. Yavaş-yavaş zaman nəhrinin içinə düşdüm, gözlərim açıldı. Bir şey deyim: bədii əsər əslində elə tədrici kamilləşmə – gözlərin açılmasından başqa bir şey deyildir.

***

Ölüm alçaldıcı bir şeydir. İnsanlığın tarixi miflərin tarixidir, bu miflərlərlə biz həmin gerçəkliyi ört-basdır elədik. Ənənəvi miflərin məkanı və zamanı tərk etməsi onunla nəticələndi ki, son iki yüz il qıcolmalarla müşayiət edildi, çünki ölüm çarəsiz qaldı. Əgər ümidi-filanı bir tərəfə buraxıb ölümü etiraf etməsək, insan həqiqəti boşuna gedəcək. Söz ondan gedir ki, həddin olmasını etiraf edək, əksinə kor-korana razılaşmayaq…

***

Elə axşamlar var ki, keçib gedəndən sonra da ürəyin uzun müddət rahat olur. Bilsən ki, Yer üzündə səndən sonra da bu axşamlardan olacaq, ölmək çox rahat olar.

***

Yaradıcılıq. Nə qədər çox şeylər versə də, bir o qədər də alır – zəngin olmaq üçün səni sona qədər xərcləyir.

***

Ölümü belə mənə qıymırlar. Öz ölümümü. Yeri gəlmişkən, bu gün ən böyük arzum mənim üçün əziz olan adamları çox da qüssələndirməyərək sakitcə ölməkdir.

***

Görünür, məhəbbət yeganə şeydir ki, bizi Allaha bağlayır, axı biz çox şeyi rədd etməyə öyrəncəliyik, kimsə bizi iradəmizin ziddinə sevə bilərmi?

***

Üslub. Formullarla ehtiyatlı olun. Onlar bəzən göy gurultusuna, ildırıma bənzər: zərbə var, partlayışsa yox.

***

Faciə ondan deyil ki, təksən, ondadı ki, tək qala bilmirsən. Bəzən özümün olan hər şeyi fəda edərdim ki, dünyadakı insanlarla heç bir bağım qalmasın. Ancaq mən də bu dünyanın bir parçasıyam. Bu o deməkdir ki, bizə yaraşan onu qəbul etməkdir, özü də onunla olmaq faciəsini də.

***

Elə fikirlər var ki, sözlə ifadə edə, ucadan deyə bilmirsən, ancaq onlar səni hamının olduğu yerdən yüksəkliklərə qaldırar, ciyərlərin təmiz hava həsrətində…

***

Orteqa-i-Qasset: Tarix iflic və epilektiklərin mübarizəsidir.

17 oktyabr

Nobel mükafatı. Dəhşətli yorğunluq və sıxıntının gətirdiyi qəribə hiss. Əsl şöhrətin nə olduğunu yayda, paltarsız və ayaqyalın gəzərkən anladım, Ana.

***

Hakimiyyət ədalətsizlikdən ayrılmazdır. Yaxşı hakimiyyət ədalətsizliyin normal və ehtiyatla idarə edilməsidir

***

Muzil: incəsənətin bütün mümkün üsullarının tətbiqini nəzərdə tutan böyük ideya. Məzmununa görə yox, məhz alınmadığına görə ürək titrədən əsəri. Adda-budda yerlərdə düha parıltılarının göründüyü, ancaq bütövlükdə sənət işığından məhrum olan arasıkəsilməz müəllif monoloqu.

***

Muzil. “Hər birimizin ikinci naturası var, buna yönəlik istənilən hərəkətimiziə bəraət verilib”.

***

“Adi həyat bizim bütün mümkün cinayətlərimizin cəmidir”.

***

Ana. Sevdiyimiz adamları bütün qəlbimizlə sevə bilsəydik, ölməklərinə izn verərdikmi?

***

15, 16, 17 avqust.

Doğrudan da, ayın 2-dın başlayaraq bütün bu dövr boşuna keçdi. Həyat enerjisi yığmadan, tam dolmadan yazmaq olmur. Qəlblərin təmiz olması da başqa bir faciədir. Bəzən elə təmizliyinə görə. “Jivaqo”nu bitirdim. Sevdiyim müəllifin XIX əsr rus incəsənətinin ənənələrini davam etdirməsi ideyası düz deyildir. Bu kitab mükəmməldir, fakturası etibarıyla çox yeni və orijinaldır. Bu kitabda bəlkə hiss etdiyimdən daha böyük şeylər də var: qırx il ərzində qeyri-insani və zalım şüarların əzib suyunu çıxardığıl rus ruhu bu əsərdə qənirsiz yaradılıb. “Jivaqo” – sevgi kitabıdır. Özü də istisnasız olaraq bütün insanlara yönələn sevgi, eşq… Doktor arvadını, Laranı, bir çox başqa insanları sevir, həm də Rusiyanı. Arvadından, Laradan, Rusiyadan zorla qoparıldığına görə ölür.

İndi mənimlədir hər özgə adam,

Ağac da, uşaq da, guşənişin də.

Mən indi onlara tamam məğlubam-

Yalnız bunda imiş mənim qələbəm.

(şeiri Səlim Babullağlu tərcümə edib)

Pasternakın qəhrəmanlığı ondadı ki, o, yaradıcılığın əsl mənbəyini bir daha kəşf etmiş və onu bomboz səhrada hökm sürən mühitdə solmağa imkan verməmişdir.

Daha nə? iki gün, iki gecə Şarın şeirlərini səsləndirib maqnitofona yazdıq. Sonra Sena boyunca gəzdim.

***

Nitşe. “Heç bir əzab məni yalandan həyatın üzünə durmağa məcbur edə bilməz. Onu necə var, elə bilirəm”.

***

Adamlarla uzun müddət bir yerdə yaşaya bilmirəm. Mənə bir az tənhalıq, bir tikə əbədiyyət lazımdı.

***

Elə insanlar var ki, onlar üçün din incikliyi bağışlamaqdır, ancaq bağışlasalar da unutmurlar. Ancaq məndə bir elə gözəl materiya yoxdu ki, incikliyi bağışlayım. Mən onu əbədilik unuduram.

***

Ənənə olmadıqda sənətkarda belə bir illüziya yaranır ki, guya qaydaları da onun özü yaradır. Yəni Allah kimi.

***

Mən yazıçıyam. Hər şeyi mənim yerimə qələm eləyir – düşünür, xatırlayır, kəşf edir.

***

Son beş ildə özümü tənqid edirəm - inandığım şeyləri, yaşadıqlarımı. Buna görə də eyni ideyaları bölüşən insanlar hesab edirlər ki, bununla onları nəzərdə tuturam; yox axı, mən bu müharibəni özümə qarşı aparıram, özümü məhv edirəm, ya da əl saxlayır, rəhm edirəm.

***

Demokratiya – çoxluğun hakimiyyəti deyil, azlığın müdafiə edilməsidir.

***

İncəsənətdə istənilən doktrina alibidir, bununla sənətkar içindəki məhdudluğu ört-basdır eləməyə çalışır.

***

Ağ qızıl güllər səhərin gözü açılanda şeh və bibər qoxuyur.

Tərcümə – Cavanşir Yusifli

Tarix
2017.10.04 / 08:15
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla