Ana səhifə Kult Ədəbiyyat |
Tanınmış yazar Zamin Hacı sonuncu köşəsində Bakı məktəblərindən birində ”Ədəbiyyat” fənnini tədris edən müəllimin görkəmli şairimiz Almas İldırım haqda mənfi fikirlər səsləndirdiyini, onu “kafir” adlandırdığını bildirib. Müəllim buna səbəb kimi şairin məşhur “Əsir Azərbaycan” şeirindəki ”Könlümə tək Kəbə etdim səni mən, Sənsiz neynim Allahı mən, dini mən?!”misralarını əsas gətirib.
Məsələ ilə bağlı Kult.az-a danışan tanınmış tənqidçi Əsəd Cahangir bildirib ki, əslində, Almas İldırım həmin şeirində heç də dini təhqir etməyib, əksinə vətən və din anlayışlarının bağlılığına toxunub:
“Hər bir fakta yanaşmanın iki forması var: hərfi və batini (daxili). Hərfi yanaşma zahiri yanaşma deməkdir. Yəni hər hansı bir fakta üst qatdan yanaşırsan. Batini yanaşmada isə artıq onun zahiri qatını aralayıb, əsil mahiyyətini üzə çıxarırsan. Bu baxımdan, ədəbiyyat müəllimi Almas İldırımın şeirinə hərfi mənada yanaşıb, daxili mahiyyətinə varmayıb.
Bədii ədəbiyyat, o cümlədən, poeziya iki vur ikinin 4-ə bərabər olması demək deyil. Ədəbiyyata riyaziyyat kimi yanaşmaq, həndəsi dəqiqlik tələb etmək olmaz. Almas İldırım, əlbəttə ki, “Əsir Azərbaycan” şeirində küfrə yol verməyib, əksinə, Vətən ilə Tanrı anlayışının bağlılığından söz açıb.
Təsadüfi deyil ki, Məhəmməd peyğəmbər də vətənə məhəbbətin imandan gəldiyini deyib. Almas İldırım şeirində demək istəyib ki, “vətənsiz dini, imanı neynirəm”. Ədəbiyyat müəllimi isə təəssüf ki, bu şeirə səthi yanaşıb və şairə kafirlik damğası vurub. Doğrusu, bu fakt məni olduqca təəccübləndirdi. Bu onu göstərir ki, ali məktəblərdə 4 il təhsil aldıqdan sonra müxtəlif auditoriyalara, məktəblərə dərs deməyə göndərilən bu cür müəllimlər nə daşıdığı vəzifənin məsuliyyətini dərk edirlər, nə də onun ağırlığını daşımağa intellektual, mənəvi və psixoloji cəhətdən qadirdirlər. Belə müəllimlərin cəmiyyətə hazırlayacağı uşaqların halına acıyıram”.
Ə.Cahangir həmçinin bədii ədəbiyyatın azadlıq baxımından bütün digər sahələrdən fərqlənməli olduğunu söyləyib:
“Yazarın din anlayışı ilə ortodoksal din xadiminin anlayışı üst-üstə düşə də bilər, düşməyə də. Bunu yazıçının qarşısına qəti şərt kimi qoymaq olmaz. Çünki bu, yazıçını din xadiminə, ədəbiyyatı da dinə bənzətmək demək olardı. Əgər biz yazıçıdan ortodoksal dini ehkamların birmənalı ifadəsini tələb ediriksə, onda bədii əsərlərə nə ehtiyac var idi? Bütün bunların ilahi səviyyədə əks olunduğu Quran mövcuddur.
Deməli, bədii ədəbiyyatda müəyyən azadlığa imkan yaradılmalıdır. Ədəbiyyat insanın azadlıq sahəsidir. Başqa heç bir sahədə belə azadlıq yoxdur. Elmi sahədə hər şey elmi qanunlara, siyasətdə daxili və xarici siyasətin qanunlarına, dində də ehkamlara tabedir. Allah birdir və onun şəriki yoxdur. Heç kim bununla bağlı yeni söz deyə bilməz.
Bədii yaradıcılıq ona görə mövcuddur ki, insan özünün azadlıq ehtiyacını təmin edə bilsin. Bunu insanların əlindən almaq sadəcə olaraq, onları mənəvi cəhətdən köləyə çevirmək deməkdir. Fikrimcə, bu məsələ yazıçının sərbəst seçiminə buraxılmalıdır”.
Xatırlatma üçün Almas İldırımın “Əsir Azərbaycanım” şeirini təqdim edirik:
Hanı məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə, layla balam, çağıran,
Azərbaycan, mənim bəxtsiz anam, oy!
Neçə ildir, həsrətinlə yanam, oy?..
Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy,
Hökm etsə, bu sərsəm gediş dursa, oy!
Xəbər alsam, Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adı dilimdən,
Azərbaycan, mənim eşsiz yurdum oy!
Ölməz eşqim, içimdəki dərdim, oy!..
Könlümə tək Kəbə etdim səni mən,
Sənsiz neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı mən, dini mən?
Azərbaycan, mənim tacım, taxtım oy...
Oyanmazmı kor olası baxtım oy?!
Tarix
2018.04.19 / 15:31
|
Müəllif
Büllurə Yunus
|