Yuxarı

Özümüz özümüzə dedik, dur hələ bir, dur, bəlkə...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türk xalqları ədəbiyyatı” beləmi olur?!

Bakıda “Türk xalqları ədəbiyyatı antologiyası” 3 cildliyi gün üzü görüb. “Dünya ədəbiyyatı antologiyaları” seriyasından çıxan 3 cildlik “Şərq-Qərb”də nəşr edilib (ISBN 978-9952-512-76-2 978/ Buraxılışa məsul: Sevil İsmayılova). Cildin hər biri 1000 tirajla (1-ci, 3-cü cildlər 464, 2-ci cildsə 432 səhifə olmaqla) oxucuların ixtiyarına verilib.

Çox yaxşı! – Şəxsən biz bu adda, bu miqyasda bir antologiyanın çıxmasına ilk sevinənlərdən olmalıyıq. Amma... elə birinci cildin birinci səhifəsindəncə sevinməyə tələsməməli olduğumuzu gördük. Gördük ki, türk xalqları ədəbiyyatı adına iddia edənlər ümumtürk ədəbiyyatını XX yüzilin ortalarında yaşayıb-yaratmış Əziz Nesinlə, onun Taxtalı köydən məktubları ( - ölmüş Eşşəyin sevimli Eşşəkarısına birinci məktubu) ilə başlayıb. Aman, Tanrım! Türk xaqları ədəbiyyatı Əziz Nesinləmi başlayıb? XX yüzilliyin ikinci yarısında yazılmış satirik hekayə ilə, məktublamı başlayıb ümumtürk ədəbiyyatı?

Sonra özümüz özümüzə dedik, dur hələ bir, dur, bəlkə I cild hekayələr, məktublar, özkeçmişlər toplanmış özəl cilddi? Bəlkə yalnız Türkiyəyə aid bir cilddi bu? Yox, qardaş, yox, 1-ci cildi də, digər cildləri də başdan-ayağa diqqətlə vərəqlədik, vərəqlədik, oxuduq və məyus olduq. – Kitab ən yumşaq şəkli ilə desək, tam bir “həvəskar özfəaliyyət” və bu yöndə nə deyə bilərsizsə odur. Gördük ki, bu 3 cildlik mümkün olan ən qeyri-peşəkar şəkildə hazırlanıb.

Baxın, 3 cildlik:

- nə janr, nə dövrləşmə (tarixilik, çağdaşlıq) gözlənilmədən hazırlanıb;

- ölkələri, topluluqları, qardaş xalqları ən bərbad şəkli ilə qeyri-proporsional şəkildə bölüb, daha doğrusu, tam bir ölçüsüzlük, ülgüsüzlüklə hazırlanıb;

- türk xalqları ədəbiyyatında müşahidə edilmiş (edilən) tendensiya, aparıcı xətlər yaxud necə deyərlər, qanunauyğunluqlar göstərilmədən tərtib edilib;

- müəlliflərin ölkələri, özkeçmişləri sanki (əslində, “sanki”siz) məqsədyönlü şəkildə gizlədilərək ortalığa çıxarılıb və s.

Əziz oxucu, türk xalqları ədəbiyyatı antologiyaları bugünədək istər respublikamızda, istərsə də başqa türk ölkə və topluluqlarında dəfələrlə hazırlanıb. Hər birinin özünə görə uğurlu və uğursuz yönləri olsa da, ancaq heç biri bu qədər məsuliyyətsiz hazırlanmayıb. Əgər belə bir məsuliyətəsizlik dövlət vəsaiti hesabına həyata keçirilibsə, bu ikiqat incidicidir.

Türk xalqları ədəbiyyatı nəinki rəhmətlik Əziz Nesinlə, heç Yunus Əmrə ilə, Nizami Gəncəvi ilə başlamır. Türk xalqları ədəbiyyatı adına iddia edən naşir bilməlidir (bilmirsə, biləndən soruşub, öyrənməlidir) ki, türk xalqları ədəbiyyatının ilk mətnləri hansılardır? Hansı ortaq ədəbiyyat örnəkləri var? Ayrılma (differensiasiya) nə vaxtdan başlayıb? İslamdan öncə, islamsonrası türk xaqları ədəbiyyatında hansı qopmalar, mövzu, ifadə, üslub, forma dəyişmələri, dillə bağlı hansı yeniliklər (sıradançıxmalar), nələr baş verib? İctimai-siyasi formasiyaların dəyişimi ədəbiyyatdan necə keçib yaxud ədəbiyyat bu keçidi necə əks etdirib? Eləcə də, böyük imperiyaların yaradılışı və süqutu, intibah hadisələri, xalqların böyük köçü, mədəniyətlərin ipək yolu, sənayeləşmə, dünya müharibələri və s... ədəbiyyatda ortaqlığımıza yaxud ortaq ədəbiyyatımıza, ümumən ədəbiyyata nə verib (ondan nə alıb)? Bunları bir ədəbiyyatşünas kimi əks etdirməmiş olmalarını bəlkə də hardasa, nə qədərsə anlamaq olar, lakin ta ən qədim dövrdən bəri ən zəruri əsərləri gözardı etmək, akademik münasibətin qəbul etdiyi mətnləri görməzdəngəlmək nə deməkdir? Özü də, əgər bu ardıcıllığı, xronologiyanı, dövrləşməni, janrlar və ölkələr üzrə səlis bölgünü sənə təqdim edən olubsa, nə üçün yaxşını qoyub, bərbad layihəni irəli verəsən ki!? Bu işin mənəvi, maddi əsasları yaxud əsassızlığı tərtibçi, buraxılışa məsul olan şəxsi heçmi rahatsız etməz (etmir)?!

Bizcə türk xalqları ədəbiyyatı bu qaydada (bölgüdə) hazırlanmalı(y)dı. – I cild: Bura qədim dövr ədəbi örnəklərindən tutmuş, Yunus İmrə yaradıcılığınadək olan dövrə aid seçmə mətnlər daxil edilə bilər.
Antologiyanın “Qədim türk ədəbiyyatı” bölümündə, türklərin b.e.ö. I minilliyin ortalarından b.e.nın I minilliyinin sonu - II minilliyin önlərinə qədər yaratdıqları ədəbiyyatın ideya-məzmun, poetik biçimcə özəllik daşıyan örnəkləri, onların çağdaş Azərbaycan türkcəsinə uyğunlaşdırılması verilə bilər.

...Antologiyada qədim türk eposu, qədim türk şeiri, o cümlədən türk maniçi və buddist şeiri, qədim türk nəsri, o cümlədən türk maniçi və buddist nəsri, “Dədəm Qorqudun Kitabı”, “Manas”, Yusif Balasaqunlunun “Qutadqu Bilik”i, Əhməd Yüqnəkinin “Atibətül-Həqaiq”i, Xoca Əhməd Yasəvinin “Divani-Hikmət”i, Mövlanə Cəlaləddin Ruminin, eləcə də Yunus İmrənin əsərlərindən örnəklərin yer alması məqsədəuyğundur. (Olası bir “Niyə məhz Yunus İmrə(də)?” sualına qarşı düşüncəmiz: Üçcildliyin I cildini qapayan Yunus İmrə yaradıcılığı həm xəlqiliyinə, epos (ozan-aşıq) təfəkkürünü geniş şəkildə yansıtmasına (milliliyinə) həm də öz dövrünün və özündən bir öncəki dövrün, necə deyərlər... üslubunu – aparıcı Şərq ədəbi motivlərini, ərəb-fars kültürünə dayalı şeir gələnəyini istedadla yansıtmasına görə, ən başlıcası məhz doğma dildə yazmasına görə universal (öünəqədərkiləri “ümumiləşdirən”, özündən sonrakılara yön verən, təsir edən, tarixin hər iki üzündən möhtəşəm qala bürcü kimi görünən...) bir ədəbi hadisə olaraq çıxış edir).

Göründüyü kimi, burada verilən əsərlər əsasən orta türk ədəbi abidəsi kimi çıxış edən yaxud o enerjini daşıyan əsərlərdi. Biz mətnlərdə orijinala uyğunluğun mümkün olan dərəcədə saxlanılmasına tərəfdarıq. Özəliklə qədim dövr mətnlərində bir sıra arxaikləşmiş yaxud dialekt və şivələrdə qalmış sözlər olduğu kimi qalmalıdır yaxud orjinal üsluba toxunulmamalıdır, deyə düşünürük.

Üç cildlik türk xalqları ədəbiyyatı antologiyasının II cildinə, (əsasən qədim dövr ədəbi örnəklərinin yer aldığı I cildin son şairi –) Yunus İmrədən sonrakı dövrdə - I Dünya Savaşınadək yaşayıb-yaratmış şairlərin, yazıçıların əsərləri və xalq yaradıcılığından seçmə örnəklər daxil edilə bilər. Antologiyanın əhatə etdiyi dövrün I Dünya Savaşı dönəmi ilə qapadılması, türk xalqlarının yaşadığı doğma coğrafiyada (ümumən dünyada), həyat və fə-aliyyətin, demək olar, bütün sahələri boyu yeni şəkillənmənin başlanması ilə əlaqəlidir. ( - I Dünya Savaşı və sonrasında) Osmanlı çöküş ərəfəsində idi, Azərbaycanda (yaxın Şərqdə) ilk xalq cümhuriyyəti qurulurdu (az sonra türk xalqlarının tam əskərini də zor-xoş içinə alan yeni imperiya (SSRİ) yaranacaqdı), hərbi-siyasi devrimlər baş verir, əlifba, yeni geyim, yeni çalışma sahələri – bir sözlə, yeni mədəniyyət axım(lar)ı təcalla edirdi; üstəlik, yeni sınırlar cızılır, vətən-daşlıqlar, ölkə mənsubiyyətləri dəyişilir, yeni xəritələr tərtib edilirdi... – Bir sözlə, (demək olar) bütün türk xalqlarının həyatında yeni dönəm başlayırdı... Heç şübhəsiz, bu şəkillənmə yaradıcılığın digər sahələri kimi ədəbiyyata da böyük ölçüdə təsir edib. Bu təsir özünü həm ideya-məzmunda, həm formada (üslubda, intonasiya və ritmdə), həm də, ədəbiyyatı təmsil edən yeni nəsillərin meydana gəlməsi, yeni çağırışların təzahür etməsi ilə göstərib. Təsadüfi deyil ki, sovet ədəbiyyatşünaslığında “Böyük Oktyabr Sosialist İnqilabı”ndan sonra yaranan ədə¬biyyat yeni, ona qədər olanlar isə ya klassika ya da sadəcə, köhnə ədəbiyyat sayılırdı. II cilddə verilən əsər¬lərin bir qisminin artıq “ayrılma sürəci”ndən (“differensiasiya”dan) keçmiş əsərlər olması məqsədəuyğundur. (Bizcə, burada verilən mətnlərdə də ori¬jinala uyğunluq mümkün olan dərəcədə saxlanılmalı; əgər əski söz (üslub, deyiliş...) anlaşılırsa, yazılışa (üsluba) toxunulmamalıdır).

III cildsə, artıq bəlli olduğu kimi yeni (və ən yeni) dövrü əhatə etməlidir. Özəlliklə, XX yüzillikdə yaşayıb-yaratmış, dünya miqyasında tanınmış, etiraf edilmiş və sevilən müəlliflər, aparıcı istiqamətlər əks olunmalıdır.
Mövcud üçcildlikdə isə bunları birmənalı şəkildə nəzərə alınmayıb, açıqca görünür ki, başdansovdu bir iş görülüb. Üstəlik, Azərbaycanlı bəzi şair və yazıçıların əsərləri də antologiyaya daxil edilib. Onda digər bir sıra antologiyalarda da Azərbaycanlı ədiblər nəzərə alınmalı deyildimi? Bütün uyğunsuzluq və ülgüsüzlüklərin türk xalqları ədəbiyyatı antolo-giyasına şamil olunmasının “məntiq”i nədədir? Biz digər antologiyalarla da tanışıq, müəyyən qüsurları olsa da, heç biri bu qədər acınacaqlı hazırlanmayıb.

Kitabın adıgizli tərtibçisi bizim tərtib etdiyimiz ayrı-ayrı kitablardan da yararlanıb, ancaq fərqinə varmayıb ki, çəkilən əməyə sayğı göstərmək, ən azı nəzakətən icazə almaq gərəkdir. Yaxşı, bunu da etmirdisə, barı, bizim Azərbaycan oxucusuna qazandırdığımız gənc tatar şairlərini aparıb Əlişir Nəvai ilə yanaşı verməzdi. Habelə, türk xalqları ədəbiyyatının az qala üçdən biri gənc tatar şairlərinin şeirlərindən ibarət ola bilməz axı..! Yoxsa, o boyda Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və b. türk xalqlarından əlinizə bir hazır kitab keçmədimi onları da köçürəsiz?..

3 cildliyin nöqsanları, çatışmazlıqları bu sadaladıqlarımızla bitmir... çox təəsüf, bitmir. Ümid edir, təklif edirik, nəşriyyat bu məsuliyyətsiz “Türk xalqları ədəbiyyatı”nı, necə deyərlər, geri çağırsın; bu məsuliyyətsizliyi edənlər ədəbi ictimaiyyətə, o cümlədən bu cildlərin daha yaxşısını hazırlayıb, layihə şəklində təqdim edənlərə izahat versin, izahatlıq bir şey yoxsa, zəhmət çəkib, üzr istəsin; nəşr nüfuzlu alimlərin də rəyi nəzərə alınmaqla yenidən nəşrə hazırlansın.

Hələlik bu qədər...

Tarix
2018.04.03 / 00:44
Müəllif
Əkbər Qoşalı, Xan Rəsuloğlu
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla